Zoologiya İnstitutunun direktorundan Mirşahinə ismarıc: ""Darıxmışam onun üçün, ..."

29-11-2017, 10:48           
Zoologiya İnstitutunun direktorundan Mirşahinə ismarıc: ""Darıxmışam onun üçün, ..."
Artıq il yarımdır ki, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnistitutunun nəzdində fəaliyyət göstərmiş ANS Şirkətlər Qrupunun fəaliyyəti dayandırılsa da, telekanal rəhbərliyi əmlaklarını həmin ərazidən çıxartmır. Bu səbəbdən telekanal rəhbərliyi ilə Zoologiya İnistitutu arasında dəfələrlə problem yaranıb. Zoologiya İnistitutunun rəhbərliyindən qarşı tərəfə mesajlar göndərilsə də, hər hansı addım atılmayıb.

Lakin uzun müddətdir ki, ANS və Zoologiya İnistitutu arasında olan problemlə əlaqədar mediada heç bir məlumat yayımlanmır.

Cebhe.info əməkdaşı Zoologiya İnstitutunun direktoru Elman Yusifovla danışaraq son vəziyyəti öyrənib. Söhbətə bədii dildə başlayan Elman Yusifov ANS-lə bağlı məsələni aysberqin görünməz tərəfinə bənzədib:

“ANS məsələsi aysberqə bənzəyir. Proses donub, qatar yerindən tərpənmir. Gözümüz yolda, qulağımız səsdədir. Onlardan bizə heç bir cavab verilmir, əlaqələr də kəsilib. Bu səbəbdən fəaliyyətimizi genişləndirə bilmirik. Otaqlarımız çox darısqaldır. Planlarımız var ki, onları reallaşdıra bilmirik. 2017-2025-ci illərdə Bioloji Müxtəlifliyin İnkişafına dair ölkə prezidentin sərəncamı var. Bunun üçün xüsusi tətbiqi zoologiya mərkəzi yaratmışıq. Orada nəsli kəsilməkdə olan növlərin süni çoxaldılaraq təbiətdə yayımı ilə məşğuluq. Elmi sahibkarlığın inkişafı üçün kursların yaradılması ilə məşğul oluruq. Balıqçılıq, xərçəngçilik üzrə kurslar təşkil edirik. Elm haqqında qanuna dəyişikliyə görə, artıq Nazirlər Kabinetinin 266 nömrəli qərarına əsasən bir sıra elmi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşuq. Nəzəri-praktiki istiqamətlər müəyyənləşdirsək, müəyyən hədəflər götürsək də, bəzi işlərimizi reallaşdıra bilmirik”.

E.Yusifovun sözlərinə görə, 1000 kvadrat metr sahə möhürlənib, 2000 kvadrat metr sahədə isə ANS-in əmlakı var. Lakin qarşı tərəfin bütün mesajları, zəngləri cavabsız qoymasına baxmayaraq, institut rəhbərliyi tərəfindən dözümlülük nümayiş etdirilir:

“Uzun illərdir ki, onlarla birgə yaşamışıq, ziyalı insanlardır. Mirşahin həqiqətən ziyalı insandır, gözəl bəlağəti var. Lakin onları tapa bilmirik ki, gəlib əmlaklarını götürsünlər. Onların bizə qarşı bu addımını hörmətsizlik adlandırmazdım. Bir-iki dəfə onların işçiləri ilə əlaqə saxlamışıq. Keçmiş əməkdaşlar deyiblər ki, əmlakı saxlamağa yerləri yoxdur. Ya yerləri yoxdur, ya da ümidləri var ki, telekanalın fəaliyyəti yenidən bərpa olunacaq”.

İcarə haqqından söz düşmüşkən, institut direktoru belə addım atılarsa, bunu müsbət qarşılayacaqlarını bildirib:

“Heç onların icarə haqqlarının dadını görməmişik. İcarə haqqı versəydilər, həyata marağımız o qədər artardı ki. Alimlərin maaşı bilirsiniz də, nə qədər aşağıdır. Onların bizə verəcəyi icarə haqqı ilə büdcədənkənar vəsait kimi istifadə edərdik. Əri döyən arvadı it də qapıb bir yandan”.

E.Yusifovun sözlərinə görə, bu problemlə əlaqədar prokrorluğa müraciət ediblər. Ordan isə bildirilib ki, ANS məhkəməyə verilsin:

“Məhkəmə də bilirsiz də, gedər-gəlməzdir. Həm də vaxt itkisidir. Buna görə də, dözürük. Başqa yolumuz yoxdur. Darıxmışam Mirşahin üçün, görsəz deyin zəng eləsin. Ay qardaş, əmlakını qoruyuruq, saxlayırıq, bir sağol de”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.