ŞAH VƏ MAT

27-12-2019, 19:44           
ŞAH VƏ MAT
ƏLİ VƏLİOĞLU

Esse

Şahlar dünyanın ən qorxaq adamlarıdır. Əllərindən heç nə gəlməz. Lakin bəşər dünyasının ən yüksək zirvəsində, milyonlarla insanın çata bilmədiyi əlçatmaz, ünyetməz bir ucalıqda zər-zibadan taxt-tacları olar onların. Tale, bəxt gözəl, işvəli qız kimi onları əzizlər. Dünyanın şöhrəti də, var-dövləti də - hər şeyi, hər şeyi onlarda cəmləşər.

Şahların gücü piyadalardır. Qorxudan piyadaları sipər kimi öndə düzərlər. Toplar yan cinahlarda dayanar, atlar, fillər arasında şahlar özlərinə təhlükəsiz yer seçərlər. Bacarıqlı və döyüşkən vəziri yanlarına alarlar. Şahlar hərəkətsiz olurlar. Onlar nə top kimi düzxətt boyu uzaq vurmağı, nə fillər kimi üfiqi gediş etməyi, nə at kimi səddləri aşaraq atlanmağı, nə vəzir kimi bütün səmtlərdə döyüşməyi, nə də piyadalar kimi başqasına qurban getməyi bacarırlar.

Dünyanın məzlum bəxtəvərləridir şahlar. Dünyanın məzlum bədbəxtləridir piyadalar. Şahların varlığı, qələbələri üçün dizi-dizi sürünüb qurban verər özlərini. Döyüşçülərin, ən qiymətsizi də onlar sayılır. Lakin onlar toplar, atlar, fillər, vəzirlər üçün də canlarını qurban verərlər. Heç vaxt döyüşdən çəkinməz, qorxub meydandan qaçmazlar.

Döyüş yolunu keçib son xanaya çatanda vəzirlik titulunu qazanar piyadalar. Qırbsız piyada bu zaman vəzir rütbəsi və hörməti qazanar. Vəzirlik ümidi qazanan mübariz piyadanı güclü döyüşçülər və şahlar canlarından əziz bilərlər. Bunu görən rəqib şahın canına qorxu düşər - ölümə bərabər mat qorxusu. Vəzirliyə gedən piyada əzizlənər, hər tərəfdən qorunar, arxasınca sürünər bütün döyüşçülər.

Özünü hamıdan güclü sanan şah inamla vəzirlik zirvəsinə addımlayan rəqib piyadanın qarşısında tab gətirə bilməz. Gərginlik artan kimi öz döyüş yoldaşlarını atıb sakit bir guşəyə çəkilər. Bu zaman sağ qalmış toplar, atlar, fillər, vəzir şahın harayına can atarlar. Qələbədən əli üzülmüş şahın bütün xasiyyətləri üzə çıxar. Onun qorxaqlığı, bacarıqsızlığı, gücsüzlüyü bəyan olar.

Qarşı meydanda qələbə çalan şah yada salmaz itirdiyi döyüşçülərini. Döyüş meydanının boşalması gözünə görünməz. Qələbənin sevinci ancaq şaha qismət olar - tənbəl, bacarıqsız, qorxaq şaha. Həyatın kefini yenə də şahlar görər. Dünyanın heç nəyi ilə, heç nəyi ilə hesablaşmayan, özlərini yerin allahı sayan şahlar...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.