“Global Services” şirkəti batan milyonlarını xilas edəcəkmi? - İTTİHAM VAR
7-07-2017, 14:34
Beynəlxalq audit firması olan və uzun müddətdir ki, Azərbaycanda fəaliyyət göstərən “Ernst and Young” şirkəti “Azəriqaz”da auditi ötən il aparıb, hesabat dövrü 2013-2015-ci illəri, habelə 2016-cı ilin bir qismini əhatə edib. Auditin nəticələrinə əsasən “Azəriqaz”da xərclər xammal və materialların alınmasında, nəqliyyat xərclərində və təmir işlərində şişirdilir. İstehsalat Birliyində əsas probemli sahələr aşağıdakılardır: 2013-2015-ci illər ərzində “Azəriqaz”da qaz təchizatı və sərfiyyatı arasında uyğunsuzluq (balansın pozulması, yaxud qaz itkisi) 17 faizdən 19 faizə qədər artıb. Hər il qaz şəbəkəsində 508 mindən çox sızma qeydə alınır ki, bunun 76 faizdən çoxu ya aradan qaldırılmır, ya aşkara çıxarılandan azı 90 gün sonra aradan qaldırılır. Sızmalar nəticəsində cəmi qaz itkisi 611 milyon kubmetr təşkil edib.
Audit nəticələrinə əsasən “Azəriqaz” İB tabe olduğu SOCAR-ın satınalmalara dair tenderlərin keçirilməsi barədə təlimatlarını pozur. Alınan mal və materialların qiyməti orta bazar qiymətini 20 faizdən çox aşır, yəni xərclər azı 20 faiz şişirdilir. Qaz təchizatı və istehlakı arasında balansın pozulması dünya üzrə ən yaxşı praktikanı 38 dəfədən çox ötüb keçir.
Hesabatda o da deyilir ki, podratçıların müsabiqədən kənar seçilməsi ayrı-ayrı xidmətlərin haqqının bazar qiymətindən hətta 38 dəfə yüksək olmasına gətirib çıxarıb. “Ernst and Young” bildirir ki, “Azəriqaz” İB əsaslı tikinti və təmir işləri üçün baş podratçı kimi nədənsə, həmişə “Global Services” şirkətini seçir. Əslində isə bu işlər SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutuna sifariş verilə bilərdi. Çünki həmin institutun baş mühəndisi tikinti və təmir işlərini görmək üçün İnstitutun texniki və kadr potensialının tam kifayət etdiyini deyib. Nəticədə işlərin “Global Services”ə sifariş verilməsi nəticəsində təmir-tikinti xərcləri həmin İnstitutun təklif etdiyi qiymətlərdən 22 faiz artıq olub. “Sentra” adlı podratçı isə “Azəriqaz”ın sifarişini bazar dəyərindən düz 38 dəfə baha yerinə yetirib.
Ernest and Young” şirkətinin “Azəriqaz”da apardığı audit yoxlamaların nəticəsində “Global Services” şirkətilə bağlı yuxarıda sadalanan aktların nə dərəcədə reallığı əks etdirməsini apardığımız araşdırmalar da təsdiq edir. Belə ki, SOCARa tabe olan “Azəriqaz” İB-yi göstəriş əsasında bu şirkətlə uzun illərdir ki, 2009-cu ildən bəri Azərbaycan üzrə sayğacların quraşdırılması, qaz xəttlərinin çəkilməsi, təmir-tikinti işlərinin aparılması kimi bütün işlər üzrə bir podratçı kimi müqavilələr bağlayır. “Global Services” şirkətinin bütün müqavilə öhdəliklərini yerinə yetirməyə baza və texniki imkanları çatmadığından bu işlərin görülməsi üçün digər ayrı-ayrı xırda firmalarla müqavilələr bağlayır. Doğrudur, müqavilənin icra edilməsi üçün “Global Services” şirkəti əvvəlcədən belə firmalara təchizat üçün müəyyən qədər pul vəsaiti də verir. Lakin işin sonunda min bir bəhanə ilə görülən işi “qəbul etmir” Sonda xırda firmalar bezib qalan əsas alacaqları puldan əl çəkirlər. Çünki SOCARa birbaşa bağlı olan bu şirkətlə qanun çərçivəsində mübarizə aparmaq yalnız əlavə vaxt itkisi və baş ağrısı ola bilər. “Global Services” şirkəti podratçı firmalarla bağladığı müqavilələr əsasında işin icrası üçün ayrılacaq vəsaitin 60 faizini əvvəlcədən sövdələşmələr əsasında nazir Ziya Məmmədova məxsus hesab edilən “Bank of Azərbaycan” bankında özünə açdırdığı depozit valyuta hesabına dollar formasında yatırmışdır. “Bank of Azərbaycan” bankının qəfil bağlanması səbəbindən “Global Services” şirkətinə məxsus 60 milyon dollar depositi indiyədək geri götürmək mümkün olmamışdır. Məsələnin həll edilməsi üçün SOCAR şefi qarışsa da xeyri olmamışdır. Bank verdiyi kreditləri toplaya bilmədiyini əsas gətirərərək “Global Services” şirkətinin 60 milyon dollar pulunu qaytarmaqdan imtina etmişdir. Pullarını geri ala bilməyəcəyini görən SOCAR şefi hazırda hüquq-mühafizə orqanlarının köməkliyi sayəsində 50/50-yə sövdələşməsi şərtilə batan vəsaitinin heç olmas yarısını xilas etmək istəyir. Maraqlıdır. Görəsən yüzlərlə xırda firmaların haqqı yeyilən haram pulları xilas etmək mümkün olacaqmı? Yaşayarıq görərik.
Əsgər Nagıyev
dia.az
Adları çəkilən qurum və şəxslərin fikirlərini işıqlandırmağa hazırıq!
teref.az