Hacıqabul yolları kimin qəzəbinə gəlib?

5-12-2017, 11:07           
Hacıqabul yolları kimin qəzəbinə gəlib?
Magistral yolların qovşağında yerləşən Hacıqabul rayonu ölkəmizin strateji əhəmiyyət kəsb edən rayonlarındandır. İnsanları saf, təmiz, əməksevər və sadə zəhmət adamlarıdır. Halal zəhmətlə yaşayan hacıqabulluların Respublikamızın iqtisadi inkişafında müstəsna xidməti var. Rayon vətəndaşları haqlı olaraq özlərinin elm xadimləri, müharibə qəhrəmanları və əmək insanları ilə fəxr edir, qürur duyurlar. Belə bir rayonun əhalisi hər cür hörmətə və alqışa layiqdirlər. Hacıqabulun zəhmətkeş insanları son illər aqrar sektorda aparılan islahatlara da çox böyük dəstək verirlər. Belə ki, dövlətin qarşıya qoyduğu prioritet məsələlərdən biri olan pambıqçılıq, taxılçılıq və heyvandarlığın inkişaf etdirilməsində böyük həvəslə iştirak edirlər.

…Ölkə Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü və Prezident fondundan ayırdığı vəsait hesabına bütün rayonlarımızda abadlıq-bərpa işləri aparılır. Geniş və müasir yollar çəkilir. Belə yolların çəkilməsi sözsüz ki, kənd təsərrüfatının inkişafında və vətəndaşlarımızın həyat səviyyəsinin yüksəlməsində çox böyük önəm daşıyır. Bu baxımdan Hacıqabul rayonunda istər mərkəzdə, istərsə də kəndlərdə əhalinin istifadəsində olan yolların hansı vəziyyətdə olması barədə daxil olmuş şikayətə rəğmən jurnalist araşdırması aparmağı qərara aldıq və adı çəkilən rayona yola düşdük.
Diqqətimizi ilk çəkən rayon mərkəzi olan Qazıməmməd şəhərinin cənub tərəfdən giriş hissəsində yerləşən Rəşid Behbudov küçəsi oldu. Düzünü desək, gözlərimizə inanmadıq. Küçə elə bir bərbad vəziyyətdə idi ki, sakinlərin öz evlərinə rahat getməsi belə müşkül məsələyə çevrilmişdi. Küçənin palçıqlı yolunda bir neçə gün öncə yağan yağış suları böyük gölməçələr halında yığılıb qalmışdı. Ətraf antisanitar vəziyyətdə idi. Hər tərəfdə zibil və məişət tullantıları daşınmadığı üçün yığılıb qalmışdı. Ümid etdik ki, yəqin bu küçə mərkəzə bir az uzaq olduğu üçün belə vəziyyətdədir. Başqa küçələr yəqin abad və təmiz olar. Amma nahaq belə düşündük. Yenicə H.Z.Tağıyev küçəsinə çatmışdıq ki, bizim jurnalist olduğumuzu bilən və həmin küçədə yaşayan Rəhimova Dürnisə Feruz qızı adlı yaşlı bir nənə bizə yaxınlaşıb yaşadıqları küçədə yaşamağın dözülməz olduğunu bildirdi. Səbəbini onunla izah etdi ki, uzun illərdir bu küçədə heç bir abadlıq işləri aparılmır. Küçə rayon mərkəzində yerləşsə də, heç vaxt bura asfalt döşənməyib. Küçədə kanalizasiya xətti olmadığı üçün çirkab sular üstüaçıq arxlarla axıdılır. Üfunət iyindən evdə oturmaq olmur. «…Həm özümüz, həm də azyaşlı uşaqlarımız tez-tez infeksion xəstəliklərə tutuluruq. Qabaqlar başçı əhalinin arasına çıxardı, dərdimizi deyərdik. İndiki başçının heç televizorda da üzünü görməmişəm. Belə də rəhbər işçi olar?», -deyən Dürnisə nənə onu da əlavə etdi ki, baxmayaraq dövlət tərəfindən kanalizasiya xətlərinin çəkilişi üçün külli miqdarda pul ayrıldı, ancaq bu pula işin bir qismi görüldü. İcra başçısının hesabatlarında isə bildirilir ki, guya Hacıqabul rayon mərkəzinin daxili kanalizasiya xətləri tam çəkilib qurtarıb. Əgər çəkilibsə, bəs nə üçün rayonun tam mərkəzində yerləşən bu küçədə çirkab sular üstüaçıq arxlarla axıdılır?

Adı çəkilən küçənin digər gənc sakinləri də bizə yaxınlaşıb rayondaxili yolların bərbad vəziyyətdə olması barədə ürək ağrısı ilə danışdılar və xahiş etdilər ki, onların haqlı narazılıqlarını rayon rəhbərliyinə çatdıraq. «Bəs nə üçün özünüz bu barədə rəhbərliyə şikayət etmirsiniz?», -sualımıza cavab olaraq bildirdilər ki, rayon İcra hakimiyyətində nəinki bizim, əslində heç kimin nə şikayəti, nə də vətəndaşın özü qəbul edilmir. Buna görə də əhali arasında icra hakimiyyəti məmurlarına qarşı narazılıqlar gündən-günə çoxalır. Gənclər onu da bildirdilər ki, İcra hakimiyyətinə gedən şikayətçiləri qeydiyyata almırlar ki, guya rayonda hər şey öz qaydasındadır və heç bir şikayət yoxdur. Nə isə...
***
Gənclərdən ayrılıb yolumuza davam etdik. Mərkəzi bazarın yerləşdiyi məkana gəldik, kaş gəlməyəydik. Bazarın dörd bir tərəfi elə bir xoşagəlməz vəziyyətdə idi ki, sanki biz Hacıqabul rayonunun mərkəzində deyil, Afrikanın inkişaf etməmiş bir ölkəsində idik. Təmizlik və sanitar normalardan uzaq, ətrafını zir-zibil basmış, yığılıb qalmış tullantıların bərbad qoxusundan baş çatlayan mərkəzi bazarın qarşısı həm də kəndlərə gedən sərnişin avtobuslarının dayanacağıdır. Əslində bura sürücülər tərəfindən zəbt edilmiş yerdir. Çünki bu “dayanacaq” Nəqliyyat Nazirliyinin balansında deyil. Sadəcə şəhər küçələrindən biridir. Ancaq nə olsun? Sürücüləri də qınamaq olmur. Çünki rayonun avtovağzalı yoxdur. Onlar da məcbur olub bazarın qarşısındakı küçəni zəbt ediblər. Amma “avtovağzal”ın yerləşdiyi küçənin natəmizliyi vətəndaş olaraq ürəyimizi ağrıtdı. Rayon icra başçısının Hacıqabul şəhəri üzrə icra nümayəndəliyi də məhz mərkəzi bazarın beş metrliyində yerləşir. Sözsüz ki, bazarda olan natəmizliyi və bazar ətrafı yolların vaxtlı-vaxtında süpürülüb təmizlənməməsini özləri də görürlər. Rayon məhkəməsinin qarşısından keçən küçə isə, Allah uzaq eləsin, sanki müharibə görüb, top mərmiləri yolları dağıdıb. Rayon Polis Şöbəsinin arxasında, vaxtilə hərbi şəhərciyin balansında olmuş beşmərtəbəli evlərə gedən yol isə lap biabırçı idi. Elə burada bir hərbçi ilə qarşılaşdıq, üstü-başı palçıq idi. Təəccübümüzü görüb özü dilləndi: «…Belə yolla təcili yardım gəlmir, yanğınsöndürən 5 dəqiqəlik yolu məcburən bir saata gəlməli olur. Cinayət hadisəsi baş verir, yolsuzluqdan polis əməkdaşları da hadisə yerinə vaxtında gəlib çıxa bilmir. Belə də iş olar???».

Yeri gəlmişkən, onu da deyək ki, gecələr şəhər küçələrinin mütləq əksəriyyəti işıqlandırılmır. Hansı küçədə elektrik varsa, bu dirəklərlə elektrik xətləri ilə bahəm həm də telefon xətləri çəkilib. Bunun da nə qədər təhlükəli olduğu hamıya bəllidir.
Hacıqabul şəhərinin mərkəzindən keçən magistral dəmir yol xəttinin sağ və sol yanlarında yerləşən küçələr də eyni aqibəti daşıyır. Diqqətimizi çəkənlərdən biri də şəhər küçələrində yaşıllığın olmaması oldu. Sanki rayon Yaşıllaşdırma İdarəsinin rəisi Taleh Əşrəfova küçələrdə ağac əkməyi qadağan etmişdilər.
Hacıqabul rayon mərkəzinin təmizliyinə cavabdeh olan 1 saylı Mənzil İstismar İdarəsinin rəisi Samir Həmidov və 2 saylı eyni adlı idarənin rəisi Amil Hüseynov vəzifələrinin öhdəsindən gələ bilsəydilər, yəqin ki, küçələr bu qədər antisanitar vəziyyətdə olmazdı.
İstər rayon mərkəzində, istərsə də kənd yollarının təmir-tikinti işlərində Yol İdarəsinin müdiri Firqət Qurbanov öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirsəydi, yəqin ki, vəziyyət bu həddə çatmazdı.

Hacıqabul şəhəri üzrə icra nümayəndəsi xanım L.L.İbrahimova yalnız öz evi ilə iş kabineti arasındakı yolu tanıyır. Şəhər sakinləri L.İbrahimovanı tanımadıqlarını və onu görmədiklərini bildirdilər. İnsafən demək lazımdır ki, yalnız şəhər üzrə Bələdiyyə imkanları daxilində bəzi işlər görüb. Belə ki, Bələdiyyə M.Hüseynzadə küçəsindən keçən baş kanalizasiya kanalının 1500 metr məsafəsini əsaslı şəkildə qazaraq lildən təmizlətmişdir. Bələdiyyə bundan artıq iş görə bilmir. Çünki elə bir vəsaitləri yoxdur. Buna görə də sağ olsunlar! Ancaq oxucularımızın diqqətinə təkrar çatdırmaq istəyirik ki, yuxarıda qeyd etdiyimiz kimi, rayon mərkəzində kanalizasiya xətlərinin tam çəkilməsi üçün Dövlət büdcəsindən külli miqdarda pul ayrılıb. Bəs nə üçün Hacıqabulun baş kanalizasiyası üstüaçıq kanalla aparılır? Yəqin ki, bu sualımıza aidiyyəti dövlət qurumları cavab verəcəklər.
Rayonun palçıqlı, dağılıb xaraba qalmış küçələrindən isə reportajlarımızı davam etdiririk…
Samir Zeynallı
Zaur Məmmədli
Bakı-Hacıqabul-Bakı \\tezadlar.az\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.