Əlil jurnalist İlham Əliyevə müraciət etdi: " Əlil jurnalistlərə qarşı qanunsuzluq edilib.."
21-06-2017, 14:26
Qarabağ əlili jurnalist Məğrur Bədəlsoy prezidentə ünvanladığı məktubunun bir surətini teref.az saytına göndərib. Onu oxuculara təqdim edirik:
Prezident İlham Əliyev cənablarına
Surəti:1.Prezident köməkçisi Əli Həsənova
2.Mətbuat Şurasının sədri,deputat Əflatun Amaşova
3.KİVDF sədri Vüqar Səfərliyə
Cənab Prezident!
KİVDF-nin mənzil komissiyasının müəyyən etdiyi qaydalardakı pozuntuların aradan qaldırılmasını təmin etməyinizi Sizdən xahiş edirik və əlil-jurnasitlər üçün qanunvericilin tələbinə uyğun olaraq güzəştlə "Jurnalistlər evi"ndən mənzil ayrılmasını təmin etməyinizi diləyirik.
Bu qaydalar və şərtlərdən qanunsuz olanları aşağıdakılardır:
1.Dövlət orqanlarının mətbuat xidmətləri əməkdaşları barədə komissiyaya təqdimat verilməsi;
Əsaslandırma:a) Mətbuat xidmətləri kütləvi informasiya vasitəsi deyil .
b) Dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşları məmur sayılır və KİV-in inkişafında,informasiya azadlığının təminatında heç bir rolları yoxdur.Əksinə bu qurumlar informasiyanı mətbuatdan,KİV-dən gizlətməklə məşğuldurlar.Jurnalist adi bir sorğusuna illərlə cavab ala bilmirsə,mətbuat xidmətləri jurnalistləri informasiyadan məhrum edirsə,onların vəzifələri hesabına indi də jurnalistləri mənzildən məhrum etməsi qanunsuzdur.
Prezident jurnalistlərə dövlət hesabına mənzil ayrılmasına qərar verməsini onların imkansızlığı ilə əlaqələndirib.İndi bu xoş məramın üstündən bir neçə evi olan dövlət mətbuat xidməti məmurlarına mənzillərin verilməsi qərarı xətt çəkir.
2.Fərdi qaydada namizədliyini irəli sürən müstəqil jurnalistlərdən,veteranlardan əmək kitabçasının ,yaş senzinin gözlənilməsi tələbi;
Əsaslandırma:a) müstəqil jurnalist adından göründüyü kimi heç bir redaksiyanın üzvü deyil.Belə jurnalistlər bütün KİV-lə əməkdaşlıq edib yazıları ilə çıxış edir.Veteran jurnalistlərdən 65 yaş həddinin tələb edilməsi də ayrı-seçkilikdir və qanunvericiliyə ziddir.NK-nın "Veteran adlarının verilməsi" qaydalarının tələbinə görə, kişilərə 40, qadınlara 30 il əmək stajı olduqda əmək veteranı adı verilir.Bu qaydalarda yaş senzi nəzərdə tutulmayıb.
3. Əlil jurnalistlərə qarşı qanunsuzluq edilib və dövlətin diqqətində olan bu şəxslər komissiyanın yadından çıxıb. Əslində əlil jurnalistlərin xüsusi bəndlə siyahıya daxil edilməsi Prezidentə də xoş gedər,Qanuna da uyğundur."Əlillərin sosial müdafiəsi haqqında" qanunun 32-ci maddəsində yazılıb ki,təşkilati-hüquqi formasından asılı olmayaraq bütün təkilatlar istifadələrində olan texniki,rabitə və s. qurğuları,MƏNZİLLƏRİ əlillərin istifadəsi üçün verməlidir.İndi niyə jurnalistlər evindən başqa əlilləri bir qırağa qoyaq,əlil jurnalistlərə ümumi mənzillərin sayının 1-2 faizini də vermək olmaz?Ümumiyyətlə komissiyanın işində bu məqsədlə ƏƏSMN-in və əlil-veteran təşkilatlarının iştirakı niyə təmin olunmayıb?
4.Xəbərdarlıq edilən, barəsində məhkəmə qərarı olan KİV-lərin namizəd verə bilməməsi.Bircə onu vurğulayaq ki,bu ayrı-seçkilikdir.Hansısa dövlət mətbuat xidmətinə prokuoruq xəbərdarlıq edib? Dövlət orqanlarına qarşı informasiyadan imtinaya görə hansı məhkəmə qərar bir yana,ümumiyyətlə işə baxıb?
Hörmətlə,1-ci qrup Qarabağ əlili,müstəqil jurnalist Məğrur Bədəlsoy,tel.0518582151 və 30 Qarabağ əlilinin imza vərəqləri (təqdim olunub)
P.S.Əlil jurnalistlər müraciətiətə qoşulmaqda azddırlar.
Qoşma:KİVDF-nın qaydaları.
Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri
(Komissiyanın 16 may 2017-ci il tarixli iclasında təsdiq olunmuşdur)
Ən azı son 3 ildə fasiləsiz fəaliyyət göstərən kütləvi informasiya vasitəsi (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet xəbər portalı və saytı) Komissiya tərəfindən müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini irəli sürür.
Televiziya və radio yayımçıları 10, gündəlik qəzetlər və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd müəyyənləşdirə bilərlər.
Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-lərdə isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir.
KİV-lər:
- ümumi iclas çağırmalı;
- Komissiyanın şərtlərinə uyğun namizəd(lər)ini müəyyənləşdirməli;
- Komissiyaya təqdimat verməlidirlər (möhürlü və imzalı).
KİV-lərin təqdimatına:
- namizədin şəxsiyyət vəsiqəsinin surəti;
- namizədin əmək kitabçasının surəti (KİV rəhbəri tərəfindən təsdiq olunmuş formada);
- namizədin ailə tərkibi haqqında arayış;
- namizədin müəyyənləşdirilməsi ilə bağlı iclasın protokolundan çıxarış (möhürlü və imzalı);
- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən namizədin, onun həyat yoldaşının və övladlarının adına mənzil şəraiti ilə bağlı arayışın əsli;
- namizədin tərcümeyi-halı (hazırda yaşadığı ünvan və əlaqə telefonları əlavə olunmalıdır).
Təqdimatlarda namizədin mənzil-məişət şəraitinin yaxşılaşdırılması kriteriyalarına uyğun gəldiyi əsaslandırılmalıdır (jurnalistikanın inkişafında xidmətləri, peşəkarlığı, cəmiyyət tərəfindən tanınması və mənzilə ehtiyac kimi meyarlara üstünlük veriləcəkdir).
Dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşları barədə Komissiyaya müvafiq şərtlərə və qaydalara uyğun təqdimatlar verilə bilər.
Azərbaycanda jurnalistikanın inkişafında xidmətləri olan veteran jurnalistlər müvafiq şərtlərə və qaydalara uyğun Komissiyaya fərdi qaydada müraciət edə bilərlər.
Adları Mətbuat Şurasının "qara siyahısı”na daxil edilmiş, barələrində məhkəmə qərarı olan və qanunvericiliyin tələblərini pozduqlarına görə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən xəbərdarlıq almış KİV-lər təqdimat verə bilməzlər.
Göstərilən sənədlər 2017-ci il may ayının 22-dən iyun ayının 22-dək Komissiyaya təqdim edilməlidir.
Komissiya toplanmış sənədləri iyunun 30-dək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etməlidir.
Qeyd: Sənədlər iş günləri saat 10:00-dan 17:00-dək (nahar fasiləsi 13.00-dan 14.00-dək) Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ofisində qəbul olunur (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat Prospekti, 529-cu məhəllə (AZ 1073), Beynəlxalq Mətbuat Evi, 3-cü mərtəbə. Əlaqə telefonları: (012) 537 19 41, (012) 538 40 48).
ƏLAQƏ: (012) 537-19-41
(012) 537-19-45
E-mail: kivdf.info@gmail.com
info@kivdf.gov.az
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu