Sumqayıt Bulvarı haqda rəsmi yalan: 4,2 km yox, 2 km imiş+FOTOLAR
9-12-2017, 00:03

Vahid Hüseynov adlı oxucumuz AFN-in redaksiyasına maraqlı fakt haqda yazı göndərib. Yazıda Sumqayıt bulvarı haqda ictimaiyyətə təqdim olunan yalan ifşa edilir.
Belə ki, bu günlərdə adıçəkilən məkanda olduğunu deyən oxucumuz qeyd edir ki, gəzinti zamanı təsadüfən maraqlı bir fakt aşkar edib: "Bildiyiniz kimi rəsmi məlumatlarda, rəsmi saytlarda və demək olar ki, bütün mətbu orqanlarda Sumqayıt dənizkənarı bulvarın uzunluğunun Xəzər dənizinin sahili boyunca 4,2 kilometr (bəzi mənbələrdə 4 km) olması göstərilir. Amma təsadüfən əlim düyməyə dəydi deyə telefonumdakı məsafəni ölçən proqram işə düşdü və məlum oldu ki, bulvarın uzunluğu rəsmi məlumatlarda qeyd olunan kimi 4,2 kilometr yox, heç 2,5 km deyil, 2km-dən bir qədər artıqdır. Təəccüb etdim deyə maraq üçün təzədən ölçdüm. Özü də mən bu dəfə bulvarın qapılarından-girişindən də artıq nöqtədən ta axırıncan, gəmilərin gedəcəyi planlaşdırılan, dənizin içinə gedən estakadayacan, yəni ölçünü başlanğıcdan axıradək, artıqlaması ilə götürdüm. Mən yenə gəldiyim nəticəyə inanmadım, fikirləşdim bəlkə proqram səhv qeyd edir, buna görə Google Map-a (google xəritəsi) girdim və bütün dünyanın etibar etdiyi, sanballı, mötəbər resurs da bunu təsdiq etdi, orada uzunluq bir qədər çox göstərsə də, umumən yaranan şübhələri təsdiqlədi.
Siz özünüz də müstəqil bəlli məsafəni ölçə bilərsiz və gəldiyim nəticəyə gələ bilərsizniz. Bəlkə də əslində ola bilsin uzunluq bulvarın ilkin proyektinə görə 4,2 olmalı idi, sonda belə alınıb, amma fakt budur ki, indi məsafə müəyyən etdiyim kimidir. Hətta bulvarın kənarında bulvar boyu paralel uzanan avtomobillə də getsəniz sərf olunan kilometrajla da buna əmin olmaq olar.
İndiki internet əsrində məsafəni müxtəlif vasitələrlə, proqramlarla dəqiq müəyyən etmək elə də çətin məsələ deyil fikrimcə. Əlbəttə, bu ölçülərdə 5-10 metr əskik-artıq ola bilər amma 2 km heç zaman. Düzdür bulvarın qurtacağında, “Priçal” restoranının yanından düz gedən yarımçıq tikili-yol var, amma bu da, bulvarın girəcəyində Corata tərəf gedən çıxıntı da heç 50 metr olmaz. Qeyd etmək lazımdır ki, tikintisi 2015-ci ilin oktyabrında başlanılan Sumqayıt Bulvarı keçən ilin senyabrında istifadəyə verilib və ümumi sahəsi 106 hektar olan bulvarın açılışında dövlət başçısı İlham Əliyev də iştirak edib.
Mətbuatda oxudum ki, Sumqayıt Bulvarı hətta bu il “İnternational Award for Excellence & Leadership” mükafatına da layiq görülüb. Əlbəttə, etiraf etmək lazımdır ki, Sumqayıt Bulvarı həqiqətən də diqqətəlayiqdir və gözəl olduğu üçün sumqayıtlıların, gələn qonaqların da çox güman xoşuna gəlir, amma maraqlıdır ki, bəs niyə görəsən onun uzunluğu rəsmi ölçüdən qısa gəlir?! Məqsəd nədir? Ola bilməz axı tikintisinə milyonlar xərclənən bulvarın real uzunluğundan bulvarın tikintisini aparanların və şəhər rəhbərliyinin xəbəri olmasın".
Məsələ ilə bağlı mövqe öyrənmək istəsək də, Sumqayıt Şəhər İcra Hakimiyyətinə edilən telefon zəngləri cavabsız qaldı. Rəsmi mövqeni dərc etməyə hazırıq.





