DORİAN QREYİN PORTRETİ - İradə TUNCAY yazır

10-01-2020, 20:25           
DORİAN QREYİN PORTRETİ - İradə TUNCAY yazır
Uzun illər bu örtüyü qaldırmaqdan qorxursan. Qorxursan demək də yüngül çıxır. Nəsə başqa sözdü, tapa bilsən... Fəhminlə örtük qalxan kimi bütün illüziyaların alt-üst olacağını da bilirsən. Axı sən neçə vaxtdı bu portretin lap yaxınlığında fırlanırsan. Yaxınlaşırsan, əlini uzadırsan, elə bil cərəyan vurur, geri çəkilirsən. Qəribədir, axı bu portretin həmmüəlliflərindən biri də sənsən. Və bir gün... Lənət olsun... Çox qorxuncdu, çox...



***

... Oskar Uayld tarixə parlaq dendi, estet, gözəllik bilicisi və həm də öz kaprizlərindən başqa nəyə desən dözə bilən bir adam kimi daxil olub. Böyük ədəbi istedadı və orijinal hərəkətləri ilə hər zaman şıltaq Britaniya publikasını cəzb edə bilib. Əslində o, cəmiyyətin özünə baxıb zövq almaq istədiyi güzgü idi. Amma bu, bir gün cəmiyyətə ondan üz döndərməyə mane olmadı...

Cəmi 46 il ömür sürən bu yazıçının əsərləri yüz ildən çoxdur ki, yaşamaqdadı. Və həm də sənətkarın şəxsiyyəti, bioqrafiyası indi də birmənalı qiymətləndirilmir. Hətta onu da deyim ki, ailəsi onun familiyasından imtina edib. Və bu gün yaşamaqda olan nəvə-nəticəsi də onun adından uzaq durmaqdadı. Qəribə taleyi var Uayldın. Yeganə romanının qəhrəmanına bənzəyir - Dorian Qreyin portretinə. Özünün yaratdığı portretə.

... Romanın süjeti ənənəvidi. Və o dövrlər Avropa ədəbiyyatında çox yayılmış bir mövzunu əhatə edir. İblislə sazişə girən, ruhunu satan və bununla öz istəklərinə çatdığını zənn edən qəhrəmanın həyat hekayəsidi. Yəni anlayacağınız yeni Faust-Mefistofel hekayəsi. Roman çap olunandan sonra qalmaqala səbəb olmuşdu. Tənqid bu əsəri əxlaqsız əsər kimi qiymətləndirmiş, bəziləri yazıçını cəzalandırmağı, kitablarını yığıb yandırmağı da tələb etmişdi. Uayld ictimai əxlaqı təhqir etməkdə ittiham olunurdu. Amma əslində Dorian Qreyin portreti Viktorian cəmiyyətinin portreti idi. Məsum, saf gənc - hamını sevməyə hazır olan gənc elə həmin cəmiyyətin yalançı dəyərləri ilə qorxunc, mənhus varlığa çevrilir.

"Dorian Qreyin portreti" unikal ədəbi nümunədi, fəlsəfi romandı. Burda bəşəriyyətin özünə verdiyi əbədi suallar var - həyatın mənası, əməllərə görə məsuliyyət, gözəlliyin cazibəsi, sevgi və həm də günahların dağıdıcı hakimiyyəti. Romanın əsas ideyalarından biri budur ki, estetizm sadəcə mücərrəd hadisədi. Gözəlliyin vəsfinə yox, xəyal qırıqlığına gətirib çıxarır.

... Dorian - parlaq və soyuqqanlı bir gəncdi. Günlərin bir günü rəssam Bezil Holluord gənc və gözəl Dorianın portretini çəkir. Gənc öz portretinə aşiq olur və düşünür ki, qocalıb öz gözəlliyini itirsə də, portret hər zaman eyni yaşda və gözəl qalacaq. "Əksinə olsaydı, portret dəyişsəydi, mənsə hər zaman indiki kimi qala bilsəydim, bunun naminə ruhumu İblisə də satardım"-deyir. Və onun ricası eşidilir. İblis lord Henrinin simasında təcəlla edir və bir vaxtlar rəssamın çəkdiyi saf, məsum Dorian öz istəklərinə çatmaq uğrunda hər bir cinayətə əl atır. Mərhəmət-zülm, yaxşı-pis anlayışlarını itirir, bəşəri dəyərlərdən tamam uzaqlaşır. Dorian həyatını kefə, əyyaşlığa xərcləyir. Amma onun içində iki adam var: romantik və realist, aşiq və cani. Bu iki adam daim mübarizədədi, lakin İblis qələbə çalır. Özünü kefə qapdıran gənc bataqlıqdan çıxa bilmir. İllər keçir, amma o, gəncliyini, gözəlliyini itirmir. Əksinə, üzündə şeytani cazibə yaranır. Ancaq portret dəyişir, eybəcərləşir, qocalır. Portret onun vicdanıdı. Hər cinayət onun cizgilərini artırır, rənglərini qatılaşdırır. Və Dorian portreti hər kəsdən gizlətməyə məcbur olur. Portreti görən adamları öldürür, hətta müəllifi olan rəssam Bezil Holluordu da. Vicdanıyla üz-üzə gəlmək onun üçün əzablıdı. Və bir gün dözə bilmir. Çöküşünün bu dəhşətli şahidini yerli-dibli itirmək qərarına gəlir. Vaxtilə Bezili öldürdüyü bıçağı portretə sancır. Dəhşətli çığırtıya gələn nökərlər otaqda gənc oğlanın gözəl portretini və yerdə iyrənc, murdar qoca meyidini görürlər. Qocanın barmağındakı üzüklərdən onun Dorian olduğu anlaşılır.



***

Romanı oxuduqca fikirləşirsən ki, cəmi üç həftəyə belə əsəri necə yazmaq olar? Amma ritorik sual alınır. Bəşəriyyətin məsumiyyət tarixi də, alçaqlıq tarixi də çox qədimdi. İlk günahdan bu günə qədər neçə min illər keçib. Hər birimiz həyatın gerçək axarında üzürük, hər birimiz ondan asılıyıq və gerçəkliyə uyğun dəyişirik də... Mənəvi-etik seçimlərimizi isə məsuliyyət hissimiz müəyyən edir. Kim gerçəkliyi xülya ilə əvəzləyirsə, təbii ki, ümumbəşəri dəyərlərə də tüpürəcək. Görünən isə budur ki, çirkab içində boğuluruq. Dediklərimiz və əməllərimiz tam başqa-başqa şeylərdi. Hər birimizin hardasa gizli bir guşədə gizlətdiyi portreti var. Və hər dəfə öz vicdanımıza tüpürdükcə o portret bir az da eybəcərləşir.



***

"Hər bir sənət növündə onun üstdən görünən səthi tərəfi və rəmzləri var.



Kim səthi yarıb içəri nüfuz etmək istəyirsə risqə gedir.



Kim rəmzləri açmağa cəhd edirsə risqə gedir.



Mahiyyət etibarilə sənət həyatın yox, ona tamaşa edənlərin güzgüsüdü.



Əgər sənət əsəri mübahisə doğurursa, deməli, orda yeni, mürəkkəb, əhəmiyyətli nəsə var.



Qoy tənqidçilərin fikirləri haçalansın. Sənətkar özünə sadiq qalacaq.



Öz yaratdığına səcdə etmirsə, xeyirli nəsə yaradan insana çox şeyi bağışlamaq olar.



Lazımsız nəsə yaradanın bəraəti isə onun öz yaratdığına dəhşətli sevgisidi.

Bütünlükdə isə sənət lazımsızdı".

Bu Oskar Uayldın "Dorian Qreyin portreti" əsərinə yazdığı ön sözdən parçalardı.



***

Qəribə, unikal romandı. Birinci dəfə 15 yaşımda oxumuşdum. O vaxt düşünməmişdim ki, insan həyatı boyu seçim eləmək məcburiyyətində qalır. Bir vaxt mən də bütün dünyanı sevməyə hazır idim. Sonra o qədər zəhərləndim ki... Saxtakarlıqdan, riyalardan... Zərrə-zərrə hopdu içimə. Amma yenə də hardasa hər kəsdən gizlətdiyim bir guşə var. Var. Var. Var... Portretin o hissəsi dəyişməz qalır. Özüm ora rahatlıqla baxa bilirəm. Öz vicdanımla görüşməkdən qorxmuram. Gülüncdü?



***

Romanda janrın tələblərinə cavab verən bütün atributlar mövcuddu. Ən əsası parlaq obrazlar qalereyası var. Dorianı bir azacıq xarakterizə elədik. Onun portretini çəkən Bezil Holluord başqa qəhrəmanlardan onunla fərqlənir ki, hər zaman Dorianı ideal kimi görür və ona çox sadiqdi.

Dorianı bataqlığa sürükləyən insan cəmiyyətinin, İblisin təcəssümü lord Henridi. Təzadlar şahzadəsi.

Sibila Veyn - Dorianın bir vaxt aşiq olduğu aktrisa, maraqlı obrazlardan biri. Dorianla görüşənə qədər o, öz uydurduğu aləmdə yaşayır. Teatr aləmində. Və istedadlı aktrisa kimi yalançı rollarını uğurla oynaya bilir. Həyatına məhəbbət gələn an anlayır ki, əslində bu həyat çox saxtaymış, o heç yaşamayıb, yalnızca oynayıb. İllüziyalar aləmindən çıxıb gerçəkliyə can atır və yaşadığı sevginin sarsıntıları içindəki istedadını söndürür. Sonuc - intihar...

Hər birimizin içində bu obrazlardan nəsə var. Kimdə "kim" daha çoxdu, özümüz yaxşı bilirik. Uayld deyirdi ki, hər kəs onun qəhrəmanlarında özünün günah və naqisliklərini görür. Uaylda görə, insan cəmiyyəti özünün gizlində sevdiyi bütün naqislikləri yalançı əxlaq pərdəsi ilə örtür. Uayld insan cəmiyyətinin dekadansını yazırdı. Amma bitdimi bu çökmə?

Yalançı əxlaq normalarından qaçmaq istəməsi onun lord Alfredlə münasibətlərində də görünür. O, bu əlaqələri gizlətmirdi. Bu münasibətlər sonra səs-küylü məhkəmə prosesi və məhkumluqla bitmişdi. Lord Alfredin atası Uayldı əxlaqsızlıqda, oğlunu yoldan çıxarmaqda ittiham edən məktub göndərəndə yazıçı dostlarının təhriki ilə onu məhkəməyə vermişdi. Nəticə isə Oskar Uayld üçün acınacaqlı olmuşdu. Onun özünü mənəviyyatsız, pozğun hərəkətlərdə ittiham edərək həbsə atmışdılar. İki illik məhkumluqdan sonra həbsxana həyatının sonuncu aylarında Uayld "Zindan etirafnaməsi" adlı başqa bir məşhur əsərini yazmışdı. Həbsxanadan çıxandan sonra Londonda qala bilməmiş, Parisə köçmüş və elə orda da vəfat etmişdi. Uayldın məzarı məşhur Per Laşez qəbristanlığındadı.

Parlaq Oskar... Özünü məhv edən Oskar... Şöhrətin zirvəsindən məhbəs divarları arasına düşən Oskar... O, həyata bəsit nəsnə kimi baxıb fantaziyaları ilə onu gözəlləşdirməyə çalışırkən, həyat onunla ən dəhşətli dramını oynadı. Uayldın həyata zəfər çalmağına fantaziyası çatmadı. Əslində o, elədiklərinə görə yox, eləyə bilmədiklərinə görə uduzdu. Çox illər sonra, lap bizim günlərdə Londondakı evinin divarına onun şəkli olan barelyef vurdular. Adını yazmadılar. Ancaq bu söz yazıldı: ZƏKA.



***

Sənət və gerçəklik. Sənət və əxlaq - əbədiyaşar mövzu. Həyat adlı material... Və biz - bu qalereyanın portretləri: kimi gənc, gözəl, kimi eybəcər. Bizə elə gəlir ki, keçmiş arxada qalır. Qalmır, vallah. Hər zaman bizimlə yanaşı addımlayır keçmişimiz. Vaxtilə elədiyimiz günahların cavabını verməli oluruq. Lap övladlarımızın taleyində. Hamımız "Dorian Qrey" sindromundan əziyyət çəkirik.



***

... Əslində adi, banal əhvalatdı. Günlərin bir günü əyalətdən gəlmiş saf, məsum gənc böyük şəhəri fəth etmək istəyir. Böyük şəhərin parlaq işıqları gözlərini qamaşdırır. O qərarlıdı. Bu işıqlar onun yeni obrazına xidmət edəcək. Ona xor baxanlar ona təzim edəcək. Nəyin bahasına olursa, olsun. Qorxulu olan da budur - nəyin bahasına olursa, olsun...

Ətrafda lordhenrilər cövlan edir. Hətta ledihenriettalar da şeytani rəqslərini oynamaqdadırlar. Onlar bir vaxtlar bu gəncə xor baxırdılar. Amma indi o dəyişib, onun şöhrəti var, o daha əyalətdən gələn heç kimin bəyənmədiyi gənc deyil. Ətrafdakılar onun qanını sorub yerinə şeytan möhtəviyyatı doldururlar. İflas başlayır - ruhun hakimi artıq İblisdi. Amma artıq o, qorxu hissini də, başqa hissləri də itirib. Ən dəhşətlisi haqq-ədalət hissini itirib. Zövq yox, həzz var. Gözəllik yox, şəhvət var. Düzlük yox, tüstünü düz çıxarmaq cəhdləri var. Bir vaxtlar həyat dolu, sevgi dolu gözlər artıq heç nə ifadə eləmir, boş və anlamsız baxışlarla baxır. Danışdığı hər sözün yalan olduğunu bilsə də, yenə deyir, deyir. Utanc hissi də qalmayıb. Hərdən bu sərməstlikdən ayılmaq istəyi gəlir, ancaq ağırlığına dözə bilmir. Öz içində boğulur... Amma gizli otaqda bir portret var. Gizli otaqdakı portretin varlığından xəbərdar olan da var - örtüyü qaldırmağa qüdrəti olan... Qalır bıçağı sancmaq...

Yazarın arxivindən
2010-04-17












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.