Elman Rüstəmovla Zakir Nuriyev arasında qarşıdurma- ABA sədrinin fikirləri mediadan yığışdırıldı

30-11-2017, 09:25           

Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev Mərkəzi Bankın sədri Elman Rüstəmovun və hökumətdəki bir sıra şəxslərin qəzəbinə tuş gəlib.

Bu barədə hökumətdəki mənbə məlumat verib. Mənbənin sözlərinə görə, bir neçə gün öncə Bakıda ABA-nın təşkilatçılığı ilə keçirilən "Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda (İslahatlar, Nəticələr və Perspektivlər) Z.Nuriyevin etdiyi çıxış narazılığa səbəb olub. Belə ki, Z.Nuriyev çıxışında "Yeni "mülayim-yumşaq” pul-kredit siyasətinə keçidə başlanılmalıdır” fikrini səsləndirib.

Onun sözlərinə görə, həyata keçiriləcək siyasətin əsasında ehtiyatlılıq, mərhələlik və eyni zamanda qeyri-monetar inflyasiyanın azaldılması durmalıdır.

"Yeni "mülayim-yumşaq” pul-kredit siyasətinə keçid ilə əlaqədar olaraq monetar və nəzarət orqanları məhdudlaşdırıcı siyasətdən stimullaşdırıcı pul-kredit siyasətinə keçməli, inflyasiyanın hədəflənməsi ilə yanaşı UDM artımına, uzunmüddətli kreditlərin aşağı faizli olmasına və manatın volatilliyinin aşağı salınmasına hədəflənməlidirlər. İnflyasiyanın artmasından ehtiyatlanmadan iqtisadiyyatın aşağı monetarizasiya şəraitindən, yavaş-yavaş pul təklifini artırmaqla geniş bazaya keçmək lazımdır. Yeni pullar isə tam həcmdə, məqsədli şəkildə, geri qaytarılan kreditlər formasında real sektora investisiyaların stimullaşdırılmasına yönəldilməlidir”, - deyə Z.Nuriyev vurğulayıb.

Maraqlıdır ki, elə həmin günlərdə baş bankir Elman Rüstəmov açıqlama verərək sərt pul-kredit siyasətinin növbəti il də davam etiriləcəyini açıqlamışdı. MB sədri bunu inflyasiya və neftin oynayan qiyməti ilə bağlamışdı: "Beynəlxalq praktikada mərkəzi banklar o vaxt pul-kredit siyasətini yumşaldır ki, inflyasiya təhlükəsi keçsin” – deyə o bildirmişdi.

Mənbəmizin sözlərinə görə, ABA sədrinin fikirləri, bir növ tələb kimi, hökumətin pul-kredit siyasətini yürüdən əsas fiqurunun arqumentlərinə etiraz kimi qəbul edildiyi üçün həmin gün mediadan yığışdırılıb: "Onun çıxışını agentliklər versələr də sonradan götürüblər. Amma bir neçə saytda hələ də qalır. Məlumata görə, Elman Rüstəmov yuxarılara Z.Nuriyevdən şikayətçi olub. Bildirib ki, onun səsləndirdiyi fikirlər bank-maliyyə sektorunda ajiotaj, qarışıqlıq yaradır. Hazırda
Z.Nuriyevə münasibətin heç də yaxşı olmadığını deyə bilərəm”.

Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.

(Mənbə:AFN.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.