Cavid Qurbanov “Topaz”a əl qoydu – MİLYONLARA NƏZARƏT
28-11-2017, 12:38
Sabiq nəqliyyat naziri Ziya Məmmədov vəzifədən uzaqlaşdırılandan sonra, onun və oğlu Anar Məmmədovun, eləcə də yaxınlarının biznesi tədricən çökməyə başladı. Hətta bəzi mətbu orqanlar keçmiş nazirin və oğlunun biznesinin ayrı-ayrı məmurlar tərəfindən ələ keçirildiyini də yazdı. Bunlardan biri kimi Anar Məmmədovun sahibi olduğu “KFC” restoranlar şəbəkəsinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanovun oğlu tərəfindən ələ keçirildiyi haqda yazılanları misal göstərə bilərik. Hansı ki, sonradan müəyyən araşdırmalar nəticəsində bu fakt öz təsdiqini tapdı. Bəlli oldu ki, həqiqətən də “KFC” restoranlar şəbəkəsi Cavid Qurbanovun biznes imperiyasına daxil edilib.
Təbii ki, uzun illər Azərbaycanda ən nüfuzlu məmurlardan biri olan Ziya Məmmədovun, eləcə də oğlu Anar Məmmədovun biznesi “KFC” ilə məhdudlaşmırdı. Əksinə, bu restoranlar şəbəkəsi sabiq oliqarx-məmurun biznes imperiyasının heç 1 faizi də deyildi. Nazir olduğu dönəmdə böyük sərvət toplayan məmmədovlar ailəsi hətta qumarxanaları da nəzarətə almışdı. Təsadüfi deyildi ki, hər il milyonlarla gəlir qazandıran “Topaz” mərc oyunları da son vaxtlaradək Anar Məmmədovun nəzarətində idi…
“Topaz”ın sabiq nazirin oğlundan necə və kim tərəfindən alındığı haqda geniş açıqlama verəcəyik. Bundan öncə isə bukmeyker kontorlarının fəaliyyəti haqda qısa məlumat verək.
Məlumat üçün bildirək ki, “Topaz”ın yaradılmasına 2009-cu ilin sonlarından start verilmişdi. Bəzi bilgilərə görə, bu sahəyə əvvəlcə Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev nəzarət etməyə cəhd göstərib. Lakin bir neçə aylıq qapalı mübahisədən sonra 2010-cu ilin aprelində Z.Məmmədovun oğlu A.Məmmədov “Topaz”a əl qoydu. Belə ki, “Topaz” rəsmi olaraq nazir oğlunun qeyri-rəsmi sahibi olduğu “Azinteltek” şirkətinin nəzarətinə verildi. Lakin Anar Məmmədov həm bu sahədə təcrübəsiz olduğundan, həm də “Topaz”ın fəaliyyətinə daima nəzarət etmək üçün kifayət qədər vaxtı olmadığından, ailənin biznes ortağı, “Bakı” futbol klubunun prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, “Baghlan Group” şirkətlər qrupunun rəhbəri “Hafka” ləqəbli Hafiz Məmmədovu bu işə şərik qoşdu. Təsadüfi deyildi ki, “Azərinteltek” QSC-nin Müşahidə Şurasının sədri “Hafka”nın oğlu Kənan Məmmədov idi…
“Topaz” yarandığı gündən Anar Məmmədovla Hafiz Məmmədovun ortaq bankı olan “Bank of Azerbaijan”ın özünə rəsmi tərəfdaş seçdi və bütün maliyyə əməliyyatları məhz bu bank tərəfindən aparıldı. “Topaz” məntəqlərinin yaradlması üçün tələb olunan depozitlər və gündəlik yığılan mərc vəsaiti “Bank of Azerbaijan”da toplandı, uduşlar bu bank tərəfindən təqdim olundu. O vaxta qədər ki, artıq Ziya Məmmədovun biznes imperiyası qürub çağını yaşayırdı və bu səbəbdən də istər-istəməz “Bank of Azerbaijan” da çətin duruma düşmüşdü…
Sözsüz ki, “Topaz”ın fəaliyyəti cəmiyyətdə bir çox narazılıqlar yaratmışdı. Bu totalizatorun qurbanı olan insanların sayı günbəgün artırdı. Vəziyyət o həddə çatmışdı ki, 2013-cü ilin mart ayının 3-də Milli Məclisin iclasında millət vəkili Məlahət İbrahimqızı xərçəng xəstəliyi kimi Azərbaycanın hər yerinə yayılan “Topaz” mərc obyektlərinin bağlanmasının vacibliyini vurğulamışdı: “Gənclər bütün vaxtlarını orada keçirirlər. Universitetlərin bir çoxunda tələbələr bu qumarxanalara toplaşır. Buna son qoymaq lazımdır. İnsanlar evlərini belə, burada uduzurlar”.
Millət vəkili bildirmişdi ki, gənclərin asudə vaxtının təşkili adı altında “Topaz” oyunları artıq xeyli sayda problemlər yaradır: “13 nəfər ana mənə müraciət edərək bu oyunlardan şikayət edib. Elə şeylər baş verir ki, hətta evlərini uduzanlar da olur. Artıq belə hallar da var. Bunun qarşısını almaq lazımdır”.
Ancaq həmin vaxt nəqliyyat naziri Ziya Məmmədovun qılıncının dalı da, qabağı da kəsirdi deyə, onun oğlunun nəzarət etdiyi biznes şəbəkəsini qapatmağa kimsə cürət etməzdi. Görünür, məhz bunu nəzərə alan spiker Oqtay Əsədov həmin iclasdaca Məlahət İbrahimqızının cavabını verərək ““Topaz” qumarxana deyil. “Lotereya haqqında” qanun müzakirə olunarkən deputatlar buna səs veriblər. Biz bu qanunu sizin iştirakınızla qəbul etmişik” – deyə mövzunu qapatmışdı.
Halbuki, tanınmış vəkil Aslan İsmayılov hesab edir ki, ilk qanuni mərc operatoru kimi tanınan “Topaz”, faktiki olaraq Azərbaycanda qumarxana kimi fəaliyyət göstərir: “Bir neçə oliqarxın milyonlar qazanmasına görə, minlərlə insan bunun əziyyətini çəkir, ailələr dağılır, insanlar bədbəxt olur. Bu günki ağır iqtisadi durumda atılacaq addımlardan biri də bu fəaliyyətin tam qadağan olunmasıdır”.
Aslan İsmayılov hesab edir ki, bu kimi qurumların sahiblәri insanların bədbəxtçiliyi üzərində özlərinə xoşbəxt həyat qururlar: “Bu, əsl qumardır. Bu qumar vasitəsi ilə 3-5 oliqarx milyonlar qazanır. Amma əvəzində minlərlə ailələr bu qumarın gətirdiyi acı nəticələr səbəbindən dağılır. Mən çoxlu sayda ailələr tanıyıram ki, ailə başçısı, uşaqlar bu qumarxanalarda min cür bəlalara düçar olurlar.
Bunun özü qanunvericiliyə əsasən qadağandır. Bu, faktiki olaraq, adını başqa cür qoymağına baxmayaraq, qumarxana funksiyasını yerinə yetirir. Şərq dünyasında qumarxananın vurduğu ziyanın heç bir şey əvəz edə bilməz. Müqəddəs kitabımız olan Qurani-Kərimdə də qumar qadağan olunub. Əslində mentalitetimizdə bu cür oyunlara meyllilik var.
Bu qumarxanaların vergi verdiyini, qanuna uyğun fəaliyyət göstərdiyini qeyd edirlər. Amma bütün sadalananlar boş söhbətlərdir. Bütün bunlar sadəcə cib doldurmağa yönəlib. İnsanların bədbəxtçiliyi üzərində özlərinə xoşbəxt həyat qururlar”.
Nəqliyyat naziri Ziya Məmmədov vəzifəsini itirdikdən sonra, təbii olaraq, oğlu Anar Məmmədov hər ay topazdan gələn milyonları rahatca “yeyə” bilməyəcəkdi. Bu səbəbdən də hakimiyyət daxilində nüfuz sahibi olan, xüsusən də Z.Məmmədovun biznes imperiyasının çöküşünü izləməkdən zövq alan məmurlar onun və oğlunun sahib olduğu digər şirkətlər kimi, “Topaz”a da əl qoymaq uğrunda mübarizəyə qalxdılar. Bu mübarizə isə sabiq nazirin illərlə dəstək olduğu, çöküşü ərəfəsində isə ondan üz döndərən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, deputat Cavid Qurbanovun qələbəsi ilə yekunlaşdı. Belə ki, C.Qurbanov nazir oğlunun sahibi olduğu “KFC” restoranlar şəbəkəsindən sonra, “Topaz” üzərində nəzarəti də ələ aldı…
Bəs, Cavid Qurbanov “Topaz”a necə və hansı məqsədlə sahib oldu? Hazırda bu qumarxanalar deputata nə qədər vəsait qazandırır?
Bu və digər suallara tezliklə cavab tapa biləcəksiniz. Bizi izləyin.
Turaninfo.org
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az