Kəmaləddin Heydərovun qardaşı ilə bağlı ilginc fakt: “Gelandawagen”lə ötüşən “Mazda”da Səməd Heydərov də olub

8-08-2017, 10:37           
Kəmaləddin Heydərovun qardaşı ilə bağlı ilginc fakt: “Gelandawagen”lə ötüşən “Mazda”da Səməd Heydərov də olub
Artıq bir neçə gündür ki, ölkə mediasının gündəmindən düşməyən, faciə ilə nəticələnən avtoqəza ilə bağlı yeni faktlar ortaya çıxmaqdadır.
Avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Nail Allahverdiyevin idarə etdiyi “Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Fakla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin hökmü ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilmiş və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.
Xatırladaq ki, Nail Allahverdiyev “Qaçqınkom”, Baş nazirin müavini Əli Həsənovun nəvəsidir və bu şəxsin 23 yaşı olmasına baxmayaraq milyonluq avtobillərin sahibi olması cəmiyyətdə etirazla qarşılanmaqdadır.
Hadisə ilə bağlı günahkar bilinərək həbs edilən digər gənc – Mirməhəmməd İsmayılov barədə Realliq.info saytına ilginc məlumatlar daxil olub.

Hadisə baş verən zaman 90 FS 777 dövlət nömrə nişanlı “Mazda” markalı avtobillə avtoxuliqanlıq edən “Maqa” ləqəbli M.İsmayılov Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur.
Realliq.info bildirir ki, 2016-cı ilin 11 yanvarında Daxili İşlər naziri Ramil Usubov Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin rəis müavini, polis mayoru Əlövsət İsmayılova ağır cəza verib. Nazir onu vəzifəsindən kənarlaşdırmaqla yanaşı, daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı əmr imzalayıb.

Məlumata görə, Əlövsət İsmayılov DYPŞ-ə təyin edilməmişdən əvvəl DİN-də daha yüksək vəzifə tuturmuş. Lakin o, işində yol verdiyi nöqsanlara görə postundan uzaqlaşdırılıb və cəza olaraq rəis müavini təyin edilib.
Qəzada iştirak edən və həbs olunan Mirməhəmməd İsmayılovun da Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində çalışdığı bildirilir.
O, sosial medianın fəal istifadəçilərindən olub. Mirməhəmməd İsmayılov tez-tez dəbdəbəli həyatını əks etdirən fotolarını sosial şəbəkədə paylaşaraq özünü gündəmə gətirib.

Ən maraqlı fakt isə hadisə baş verən zaman “Mazda” markalı avtomobilin sürücüsünün əslində Mirməhəmməd İsmayılovun olmaması ilə bağlıdır. Realliq.info saytının araşdırmalarından məlum olub ki, hadisədə günahkarlardan sayılan və hazırda inzibati cəza alan “Maqa”nın atası Əlövsət İsmayılov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovla bacanaqdır. Səməd Heydərov uzun müddətdir ki, Mirməhəmməd ismayılova özünün şəxsi işlərini həvalə edib. Hətta S.Heydərovun bir çox qaranlıq işlərini də həyata keçirən “Maqa” onun yanından ayrılmırmış.

Realliq.info qeyd edir ki, Fövqəlada Hallar nazirinin qardaşı Səməd Heydərov günün çox hissəsini Bakı şəhər Ş.İ.Xətai prospektində yerləşən “Günaydın” restoranında keçirir. Hətta onun restoranın yanında yerləşən Respublika Taekvando Federasiyasının binasında da şəxsi otağa sahib olduğu faktdır. Məsələnin maraqlı tərəfi isə “Maqa”nın avtoxuliqanlıq etdiyi “Mazda” avtomobilinin hər gün S.Heydərova məxsus restoranın qarşısında dayanmasıdır.

Realliq.info – nun əməkdaşları həmin ərazidə yaşayan vətəndaşlarla söhbət zamanı aydınlaşdırıblar ki, 90 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobilini daim Səməd Heydərov idarə edir. Hadisə baş verən gün nazir qardaşının avtomobilin sükanı arxasında olub – olmadığı dəqiq deyil.
Saytın apardığı araşdırmalar zamanı aydın olub ki, “Mazda” markalı avtomobil Səməd Heydərova məxsus olsa da rəsmi sənədlərdə baldızın oğlunun adı göstərilir.

Mediada hadisə baş verən zaman Fövqəl nazirin qardaşının orda olduğu barədə müxtəlif fikirlər səslənməkdədir. Realliq.info – ya danışan mənbə qeyd edir ki, hadisə baş verən an Səməd Heydərov “Mazda” da olub. Mənbə onu da qeyd edir ki, avtomobilin sürəti yüksək olub və hadisə baş verəndən sonra bir anlıq dayanıb.

Realliq.info –ya daxil olan digər məlumatda qeyd olunur ki, cinayəti törədən “Qaçqınkom” Əli Həsənovun nəvəsi Nail Allahverdiyev də tez-tez Səməd Heydərova məxsus “Günaydın” restoranında görünürmüş. Onun S.Heydərovla və Mirməhəmməd İsmayılovla isti münasibətləri var. Məhz bu səbəbdən ona məxsus avtomobil də restoranın dayanacağında mütəmadi görünürmüş. Mənbənin bildirdiyinə görə hadisə baş verən gün hər üç şəxs Mərdəkana bağa istirahətə gedirlərmiş.
Xatırladaq ki, Səməd Heydərov qanunsuz əməlləri ilə daim medianın diqqət mərkəzində olub. Bir neçə gün öncə baş verən qəza yenidən nazir qardaşının əməllərini gündəmə gətirib.

Baş verən qəza ilə bağlı saytlarda dərc edilən xəbərlə tanış olduqdan sonra AFN-lə ilə əlaqə saxlayan və adının açıqlanmasını istəməyən məlumatlı şəxs S.Heydərovun avtomobil və yüksək sürət düşkünü olduğunu bildirdi. Həm də qeyd etdi ki, bu, artıq sirr sayılmır: “Səməd Heydərov bir neçə il öncə yüksək sürətlə idarə etdiyi avtomobilin qarşısına çıxan və ona yol vermək istəməyən “Mercedes” markalı maşını vurub Maştağa gölünə aşırmışdı. Həmin avtomobil göldə batsa da, xoşbəxtlikdən sürücüsü sağ qurtarmışdı və Səməd Heydərov ona yeni avtomobil alınıb verilməsinə göstəriş vermişdi. O vaxt bu barədə bir neçə saytda məlumat getsə də, sonradan yığışdırıldı”.

Mənbəmizin S.Heydərovla bağlı daha bir ilginc xatırlatması nazir qardaşının 2013-cü ilin fevralın 6-da paytaxtın Zahid Xəlilov küçəsində yerləşən “Elbaro” restoranında qeydə alınan insidentdə iştirakı ilə bağlıdır. Onun verdiyi məlumatın detallarına keçmədən internet resurslarına istinadən xatırladaq ki, həmin gün gecə saat 00.00 radələrində adıçəkilən restoranda baş verən silahlı insident nəticəsində iki nəfər güllələnib. Onlar 45 yaşlı Aydın Məmmədzadə və onun oğlu, 20 yaşlı Emin Məmmədzadə olub. Güllə yarası alan hər iki şəxs xəstəxanaya yerləşdiriliblər. Restoranda Aydın Məmmədzadənin anasının ad günü qeyd edilirmiş. Mərasimin başa çatmasına az qalmış hələlik şəxsiyyəti açıqlanmayan şəxs (maraqlıdır ki, bu şəxsin şəxsiyyəti rəsmi qaydada sonradan da açıqlanmayıb, baş vermiş cinayətin sonucu ilə bağlı heç bir rəsmi məlumat verilməyib. Hər halda, internet resurslarında bu barədə məlumata rast gəlinmir-red.) restorana daxil olub və banket zalına qalxıb. O, ata və oğul Məmmədzadələri nişan alaraq, avtomat silahla onları ayağından güllələyib.

Mənbəmiz iddia edir ki, adı açıqlanmayan həmin şəxs fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərov olub: “Həmin gecə onun yanında nazirin birinci müavini Rəfail Mirzəyev də olub. Rəfail Mirzəyev hətta gecə Səməd Heydərovun yanında polis bölməsinə də gedib, məsələni “yerindəcə həll edib” cinayətin üstünün örtülməsinə nail ola bilib. Hətta mənim bildiyimə görə, Kəmaləddin Heydərov da həmin adamlardan şəxsən üzr istəyib. Hadisənin baş vermə səbəbi isə ad günü qeyd edilən xanımın şərəfinə anaya aid mahnının sifariş olunması olub. Səməd Heydərov nəyə görəsə bu mahnının oxunmasına etiraz edib ona görə mübahisə yaranıb”.
Mənbəmiz onu da qeyd etdi ki, hadisəni S.Heydərovun törətməsi həmin gün restoranın müşahidə kameralarına da düşübmüş: “Lakin dediyim kimi, yuxarı səviyyədə prosesə müdaxilə olub və hadisənin üstü ört-basdır edilib”.

Xatırladaq ki, DİN rəsmisi E. Zahidov "Mazda”nın sürücüsünün K. Heydərovun qardaşı olması xəbərini təkzib edib: "Bu yalan məlumatdır, şayiədir. Həmin avtomobil Səməd Heydərova məxsus deyil”. Amma nazirlik rəsmisi avtomobildə başqa kimlərin olduğu ilə bağlı açıqlama verməyib.
Məsələ ilə bağlı S.Heydərovun mövqeyini öyrənməyə hazırıq.
Mövzu ilə bağlı araşdırmalarımız davam edir.
teref.az olaraq adları çəkilən bütün şəxslərin fikirlərini dinləməyə və işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.