5 saylı xəstəxanada səhv müalicə, məsuliyyətsizlik və... 1 yaşına çatmayan Zəhra

12-12-2017, 00:36           

"Zəhraya oksigen balonu qoşub təcili yardım maşınıyla o xəstəxana sənin, bu xəstəxana mənim, gəzdirdilər. Onsuz da vəziyyəti ağır olan uşaq axşam saat 8-də keçindi”.

Beyləqan sakini Məmmədiyə Cabbarzadə hərbçidir. Yeganə övladı Zəhranı 1 yaşının tamam olmasına 8 gün qalmış faciəli itirib. O, Zəhranın ölümündə həkimləri, həkimlərin cəzasız qalmasında isə istintaq orqanını günahlandırır.

Bu il fevralın 24-də günorta saatlarında hələ yenicə daş-divardan tutub yeriməyə başlayan Zəhra qaynar su ilə dolu çaydanı üstünə aşırdır. Onu Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırırlar. Burada ilkin tibbi yardım göstərildikdən sonra baş həkim valideynlərə bildirir ki, vəziyyəti ağır olduğu üçün Zəhranı Bakıya – 5 saylı xəstəxananın yanıq şöbəsinə götürmək lazımdır. Növbəti gün Məmmədiyə Cabbarzadə Zəhranı Bakıya gətirir. 5 saylı xəstəxananın yanıq şöbəsinə qəbul olunan Zəhranın həyatı iki həkimə - Elnur Mirzəyevə və Ülviyyə Zeynalovaya tapşırılır. Ata iddia edir ki, Zəhranın ölümü də məhz bu iki həkimin müalicəyə səhlənkar yanaşması səbəbindən baş verib:

"Həkim mənə Mərkəzi Qan Bankından 3-cü qrupa aid qan aldırdı, Zəhraya vurdu. Qohumlarım aldığımız qanın əvəzi olaraq Mərkəzi Qan Bankında qan verdilər. Qanın alınması barədə sənədimiz də var. Ancaq sonradan məlum oldu ki, sən demə, Zəhranın qanı 3 yox, 1-ci qrupa aid imiş. Həkimlər Zəhraya baxmırdı. Mən yaraların sarğılarının dəyişdirilməsi üçün həkimlərin dalıyca gəzirdim. Mobil telefonlarına zəng vururdum, bağlı olurdu. Dəhlizlərdə, otaqlarda Elnur həkimlə Ülviyyə həkimi axtara-axtara qalırdım. İynələri vaxtında vurulmurdu. Bir sözlə, Zəhraya olduqca laqeyd, məsuliyyətsiz yanaşırdılar. Üstəlik, müalicənin də səhv aparılması Zəhranın günbəgün vəziyyətinin pisləşməsinə səbəb olurdu”.

Zəhra 14 gün yanıq şöbəsində qalır. Bu müddət ərszində atasının iddia etdiyi kimi, baxımsızlıqdan vəziyyəti ağırlaşır. Zəhra zarıyır, həkimlər vaxtında yetişmir. Martın 9-da səhər saatlıarında bədəni göyərir, təzyiqi düşür, tənəffüsü ağırlaşır. Qızcığaza oksigen balonu qoşulur. Martın 10-da vəziyyətin kritik olduğunu görən Elnur Mirzəyev uşağı rentgen etdirir və ciyərinə su yığıldığını bildirir. Onun təcili 6 saylı Uşaq Klinik Xəstəxanasına götürlüməsini tövsiyə edir. Elə həmin gün Zəhra oksigen balonuna qoşulmuş vəziyyətdə Təcili Tibbi Yardım maşınında 6 saylı Uşaq Klinik Xəstəxanasına götürülür. Ancaq Klinikanın baş həkimi rentgen plyonkasına baxaraq ciyərin təmiz olduğunu deyir:

"Baş həkim dedi ki, sizi bura düz göndərməyiblər, uşağın ciyərində su yoxdur. Yaxşısı budur, onu OMD-yə götürün, buralıq deyil. Biz də uşağı təzədən Təcili Tibbi Yardım maşınına qoyub OMD-yə apardıq. Ancaq OMD də qəbul etmədi. Dedi, bizlik deyil, onun müalicəsi 6 saylı Uşaq Klinik Xəstəxanasında aparılmalıdır. Beləcə, Zəhranı yenə Təcili Tibbi Yardım maşınına qoyub xəstəxanaya qaytardılq. Baş həkim yenə qəbul eləmədi, dedi, bu uşağın müalicəsi bizlik deyil, bunu 5 saylı xəstəxananın yanıq şöbəsinə qaytarın, mən sabah səhər gəlib orda uşağa baş çəkəcəm”.

Zəhranı 5 saylı xəstəxananın yanıq şöbəsinə qaytarırlar. Amma... İki gün ərzində oksigen balonuna qoşulmuş vəziyyətdə Təcili Tibbi Yardım maşınında xəstəxanaları gəzdirilən Zəhra can ağrısına dözmür və axşam saat 8-də gözlərini həmişəlik yumur. Həyatda qalsaydı, 1 həftə sonra - martın 18-də ailəsi onun 1 yaşını qeyd edəcəkdi. Cabbarzadələr həmin günü səbirsizliklə gözləyirdilər. Amma...

Ata düşünür ki, həkimlər vaxtında öz işlərinə məsuliyyətlə yanaşsaydılar, Zəhra ölməzdi.

Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasından Meydan tv-yə bildirilib ki, məsələyə Səhiyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən baxılıb və qiymət verilib. Hazırda isə faktı prokurorluq orqanı araşdırır və əlavə məlumat almaq üçün həmin qurumlara müraciət olunmalıdır.

Səhiyyə Nazirliyindən bildirilib ki, 2016-cı il təvəllüdlü Zəhra Cabbarzadənin Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Yanıq Şöbəsində ölməsi faktı Nazirlikdə araşdırılıb. Faktı "Uşaq və yeniyetmələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və ölüm hallarının araşdırılması üzrə Komissiya" araşdırıb. Araşdırma zamanı müəyyən edilib ki, Zəhranın müalicəsi zamanı və onun adına tibbi sənədlərin tərtib edilməsində müalicə həkimi Elnur Mirzəyev tərəfindən nöqsanlara yol verilib. Məsələ Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının tibbi şurasında müzakirə olunub. Uşağın müalicəsində yol verdiyi nöqsanlara görə müalicə həkimi Elnur Mirzəyev barəsində intizam məsuluyyəti tədbirləri görülüb. Hazırda faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma davam edir və Nazirlik də araşdırmanın nəticəsini gözləməyi məsləhət görür. Lakin Səhiyyə Nazirliyi həmin intizam məsuliyyəti tədbirlərinin detallarını açıqlamır.

Məmmədiyə Cabbarzadə isə deyir ki, Nərimanov rayon prokurorluğu onu 8 aydır get-gələ salıb. Ata istintaq orqanının işi ört-basdır etməyə çalışdığını bildirir: "Qızımın ölümünün səbəbkarları yanıq şöbəsinin həkimləri Elnur Mirzəyevlə Ülviyyə Zeynalovadır. Zəhranın müalicəsi onlara tapşırılmışdı. Onlarsa Zəhraya nəzarət etmirdilər, bir daha deyirəm, səhərdən axşamacan arxalarıyca gəzirdim ki, uşağın yaralarının sarğılarını dəyişsinlər. Müstəntiq də bu müddət ərzində araşdırıb və yaxşı bilir ki, uşağın ölümündə həkimlər günahkardır. Ancaq mənə deyir, həkimlərin arxası möhkəmdir, sən onlara bata bilməyəcəksən. Faktla bağlı cinayət işi qaldırılsa da, 8 aydır ki, həkimləri məsuliyyətə cəlb etdirə bilmirəm. Prokurorluqda hansı qərarlar qəbul olunur, bu barədə mənə bir zərərçəkmiş kimi məlumat verilmir, faktlar ört-basdır olunur. Müstəntiq az qala həkimlərin vəkili kimi çıxış edir.

Nərimanov rayon Prokurorlugu məni get-gələ salıb. İşə baxmırlar, həkimləri açıq şəkildə müdafiə edirlər. Ekspertiza rəyləri saxtalaşdırılıb. Müstəntiq deyir, hara yazırsan yaz, onsuz da həkimlərə bata bilməyəcəksən, arxalarında dayanan var. Ekspertin rəyi də saxtalaşdırılıb. Bir sözlə, mənim balamın qanını göz görə-görə batırırlar”.

Nərimanov rayon Prokurorluğundan istintaqın davam etdiyi bildirilib və əlavə məlumat verilməyib.

Hüquqşünas Namizəd Səfərov deyir, əgər Səhiyyə Nazirliyi də həkimin günahını etiraf edirsə, bu, artıq onun məsuliyyətə cəlb olunmasına əsas hesab oluna bilər. Vətəndaş Nəromanov rayon Prokurorluğunda işin düzgün aparılmasında şübhəlidirsə, baş prokurora müraciət edərək işin nəzarətə götürülməsini tələb edə bilər.

7news.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.