İşverən - YUNUS OĞUZ YAZIR

20-09-2019, 12:45           
İşverən - YUNUS OĞUZ YAZIR
Felyeton

Yunus Oğuz

Ölkədə hamı bir-birinə iş verir. Kimisi iş verir, kimisi də işlə yüklənir. Məni ali şüur maraqlandırır. Xırım-xırda işlərlə heç aram yox. Amma, çox nahaq. Sən demə ən böyük işlər elə xırdalıqlardan başlayırmış. Xırdalar birləşib (əgər birləşə bilsələr) nəhəng işlərin təməlini qoyurlarmış.

Yenə qəzet almağa gedirdim. Səhər-səhər özümçün dünyanı fikirləşə-fikirləşə evdən çıxdım. Qələbə meydanından "İnşaatçılar" metrosuna doğru addımlamaq istədim, bacarmadım. Baho... o... o... sokakda küçə ticarətinin əlindən tərpənmək olmurdu. Bəs deyirdilər ki, bununla mübarizə aparırıq, hamısı da möhtəkirlər. Gedib "Meyvəli"dən alıb gətirirlər, üstünə də nə qədər qoyurlar bir Allah bilir. Yaxınlaşdım bir möhtəkir qardaşa və dedim ki, mənə beş səbəb göstər ki, burada yolu kəsib ticarət edə bilərsən. Meyvə-tərəvəz və puldan başqa heç nə fikirləşməyən bu dəllalın gözlərinin böyüyüb döyüklüklə mənə baxmasından başa düşdüm ki, bununla ali şüur dilində danışmaq əbəsdir. Vallah gülməkdən özümü güclə saxladım. Elə bil mən onun gözlərinə lupa altından baxırdım. İrişə-irişə dedi:

- Başa düşmədim müəllim, nə beş səbəb, nə ticarət?

Dedim ki, mən sənə ən azı beş səbəb göstərərəm ki, sən burada küçə ticarəti apara bilməzsən.

Möhtəkir qardaş özünü yığışdırdı. Elə bildi ya vergidənəm, ya da haranınsa müfəttişiyəm. Yekə başı sağ çiyninə doğru əyildi. Məzlum görkəmi aldı.

Dedim:

1. Sənin küçə ticarəti etmək haqqında icazən yoxdur;

2. Vergi qeydiyyatın olmadığından vergi vermirsən;

3. Sanitar epidemioloji stansiyadan məhsulun keçməyib;

4. Gətirdiyin məhsulların haradan gəldiyi mə...

O məni daha danışmağa qoymadı.

- Müəllim, nə qədər verim?

İndi də mənim gözlərim bayaq onun böyüyən gözlərinə oxşadı. Özümü ələ alıb dedim:

- Adə, vələdüzna, mən pul alana oxşayıram?

Möhtəkir qardaş qəddini bir az da yığdı. Ürəyində qalan sözü mənə tərəf şappıltı ilə atdı.

- Pul almırsansa, deməli işverənsən.

Dedim:

- Ay qırışmal, əvvəla iş verən mən deyiləm.

Polis düzüb qoşur, toxuyur, prokuror iş istəyir, oxuyur, hakim də iş verib içəri soxur, bildin? Get kağız-kuğuzu düzəlt.

Amma söz məni tutmuşdu. İşverən, işverən deyə-deyə getdim qəzet almağa.

Doğurdan hakim iş verir? O gün qəzetdə oxuyuram ki, hakim hindquşu oğurlayana altı il iş verib. Di get, yat. Amma milyon mənimsəyəni üç il yarımla cəzalandırıb. Rəhmətliyin oğlu, bu yazıq ömründə altı il yeyəcək bir quş oğurladı, özü də ilk dəfə. Görürsən ki, milyon oğurlamağa şərait və imkanı yoxdur. Deməli, məhkəmə də iş verir, özü də necə. Yox mən demirəm ki, o milyon oğurlayan hakimə nəsə pay-püş ayırıb. Əksinə, bu hindquşunu oğurlayana acığım tutur. Zalım oğlu gəlib bunun kababını ya rəislə, ya da hakimlə yeyərdin. Day bundan sonra hakim qardaş özünə iş kəsməyəcəkdi ki?

Bir dəfə bərk küləkdə yol gedirəm. Elə külək əsir ki, az qalır adamı qucağına alıb qaçırsın. Görürəm qabaqdan ətəyi gen tuman geyinən bir qadın gəlir. Mənə çatanda külək bir az da güclənib bu xanımın gen ətəyini qaldırıb başına şal kimi saldı.

Bu xanım da Merlin Monro kimi bir əlini arxasına, o birini də qabağına tutub həyəcanla dedi:

- Vay, biabır oldum.

Dedim:

- Bacı, səndə heç bir günah yoxdur, günah küləkdədi, işverənlik eləyir. Evdən çıxanda pəncərədən bir boylanardın da.

İşverənlər deyəsən çoxdur. Hamı hamıya iş verir, bircə iş adamlarından başqa.

Bir bərk gedən iş adamından o gün bir məclisdə soruşuram ki, neçə adama iş vermisən indiyə qədər?

Ədalı-ədalı dilləndi:

- Biz iş vermirik, işçimizə çörək veririk. Adam işləyir, evinə çörək aparır.

Zarafatla söylədim:

- Yaxşı ki, arpa vermirsən, çörək verirsən.

Qayıdıb mənə nə desə yaxşıdır:

- Elə çörəyi apadan bişirtdirib veririk, hər gün evinə hər kəs iki arpa çörəyi aparır.

Day söz deyə bilmədim, əlim üzümdə qaldı. Hələ mənim Mirzə dostuma bax. Bir neçə gün bundan öncə "Mişar daşı" adlı məqalə yazmışdı. Məğzi bu idi ki, könüllər yaxın olsun deyə həm qəlbinizdəki, həm də həyəti hasarla mühasirəyə aldığınız mişar daşlarını söküb atın. Qardaş, ay Mirzə, sən neyləyirsən, nə təklif verirsən? İndi işsizliklə mübarizə gedir. Çalışırıq ki, ölkədə heç kim işsiz qalmasın. Sən də deyirsən mişar daşlarından istifadə etməyin. Nədi daş karxanalarının işini dayandıraq? Ay Mirzə, incimə, sən iş verən olmadın, iş dayandıran oldun. Bax, hasarlar tikilməsə gör neçə adam evinə çörək apara bilməyəcək? Karxanalar dayanacaq, sement lazım olmayacaq, deməli qum da getdi işinin dalınca. Bunun fəhləsi, ustası, sürücüsü, məmuru, canım sənə desin, lap yol polisi qaldı işsiz. Yox Mirzə, mən buna qol qoya bilmərəm. Buradan inqilab iyi gəlir. Elə yerlərdə də mən yoxam. Bax, o gün hörmət etdiyim bir deputat çıxış etdi və dedi ki, ey sabiq nazirlər, məmurlar, bizim sayəmizdə bu qədər pul yığmısız, var-dövlət əldə etmisiniz. Oturub xımır-xımır yeyirsiniz, arada bizdən küsdüyünüzdən müxalifətə də pul buraxıb iş, çörək verirsiniz. Mövqeyinizi bildirin. Yaman deyib, ha. O demək istəyib ki, təkcə müxalifətə iş verməyin, fəaliyyətinizi bir az da genişləndirin. Jurnalistlərə də bir az yığdınızdan xərcləyin, onlar da sizin piarınızı aparsınlar. Onsuz da nə qədər xərcləsəniz qurtaran deyil. Hamıya iş vermək lazımdır. Ancaq, sayın deputat mövqesiz sabiq olmayan nazirlərə, məmurlara, şöbə müdirlərinə, sektor yiyələrinə toxunmayıb. Onların da "dosye"lərini masanın üstünə qoymaq lazımdır. Elələri var ki, ortada yeyib qıraqda gəzir. Lazım olanda köpək uşaqları buqələmun kimi rənglərini dəyişirlər. İstəsələr iqtidar, istəsələr müxalifət, lap bədhəbəddə kosmopolit olurlar. Hələ mən cinsi azlıqlar müstəvisinə keçmirəm. Təklif edirəm, qoy o mövqesizlər, saat altıdan sonra mövqelərini ortaya qoysunlar. İş qurtardı məmur mövqesizliyi qurtardı. Bundan sonra, qoy vətəndaş mövqeyini ortaya qoysunlar. Qoymazlar. O məmurlardan vallah elələrini tanıyıram ki, ortalığa mövqe qoysa, şəxsi büdcəsi hesabına Qarabağ haqqında on dənə bədii film çəkdirər, uf da deməz. Deyəsən mən də işverənliyə başladım. Gör hardan hara gəldim. Bir sözlə işverən olun, o zaman yaxşı həyat tərzinə təminat verilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.