Vilyam Hacıyev Prezidentin 5 ildir getmədiyi rayondan yola salınır - Milyonluq villaları və mülklərinə görə
6-07-2017, 00:30
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin "Sovetski”dəki məscidi özbaşına sökdüyü üçün cəzalandırılması mərkəzi hakimiyyətin əsas qolu olan icra hakimiyyəti strukturunda ciddi təşviş yaradıb.
Çoxları belə hesab edir ki, uzun illərdir ki, icra başçısı işləmiş İ.Mehdiyevin işdən qovulması əslində bütün icra başçılarına ciddi xəbərdarlıqdır və bu özünü "balaca padşah” hesab edənlərlə bağlı prosesin hələ başlanığıcıdır.
AZXEBER.COM xəbər verir ki, Yeni Müsavat qəzetinə hökumətə yaxın mənbələrdən daxil olan məlumata görə, iqtidar işinin öhdəsindən gələ bilməyən, yerli əhalini narazı salan icra başçıları haqda sərt qərarlar verməyə hazırlaşır. Belə ki, bir neçə rayondan mütəmadi olaraq Prezident Administrasiyasına göndərilən şikayətlərdən sonra icra başçılarına xəbərdarlıq edilsə də, onlar işlərində dönüş yarada bilməyiblər. Yada salaq ki, dövlət başçısı İlham Əliyev bu ilin əvvəlində və aprelində keçirdiyi müşavirədə yerli icra başçılarına sərt xəbərdarlıq etmişdi. Prezident icra başçılarına rəhbərlik etdikləri rayonlara investisiya cəlb edilməsini şərt kimi qoymuşdu. "Gələcəkdə yerli icra orqanlarının fəaliyyətinə veriləcək qiymət, eyni zamanda, bu amilə də əsaslanacaqdır - bu və ya digər rayona nə qədər sərmayə gətirilib. Yerli icra orqanları mərkəzi icra orqanları ilə birlikdə bu işləri təşkil etməlidirlər” deyə, prezident qeyd etmişdi. Ölkənin valyuta ehtiyatlarının və mərkəzi büdcədən rayonlara ayrılan vəsaitlərin azalması fonunda dövlət başçısının bu tələbi icra başçıları üçün ciddi sınaq sayılırdı.
Bildirilir ki, rayonda heç bir iş yeri yaratmayan, əhalinin narazılığını artıran icra başçılarının siyahısı artıq hazırlanıb. Mərkəzi hakimiyyətin ümidi doğrultmayanlar əsasən, aran və sərhəd rayonlarıdır. Onlar rayonların iqtisadi potensialına baxmayaraq, ötən aylar ərzində heç bir irəliləyişə nail ola bilməyiblər. Rayona sərmayə cəlb etmək, yeni iş yerləri açmaq, yerli əhalinin problemlərinə daha həssas və çevik münasibət göstərmək əvəzinə, bəzi rayonlarda əksinə, narazılıqlar da artıb. Bu isə iqtidarın yaxınlaşmaqda olan seçki ilində qarşıya qoyduğu siyasi və iqtisadi strategiyaya ziddir.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, yola salınacaq icra başçıları sırasında İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevin də adı var. Belə ki, sonuncu dəfə 2012-ci ilin oktyabrın 10-da bu rayonu ziyarət edən prezident İlham Əliyev son 5 ildir ki, İmişliyə getmir. Səbəb isə sadədir. Rayona hər il dövlət büdcəsindən milyonlar ayrılsa da, heç bir yeniliyin, heç bir tikintinin həyata keçirilməməsidir. Yalnız kiçik tədbirlər etməklə yetinən icra hakimiyyəti bu illər ərzində heç bir inkişafa imza ata bilməyib.
İcra başçısının 15 minlik "Vertu" işlətməsi, özünə dəbdəbəli villa tikdirməsi və bütün bunlara baxmayaraq, əhalinin davamlı şəkildə Prezident Aparatına şikayətlər ünvanlaması onu İbrahim Mehdiyevin durumuna salacağını göstərir.
Vilyam Hacıyev Prezidentin 5 ildir getmədiyi rayondan yola salınır - Milyonluq villaları və mülklərinə görə
Bundan başqa icra başçısının qardaşı Müasir Müsavat partiyasının rəhbəri Hafiz Hacıyevin davamlı şəkildə onu tənqid etməsi, ailədaxili münaqişələrin mətbuat səhifələrinə daşınması V.Hacıyev üçün yaxşı nəticələnməyəcək.
Vilyam Hacıyev Prezidentin 5 ildir getmədiyi rayondan yola salınır - Milyonluq villaları və mülklərinə görə
2015-ci ildə İmişli rayonun icra başçısı Vilyam Hacıyevin zülmündən boğaza yığılan bir vətəndaşın son çarə olaraq Allaha sığınaraq dualar etməsi ilə bağlı yayılan video da onun yola salınması üçün səbəblər siyahısındadır. Ölkə xaricində də yayılan bu video o dövürdə birmənalı qarşılanmamışdı.
[media=https://www.youtube.com/watch?v=OoJKG2xS1tg]
Oğlu Məhəmməd Hacıyevin mətbuatda avtomobillərinin şəkilinin yayımlanması və onun adının bir çox davalarda hallanması da Vilyam Hacıyevin hakimiyyətdən "2" qiymət alması ilə nəticələnmişdi.
Vilyam Hacıyev Prezidentin 5 ildir getmədiyi rayondan yola salınır - Milyonluq villaları və mülklərinə görə
Bütün bunlar 2018-ci il prezident seçkilərinə qədər yola salınacaq icra başçıları siyahısında Vilyam Hacıyevin də olduğunu deməyə əsas verir.