Məhkum iş adamını 10 saylı CÇM-də kimlər müdafiə edir?

9-12-2017, 09:17           
Məhkum iş adamını 10 saylı CÇM-də kimlər müdafiə edir?
İş adamı, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən «Real» MTK-nın sahibi İlham Qasımovun təsisçisi olduğu şirkətlərdən “Sahil-D kompani» MMC-nin icraçı direktoru Adilağa Hüseynovun «Təzadlar»ın 21 noyabr 2017-ci il tarixli sayında dərc olunmuş müsahibəsi qarşı tərəfin etirazı ilə qarşılanıb...
Belə ki, “Bəzi adamlar qəsdən İlham Qasımovun ətrafında “qara piar” siyasəti aparmaqla məşğuldur” başlıqlı və “Biz Gülağa Tənhanın iddiası əsasında çıxarılmış əsassız məhkəmə hökmündən Ali Məhkəməyə şikayət vermişik və İlham Qasımova bəraət istəyirik” yarımbaşlıqlı müsahibədə A.Hüseynov jurnalistin suallarına cavabında demişdi: «…Saytlarda İlham Qasımovun düşmən obrazını yaradan yazılar verilir. Kimlərsə bunun kampaniyasını aparmaqla İlham müəllimə qarşı “qara piar” siyasəti yürüdürlər. Bunu Gülağa Tənhamı edir, başqalarımı edir, dəqiq deyə bilmərəm. Amma fakt belədir, bu bizi çox narahat edir... İlham Qasımov Beyləqanda Ulu Öndər Heydər Əliyevin adına böyük bir məscid kompleksi tikdirib, daim xeyriyyəçiliklə məşğul olub. Belə insana qarşı bu cürə kampaniya aparılması düzdürmü? Biz nə deyirik: ədalət qələbə çalsın, haqq-ədalət öz yerini tapsın, həqiqət üzə çıxsın... Bundan başqa, iddia edirlər ki, guya İlham Qasımov məhkəmə qərarı ilə tezliklə ev dustaqlığına buraxılacaq... Biz Sizin redaksiyaya yazdığımız rəsmi məktubda da qeyd etmişik ki, Azərbaycanın Ana Konstitusiyası var, biz hüquqi dövlət qururuq. Necə ola bilər ki, Apellyasiya Məhkəməsi onu ev dustaqlığına buraxsın? Bu mümkün olan şey deyil. İlham Qasımov qanuna həmişə riayət edən, Ulu Öndər Heydər Əliyevin və Prezidentimiz İlham Əliyev cənablarının siyasətini dəstəkləyən, Dövlət başçısının sahibkarlığa diqqət və qayğısını həmişə yüksək qiymətləndirən, bunu özünə qürur mənbəyi kimi qəbul edən, ona əməli işi ilə cavab verən bir şəxsdir…» və sair.
Ötən həftə isə tanınmış iş adamı, şair Gülağa Tənhanın hüquqi nümayəndəsi Ağalar Quliyev Adilağa Hüseynovun müsahibəsinə sərt reaksiya ifadə edilən mövqeyini redaksiyaya göndərib. A.Hüseynovun iddialarını qəbul etməyən, söylədikləri arqumentlərinin hüquqi əsasının olmadığını bildirən A.Quliyevin müraciəti geniş və bəzi detalların təqdim edilmiş sənədlər əsasında dəqiqləşdirilməsinə ehtiyac olduğundan tərəfimizdən araşdırılır və təqdim ediləcək.
***
Dünən isə Adilağa Hüseynovun müsahibəsindəki (yuxarıda qeyd edilən) bir sıra məqamlarla bağlı redaksiyanın elektron poçtuna maraqlı bir yazı göndərilib. Məktubda hüquqi mübahisələrə yol aça biləcək məqamları dəqiqləşdiririk, lakin digər hissəsini ixtisarla təqdim edirik. Məktubda bildirilir ki, «…Biz Adilağa Hüseynovun müsahibəsini diqqətlə oxuduq və hörmətlə yanaşırıq. Təbii ki, A.Hüseynov bir yerdə çalışdığı və rəhbəri olduğu İlham Qasımovun müdafiəsinə qalxmalıdır. Lakin real fakt və sübutlar, məhkəmə aktları başqa şeyləri diqtə edir. Ola bilsin cənab A.Hüseynov bilmir, diqqətinə çatdırırıq ki, İlham Qasımov Bakı Apellyasiya Məhkəməsinin sonuncu qərarından sonra 12 il azadlıqdan məhrum edildi. O, Penitensiar Xidmətin rəhbərliyi ilə razılaşaraq xidmətin müalicə müəssisəsində yerləşdirildi, burada «kral» kimi yaşayırdı... 10 saylı CÇM-nin rəisi Etibar Məmmədyarov isə İlham Qasımovun yaxınlarına şərait yaradır ki, onunla istədikləri vaxt görüşüb ünsiyyət saxlasınlar. E.Məmmədyarovun bu «atalıq qayğısı» sayəsində isə İ.Qasımov ona «Bakı Əyləncə Mərkəzi»nin yanındakı binasından 5 otaqlı mənzil hədiyyə edəcəyinə söz verib. İ.Qasımovun Taleh adlı sürücüsü Etibar Məmmədyarovla birlikdə bu yaxınlarda həmin mənzilə baxış keçirib və onların birgə gəlişini yuxarı mərtəbələrdə təmirlə məşğul olan ustalardan biri telefona çəkib. Hansı ki, həmin mənzil bir türk vətəndaşına məxsusdur, səhv etmiriksə, adı Mehmet Şimşəkdir. Halbuki həmin mənzil iki dəfə müxtəlif adamlara satılıb. Adilağa Hüseynovun yaxın adamlarından birinin sözlərinə görə, İlham Qasımova ürəyi istədiyi əşyalar, ləvazimatlar çatdırılır.
Məhkum iş adamını 10 saylı CÇM-də kimlər müdafiə edir?
Hətta xəstə olan məhkuma xüsusi hazırlanmış dava-dərmanlar da ötürülür. E.Məmmədyarov isə ona bildirmişdir ki, hədiyyə olunacaq mənzili onun yaxın adamının adına sənədləşdiriləndən sonra başqa nə istəsə onu da edəcəkdir. Hətta onu da deyək ki, 04 dekabr 2017-ci ildə 10 saylı CÇM-də guya İ.Qasımovun halı qəflətən pisləşmişdir və buna görə də onun yanına PX-nin müalicə müəssisəsindən həkim briqadası çağrılmışdır. E.Məmmədyarov isə onun dərhal müalicə müəssisəsinə yerləşdirilmsini məsləhət bilmişdir. Lakin həkimlər kardioqramma çəkib təzyiqini yoxlayandan sonra bu qərara gəlmişlər ki, məhkumun vəziyyəti heç də deyilən kimi deyildir, yaxşıdır. Sonra həkimlər CÇM-ni tərk edib getmişlər. Təbii ki, E.Məmmədyarov bütün gücü ilə məhkum İ.Qasımovun istəklərini icra etməyə çalışır. Hesab edirik ki, Penitensiar Xidmətin, eləcə də Ədliyyə Nazirliyinin rəhbərliyinin onun bu hərəkətlərindən xəbəri yoxdur. Təhlükə isə ondadır ki, bu yaxınlarda təcridxanaya gətirilərkən kriminal aləmin «Qoca» adlı nümayəndələri qaçmışdılar və buna görə 20-yə yaxın PX əməkdaşı cəzalandırılmışdı, həbs edilənlər də var. Bəs indi İlham Qasımovun qaçırılmamasına qarantiya varmı?».
Məktubda qeyd edilən digər məqamlar var ki, onu da dəqiqləşdirməyə çalışırıq.
Məsələ ilə bağlı 10 saylı CÇM-nin rəisi Etibar Məmmədyarovla əlaqə saxlamağa çalışdıq. Lakin bizə təqdim edilən telefonlar susmalı oldu. Onun da mövqeyini dərc etməyə hazırıq.
tezadlar.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.