QÜDS QİYAMƏTİ… –Müsəlmanları birləşdirəcək, Avropa ilə Atlantika ittifaqını sarsıdacaq bumeranq - TƏHLİL

10-12-2017, 10:19           
QÜDS QİYAMƏTİ… –Müsəlmanları birləşdirəcək, Avropa ilə Atlantika ittifaqını sarsıdacaq bumeranq - TƏHLİL
Bora Bayraktar

“Anadolu” Agentliyi, Türkiyə



İngilis Xarici işlər naziri Lord Balforun Osmanlı torpaqlarında yəhudilərə dövlət vəd edən məşhur bəyannaməsinin 100-cü ildönümündə Fələstin tarixi üçün son dərəcə önəmli olan daha bir bəyannamə açıqlandı. 06 dekabr "Tramp bəyannaməsi"ylə eynən 100 il öncəki "Balfor bəyannaməsi"ndəki kimi, üçüncü bir ölkə bir başqa ölkənin torpağını digərinə peşkəş edir – Fələstinin paytaxtını İsrailə hədiyyə etməyi hədəfləyir.

Ancaq bu qərar öz daxilində proqnozlaşdırılmayan bir çox ünsürü də daşıyır. Tramp bu qərarı ilə Orta Şərqdə yeni bir zorakılıq dalğasının fitilini də yandırır.

“Qüdsü İsrailin paytaxtı olaraq tanımağın vaxtı çatmışdır. Səfirliyi Qüdsə köçürmə təlimatı verirəm”. ABŞ-ın 45-ci prezidenti Donald Tramp seçki kampaniyası boyunca seçicilərinə verdiyi sözü tutdu və bu açıqlama ilə Qüdsü İsrailin paytaxtı olaraq tanıdı. Beləliklə, ABŞ, İsrailin Qüdsü işğal etməsindən düz 50 il sonra Qüdsü İsrailin paytaxtı olaraq tanıyan ilk ölkə oldu.

Qərar sadəcə Orta Şərqdə, ərəb-islam ölkələrində deyil, Avropada da reaksiyalara yol açdı və qəbul edilmədi. Məsələnin tərəfmüqabili olan Qüds şəhəri başda olmaqla, dünyanın dörd bir yanında insanlar küçələrə töküldü, ABŞ səfirliklərinin önündə etiraz nümayişləri keçirildi.

Trampın aldığı qərarın çox ciddi nəticələrinin olacağını söyləmək üçün ekspert olmağa ehtiyac yoxdur. İslam və mühacir əleyhdarı mövqeyi ortada ikən, ABŞ prezidentinin bu və ya başqa səbəblə bu addımı atmış olması da, bəlkə də, sürpriz deyildir. Təəccüblü olan Amerika dövlət mexanizminin buna dirənməməsi və mane olmağa çalışmamasıdır.



Legitim zəmindən qeyri-legitim zəminə



Ərəb və islam dünyasında ABŞ-ın qərarına qarşı qəzəb böyükdür. ABŞ və İsrail bayraqları yandırılır, sosial mediadan qınama və pisləmə ismarıcları yağır. Bir tərəfdən də hadisələrin haraya gedəcəyi anlaşılmağa çalışılır. Demək olar ki, hər kəsin başında bu sual vardır: “Bundan sonra nə olacaq?”

Ərəb küçələrinə ağrı və kədər hakimdir. Türkiyə, İran, Pakistan və İndoneziyada insanlar qəzəblidir. Qüds uğrunda mübarizənin uduzulması insanların ağıllarını gəmirir. Amma əslində Trampın açıqlaması ilə sahədə dəyişən bir şey yoxdur. İslam dünyası Qüds uğrunda göz yaşı tökmək üçün Trampın bu açıqlamasını gözlədisə, demək, ortada böyük bir yanlışlıq vardır. Çünki Qüds bu günlərə bir anda gəlmədi. Düz 100 il öncə – 09 dekabr 1917-ci ildə ingilislər, bundan 50 il sonra – 07 iyun 1967-ci ildə isə İsrail şəhəri işğal etdi. İsrail parlamentini, prezident və baş nazirlik ofisini, Ali Məhkəməni və daha neçə hökumət binasını Qüdsdə yerləşdirdi.

Beynəlxalq hüquqa zidd olaraq, şəhər illərdir İsrail tərəfindən paytaxt olaraq istifadə edilir. 1980-ci ildə alınan bir qərarla Qüds İsrailin “əzəli və əbədi paytaxtı” elan edildi. Ancaq heç bir ölkə bu qərarı tanımadığı üçün İsrailin bu addımları beynəlxalq birlik nəzdində qeyri-legitim olaraq qaldı.

Üstəlik, İsrail son 50 ildir şəhərin strukturunu qəsdən pozaraq, “yəhudiləşdirmə siyasəti”lə fələstinliləri köçməyə məcbur edərək, böyük məsafə qət etdi.

Trampın Qüdsü paytaxt olaraq tanıma qərarı isə bu işğalı və “yəhudiləşdirmə siyasəti”ni legitimləşdirmə yolunda atılmış bir addım olaraq önə çıxır. Təbii ki, bu sualı da vermək lazım gəlir: Qüdsü İsrailin paytaxtı olaraq tanıma qərarı ilə ABŞ İsraili legitim zəminə çəkəcək, yoxsa İsrail ABŞ-ı qeyri-legitim zəminə çəkəcək?



Artıq ABŞ sülh ortağı deyil



Sahədəki durumu dəyişdirməsə də, ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıma qərarının, şübhəsiz, bir çox nəticəsi olacaqdır. Bunların ilki və ən müəyyən olanı – ABŞ hakimiyyətinin 1993-cü ildə imzalanan Vaşinqton Anlaşması ilə rəsmi olaraq aparılan İsrail-Fələstin sülh prosesinin “ədalətli vasitəçisi” rolununun başa çatmasıdır. Bu istiqamətdə gedən sülh prosesinin dəqiq olaraq sona çatmasıdır.

Əslində, geridə qalan 24 il boyunca da ABŞ-ın “ədalətli” bir vasitəçi olduğu söylənə bilməz. İstər Oslo sülh prosesi dövründə, istərsə də Kemp-Deviddəki tarixi üçlü sammitdə və onun sonrasında ABŞ heyətlərinin ikinci bir İsrail heyəti kimi çalışdığı mövzunu bilənlərə məlumdur. Bill Klintonun Orta Şərq üzrə xüsusi təmsilçisi Denis Rossun “Missing Peace” ("Yarımçıq sülh") adlı kitabını oxuyanlar bunu açıqca görəcəklər.

ABŞ hakimiyyəti Qüds başda olmaqla, fələstinli qaçqınların geri dönmə hüquqları və sərhədlər kimi məsələlərdə həmişə İsrailin təhlükəsizlik qayğılarına öncəlik vermiş, güzəşti Fələstin tərəfindən gözləmiş, təzyiqi Fələstin liderlərinə yönəltmişdir. 2000-ci ilin iyul ayında keçirilən Kemp-Devid görüşmələrində Yasir Ərəfat “Qüdsü verən ərəb lider mən olmayacağam” deyib, masadan qalxanda prezident Klinton İsrail ilə birlikdə hərəkət edərək, uğursuzluğun günahını onun üzərinə atmış, İsraili təmizə çıxarmışdı.

Sonrakı dövrdə ABŞ prezidenti Buş, əl-Əqsa həmləsiylə 28 sentyabr 2000-ci ildə ikinci intifada fitilini yandıran, beləcə, iqtidara gələn Ariel Şaronu dəstəkləmiş, İsrailin Fələstin şəhərlərini yenidən işğal etməsinə, sərhədləri təktərəfli olaraq divarlarla müəyyən etməsinə, fələstinlilərin torpaqlarının ictimailəşdirilməsinə göz yummuşdur.

İki dövlətli həll variantından bəhs edən ilk ABŞ prezidenti olsa da, Corc Buş fələstinli qaçqınların geri dönmə haqlarının həyata keçirilməyəcəyini də müdafiə edərək, ən azı, Trampın Qüds qərarı qədər mübahisəli bir açıqlamaya imza atmışdır.

Trampın açıqlamasından sonra ABŞ-ın vasitəçi kimi davranaraq, fələstinlilərə təslim olma sənədi imzalatmağa yönəlik olan sözdə sülh prosesi sona çatmışdır. Bu qərar, optimist tərəfdən baxılarsa, hər kəsin məcburi rol aldığı pis bir teatr oyununda pərdənin yenməsini təmin etmişdir. Fələstin lideri Mahmud Abbas “Qərarı rədd edirik” deyərək, başladığı açıqlamasında “ABŞ bu qəbuledilməz qərarı ilə şüurlu bir şəkildə bütün sülh görüşmələrinin altını oymaqdadır. ABŞ artıq Orta Şərq sülh prosesində üzərinə götürdüyü vasitəçilik rolunu tərk etmişdir” deyərək, bu durumu dəqiqləşdirmişdir.



İkidövlətli həllin sonudurmu?



Yaxşı, bəs bu qərala birlikdə ABŞ-ın vasitəçilik rolununun sona çatması nə anlama gəlir? Sualın cavabı aydındır: ikidövlətli həll formulunun ABŞ və İsrail tərəfindən zibilliyə atılması.

Bu, elə ilk əvvəlldən bəri İsrailin qarşı çıxdığı, olmaması üçün əlindən gələni etdiyi bir formuldur. Biri yəhudi, digəri ərəb olan iki dövlət, 1947-ci ildə BMT-nin 181-II saylı qərarı ilə qəbul etdiyi bir həll variantı.

1967-ci il müharibəsindən sonra qəbul edilən 242 saylı BMT TŞ qərarı da bu formulun dayaq nöqtələrindən biridir.

Bu qərar tərəfləri müharibə öncəsi duruma dönməyə çağırır. Bu da İsrailin Şərqi Qüdsü tərk etməsi anlamına gəlir. 1967-ci il sərhədlərində, paytaxtı Şərqi Qüds olan Fələstin dövləti beynəlxalq hüququn, sülh prosesinin təməlini təşkil edir. Qüdsü “İsrailin paytaxtı” olaraq tanımaq bu qərarları yox saymaq anlamına gəlir. Ortada hüququn gücü yerinə, güclünün hüququna söykənən təktərəfli bir həll anlayışı vardır. Ərafata və Mahmud Abbasa təslim sənədini imzalada bilməyəcəyini anlayan İsrail-ABŞ cütlüyü, bu “oldu, bitti” ilə ikidövlətli həll fikrini əzmək istəyir.

Bu qərarın yıxıcı təsirlərini azaltmaq və yox etmək üçün dünyanın geri qalanı – Avropa, ərəb və islam dünyası bir araya gələrək, bu formula inancını və dəstəyini davam etdirməyə məcburdur.



Qərar ABŞ-ı bağlar



Əslinə baxılarsa, Trampın qərarı sadəcə ABŞ üçün bağlayıcıdır. Hal-hazırda İsrail Qüdsü onsuz da paytaxt olaraq istifadə edir. Sahədə bu anlamda dəyişən bir şey yoxdur. İsrail onsuz da fələstinliləri köçməyə məcbur edərək, demoqrafik strukturu dəyişdirməyə çalışır. Şəhərin dörd bir yanı yəhudi yaşayış məskənlərilə mühasirələnərək, İordan çayının qərbindən – Qərbi Şəriədən qoparılmağa çalışılır. Divar Fələstin torpaqlarıyla Qüdsü böyük ölçüdə ayırmış vəziyyətdədir. Amma bütün bunlar beynəlxalq hüquqa, BMT qərarlarına ziddir. ABŞ-ın Qüdsü paytaxt olaraq tanıması bütün bu hüquq pozuntularını legitim görməsi və bu durumu bütün dünyada legitimləşdirməyə çalışması anlamına gəlir. Qərar sadəcə olaraq ABŞ hakimiyyətini bağlayır. Beynəlxalq təşkilatlar və qurumlar, həmçinin digər dövlətlər nəzdində bu qərar “yox” hökmündədir. ABŞ “super güc” olmanın verdiyi rahatlıqla, zorbalıqla bu işğalı bütün dünyaya qəbul etdirmək istəyir.



Ərəb dünyası üçün qərar anı



Yaxşı, bəs ABŞ bu məqsədinə çata bilərmi? Bütün islam və ərəb dünyasına rəğmən, Qüdsü İsrailin paytaxtı olaraq qəbul etdirə bilərmi?

ABŞ-ın 14 illik İraq, 16 illik Əfqanıstan təcrübəsinə baxıldığında, “super güc” olsa belə, Vaşinqton hakimiyyətinin mütləq bir gücə sahib olmadığı görünür. Əfqanıstanda məqsədinə çata bilməyən, İraqın işğalını əlinə-üzünə bulaşdıran ABŞ hakimiyyəti sağlam bir dirənişlə qarşılaşdığında geri addım atmağa məcbur olacaqdır. Bu məsələdə nəticə ərəb-islam dünyasının öz daxilindəki anlaşılmazlıqlara son verərək, bu həssas məsələdə ortaq mövqe göstərməsinə bağlıdır. Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinin ABŞ-İsrail xəttindəki siyasətlərini davam etdirməsi Qüds qərarından sonra çətin görünür. Çünki küçə, Qüds məsələsində İsrail ilə bir hərəkət edən hər bir hakimiyyəti sarsıtmağa başlayacaqdır. Körfəz ölkələrinin rejim təhlükəsizliyi böyük ölçüdə Qüds davasına sahib çıxılmasına bağlıdır. Məsələn, “Müsəlman qardaşları”na yönəlik təqib siyasətilə bağlı olaraq, ABŞ-İsrail-Körfəz ölkələri xəttində irəliləyən Misir hakimiyyəti Qüdsün ilhaqına göz yumacaqdırmı?

Trampın Qüds bəyannaməsi ərəb dünyası üçün qərar anıdır. Tarixdə bu anlarda ciddi səhvlər edərək, müqəddəs şəhəri öncə ingilislərə, sonra isə İsrailə təslim edən ərəblər bu dəfə doğru qərar vermək məcburiyyətindədir. Çünki geri addım atmağa yer yoxdur. Bir addım sonrası uçurumdur. Türkiyənin çağırışı ilə keçiriləcək Qüds toplantısı bu baxımdan bir sınaq olacaqdır. Ərəb dünyasının, islam ölkələrinin təmsilçilərinin tam heyətlə İstanbulda, ya da müəyyən ediləcək başqa bir yerdə bir araya gəlməsi, güclü bir mesaj verməsi, ABŞ və İsrailə yönəlik addımlar atması Qüds qərarını tərsinə çevirə bilər. Qınama qərarlarının bir anlamının olmadığını təcrübə göstərmişdir. Əks təqdirdə, işlər nəzarətdən çıxa bilər, iqtidarların atmadığı addımları sıradan insanlar atmağa çalışar və zorakılıq hadisələri bütün regionu təsiri altına ala bilər.



III intifada qapıdadırmı?



Son illərdə, demək olar ki, hər kəsin ağlında olan sual budur: yeni bir intifada başlayacaqmı? Sualın verilməsinə səbəb olan isə müzakirələrlə nəticə alına bilməyəcəyinin anlaşılması, işğal şərtlərinin ağırlaşması və fələstinlilərin başqa çarəsinin qalmamasının düşünülməsidir.

İlk iki intifada da (1987 və 2000-ci illər) oxşar şərtlərdə ortaya çıxmışdı. Son Fələstin xalq üsyanı Ariel Şaronun 28 sentyabrdakı Məscid-i Əqsa ziyarətilə ortaya çıxmışdı. Regiondakı son gərginliyin qaynağı yenə iyul ayında Qüdsdə, Haramü-şərifdə İsrailin nəzarət nöqtələri yaratmaq qərarı idi.

Qüds söhbət mövzusu olunca, fələstinlilər canlarını ortaya qoymaqdan çəkinmir. Trampın qərarından sonrakı ilk cümə namazı sonrası başlayan etiraz nümayişləri davamlılıq qazana bilər və insanlar bir dəfə ayağa qalxdıqdan sonra onları yenidən oturtmaq zaman ala bilər.

Qüds məsələsinə görə çıxacaq bir üsyan, başda Livan və İordaniya olmaqla, qonşulara, oradan da Misirə keçə bilər. Bu durumda zorakılıq qaçılmaz olacaqdır. İşğal şərtləri davam edər, müzakirə masası dağıdılarsa 3-cü intifadanın başlayıb-başlamayacağı sualının cavabı “ola bilər” deyil, “sadəcə zaman məsələsidir” olacaqdır.



Avropa ilə ABŞ-ın arası dəyir



Tramp bəyannaməsi dünya siyasəti baxımından da böyük əhəmiyyət daşıyır. Görünür, qərar ABŞ ilə Avropa ölkələrinin arasını yaxşıca pozacaq. AB-nin öndə gələn ölkələri olan Fransa və Almaniya qərara qarşı çıxdı. Birlik qərarı beynəlxalq hüquqa zidd hesab etdiyini açıqladı və diqqəti problemə BMT qərarları çərçivəsində həll yolu tapmağa yönəltməyi istədi. ABŞ prezidentinin NATO ilə bağlı verdiyi açıqlamalar AB-ni yeni bir təhlükəsizlik strukturlaşması olan PESCO-nu imzalamağa qədər apardı. Trampın İran ilə nüvə anlaşmasından çəkilmə açıqlaması da Avropa tərəfindən qəbul edilməmişdi.

İngilislərin də son günlərdə Suriya, Səudiyyə Ərəbistanı və İraq siyasətlərinə görə Tramp hakimiyyətindən uzaqlaşmaqda olduğu görünür. Qüds qərarı bu ayrılığı yaxşıca dərinləşdirən, Avropa ilə Atlantika arasındakı ittifaqı sarsan yeni bir addım oldu.

Nəticə olaraq, 06 dekabr tarixli Tramp bəyannaməsi, bütün tətəflərilə, Fələstin problemi və Orta Şərq üçün yeni bir dönüş nöqtəsidir. Bu işin sonunun nə olacağı dəqiqləşmiş deyil. İsrail hakimiyyəti ABŞ-ın qərarından məmnundur və bu qərarı nəticədə işğalın legitimlik qazanması yönündə önəmli bir addım olaraq görür. Ancaq bu qərara qarşı yaranacaq reaksiya inkişaf edərsə, hadisələr nəzarətdən çıxarsa, İsrail özünü heç istəmədiyi çoxtərəfli bir müharibənin ortasında görə bilər – uzun bir yalnızlıq dövrünə girə, hər zaman yana-yana söylədiyi “ərəb dənizində bir ada olma” ifadəsi həqiqətə çevrilə bilər. Burada müəyyənedici olan, böyük ölçüdə, Körfəz ölkələrinin mövqeyi olacaqdır. Trampın quyuya atdığı daşla, uzun müddətdə qazananın olmayacağı bir dövr başlayır.

Tərcümə Strateq.az-ındır












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.