SEÇKİDƏN SONRA VƏZİFƏSİNİ İTİRƏCƏK OLİQARXLAR – YENİ İSLAHAT TAKTİKASI

6-04-2018, 00:07           
SEÇKİDƏN SONRA VƏZİFƏSİNİ İTİRƏCƏK OLİQARXLAR – YENİ İSLAHAT TAKTİKASI
Hakimiyyət seçkidən sonra kadr islahatlarına fərqli yanaşacaq

İslahatların ilk “qurbanı” isə DGK sədri Aydın Əliyev olacaq. Prezident seçkilərindən sonra hakimiyyət komandasında dəyişikliklərin yeni forması müəyyənləşib və bu, ilk olaraq Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə tətbiq olunacaq.

İndiyədək yayılan məlumatlarda seçkilərdən sonra bir sıra məmurların istefaya gönədriləcəyi iddia edilirdi. Doğrudur, hər dəfə seçki ərəfəsində bu tip məlumatlar gündəmi zəbt edir. Sonradan isə bəlli olur ki, yayılan xəbərlərin əsası yoxdur. Ən yaxşı halda medianın “istefaya göndərdiyi” məmurlar deyil, işdən çıxarılacağı gözlənilməyən vəzifəlilər komandadan kənarlaşdırılır. Lakin bu dəfə hətta hakimiyyətə yaxın media orqanlarında belə, ciddi dəyişikliklərin anonsu verilir.

Qarşıdakı 7 ili mövcud komanda ilə ziddiyyətsiz başa vurmaq çətin görünür

Eyni zamanda 11 apreldə keçiriləcək prezident seçkiləri əvvəlki seçkilərdən fərqləndirilir. Əlbəttə bu fərq yalnız seçkilərin növbədənkənar olması ilə bağlı deyil. Siyasi ekspertlər müqayisələrində hakimiyyətdaxili vəziyyətə xüsusi diqqət çəkirlər. İddialara görə, komandada tarazlıq pozulub. İlham Əliyevin 4-cü dəfə namizədliyini irəli sürməsi tarazlığın bərpası kimi dəyərləndirilir. Bununla belə qarşıdakı 7 ili mövcud komanda ilə ziddiyyətsiz başa vurmaq çətin görünür. Ölkə başçısı da bunun fərqindədir. Ona görə də ciddi dəyişikliklər barədə xəbərlərə inam artır.

DGK-da da Vergilər Nazirliyindəki proseslərin təkrarı gözlənilir

Maraqlıdır ki, dəyişikliklərin Dövlət Gömrük Komitəsindən (DGK) başlayacağı bildirilir. DGK sədri Aydın Əliyevin karyerasına son qoyulacağı barədə hələ Fazil Məmmədov vergilər naziri postundan uzaqlaşdırılanda yayılmışdı. Fazil Məmmədovun “vurulmasından” sonra diqqətin Aydın Əliyevə yönəlməsi təsadüfi deyildi. Hər iki şəxsin iqtidardakı qruplardan birini təmsil etməsi belə mülahizələrə səbəb olmuşdu. Lakin həmin məlumatlarda Aydın Əliyevin DGK ilə Vergilər Nazirliyinin birləşdirilməsi nəticəsində oyundan kənar vəziyyətə salınacağı bildirilirdi.
Yeni məlumatlarda isə Aydın Əliyevin işini itirməsi bir qədər fərqli təsvir olunur. Bildirilir ki, DGK-da da Vergilər Nazirliyindəki proseslərin təkrarı gözlənilir. Yəni, Aydın Əliyev qəfil işdən azad edilir, daha sonra isə uzun illər DGK-da kök salmış, müəyyən qruplaşmanın maraqlarını təmin edən yüksək vəzifəli şəxslər işdən çıxarılacaq. Eyni zamanda DGK rəhbərliyinin fəaliyyəti ciddi şəkildə araşdırlacaq. Mümkündür ki, bundan sonra DGK və Vergilər Nazirliyinin birləşdirilməsi gündəmə gəlsin. Lakin iqtidar kluarlarında bu barədə hələ ki, ucadan danışmırlar. Hər halda aprel seçkisindən sonra Aydın Əliyevin də sabiqlərin sırasında yer alacağı gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.