Daha bir sığorta dələduzluğu - “Ata Sığorta”da skandal
6-12-2017, 09:56
Şirkətin icbari sığorta etdiyi avtomobilə cərimə gəldi
Qəzetimizin redaksiyasına “AtaSığorta” şirkəti ilə bağlı şikayət daxil olub. Şikayətin məğzi budur ki, müştərinin icbari sığorta üçün ödədiyi pulu mənimsənilib, əvəzində isə avtomobil sığorta edilməyib. Bununla bağlı qəzetimizə müraciət edən Emin Quliyev adlı şəxs deyir ki, noyabr ayının 8-də “Hyundai Santa Fe” markalı avtomobilini icbari sığorta etdirmək üçün “AtaSığorta” şirkətinə müraciət edib.
Şirkətin əməkdaşı təyin olunan yerdə Emin Quliyevlə görüşərək, ondan nağd qaydada 90 manat ödəniş alıb və sığorta nişanını və nömrəsini təqdim edib. Şirkət əməkdaşı bildirib ki, noyabr ayının 18-də avtomobilin icbari sığortasının müddəti bitən kimi, sığorta müqaviləsi sistemə yerləşdiriləcək.
Şikayətçinin sözlərinə görə, bundan sonra ona avtomobilin icbari sığorta edildiyini bildirən SMS gəlməyib. Lakin vətəndaş heç nədən şübhələnməyərək, avtomobilinin sığorta edildiyindən əmin olub. Noyabrın 20-də isə Emin Quliyevə DYP-dən avtomobili icbari sığortasız idarə etdiyinə görə, cərimə protokolu gəlib və 50 manat cərimə edildiyi bildirilib. Yalnız bundan sonra məsələnin üstü açılıb.
Müştərinin şikayətindən sonra “AtaSığorta” şirkətinin baş ofisi məsələyə müdaxilə edib, cəriməni ödəməyə və avtomobili sığorta etdirməyə söz verib. Eləcə də, Emin Quliyevdən nağd şəkildə ödəniş edən əməkdaş işdən kənarlaşdırılıb.
Buna baxmayaraq, şikayətçi digər vətəndaşların da belə bir halla üzləşməməsi üçün məsələni ictimailəşdirmək qərarına gəlib.
Sözügedən skandala aydınlıq gətirmək üçün “AtaSığorta” şirkəti ilə əlaqə saxlamağa çalışdıq. Şirkətin özünü təqdim etməkdən imtina edən əməkdaşı sualımızı eşitdikdən sonra cavab verdi ki, bu müştəri ilə bizim aramızda olan məsələdir və həll etməyə çalışırıq. Ardından “Bunu mətbuatda işıqlandırılmasına nə ehtiyac var ki? ” - deyə telefonu söndürdü. Şirkətin baş ofisi ilə əlaqə saxlamaq cəhdlərimiz də nəticə vermədi.
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, sığorta ilə bağlı müştəridən nağd ödənişi qəbul edən “AtaSığorta” əməkdaşı, sadəcə olaraq, dələduzluq edib: “Əgər sığorta şirkətinin əməkdaşı həmin nağd pulu hesaba köçürtsəydi, müqavilə bağlanardı. Sığorta qaydalarında belədir ki, sığorta şirkətləri müqaviləni ödəniş olmadan bağlanmış saymırlar. Bağlanmış sayılmadığına görə də DYP-nin sistemində avtomobilin icbari sığorta edildiyi görünmür. Ona görə də ona elektron cərimə protokolu göndərilib. Problem şirkət əməkdaşının yol verdiyi dələduzluğun üzərindədir”.
Ərşad Hüseynov sürücülərə məsləhət gördü ki, icbari sığorta ilə bağlı sifarişləri daha çox elektron qaydada həyata keçirməyə üstünlük versinlər: “Hazırda icbari sığorta bürosunun özünün yaratdığı elektron portal var. Orada elektron qaydada istənilən sığorta şirkətinə müqaviləni sifariş vermək olur. Ödəniş də mütləq nağdsız qaydada olmalıdır, ödəniş terminallarında, bank vasitəsilə və ya kart vasitəsilə. İndi heç bir sığorta şirkəti müqavilə haqqını nağd formada qəbul etmir. Terminal vasitəsilə və ya kart vasitəsilə nağdsız formada ödəniş qəbul olunur. Sürücülərin də diqqətinə çatdırmaq lazımdır ki, sığorta şirkəti əməkdaşlarına nağd pul verməyin ki, ciblərinə qoysunlar. Bəzi şirkətlərdə belə bir hal var ki, elektron müqavilə bağlanılır, daha sonra kağıza çap olunur, sürücüyə verilir ki, nə vaxtsa yol polisi ilə mübahisə yaranarsa, müqaviləni təqdim etsinlər. Bu məsələlərdə diqqətli olmaq lazımdır ki, tora düşməyəsiniz. Siz hətta sığorta şirkəti əməkdaşına nağd pul versəniz belə o pulu aparıb kassaya daxil edə bilməz, hansısa terminalda sizin adınızdan həmin pulu ödəməlidir”.
Ekspert sürücülərin diqqətinə çatdırdı ki, icbari sığorta müqaviləsi bağlanarkən, müştərinin mobil nömrəsinə gələn SMS də önəmlidir: “Əgər siz onlayn müqavilə sifariş vermisinizsə, pul ödəməmiş sizin mobil nömrəsinizə elektron SMS gəlir ki, bu kod üzrə ödəniş edin. Əgər İcbari Sığorta Bürosundan və bu büronun üzvü olan sığorta şirkətlərindən belə bir SMS gəlibsə, arxayın ola bilərsiniz ki, bu rəsmidir. Ondan sonra həmin kod üzrə ödəniş etdikdə, dərhal cavab gəlir ki, pul ödədiniz. Müqavilə bağlanmış sayılır və sizə növbəti SMS gəlir ki, artıq icbari sığorta müqaviləniz var və nömrəsi də budur. Əgər bütün bunlar olmursa, şübhələnmək lazımdır. Deməli, orada problem var. Avtomobilin sığorta olunub-olunmadığını yoxlamaq üçün İcbari Sığorta Bürosunun 97 07 nömrəsinə avtomobilin nömrəsini göndərə bilərsiniz. Oradan cavab gəlir ki, bu avtomobilin icbari sığortası var, ya yox”.
Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
musavat.com