Qazax sakini İlham Əliyevdən imdad umur - ŞİKAYƏT

31-05-2017, 09:33           
Qazax sakini İlham Əliyevdən imdad umur - ŞİKAYƏT
teref.az-nun poçtuna Qazax sakinindən Azərbaycan prezidentinə və 1-ci vitse prezidenti mehriban xanıma şikayət daxil olub.
Şikayəti sizə təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
Surəti: Azərbaycan Respublikasının Vitse-
Prezidenti Mehriban xanım Əliyevaya
Surəti: Məhkəmə-Hüquq Şurasının sədri
cənab Fikrət Məmmədova

Qazax rayon Çaylı kənd sakini, yaşı 70-ə qədər olan, tək ailə
başçısı, güclü şəkərli-diabet xəstəsi Lahicova Südayə Abdulla
qızı tərəfindən

ƏRİZƏ.

Çox hörmətli Prezidentim, çox hörmətli xanım Mehriban Əliyeva və cənab Fikrət Məmmədov!
Bunu ictimaiyyət də təsdiqləyir, mən özüm də bu ağbirçək vaxtımda Sizə də bildirirəm. Bu gün məhkəmə siseminin haqdan-ədalətdən danışmağa mənəvi haqqı yoxdur. Bunu sadə, zəhmətkeş, bu dövlətə işləmış bir sadə vətəndaş kimi deyirəm. Mən həmişə Sizi bu gün yaşadan Ulu Öndər Heydər Əliyevin siyasətini dəstəkləmiş qadınam. Mən nə müxalifət, nə də kimlərisə iğtişaşa çağıran, hakimiyyəti pisləyən insan deyiləm. Aldığım 160 manat təqaüdlə zorla da olsa dolanıram. Nədən ötrüsə bir dəfə də olsun Sizi narahat etməmişəm. Ancaq bu gün məcburam. Qazax Rayon Məhkəməsinin hakimi, 65 yaşlı Qurban Abbasov artıq məni intihar həddinə çatdırıb. Adam nə qədər haqsız, ədalətsiz işlər görər? Kimdi bu ağsaqqal, bir ayağı burda, bir ayağı o biri tərəfdə olan hakmin adamı? Süründürməçiliyi, vaxtsız qərarlar qəbul etməyi, təmannası bezdirib Qazax əhalisini. Kimdir hakim Qurban Abbasov? Onu bu yaxınlarda müxtəlif media orqanlarında tənqid atəşinə də tutdular. Lakin məsələ ictimailəşdirilsə də, hakimə “gözün üstə qaşın var“ deyən belə olmadı. Əslində böyük Heydər Əliyevin qurduğu, yaratığı, müstəqil Azərbaycanı gözdən salmağa çalışan Qurban Abbasov kimiləridir. Pensiya yaşı çatmış belə hakimdən daha nə gözləmək mümkündür? Onun boğazdan yuxarı qəbul etdiyi qərarlar yalnız özünə xidmət üçündür. Bunun hakimliyi kimə və nəyə lazımdır?
Cənab Prezident!
Mən kənddə yaşayıram. Tək ailə başçısıyam. Qonşum Lahıcov Hüseyn Alı oğlunun 83 yaşı var. O da hakim Qurban Abbasov kimidir. Yəni bu gün, sabah Əzrail çağırış vərəqəsini göndərəcək. Bu təbii haldır. İnsan yaxşı olar ki, bu Dünyada savab qazana ki, o Dünyada “qır qazanına” salınmasın. Qonşum Lahıcov Hüseyn Alı oğlu həm də mənim qaynımdır. Özünü ayrıca 4 metr enində darvazası, 2 metr eünində əl qapısı vardır. Yəni sərbəst gediş-gəliş yolu var. Mərkəzi yola çıxmağa isə başqa yolu da var. Yəni 30 metr daş hasarla hördüyü yerdən istənilən yerdən yarıb oradan da yola çıxa bilər. Yol bu adam üçün problem deyil.
Mənim isə evimizdən yola çıxmağa bircə yolum var. 60 ildən çoxdur ki, mən həmin yoldan mərkəzi yola çıxıram. Yol bələdiyyənin olsa da mənim yeganə çıxış yolumdur. Qonşum, tamahkar qaynım, Lahıcov Hüseyn Alı oğlu mənim düz evimizin ağızına qədər 40 metr uzunluğunda mal ferması tikərək içərisində 32 baş iri buynuzlu heyvan saxlamağa başladı. Bi müddətdən sonra həmin heyvanların zir-zibilini daşımaq üçün mənim yoluma çıxmaq qərarına gəldi. Bu artıq ağ oldu. Mal-heyvanın nəcisini burnumuza iylətmək bir yana, üstəlik zibilini mənim yeganə işlədiyim yoldan aparmaq qərarına gəldi. Həm də gecə ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin Qazax Rayon Şöbəsinin Şabəddin adlı işçisi ilə əlaqəyə girərək evinə çıxarış alıb və çertyoju elə çəkdirib ki, guya qaynım Lahıcov Hüseynin burdan yolu olub. Biz bu barədə Gəncə İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırdıq. Məkəmədə rüşvətxor hakim Fikrət Hüseynov dövlətin ünvanına tənqidi sözlər deyərək işi Lahıcov Hüseynin xeyrinə həll etdi. Sonra iş Gəncə Apellyasiya Məhkəməsinə göndərildi. Orada da işə baxan, Fikrət Hüseynovun fiquruna çevrilən hakim Rəhman Muradov qərarı 1 dəqiqəyə 1 vərəq hazırlayaraq yenə bizim əleyhimizə çıxardı (Qərar əvvəlcədən hazırlanıbmış). Hakimlərin gözünü rüşvət elə bağladı ki, qarşı tərəfin yolunun olmaması haqqında dəlil-sübut olan toy kasetinə də baxmadılar. Bunlar tarixi də saxtalaşdıra bilərlər. Nə isə...
Bu gün isə qonşum Lahicov Hüseynin aramızda olan hasarın sökülməsi, oradan da yolu ola-ola heyvanın zibilinin aparılması haqqında qaldırdığı iddianı Qazax Rayon Məhkəməsinin hakimi Qurban Abbasov təmin etmiş, iyunun 6-na, saat 16-30-a hazırlıq iclasına çağırmışdır. Məsələ burasıdır ki, Lahıcov Hüseynin səhv çəkdirdiyi çertyoj üzrə məhkəmə prosesi Ali Məhkəmədə 17 mayda baxılmışdır. Hələ qərar gəlməmiş Qurban Abbasovun “pul əlini yandırdığından” təcili məhkəməyə başalayıb. Yəni Qazax Rayon Məhkəməsinin işi o qədərmi azdır ki, 17 mayda olan məhkəmənin qərarı gəlmədən Qurban Abbasov Qazaxda məhkəmə keçirir? Bu nə deməkdir? Görəsən, Qazax Rayon Məhkəməsinin sədri cənab Məhərrəm Allahverdiyev hara baxır? Sədr kimi onun fəaliyyəti nədir? Hakmin özbaşınalığı, qanunlardan danışa-danışa qanunlarımızı ayaqlaması, Prezidenti, Fikrət Məmmədovu belə saymaması haraya sığır? Niyə bunlar xalqla cənab İlham Əliyevi, Mehriban xanım Əliyevanı, cənab Fikrət Məmmədovla üz-üzə qoyurlar? Neçə illərdi başsız qalan, nəvələrini zorla saxlayan bir qadından nə istəyirlər? Niyə Qurban Abbasov kimi hakimlər millətə zülm edir, niyə Allahın bu Ramazan ayında qəzəbinə tuş gəlmirlər?
Mən bilirəm ki, haq-ədalət mənimlədir. Ona görə sözümü deməyə həmişə hazıram.
Odur ki, sizdən olduqca bu ağbirçək vaxtı xahiş edirəm, bizə kömək edin. Kömək edə bilməsəniz, köməklik edin Qurban Abbasov kimi hakimlərin ucbatından başqa ölkədə sığınacaq tapaq.
Diqqətinizə görə sağ olun. Minnətdaram.

Lahicova Südayə Abdulla qızı
Qazax rayonunun Çaylı kəndi
teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.