Vaqif Abdullayevin "tamah siyasəti"

20-08-2015, 01:06           

Beyləqanın icra başçısının professorluqdan savayı biznesmenliyi də varmış...


Beyləqanın icra başçısı Vaqif Abdullayevin yerli sahibkarlarla ünsiyyəti deyəsən tutmur. Artıq 3 ildir ki, rayona rəhbərlik edən professordan professional bilik və bacarıqlarını rayonun sosial-iqtisadi inkişafı naminə sərf etməyi gözləməyə yerli sahibkarların haqqı var. Lakin aqrar sahənin canlandırılması üçün dövlət səviyyəsində ayrılan büdcə vəsaitləri və subsidiyaların təyinatı üzrə xərclənməsində yaranan boşluqlar elə ilk növbədə rayonun ümum inkişafına öz mənfi təsirlərini göstərməyə başlayıb. Bu gün Beyləqanda hökm sürən mühiti heç bir halda biznes üçün əlverişli hesab etmək olmaz.

Yenə əvvəlki köhnə qaydalarla idarə olunan rayonda yalnız icraya yaxın olan ayrı-ayrı sahibkarların qarşısına yaşıl işıq yandırılır.Qalan hallarda isə işgüzar adamlara normal şəkildə heç bir dəstək yox dərəcəsindədir. Belə vəziyyətin uzun müddət davam etməsi nə sahibkarlara nə də ki, icra başçısı Vaqif Abdullayevə sərf etmir.Lakin icra başçısı bu məqama həssaslıqla yanaşmaq əvəzinə, tabeiliyində olan yerli məmurlar arasında şəxsi biznesinə "işıq tutanlar" axtarır. Buna müəyyən mənada nail də ola bilir. İcra başçısının hər ay rayondakı idarə və müəssisə rəhbərlərini incitməsi barədə yayılan məlumatlara inansaq, belə nəticə çaxarmaq olar ki, mövcud şəraitdən tam şəkildə yararlanan elə onun özüdür. Qalan hallarda isə başçıya yaxın məmurlara özbaşınalıqlar üçün meydan verilir.Beyləqanda yerli icra nümayəndəliklərinin rəhbərləri Vaqif Abdullayevin rəhbərlik etdiyi icra aparatının sanki girovuna çevriliblər. Onlar heç normal əməkhaqqı belə ala bilmirlər. Maaşlarından hər ay müxtəlif bəhanələrlə müəyyən miqdarda vəsait tutulduğundan, demək olar ki, heç nə qalmır. Başçının ətrafında özünü çoxdan doğrultmuş bu "ənənəyə" qarşı çıxmağa isə heç kəs ürək eləmir. Çünki, vəzifələrini itirməkdən qorxurlar. Beyləqanda yay aylarında daha çox qeyri-rəsmi gəlirlə işləyən idarələrin rəhbərləri də zülm üçündə icra başçısının nazı ilə oynamaq məcburiyyətindədirlər.Bunlar ilk növbədə rayon suvarma sistemləri və subartezian quyularının istismar idarələrinin rəhbərlərinə aiddir. Beyləqan Subartezian Quyularının İstismarı İdarəsinin rəhbəri Möhübbət Heydərovu, elə rayon suvarma sistemləri idarəsinin rəisi Ələmşah Məmmədquliyevin özünü də qınamaq olmur. Vaqif Abdullayevin sanki "xəzinədarı" rolunu oynamağa məhkum edilmiş kimi görünən bu iki müdirin görəcəkli günləri varmış. Başçının tap gətir tələbləri qarşısında neyləməlidirlər? Əlbəttə ki, tapıb gətirməlidirlər. Son bir neçə ilin tender müqavilələrinə nəzər salınsa, hər iki idarə tərəfindən yüz min manatlarla dövlət vəsaitinin ayrı-ayrı şirkətlər vasitəsilə nağdlaşdırıldığının şahidi olmaq olar. İdarə müdirləri heç bir iş görə bilməmələrinin səbəblərini icra başçısının "tamah" siyasətində görür. Nəticədə isə bir sıra inkişaf proqramlarına büdcədən ayrlan vəsaitlər ixtisara düşür. Yarımçıq qalmış işlər isə Beyləqanda digər rayonlarla müqayisədə daha çoxdur. Məlumata görə, Vaqif Abdullayev rayonda əldə etdiyi gəlirlərini öz şəxsi biznesinə sərf edir. Onun həftə sonu rayonu tərk edərək Xızıya baş çəkməsi də sanki bir adət şəklini alıb. Deyilənə görə, Vaqif Abdullayev Xızıdakı obyektlərinin sayı və çəkisinə görə Xızının icra başçısı Xəzər Aslanovla rəqabət aparmaq gücündədir. Beyləqanın icra başçısının Xızıda qurduğu biznes əlbəttə ki, Xəzər Aslanovun narahatlığını xeyli artırıb. Nəticədə hər iki başçının öz aralarında intriqa apardıqları barədə xəbərlər yayılır.Bildirildiyinə görə, bu intriqanın səsi-sorağı hətta Prezident Adminstrasiyasınadək gedib çatıb.Əlbəttə, ilk növbədə bu intriqa Vaqif Abdullayevin kefinə soğan doğrayıb. Artıq Beyləqanın icra başçısına Xızıya səfərlərini ixtisara salmaq təklif olunub. Professor Vaqif Abdullayev bu təklifi zahirən səbrlə qarşılasa da, özünü sındırmayıb, Xızı dağlarının ona böyüyüb boya-başa çatdığı doğma yerləri xatırlatdığını deyib. Buna baxmayaraq, Beyləqanın icra başçısı yuxarılardan gələr mesajı ciddi narahatlıqla qarşılayıb. Bayləqandakı mənbəmizin qeydlərinə görə, Vaqif Abdullayev indi də özünə biznes qurmaq üçün yeni bir məkan seçib. Bu məkan da əsrarəngiz dağ iqliminə malik bir ərazidə yerləşir.Cənab başçı professorun belə tapıntıları çox təqdirəlayiq hesab edilə bilər, bir şərtlə ki, rəhbəri olduğu Beyləqan rayonunun sabit inkişafına işləsin.


P.S Növbəti sayımızda "Xızıda olarkən masa və portretə hörmətsizlik” yazısı dərc olunacaq.
dtv.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.