Babək müstəqil dövlətin hökmdarı kimi - Əsrlərlə gizlədilən gerçək tariximiz - I YAZI

12-01-2020, 07:24           
Babək müstəqil dövlətin hökmdarı kimi - Əsrlərlə gizlədilən gerçək tariximiz - I YAZI
Enter.News tariximizlə bağlı həqiqətləri ictimaiyyətə çatdırmaqda davam edir. Növbəti yazı tanınmış araşdırmaçı yazar Ceyhun Bayramlının “Babək müstəqil dövlətin hökmdarı kimi” yazısıdır.

“Babək: “- Oğlumun yanına get və bu sözləri ona çatdır: Bir gün hökmdar kimi yaşamaq qırx il qul qalmaqdan daha yaxşıdır!”” Əhməd ibn Əsəm əl-Kufi, “Kitab əl-Fütuh”.

Ənənəvi tarixşünaslıqda Babəkin sadə xalq kütlələ­rinin mənafelərinin müdafiəçisi olmuş bir üsyan­çı kimi göstərilməsi sovet tarix konsepsiyasının tələblərindən irəli gələn bir baxış idi və bu gün müstəqil Azərbaycanda tarix elminin inkişaf yoluna qədəm qoyması bir çox digər məsələlər kimi, bu problemə də yeni baxış sərgiləməyin zəruri olduğunu ortaya qoyur. Əlbəttə, nə cür təqdim olunmasından asılı olmayaraq, Babək Azərbaycan tarixinin ən şanlı səhifələrinə öz ismini qızıl hərflərlə yaz­mış bir tarixi şəxsiyyət və xalq qəhrəmanıdır. Lakin hər bir tarixi şəxsiyyətə obyektiv qiymət vermək, onun həyat və fəaliyyətini, mübarizə amallarını hər hansı ictimai qurulu­şun tələbləri çərçivəsində yox, məhz tarixi həqiqətlərin bər­pası düşüncəsi ilə obyektiv tədqiq etmək lazımdır, Azər­baycan tarix elminin qarşısında bu gün dayanan ümdə vəzi­fələrdən biri, zənnimcə, bu olmalıdır.

Babəkin həyat və mücadiləsinin bir dövlət başçısı şəklində indiyədək araşdırılmaması müxtəlif səbəblərlə izah oluna bilər. Bu yöndə ayrı-ayrı araşdırmaçıların fikir və təklifləri olsa da, Azərbaycan tarixinin IX yüzillik dövründə mövcud olmuş dövlət qurumlarımızın adları sırasında Hürrəmilər dövlətinin ismi keçmir. Ən başlıca səbəb, əlbəttə ki, Babək barədə sovet tarixşünaslığının xüsusi konsepsiyası­nın olmasıdır. Babəkə sinfi qəhrəman donu geydirməyə çalışan bu konsepsiya, əlbəttə ki, Azərbaycanın müstəqil milli dövlətçilik tarixinə hansısa Hürrəmilər dövləti kimi bir faktoru əlavə etməyə imkan verə bilməzdi. Bu baxımdan sözügedən məsələyə, yəni Hürrəmilər hərəkatının nəticə etibarilə heç bir dövlətdən asılı olmayan müstəqil bir dövlətin qurulmasına gətirib çıxarması və Babəkin də 22 il ərzində bu dövlətin hökmdarı olması fərziyyəsinə diqqətdən kənarda qalmış bir sıra obyektiv tarixi faktların gözü ilə baxmaqda, düşünürəm ki, böyük fayda vardır.

Babəkin bir dövlət başçısı olması faktını ortaya qoyarkən hər şeydən əvvəl erkən orta əsrlərdə tarix səhnəsində mövcud olmuş hər hansı bir tarixi dövlətin varlığını təsdiqləyən başlıca amilləri nəzərdən keçirməyə və bunların Babək dövrü Azərbaycanında nə dərəcədə əks olunduğunu təhlil etməyə ehtiyac vardır. Hər hansı bir tarixi dövlətin həmin dövrdə müəyyən ərazilərdə qurulduğunu əsasən aşağıdakı amillər təsdiq edə bilər:

* xalqın yekdil iradəsini ifadə edən kütləvi xalq üsyanı, işğalçı qüvvəyə qarşı xalq-azadlıq hərəkatı dalğasının və ya kütləvi etirazın təşkilini həyata keçirən qüvvənin varlığı;

* konkret ərazilər üzərində üsyan, yaxud hərəkat rəh­bərliyinin davamlı nəzarəti;

* konkret idarəetmə orqanının fəaliyyətinin möv­cudluğu;

* dövlətçilik atributlarının (bayraq, taxt-tac, möhür, xəzinə, pul sikkəsi və s. atributların) mövcudluğu;

* nəzarət edilən ərazilərin başkəndinin olması;

* nəzarət edilən ərazilərin qorunması missiyasını daşıyan ordunun varlığı;

* tarixi mənbələrdə həmin ərazilərdə dövlət qurumu­nun və onu idarə edən hökmdarın varlığını söyləməyə əsas verən məlumatların mövcudluğu;

* sözügedən əraziləri idarə edən şəxsin digər xarici dövlətlərin hökmdarları ilə əlaqələr qurması;

* idarə edən şəxsin idarəetmə sahəsindəki əməli fəaliyyətinin mövcudluğu.

Bunları sadaladıqdan sonra Babək dövrü Azərbaycanında adları çəkilən amillərin mütləq əksəriyyətinin var olduğunu çəkinmədən qeyd edə bilərik. Ərəb imperializminə qarşı Azərbaycan xalqının başlatdığı və Hürrəmilik tərəfdarları tərəfindən yönləndirilən xalq-azadlıq hərəka­tının öndəri olmuş Babəkin Bəzz qalası adlı paytaxt şəhəri, ordusu, sərkərdələrdən və qoşun bölüklərinin başçıların­dan ibarət Hərbi Şura adlı idarəetmə orqanı, Al rəngli bay­rağı, uzun müddət (22 il 5 ay) ərzində nəzarət etdiyi kon­kret ərazilər vardı. Bundan əlavə, Babək ayrı-ayrı vilayət və şəhərlərə valilər təyin edir, dövlətin təməlinə zidd yönümlü üsyan və qiyamları yatırdır, Bizans imperiyası ilə, eləcə də, Abbasilər xilafətinin baş sərkərdəsi Afşin Hidr ibn Kavusla, Təbəristan hakimi Məzyarla (Hürrəmilər hərəkatının Babək dövrünün sonlarına doğru (830-839-cu illərdə) Təbəristan valisi idi – C.B.) və s. rəsmi şəkildə məktublaşırdı.

Aydın məsələdir ki, Babəkin tarixdə hökmdar kimi təq­dim olunması sovet hakim konsepsiyasından çox-çox öncə onu səviyyəsiz və quldur birisi kimi göstərməyə çalışmış Abbasilər sarayının maraqlarına zidd idi. Bu baxımdan xilafət sarayının tarixçiləri öz əsərlərində Babəki daha çox bir qiyamçı kimi göstərməklə onun mücadiləsinin bizim üçün əhəmiyyətini kiçiltməyə çalışıblar, bununla yanaşı, bir çox əsərlərdə Babəkin əsl-nəsəbi, hansı nəsildən olması barədə geniş müzakirələr açıb fikirlər söyləyiblər. Hürrəmilər hərəkatı barədə məlumatlar yazmış olan tarix yazarlarının mütləq əksəriyyətinin əsərlərində Babək barəsində geniş və əhatəli məlumatlar yer alıb, hətta onun mübarizə təxəllüsü olan “Babək” isminin məna yozumlarının belə təhlil edildiyi mənbələrə rast gəlinir. “Adi bir qiyamçının” yaxud “üsyan başçısının” əsil-nəcabətinin bu qədər geninə-boluna təhlil edilməsi əlbəttə ki, anlaşılmaz və şübhə yaradandır. Yalnız hökmdar statusu daşıyan, müəyyən bir dövrün ən görkəmli siyasi xadimi olan bir insan barədə bu qədər yazılar. Babək əsir alınarkən xəlifə Mötəsimin onu fəthnamələrdə “şimal hökmdarı” kimi qeyd etdirməkdə məqsədinin guya özünü qüdrətli göstərməkdən ibarət olması barədə müddəalar isə səhv düşüncədir və əsası yoxdur.

Qədim tarixi mənbələrdə həmin ərazilərdə konkret dövlət qurumunun və onu idarə edən hökmdarın varlığını söyləməyə əsas verən məlumatların mövcudluğu məsələ­sinə gəlincə, bu haqda mənbələrdə kifayət qədər məlumat­lar vardır ki, bu günədək diqqətdən kənarda qalmışdır. Bu məlumatları bölüşməyə, zənnimcə, o səbəbdən ehtiyac var­dır ki, ənənəvi tarixşünaslıq IX yüzilliyin ilk yarısında Azər­baycan ərazilərini sadəcə müvəqqəti olaraq Abbasilərin nə­zarətindən kənarda qalmış və heç bir idarəetmə mexaniz­minə malik olmayan torpaqlar kimi göstərməyə çalışmışdır. Buna görə də mənbələrdə diqqəti cəlb edən bir sıra mühüm məlumatları bir daha incələmək lazım gəlir.

Babək Hürrəminin hökmdar olmasi ilə bağli bəzi mənbə məlumatları

Bizə görə, Babəkin hökmdar olduğunu söyləməyə əsas verən daha önəmli mənbə məlumatları onun özünün dilin­dən söylənən fikirlərin əks olunduğu məlumatlardır. Bizlər üçün Abbasi saray tarixçilərinin, yaxud onların məlumatlarını qeydsiz-şərtsiz obyektiv qəbul edərək onlara istinad etmiş digər tarix yazarlarının fikirlərindən daha çox, Babək Hürrəminin özünü hansı məqamda görməsi mühüm əhə­miyyət kəsb edir. Çünki Abbasilər yox, məhz Babək Hürrəmi bizim tarixi qəhrəmanımız və dahi şəxsiyyətimizdir. Mənbələrdə bununla bağlı bir sıra maraqlı məlumatlara rast gə­linir.

Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbərinin “Tərix ər-rüsul və-l-müluk” adlı əsərində Babəkin Bəzz qalasını tərk edib Araz vadisindəki meşəlikdə olduğu zaman oğlun­dan gələn məktuba verdiyi cavabda bu cümlələrə yer veri­lib: “Bəlkə də mən bu gündən sonra çox yaşamadım, am­ma mən hökmdar adını daşıyıram və mən harda olsam, yaxud mənim barəmdə harada nə danışsalar - yenə də mən hökmdar olaraq qalıram.” Z.Bünyadovda Babəkin bu məktubundakı “hökmdar” kəl­məsi “padşah” və “şah” olaraq qeyd olunub.


Sözügedən məktubda diqqəti cəlb edən daha bir mə­qam Babəkin özünü konkret bir sülalənin banisi olaraq gör­məsi və oğlunun varislik hüququndan danışmasıdır: “Sən mənim yolumla getsəydin və öz sülalənin varisi olsaydın, onda varislik sənə keçə bilərdi, onda bir neçə gün qabaq sən həqiqətən mənim oğlum sayılırdın” . Eyni sülalə məsələsi və Babəkdən sonra onun varisinin kim olması ilə əlaqədar Təbərinin adıkeçən əsərində daha bir yerdə maraqlı məlumata rast gəlinir. Səhl Sumbatla etdiyi söhbətdə Babək bununla bağlı öz narahatlığını dilə gətirir və məlum olur ki, Babəkin oğul övladlarının bir çoxu ida­rəetmədə naşı, digərləri də azyaşlı olduqları üçün Babək Bəzz qalasının süqutundan sonra qardaşı Abdullanı öz yerinə varis təyin etmək fikrində idi və məhz bu səbəbdən Abdullanı qorumaq məqsədilə Beyləqan hakimi Əbu Musa Yesainin (və ya İsa ibn İstifanusun) yanına göndərir. Mənbədə bu haqda məlumat aşağıdakı şəkildə verilmişdir: “- Yaxşı olmaz ki, mən və qardaşım bir yerdə qalaq, çünki birisi bizlərdən birinin izinə düşərsə, o birisi salamat qalıb yaşayacaqdır. Mən özüm səninlə qalaca­ğam, qardaşım Abdullah isə ibn istifanusun yanına ge­dəcəkdir, çünki biz nə olacağını bilmirik və sonradan bizim sülaləni davam etdirə biləcək varisimiz yoxdur”. “- Sənin çoxlu oğlanların vardır”, - deyə İbn Sumbat ona müraciət etdi. Lakin Babək cavab verdi ki, onların arasında bir nəfər də münasib olanı yoxdur, buna görə qardaşını inandığı ibn İstifanusun qalasına göndərməyi qərara almışdı”. Babəkin bu sözlərindən açıq- aydın görülür ki, o, özünü müstəqil dövlətin hökmdarı hesab edir, özündən sonra hökmdar sülaləsinin varisinin kim olacağını düşünürdü.

Əbu Məhəmməd Əhməd ibn Əsəm Əl-Kufinin “Kitab əl-Fütuh” adlı əsərində Babəkin oğluna yazdığı cavab mək­tubunda onun məşhur kəlamı aşağıdakı şəkildə qeyd olu­nub: “Babək oğlunun məktubu ilə tanış olandan sonra məktubu gətirənin boynunu vurdu. Xəlifənin fərmanını isə heç açmayıb, sinəsi üstə qoydu və ikinci elçiyə dedi: “Oğlumun yanma get və bu sözləri ona çatdır: bir gün hökmdar kimi yaşamaq qırx il qul qalmaqdan daha yaxşıdır!”” Burda Babəkin özünü hökmdar qismində görməsi asanlıqla anlaşılır. Qeyd edək ki, Təbəridə həmin kəlam “qırx il miskin qul kimi ömür sürməkdənsə, bir gün ağa kimi yaşamaq daha yaxşıdır” formasında əks olunub. Z.Bünyadov isə Babəkin məktubda yazdığı “hökmdar” kəlməsini “padşah” kimi qeyd etmişdir. Eyni zamanda, fars tarix yazarı Mirxond “Rövzət-əs-səfa” adlı əsərində Babəki Samirə şəhərinə xəlifənin hüzuruna aparmaq üçün böyük bir fil gətirildiyini, Babəkin bu heyvana baxaraq təəccüblə bu iri cüssəli heyvanın nə olduğunu soruşduğunu, orada olan bir nəfərinsə ona belə cavab verdiyini qeyd edir: “- Bu böyük bir hökmdardan əvvəllər əzəmətli, sonra isə zəlil olub əsir düşmüş bir padşaha hədiyyədir. Ümid var ki, aqibətin xeyir ola” . Bu cavabdan Babəkin Samirəyə aparılarkən orada olanlar tərəfindən bir padşah kimi qəbul edildiyini görmək o qədər də çətin deyil.

Babəkin bir hökmdar olduğunu söyləməyə əsas verən daha bir mühüm fakt Abdürrəhman ibn Əbu Bəkr Cəlaləddin əs-Süyutinin (Cəlaləddin Əsyutinin) “Tərix-ül-xülafə” adlı əsərində əks olunmuşdur. Tarixçi-alim Z.Bünyadov öz əsə­rində Süyutinin “837-ci ildə Mötəsim Azərbaycan pad­şahını (məlikini) əsir almışdır” deyə yazdığını bildirir. Bundan başqa, Məsudi “Kitabi muruc əz-zəhəb” adlı əsərində Babəkin Səhl ibn Sunbad tərəfindən qarşılanması səhnəsini təsvir edərkən yazır ki, “Səhl atdan düşüb ona yaxınlaşdı, onu bir padşah kimi salamladı və belə dedi: “Ey hökmdar, qalx, sənin mövlan yaşayan öz sarayına get, burada Allah səni öz düşmənindən qoruyar”. Babək Səhl ilə getdi, onlar Səhlin qəsrinə gəldilər” . Səid Nəfisidə isə Səhlin sözləri Məsudiyə istinadən bu cür qeyd, olunub: “Atdan düşüb ona yaxınlaşdı və şahlara məxsusI bir ehtiramla salam verib dedi: - Şahım, qalx, özünə məxsus olan sarayda əyləş, sənin qulluqçuların oradadır. Orada Allah səni düşmənlərindən qoruyub, öz pənahında saxlayacaqdır” .

Səid Nəfisi öz əsərində “Babəkin hökmranlıq etdiyi ərazilər”dən danışır və bu ərazilərin coğrafi təsvirinə yer verir. Təsvirdən sonra tədqiqatçı-alim “Babəkin geniş bir ərazidə hökmranlıq etməsini” qeyd edir. Bu ərazilər, onun gəldiyi nəticəyə görə, “biryandan Ərdəbil və Mərəndə, digər tərəfdən Şamaxı və Şirvana, başqa bir tərəfdən isə Ordubad və Culfaya qədər gedib çıxan, bu günkü qərbi və mərkəzi Azərbaycanın bir hissəsini və qədim Arranın cənub-qərb tərəfini əhatə edən əraziləri idi” . “Hökmdarlıq” və “hökmranlıq” arasında leksik-semantik fərqlər olsa da, bu sitat öz-özlüyündə Babəkin kifayət qədər geniş bir əraziyə uzun müddət nəzarəti etdiyini və bu ərazilərdə idarəçilik qayda-qanunlarını tətbiq etdiyini təsdiqləyir.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.