İcra başçılarınında sıraları təmizlənir - SİYAHI

7-06-2017, 11:15           
İcra başçılarınında sıraları təmizlənir - SİYAHI
"Dövlət başçısı İlham Əliyevin Prezident Administrasiyasında apardığı struktur və kadr dəyişiklikləri yuxarıdan aşağıya doğru davam edəcək. Bu isə bəzi yüksək vəzifəli şəxslərlə yanaşı icra başçılarını da narahat edir”.

"Reytinq” qəzetinin məlumatına görə, belə bir iddia ilə hakimiyyətin adının çəkilməsini istəməyən nümayəndələrindən bir çıxış edib: "Onlar artıq iqtidarın böyük islahata gedəcəyinə əmin oldular. Ötən il ölkədə referendum keçirilsə də, onlar elə zənn edirdilər ki, bu proses 1-ci vitse-prezident və vitse-prezidentlərin təyinatı ilə bitəcək. Lakin İlham Əliyev Administrasiyada gözlənilməz islahat aparmaqla yanaşı, illərdir vəzifə tutan bir çox tanınmış şəxslərlə də yollarını ayırdı. Bu isə bir çox nazir və komitə sədrləri ilə yanaşı, rayon icra başçılarını da səksəkədə saxlayır”.

Məlumatlı şəxsin sözlərinə görə, qarşıdakı aylarda bəzi nazir və komitə sədrlərinin də karyerasına son qoyula bilər: "Onların bəziləri rəhbərlik elədikləri qurumların birləşdirilməsi ilə kənarda qalacaqlar. Kənd təsərrüfatı, Ekologiya vəTəbii Sərvətlər nazirlikləri ilə yanaşı, Statistika Komitəsinin, həmçinin, bir neçə agentlik və ASC-lərin də birləşdirilməsi gözlənilir. Bundan əlavə, mümkündür ki, struktur islahatına məruz qalmayan mərkəzi icra hakimiyyəti orqanlarının bəzilərində də günün tələblərinə uyğun olaraq, hansısa nazir və komitə sədri başqası ilə əvəzlənsin. Sözsüz ki, bütün bunlar birbaşa Prezidentin səlahiyyətində olduğundan, heç kim indidən nəyisə dəqiq deyə bilməz. Lakin iqtidar kluarlarında qeyd elədiyim söhbət və öz vəzifələrindən narahatlıq var”.

Məlumata görə, İ.Əliyevin son islahatları əsasən bəzi icra başçılarının "kürkünə birə” salıb.

Məlumatda qeyd edilir ki, Beyləqanın icra başçısı Vaqif Abdullayev, Lənkəranın icra başçısı Taleh Qaraşov, Gəncənin icra başçısı Elmar Vəliyev, Qubanın icra başçısı Yaşar Məmmədov, Qaradağın icra başçısı Süleyman Mikayılov, Biləsuvarın icra başçısı Mahir Quliyev, Yardımlının icra başçısı Ayaz Əsgərov, Kürdəmirin icra başçısı Ceyhun Cəfərov, Ucarın icra başçısı Mənsur Məmmədov, Zərdabın icra başçısı Lütvəli Babayev, həmçinin, Astara, Ağdaş, Şamaxı, Göygöl, Ağstafa və digər bir neçə rayonların rəhbərləri hazırda daha çox narahatdırlar. Çünki bu rayonların icra başçıları işlərində yenilik etmək potensialında deyillər, bəzilərinin səhhəti işləməyə imkan vermir, bir başqaları isə özlərini dövlət məmuru kimi apara bilmirlər.

Məlumatlı şəxs deyib ki, Beyləqanın icra başçısı Vaqif Abdullayevin qardaşı uşaqlarının çıxardığı hoqqalar, özünün isə rayondakı davranışları əhalinin səbr kasasını çoxdan daşırıb: "Ona görə düşünürəm ki, bu dəfə himayədarı onu qoruya bilməyəcək”.

Kürdəmirin başçısı Ceyhun Cəfərovla da yollar tez ayrıla bilər. Onun vəzifədən gedişində yaxın qohumu, Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalova qarşı çıxarılan məhkəmə hokumü də rol oynaya bilər.

Lənkəranın başçısı Taleh Qaraşovun isə səhhətində problem var. Bir sözlə, yuxarıda adları çəkilən icra başçılarının bir çoxu ilin sonundək mərhələlərlə vəzifələri ilə vidalaşmaq məcburiyyətində qalacaqlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.