Neftçala rayonunda prezidentin yollara ayırdığı milyonlar talanıb FOTO

18-09-2015, 23:41           
Neftçala rayonunda prezidentin yollara ayırdığı milyonlar talanıb  FOTO
Belə bir hal Neftçala rayonunun iki ən böyük kəndində də baş verib. Rayonun Şorkənd və Beştalı kəndlərinə prezident tərəfindən ayrılmış 3 milyon manat pul mənimsənilib. 2014-cü ilin may ayının 29-da Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Otuz yeddi min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Neftçala Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

Sərəncam imzalandı, pul büdcədən ayrıldı. Və bu ayrılan pullar yolların ilkin təmiri üçün idi. Amma heç bir iş görülməyib. Rayonun ən böyük iki kəndi hesab edilən Şorkənd və Beştalı kəndlərinin avtomobil yolları bərbad durumdadır.

Vəsaitin ayrılması ilə bağlı Neftçala Rayonu İcra Hakimiyyətinin rəsmi saytında da məlumat yerləşdirilib (oxumaq üçün kliklə). Amma bu pulların haraya xərclənməsi ilə bağlı məlumat yoxdur. Rayonun 2015-ci il üçün 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabatında da bu haqda bilgi verilmir.
Hesabat 3 min işarə mətndən ibarətdir (oxumaq üçün kliklə). Bu hesabatda yol təmiri ilə bağlı bir cümlə belə yer almır. Bəs bu 3 milyon manat hara xərclənib? Çox maraqlıdır, elə deyilmi?







Kənd sakinləri illərdir bu bərbad yoldan istifadə etməli olurlar. Əgər buna istifadə demək olarsa… Bu yolla hər gün insanlar piyada, çətinliklə bir neçə saat yol getməli olurlar. Çünki kənd camaatı iş üçün qonşu rayonlara və ya digər kəndlərə gedirlər.
Avtomobili olanlar əziyyətdən nisbətən xilas olsalar da, piyada bu yol gediləsi deyil. Yay aylarında toz-torpaq, qış aylarında isə palçıq…

Kənd sakinləri musavat.com-un əməkdaşına yaşadıqları problemlərdən bəhs ediblər. Şorkənd sakinlərinin sözlərinə görə, uzun illərdir kəndin əsas yolu təmirsiz vəziyyətdədir: “Əllidən çox yaşım var. Mən bu yolu təmirli görməmişəm. Toz-torpaq udmaqdan, ciyərlərimiz məhv olub. Kəndə avtobus gəlmir. Bir dənə səhər kənddən avtobus çıxır ki, ona da o qədər şor-qatıq yükləyirlər ki, qoxudan içəri girmək olmur. Kimin maşını varsa, onun işi bir az rahatdır. Digərləri bu qədər uzun məsafəli yolu piyada getməli olurlar. Düşünün ki, fəhlə işləməyə gedən adam, iş yerinə kimi 10 kilometr piyada yol gedir. Yay-qış, isti-soyuq fərqi yoxdur. Gedir, 10 saat ağır iş rejimində işləyir və eyni yolu piyada geri qayıdır. Yazıq deyil bu camaat?”

Sakinlər deyirlər ki, yolları bərbad olduğu üçün kəndə heç bir taksi girmək istəmir: “Bazara gedirik, evimizə, ailəmizə nəsə alırıq. Taksiyə minib, “Şorkənd, Beştalı, Cəngən kəndinə gedirik” deyən kimi, sürücü deyir, “Oralara getmirəm. Maşın dağılacaq”. Ya da 2 qat qiymət deyir. 5 manatlıq yola görə, 20 manat istəyirlər. Onları da qınamırıq. Belə bərbad halda olan bir yola maşın sürmək çətindir. Hər an yolda qala bilərsən. Rayondakı bütün avtomobil ustaları bizim sayəmizdə dolanırlar. Hər ay maşın xarab olur. Aparırıq ustaların yanına. Bu yola heç bir avtomobil dözməz. Bu mümkün deyil.

Bu yaxınlarda dükanda yanğın oldu. Yanğınsöndürənlər gələnə kimi, özümüz söndürdük. yol uzaqdır, bərbad haldadır, gələ bilmirlər. Prezident bu yolların təmiri üçün 3 milyon manat pul ayırdı. Amma iş görmürlər. Pulları yeyiblər. Yolla gedirik, yanından bir maşın keçən kimi olursan toz-torpaq içində”.

TEREF.İNFO qaynarxətt.infoya istinadən yazır ki, kəndlərin heç birinə qaz verilmir. Hətta Şorkəndə yaxın yerdə yerləşən quşçuluq sexinə 24 saat dayanmadan maye qaz verilir, sakinlərə isə yox: “Qapımızın yanından qaz boruları keçir, gedir digər kəndlərə. Amma bizə qaz verilmir. Toyuq fermasına qaz verilir. Həm də 24 saat. Camaat isə yeməyi həyətdə odun üstündə bişirir. Qışda evini odun sobası ilə isidir. Sanki 21-ci yox, 12-ci əsrdir. Belə şey olar? Beştalı kəndindən Xanoğlan Məmmədov kimi milli qəhrəmanlar doğulub. Bu kəndə belə hörmətsizlik etmək olmaz”.

Məktəblilər də eyni əziyyəti çəkirlər. Hər gün kilometrlərlə yolu piyada gedirlər. Nə avtobus var, nə də normal bir asfalt: “Məktəb uşaqları istidə, soyuqda belə bir yolla necə getsinlər? Biz böyüklər bu qədər məsafəni piyada güclə gedirik. Balaca uşaqlar üçün bu daha da çətindir. Kəndə marşrut avtobusu ayırsalar, belə olmaz. Camaatın yükü, çətinliyi azalar. Məktəblilər dərsə onunla gedər. Böyüklər işə avtobusla gedər. Bu belə çətindir ki?”
Məsələ ilə bağlı Neftçala Rayonu İcra Hakimiyyətinə rəsmi sorğu göndərdik. Onlara, bu günə kimi sərəncamı niyə yerinə yetirmədikləri ilə bağlı sual ünvanladıq. Cavab bizim üçün də maraqlı olacaq.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.