Türklük üçün çalışan tarixə bəlli ilk böyük Türk ictimai-siyasi xadimi : Bilgə Tonyukuk

21-09-2019, 00:47           
Türklük üçün çalışan tarixə bəlli ilk böyük Türk ictimai-siyasi xadimi : Bilgə Tonyukuk
Həyatını Türklüyün yüksəlişinə həsr edən tarixə bəlli ilk böyük Türk mütəfəkkiri və dövlət xadimi İkinci Göy Türk dövlətinin qurucularından biri olan Bilgə Tonyukukdur. Doğum tarixi bəlli olmasa da, qaynatası Bilgə Tonyukukun İkinci Göy Türk Xaqanlığının qurulması və inkişafındakı Bilgə Xaqanın Ulan-Batorun 66 km cənub-şərqində yerləşən Nalayxa adlanan yaşayış məntəqəsi ilə Tola çayının sağ sahili arasında Bayın-Sokto adlanan yerində ucaltdırdığı yazılı abidədə onun vəfat tarixi 726-cı olaraq göstərilmışdir. “Tonyukuk abidəsi” məqbərə kompleksinə daxil olan iki daşdan ibarətdir. Birinci daşın hündürlüyü 1 m 70 sm, ikinci daşın hündürlüyü isə 1 m 60 sm-dir. Mətnin 35 sətri birinci, 27 sətri isə ikinci daşdadır.
Birinci Göy Türk İmperatorluğu yıxıldıqdan sonra Göy Türklər Çin əsarətindən qurtulmaq üçün yorulmadan 50 il mübarizə aparmışlar. Bu mübarizənin ilk Türk qəhrəmanı Türk tarixinin qızıl səhifəsini yazan Türk Xaqanı Çuluğun kiçik oğlu məşhur Kür-Şaddır. 639-cu ildə 39 Türk silahdaşı ilə Çin sarayına hücum edərək saray çevrilişi etməyə cəhd göstərən Kür-Şad son damla qanlarına qədər vuruşaraq şəhid olmuşlar. Onlar şəhid olsalar da, əsir Türklərin könlündəki azadlıq eşqini alovlandırmış, hadisə böyüyərək bütün Türk ellərinə yayılmış, dastanlaşmış, Türk millətinin qəlbində əbədi taxt qurmuşlar. Bu üsyandan sonra Çin əsarətindən qurtulmaq üçün bir neçə dəfə də təşəbbüslər olmuş, nəhayət, Türklərin Aşina soyundan olan Qutluğun başçılığı və böyük mütəfəkkir, cəsur sərkərdə Tonyukukun tövsiyyəsi ilə Qutluğ “Xaqan” elan olunmuş və “Eltəriş” (El qurtaran) adını almış, tarixdə Eltəriş Xaqan kimi tanınmışdır.
İkinci Göy Türk İmperatorluğunun qurucularından olan Bilgə Tonyukuk xaqanın ən böyük köməkçisi və baş vəziri kimi ordunun və diplomatik işlərin qurulması və yürüdülməsini təşkil etmiş. Qutluğ Eltəriş Xaqan öldükdən sonra yerinə keçən qardaşı Qapağan Xaqanın, onun ölümündən sonra da Eltəriş Xaqanın böyük oğlu Bilgə Xaqanın dövründə də bu işləri yerinə yetirmişdi. Ulu mütəfəkkir Tonyukuk Göy Türklərin müstəqillik savaşından başlayaraq ölənə qədər Türk millətinə xidmət etmiş, böyük Türk birliyini yaratmağa nail olmuş, şərəfinə Türk dili və ədəbiyyatının ən qədim nümunələrindən olan daş kitabə dikilmişdi.
Göy Türk Xaqanları olan Qutluğ Eltəriş, Qapağan və Bilgə Xaqan Türklərin “Aşina” qəbiləsinə, Bilgə Tonyukuk isə “Aşidə” qəbiləsinə mənsubdurlar.
Bilgə Tonyukuk Çin sarayında təlim-tərbiyə almış, dövrünün savadlı, bilgə (müdrik) şəxsiyyətlərindən olmuş, düşmənlərə qarşı savaşlarda böyük qəhrəmanlıqlar göstərmiş, İkinci Göy Türk Xaqanlığının qurulması və inkişafında müstəsna xidmətlər göstərmiş, Xaqanlığın xarici siyasətini yürütmüşdü. Bu münasibətlə “Tonyukuk abidəsi”ndə o, özü haqqında aşağıdakı bilgiləri vermişdir:
“Mən hakim Tonyukuk (Görünür ki, bu mətn Tonyukukun dövlət müşaviri dövrlərində deyil, 705-706-cı illərdəki yüksək məhkəmə üzvü olduğu dövrlərdə yazılmışdır –A.M.) Çində dünyaya gəldim. Çünki o zaman Türk milləti Çində dustaq idi...
O vaxt Tanrı belə demişdi: “Mən (Tanrı –A.M.) Sizə (Türklərə -A.M.) bir xaqan vermişdim, fəqət siz onu buraxıb hökm altına girdiniz. Bu səbəblə də Tanrı onları ölümlə cəzalandırdı. Türk milləti pərişan olmuş və birləşmiş Türk yurdunda toplu bir xalq qalmamışdı... İlk öncə Şad Qutluğun yanında 700 adam toplandı. Mən də onların arasında idim. Tanrı mənə sezgi verdiyi üçün onun (Qutluğun – A.M.) xaqan olmasına çalışdım... O da: “Tonyukuk mənimlə bulunduqca mən “Eltəriş” (Milləti toplayan) xaqan olaram” dedi. Kitayların və Çinlilərin bu yeni gücə qarşı hərəkətə keçdiyini öyrənincə gündüz oturmadım, gecə uyumadım və dərhal durumu xaqanıma bildirdim, düşmənlər birləşmədən üzərlərinə varalım, dedim. Xaqanım mənim – Bilgə Tonyukukun müraciətini eşitdi. “Bildiyin kimi et” dedi. Ordumu Göy Önük tətəfdən Ötükən ormanına apardım. Tanrı yardımı ilə düşmənləri pərişan etdik. Xaqan və Türk milləti Ötükəndə yerləşincə cənub, şimal, şərq və qərbdə bulunan bütün boylar bizə qatıldı. (Tonyukuk kitabəsi).
Bilgə Tonyukuk praqmatik bir siyasətçi olmuşdur. O, həyatını Türk xalqının rifahı və yüksəlişinə həsr etmişdir. Tanrı ona bilik vermişdir ki, o, öz bilik və bacarığını Türk xalqının yüksəlişinə həsr etsin. Bilgə Tonyukukun əsas məqsədi Çində və digər yerlərdə dağınıq halda yaşayan Türkləri ana vətən Ötükənə qaytarmaq, Türk ölkəsində hərbi və iqtisadi gücü artırmaq, bütün Asiya Türklərini qızıldan hazırlanmış “Qurd başlı Göy Türk Bayrağı” altında birləşdirmək idi. Bu məqsədlə o, ilk öncə bu işə mane olan Çinlilərlə Kitanların arasını vurmağa çalışmış və buna Qapağan Xaqanın hakimiyyəti dövründə nail olmuşdu. Kitanlarla müharibədə zəif düşən Çinlilərə öz istəklərini həyata keçirmək üçün Kitanları məğlub edən Göy Türk Xaqanı Qapağan Çinlilərdən bunun qarşılığını ödəməyi tələb etmiş və bu tələblər yerinə yetirilmişdi. Tələblərdən biri də Çin torpaqlarında yaşayan Türklərin ana vətən Ötükənə qaytarılması idi. Çin İmperatoriçəsi Göy Türk xaqanı Qapağanın istəklərini qəbul etmək məcburiyyətində qalmış, Türklər ana vətən Ötükənə göndərilmışdi.
Bilgə Tonyukuk, Bilgə Xaqan və Kül Təkin bütün imkanları dəyərləndirərək ən səmərəli taktikaları işlətmiş, hətta qohumluq əlaqələri yaradaraq bir-birlərinə bağlanmış, yeri gəldikcə güc işlədərək ətrafındakı bütün Türk boylarını birləşdirmiş, hərbi və iqtisadi cəhətdən güclü Göy Türk İmperatorluğunu yenidən bərpa etmişlər. İmperatorluğun sərhədlərini Sarı dənizə, Xəzər dənizinə, Kırıma və Kəşmirə qədər genişkəndirməyə nail olmuşdular.İki qrdaş – Bilgə Xaqan və Kül Təkin və baş vəzir Tonyukuk bilik, təcrübə və cəsarətlə tam bir anlaşma içərisində çalışaraq dövləti sürətlə hər baxımdan yüksəltmişdilər. Onların birliyi Türk milləti və o dövrkü Türk ölkəsi Ötükənin yenidən diriliyi, canlanması ilə nəticələnmişdi. Türk tarixində nə zaman hökmdar oğulları arasında birlik olmuşsa, dövlətin gücü də inanılmaz dərəcədə yüksəlmiş, dövlət İmperatorluq səviyyəsinə çatmışdı. Bilgə Xaqan, Kül Təkin və baş vəzir, Bilgə Xaqanın qaynatası Bilgə Tonyukukun sayəsində də Göy Türk dövləti bir imperatorluğa çevrilmiş, Çini belə təhdid altında saxlamışdı. Bu üç böyük şəxsiyyətin birliyini, ağlını və cəsarətini xarakterizə edən Çinlilər o dövrdə İmperator Nüantsyunqun başçılıq etdiyi bir toplantıda Göy Türklər haqqında bunları söyləmişlər:
“Bu Göy Türklərin nə zaman, nə edəcəkləri bilinməz... Bilgə Xaqan yaxşı bir hökmdardır. O, Türkləri, Türklər də onu çox sevir. Qardaşı Kül Təkin hərb sənətinin böyük ustasıdır və ona qarşı çıxacaq bir qüvvə çətin ki, tapıla. Baş vəzirləri Tonyukuk isə çox ağıllıdır, sözü ötkün, niyyətləri də çoxdur... İndi bu üçü tam fikir birliyi, anlayış birliyi içində birləşmişlər.” (İqtibas Rəfik Özdəkin “Türkün qızıl kitabı” əsərindən götürülmüşdür. Bax: Rəfik Özdək, Türkün qızıl kitabı, Bakı, 1992, səh.105).
Bilgə Tonyukuk Eltəriş Xaqanla birlikdə Çin əsarətindən qurtularaq Türklərin Çinlilərə qarşı qurtuluş savaşını idarə etmiş, gənclik illərində ordu başçısı kimi cəsarət və qəhramanlığı, orta yaşlarında ordu quruculuğu, siyasət və diplomatiyası, yaşlı dövrlərində isə təcrübə və bilgisi ilə Türk dövləti və Türk millətinin yüksəlişinə xidmət etmişdir.
Göy Türk istiqlal savaşının başlanğıcından etibarən, Eltəriş, Qapağan və Bilgə Xaqanlar dövründə dövlətə və millətə 46 il xidmət edən, heç bir savaşda məğlub olmayan, “Boyla Baqa Apa Tarkan” (Baqa boyunun Baba Tarkanı) ünvanlarını daşıyan, “Bilgə” (bilici) və strateq Tonyukuk İkinci Göy Xaqanlığının ordusunu, maliyyəsini, ədliyyəsini tənzimləyən, “Ayqucu” (indiki anlamda dövlətin baş naziri – A.M.) olaraq xaqanlar üzərində xüsusi təsirə malik olmuşdur. Bilgə Tonyukuk o dövrün dini cərəyanlarını yaxından öyrənmiş, Bilgə Xaqanın istəyinə baxmayaraq Çin Buddizminin Türklər tərəfindən qəbul edilməsinə, şəhərlərin qala divarları ilə hasara alınmasıa imkan verməmişdir. Bu və digər məsələlərlə bağlı bir kitabədə Tonyukuk göstərir ki, Buddizm dini və fəlsəfəsinin “hər ikisi də insandakı hökm etmə və iqtidar duyğusunu zəiflədir. Güc və savaşçılıq yolu bu deyildir, bizə (Türklərə - A.M.) uyğun düşməz. Türk millətini yaşatmaq istəyiriksə, nə bu cür təlimlərə, nə də bu cür tapınaqlara ölkəmizdə yer verməməliyik”. Şəhərləri hasara almaq haqqında da bunları söyləmişdir:
“Bunlar olmamalı. Biz (Türklər- A.M.) ömrünü sulu və otlu ərazilərdə keçirən bir millətik. Həyat tərzimiz bizi daima bir müharibə şəraiti içində tutmaqdadır. Göy Türklərin sayı Çinlilərin yüzdə biri qədər deyil. Başarılarımız yaşayış tərzimizdən irəli gəlir. Güclü zamanlarımızda orduları hazırlayıb axınlar yapar, zəif olduğumuz dövrlərdə bozkırlara çəkilir, mücadilə edərik. Əgər qala və hasarlar içinə qapansaq, Tanq orduları (Çinlilər nəzərdə tutlur – A.M.) bizi məhv edər, ölkəmizi istila edərlər”. Mənbənin əlavə etdiyinə görə, Bilgə Tonyukukun bu tövsiyyələrindəki dərin məna Göy Türk paytaxtında yaxşı qarşılanmışdı. (Seçmələr bizimdir – A.M. bax: Osman Turan, Türk Cihan hakimiyeti mefkuresi tarihi, səh. 63, 65, 90, 94).
Bilgə Tonyukuk Çin səlnamələrində “Yuançjən” yəni “İnci” adı ilə anılmışdır. Tonyukukun “Bilgə”, yəni “Bilici, Müdrik” adlandırılması onun təkcə savadlı olması ilə deyil, həm də gördüyü işlərə görə qazandığı bir epitetdir.
“Tonyukuk” adlı digər bir abidə olan “Külü Çör” abidəsində də Eltəriş, Qapağan və Bilgə Xaqanla birgə hörmətlə yad edilmişdir.
“Bilgə Tonyukuk” abidəsində müəllif özünü belə təqdim edir: “Mən Bilgə Tonyukukam... Mən qoşuna başçılıq edirəm... Mən gecə-gündüz yatmadan, rahatlıq bilmədən, öz qırmızı qanımı, qara tərimi tökmüşəm. Mən özüm uzun hərbi yürüşləri istiqamətləndirmişəm. Mən Bilgə Tonyukuk Türk Bilgə Xaqanın xalqı üçün yazmaq əmr etmişəm. Eltəriş Xaqan, QapFağan Xaqan, Bilgə Xaqan və Bilgə Tonyukukun səyi nəticəsində Türk-sir xalqları mövcuddur”. (Bax: Bilgə Tonyukuk abidəsi). Mətndən də göründüyü kimi Bilgə Tonyukukun adı xaqanlarla birgə çəkilir və Tonyukuk öz millətini “Türk-sir budun” adlandırır.
Bilgə Xaqanın ölümündən sonra yerinə sıra ilə Tonyukukun qızından olan övladları Türk Bilgə Xaqan və Tenqi xan keçmiş, fəqət bunların hər ikisi gənc və təcrübəsiz olduqlarından dövləti anaları, Tonyukukun qızı idarə etmişdi. Bu vəziyyətdə Türk boylarının başçıları arasında hakimiyyət üstündə ixtilaflar başlamış, bundan istifadə edən Basmillər, Qarluqlar və Uyğurlar birləşərək Aşina ailəsindən olan Basmili xaqan elan etmişlər.
Bir müddət sonra Basmil hakimiyyətdən imtina etdiyindən yerinə Uyğur başçısı Qutluğ Bilgə Kül gətirilmiş və beləliklə də, xaqanlıq Göy Türklərdən Uyğurlara keçmişdi.
Göy Türk Xaqanlığının yerini Uyğur Xaqanlığı tutduqdan sonra da Tonyukuk soyundan gələn bəzi bəylər Uyğur Xaqanlığında vəzifədə bulunmuşdular.
Qərb araşdırıcıları Bilgə Tonyukuku “Göy Türk Bismarkı” adlandırmışlar.
Ruhu şad olsun.
AYDIN MƏDƏT OĞLU QASIMLI
Filologiya üzrə fəlsəfə doktoru,dosent












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.