Azərbaycanın dissident şairləri: Milli mücahid-İsfəndiyar Coşğun

21-10-2018, 11:46           
Azərbaycanın dissident şairləri: Milli mücahid-İsfəndiyar Coşğun
Azərbaycan Milli-azadlıq Hərəkatının öncüllərindən olan İsfəndiyar Əli oğlu Bərxu 1929-cu il (pasportda 1925-ci il) sentyabrın 14-də Gəncə şəhərində, İran (Güney Azərbaycan) mühacirləri ailəsində anadan olmuş, uşaqlıq illərini isə Şəmkirdə keçirib.
1930-cu illərin 2-ci yarısında İ.V.Stalinin xüsusi əmrinə əsasən, türklərin sayını azaltmaq məqsədi ilə Güney Azərbaycan mühacirlərini İrana sürgün etməyə başladılar. Köçürülənlərin arasında Əli Bərxunun da ailəsi var idi.
1941-ci ilin iyun ayının 22-də alman-sovet müharibəsi başladıqdan sonra Qızıl Ordu hissələri Sovet-İran müqaviləsinin (1921-ci il) 6-cı maddəsinə görə İrana daxil oldular. İranda siyasi iqlim yumşaldı və siyasi təşkilatlar fəaliyyətə başladı. 12 yaşlı İsfəndiyar Bərxu da bu təşkilatlardan birinə kömək edir və divara kağızlar yapışdırırdı.
1945-ci ilin dekabrın 12-də Təbrizdə Azərbaycanın Milli Hökuməti elan edildikdə, onu qorumaq məqsədi ilə fədai dəstələri yaradıldı. 16 yaşlı İsfəndiyar Bərxu da əlinə silah alaraq fədailərə qoşuldu.
Azərbaycan Milli Hökumətinə savadlı hərbi kadrlar lazım olduğundan 1946-cı ilin iyulunda bir qrup gənc Bakıya hərbi məktəbə oxumağa gəldi. Onların arasında İsfəndiyar da var idi.
1946-cı ilin dekabrın 21-də Azərbaycan Milli Hökuməti süqut etdi. Hökumət üzvləri və onları dəstəkləyən minlərlə insan qətlə yetirildi. 1947-ci ilin iyun ayında Milli Hökumətin rəhbəri S.C.Pişəvəri Yevlax rayonunda təşkil edilmiş sui-qəsd nəticəsində avtomobil qəzasında həlak oldu.
İsfəndiyar və onun dostları getdikcə baş verən hadisələri dərindən başa düşür, Sovet hökumətinin çirkin siyasətini lənətləyirdilər. Elə bu məqsədlə 1948-ci ilin əvvəllərində İsfəndiyar Bərxu və İsmayıl Təriqpeyman “Gənc Qvardiçilər” (Qvardiyaçılar) adlı təşkilat yaratdılar. Təşkilatın əsas məqsədi Güneyli gənclər arasında iş olaraq, onları Vətənə qayıtmaq üçün hazırlamaq idi.
1948-ci ilin sonlarında Nəcəf adlı bir nəfərin xəyanəti nəticəsində təşkilatın əksər üzvləri, başda İsmayıl Təriqpeyma olmaqla tutulub Sibirə göndərildilər. İsfəndiyarın adı təsadüf nəticəsində siyahıda olmadığından o, həbs edilmədi.
Azərbaycan Demokrat Firqəsinin, başda Qulam Yəhya Danişyan olmaqla, sovetpərəst siyasətini İsfəndiyar Bərxu və Məhəmməd Hatəmi kimi inqilabçı gənclər xoşlamırdı və etiraz edirdilər. 1960-cı illərin əvvəllərində ADF-nin rəhbərliyinin M.Hatəmini partiya sıralarından çıxarmasına etiraz olaraq İsfəndiyar və bir qrup gənc partiya biletlərini təhvil verdilər.
Bu illərdə İsfəndiyar Bərxu sovet sisteminə qarşı kəskin şeirlər yazmağa başladı və özünə təxəllüs də seçdi: “Coşğun”. O, bu illərdə yazdığı “Yazmamışam, yazammaram”, “Qorxulu heykəl”, “Bəsdir daha yatdığımız”, “Yest takaya partiya”, “Vəzirov”, “Hökmdar” və b. əsərlərində Kommunist Partiyasını və sovet rejimini ifşa edirdi.
1987-ci ilin əvvəllərində Bəxtiyar Tuncay, rəssam Tofiq Aslan, hüquqşünas Fuad Ağayev, Ənvər Yusif Börusoylu və Məhəmməd Hatəmi Tantəkin birlikdə “Çənlibel” Elmi-Ədəbi Birliyini yaratdılar. Təşkilata ilk qoşulanlardan biri də İsfəndiyar Coşğun idi. O, dəfələrlə “Çənlibel”in yığıncaqlarında çıxış etmiş, şeirlər oxumuşdu. “Çənlibel”in 1988-ci ilin mayın 16-da və 18-də, iyunun 9-da təşkil etdiyi mitinqlərdə İ. Coşğun da fəal iştirak etmişdi.
1988-ci ilin oktyabrın 30-da Hatəmi Tantəkin Azərbaycan Xalq Hərəkatı Cəbhəsi yaradılmasını təklif etdi. İ.Coşğunu da həmin təşkilatın Müvəqqəti Məsləhət Şurasına üzv seçdilər.
1988-ci ilin 17 noyabr – 5 dekabr mitinqlərində İsfəndiyar Coşğun meydanlarda gecələyir, böyük fəallıq göstərirdi.
Şair Eldar İbrahim “Tarix” poemasında yazırdı:

Budur, İsfəndiyar, gəlir qabaqda,
Bax, bax, marş oxuyur, əlində varaq.
Cavan oğlan kimi bu yaşlı çağda,
Oxuyur, Təbrizi xatırlayaraq.

1988-ci ilin dekabrın 5-də rus əsgərlərinin dəyənəklə döydüyü insanlar arasında İ.Coşğun da var idi.
1989-cu ilin mayın 21-də İ.Coşğunun ümumi rəhbərliyi altında “Birlik” Cəmiyyətinin təsis yığıncağı keçirildi. Həmin ilin mayın 28-də Milli İstiqlal Gününün 71-ci ildönümünün bayram edilməsində “Birlik” üzvləri və İ.Coşğun fəallıq göstərdilər.
1989-cu ilin iyunun 4-ü və 11-də “Spartak” stadionunda keçirilən mitinqin təşkilatçısı da İ.Coşğun idi.
Həmin ilin iyulun 8-də keçirilən nümayiş isə dağıdıldı, 31 nəfər adam, o cümlədən, İ.Coşğun da həbs edildi. Ona qarşı Azərbaycan SSR Cinayət Məcəlləsinin 188-ci maddəsinin 3-cü və 4-cü bəndinə və 189-cu maddəsinin 1-ci bəndinin 2-ci yarımbəndinə əsasən cinayət işi qaldırıldı. İyulun 21-də onu və digər dustaqları Şüvəlandakı 3 saylı istintaq təcridxanasına köçürdülər. Bir dəfə isə kameraya qaz buraxdılar. Bu qaz İ. Coşğunun pisləşməkdə olan səhhətini bir az da ağırlaşdırdı. Avqustun 9-da onu həbsxanadan buraxdılar.
Həbsxana həyatı onun səhhətinə ağır təsir göstərdi və o, bir daha siyasi mübarizəyə qayıda bilmədi.
1991-ci ilin avqustun 23-də 62 yaşında (pasport üzrə 66) dünyasını dəyişdi.


İsfəndiyar Coşğun
1978
Oyanın

Oyanın, ay camaat!
Bəsdir daha yatdığımız!
Əli qoynunda durub,
Dərdə - qəmə batdığımız.

Yığılaq bir yerə biz.
Düz oturub, düz danışaq.
Çağıraq gəlsin İvan,
Burda üzbəüz danışaq.
60 ildir o deyir,
Bir kərə də biz danışaq.
Məlum olsun ona da,
Əqlə, huşa çatdığımız!
Oyanın, ay camaat!
Bəsdir daha yatdığımız!

Əcəba, söylədiyin
Cənnəti-rizvan bumudur?
Qəm, kədər bilməyəcək.
Qayğısız insan bumudur?
Hər şeyə sahib olan.

Fəhlə və dehqan bumudu?
Daha artıqdır susub,
Başımızı qatdığınız!
Oyanın, ay camaat.
Bəsdir daha yatdığımız!

Fəhlənin işlədiyin,
Büsbütün ondan qoparır.
Kəndlinin var-yoxunu,
Kolxoz adıynan aparır.
Üstəlik kim danışır,
“Xox” eləyib bağrın yarır.
Belədir, bəli, bizim
Rus verən “azadlığımız”!
Oyanın, ay camaat!
Bəsdir daha yatdığımız.

İsfəndiyar Coşğun
1982

Yest takaya partiya
Eşidin, ey insanlar!
Eşidin, ey cavanlar!
Belə bir partiya var,
Böyükdür müddəası.
Deyir – birləşməlidir
Zəhmətkeşlər dünyada.
Deyir – dağılmalıdır
Zalımlığın yuvası.
Deyir ki, marksizmin,
Ədalətdir mənası.
Deyir – gərək qələbə,
Çalsın Lenin dühası.
Deyir, deyir, hey deyir,
Deyir, peydərpey deyir.
Gah bağırtı salır hay,
Gah edir giley deyir.
Fəqət bu deyirlərin,
Əgər düşünsək dərin,
Hələ bu günə qədər
Görən yoxdur səmərin.
Budur, düz 150 il
Çalınır bu boş təbil.
Bəşəriyyət elə bil,
Qayıtmış körpəliyə.
Kommuna deyə - deyə,
150 il durmadan
Axıdır nahaq qan.
Adi bir yəhudinin
Uydurduğu oyundan,
Ölkələr olur viran.
Yest takaya partiya!
İnsanları o, guya,
Azadlığa aparır.
Durmadan hay qoparır,
Bəli, bir partiya var,
Hər şeyi edir inkar.
Marksın uydurduğu
Və Leninin qurduğu
Kommunist Partiyası.
Adi terror yuvası,
Çaşdırır insanları
Çaşdırır cavanları.
Ölməyə, öldürməyə.
Təşviq edir onları.
Məzlumların qanıyla
Boyanmış bayrağı var.
Kreml meydanında
Tilsimli çırağı var.
Başçıdır sarı iblis,
Hər yerdə casusu var.
Hər yerdən sorağı var.
Tiryəki əvəz etmiş
Bolluca arağı var.
Beyinləri qurudur,
Məhv edir ağılları.
Əməldə ancaq budur
Kommuna nağılları.

Bu gün bütün ölkələr,
Dəyibdir bir-birinə.
Dərin düşünsək əgər,
Kommunizm yerinə
Bəlaya düşüb bəşər,
“Kommuna” adlı bu şər.

Varlığı təhdid edir,
Dünya kommunizmə yox,
Məhvinə doğru gedir.
Belə deyilsə əgər.
Bəs bu qorxunc raketlər,
Və atom bombaları.
Cənabi Reyqanların,
Neyçün olub şüarı?
Onun da bəhanəsi,
Qorxulu bayquş səsi
Dəm vurur kommunadan.
Məgər bilmir o nadan,
Nə kommuna, nə filan?
Bəli, bəli Rusiya,
“Kommuma” deyə - deyə,
Öz qanlı ordusunu
Yeridir bir ölkəyə.
Moskva yayır şayiə.
Əgər biz olmasaydıq,
Qonşu Əfqanıstanı
Orduyla almasaydıq,
Kommuna mənafeyi
Orda əldən gedərdi.
Bar belə bir partiya!
Hərbi bazalar qurur.
Amma sülhdən dəm vurur.
Dünya kommunistləri
Ona havadar durur.
Moskvanın səsinə
Uyub inanmış onlar.

Yest takaya partiya!
İnsanları o, guya.
Sakit sülhə çağırır.
Fasiləsiz bağırır,
Amma “sülh” deyə - deyə
Artıq neçə ölkəyə,
Yerləşdirib raketlər.
Onlar işə salınsa,
Dünyadan qalmaz əsər.

Bəli, bir partiya var,
Özü də etmir inkar.
Lazım sayarsa hər an,
Qorxulu knpkadan,
İstifadə edəcək.
Canlı, cansız nə varsa,
Məhv olacaq, gedəcək.

Eşidin, ey insanlar!
Nə qədər ki, gec deyil.
Nə qədər ki, imkan var,
Kommunist Partiyası,
O xəyanət yuvasın
Tərk edin hər ölkədə,
Beləliklə bəlkə də,
Moskva və Vaşinqton,
Atom yarışmasına
Birdəfəlik qoya son.
Susdurun Reyqanı da,
Bəli, bəli onu da.
Ağ Evdən edin kənar.
Eşidin, ey insanlar!
Nə qədər ki, Kreml var,
Dünyamız qorxuludur.
Bu qorxunu yaradan,
Marksizmin təlimi,
Leninizmin yoludur.

NƏSİMAN YAQUBLU
Tarix elmləri doktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.