Türk dilini aşağılayan İran ayətullasına batin aliminin cavabı
12-01-2020, 13:18
Sosial şəbəkələrdə, İranın İslam dininin əxlaq müəllimi sayılan ayətulla Müctehidi Tehraninin, bir hədisdə yazılanlara izah verərkən – “cəhənnəmin dili Türk dilidir, ərəb-farslar ora düşəndə türkcə danışırlar” deməsi biz türkləri çox incitdi. Bunları deyən ayətullah və dinləyiciləri də bu zaman gülərək, yüz milyonlarla insanın danışdığı Türk dilini aşağıladılar. Özünü İslam alimi sayan və hədislərə guya ki, təfsir verən bu insan əcəba Quranda və hədislərdə yazılanları anlayırdımı? İslam dahiləri olan Qəzalini, Mühiddin ibn Ərəbini, Əşarini, Sühravərdini və s. başa düşürdümü? Quranda dağların göyə qaldırılması, Rəhmanın ərşə yüksəlməsi, günəşlə ayın birləşməsi və s. fikirləri aça bilərdimi? Sufi alimlərinin Adəmə - Haqq, yəni Allah deməsini, Məhəmməd peyğəmbəri kosmik güc adlandırmalarını, cənnətin Adəmin bədənində yerləşməsini və s. yazılanların izahını, batini mənalarının təvilini verə bilərdimi? Ayətulla Müctehidi Tehrani yəqin ki, Quranın və qədim ədəbiyyatların zahiri mənadan başqa, daha dərin batini mənalarının olmasını və bu batin elminin İbrahim peyğəmbərin oğlu İsmaildən başlamasını bilirdi. Görəsən İranın belə “əxlaq müəllimləri” ismaililərin İsmailiyə fəlsəfəsini dərk edirlərmi? Təbii ki xeyir. Bu suallara cavab verməyə onların nə savadı, nə ağlı, nə də məntiqləri çatmaz. Yaxşı halda belə mollalar deyəcək ki, bunlar rəmzi mənalardadır. O zaman, belə ayətullalar “Türk” rəmzinin nə mənada olmasını və bu rəmzin batini mənasını bilirmi? Təbii ki yenə də yox, qətiyyən anlamırlar və anlamaq səviyyəsində də deyillər. Heç bir qədim mənbənin əsl mahiyyətini anlamayan insan görəsən hansı cəsarətlə Türk dilini ələ salır və ətrafındakı savadslz cahillərlə birgə gülüşürlər.
Mən, “Batini-Quran” kitabının müəllifi və qədim yazıların batini mənalarını bilən bir sufi-batin alimi kimi, bu ayətullaha cavab olaraq, bu hədisin batini mənasını izah etməklə, insanlarımıza “Türk dili” və “cəhənnəm” rəmzlərinin əsl mahiyyətini çatdırmaq qərarına gəldim.
Sufi-batinilərdə “Türk” sözü - sufizmin tərikə yolunu gedən deməkdir. Tərikə yolunu gedən Türk, qam-şamanlar kimi ekstatik duruma girir və ilkin materiyadan informasiya almağa başlayır. Məşhur sufi Bəhaullaya görə, sufizmin tərikə yolunu gedən mürid, Bəqa səviyyəsində İlahla vəhdətə nail olur və istənilən varlıqdan istədiyi sualın cavabını ala bilır. Başqa sözlə, türk dili dedikdə, efirin, yəni ilkin materiyanın, təbiətin və bütün canlı-cansız varlıqların bir-birinə ötürdükləri informasiyanın qəbul edilmə “dili”, üsulu nəzərdə tutulur. Dilimizdəki türkəçarə sözü də, tərikə yolu ilə Türk pirlərinin bitkilərdən və s. varlıqlardan aldığı informasiya əsasında edilən müalicə mənasındadır. Digər tərəfdən, sufinin bu tərikə yolu həm də Süleyman peyğəmbərin “Quş dili”dir ki, bu dünyada yalnız bir xalq Süleyman peyğəmbərin bu dilində danışmışdır və bunlar da Şərqdən gəlib Babil qülləsini tikən Asar (Assur/Aşşur/Azər) xalqıdır. Asarlar isə qədim Misirin Osiris Allahlarıdır (http://gilarbek.blogspot.com/2018/06/azr-allah-onun-muqdds-dili-dini-v-eli.html). Başqa sözlə, Türk dili – qədim assur-misirlilərin qamlama, şamanlıq məqamındakı ekstatik dili deməkdir.
Yəhudilərin, yəni Allahın Özünə qulluq üçün seçdiyi müqəddəslərin kitabı olan Tövrat kitabı “Torah” (Torax) kimi yazılır ki, bu da batinilərdə tərikə yolu anlamındadır. Yəhudi mənbələrinə görə, Allah dünyanı yaradanda, Tövrata baxaraq yaradırmış. Burada xüsusi qeyd etmək lazımdır ki, bütün qədim ədəbiyyatlarda, “Allah dünyanı yaratdı” dedikdə, yaşadığımız fiziki dünya yox, göydə yaradılmış ruhlar dünyası nəzərdə tutulur. Bu o deməkdir ki, Allah göydə cənnəti yaradanda, şamanın qamlama vəziyyətində ekstatik duruma girib, göylərdə yaratdıqlarını seyr edirmiş və yaradılışın necə alındığına nəzarət edirmiş. Tövratda da açıq yazılır ki, Allah dünyanı yaratdığı 7 günün hər birində, yaratdığına baxaraq, onun yaxşı olmasına sevinir. Sonda isə göydə Asar dünyası, yəni qədim Misirdə Osiris adlanan Allahların ölüm şahlığı yaranır. Bütün bunlar o deməkdir ki, Türk dili dedikdə, insanın ekstatik durumda, yəni şamanın qamlıq vəziyyətində efirdən və varlıqlardan informasiya alma üsulu nəzərdə tutulur. “Cəhənnəmin dili Türk dilidir” deyilən hədisdə də söhbət, ruhlar dünyasında ömürlərini davam etdirən ruhların digər varlıqlarla informasiya mübadiləsindən gedir. Onu da xüsusi qeyd etmək lazımdır ki, Allah da öz müqəddəsləri ilə bu dildə “danışır”. Yəni Allah öz seçilmişlərinin ürəyinə informasiyanı məhz bu ekstatik tərikə yolu ilə, yəni Türk dilində ötürür. Əflatuna (Platon), Qəzaliyə və s. müdriklərə görə də peyğəmbərlər nəsli informasiyaları bu yolla alirlar. Başqa sözlə, Allah Öz seçilmişlərilə məhz tərikə yolu ilə, yəni Türk dilində əlaqə saxlayır. Quranda bu tərikə yolu – insanların ürəyinə göndərilən ərəb dili adlanır ki, onu da Ruhul-Əmin, yəni qədim Misirin Amon Allahının ölümsüzlük qazanmış ruhu göndərir (Quran, 26:192-196). Ərəb dilinin, insanların dilinə yox, ürəyinə verilməsi o deməkdir ki, bu dil də ekstatik dildir və bizə “vəhy” kimi tanışdır. Vəhy sözünün batini mənası isə Bəqa səviyyəsi deməkdir ki, bu da sufinin bu pillədə qəbul etdiyi informasiya anlamındadır. Batinilərdə ərəb dedikdə - Rəbb, yəni Allah nəzərdə tutulur və bu Rəbb də Asar/Osiris Allahı mənasındadır. Ərəb rəmzinin adi insanlara heç bir aidiyyəti yoxdur. Çünki sufi-batinilərdə adi insan – heyvani qüvvələrin idarə etdiyi nifrətə layiq adlandırılır və yazılarda qeyd olunmağa layiq görülmür. Ərəb geneoloqlarına görə də indiki ərəblər əsl ərəblər deyil. Əsl ərəblər – mifik Ad, Samud, Amalik, Casim, Cadis və s. tayfalarıdır ki, İslama qədər köçüb getmişlər (Təbəri,I/215).
Bütün bunlar o deməkdir ki, Türk dili – sufizmin tərikə yolu gedənlərin ekstatik dilidir ki, bu dil qədimdə Allahların və onların varisləri olan padişahlar və peyğəmbərlər nəslinin dili olmuşdur. Qədim dünyanın bütün padişahları və peyğəmbərləri Allahla məhz bu dildə əlaqə saxlamış və Ondan informasiya almışlar. Bildiyimiz kimi, Allahın bu dünyada Özünə qulluq üçün seçdiyi və əlaqə saxladığı müqəddəslər - padişahlar və peyğəmbərlər nəslidir. Bütün qədim mənbələrdə də seçilmişlər dedikdə - Xəzər Türk bəgləri nəzərdə tutulur ki, bunlar da sufizmin Bəqa səviyyəsində doğulmuş Azəri Türk bəgləridir. Xəzər/Hazar sözü Hu-Azər mənasındadır və bu da Azər Allahı anlamındadır. Başqa sözlə, qədim mənbələrdə Xəzər Türk bəgləri dedikdə - Azərin, yəni qədim Misirin Asar/Osiris Allahının Türk bəgləri nəzərdə tutulmalıdır.
Azəri Türk bəglərinin Tövrat kitabının dili – “Laşon Akodeş” (Kadus/Kuddus lisani), yəni müqəddəs dil adlanır. Aşuri, yəni Azəri şrifti ilə yazılmış Tövratın dilinin “tarqum dili” adlanması da, bu kitabın tərikə yolu mənasında, yəni samitlərdən ibarət rəmzlərlə yazılması deməkdir. Tövratın dilinin eyni zamanda aramey dili adlanması da, bu rəmzlərin aram-amoreylərin, yəni midiyalı mar-mirilərin dili olması mənasındadır.
Bütün bunlardan çıxan nəticə odur ki, Türk dili qədim padişahların və peyğəmbərlərin vəhy dilidir. Mən, “İslamın 124 min peyğəmbəri kimlərdir” adlı məqaləmdə, bütün peyğəmbərlərin Azəri Türk bəgləri nəsli olmasını elmi sübut etmişəm (http://gilarbek.blogspot.com/2014/01/islamn-124-min-peygmbri-kimlrdir.html). Hədisdəki – “cəhənnəmin dili Türk dilidir” fikrinə tam cavab vermək üçün isə batini mənada cəhənnəmin hara olması dəqiq aydınlaşdırılmalıdır.
Quranda “cəhənnəm” rəmzi əsasən od, atəş mənasında göstərilsə də, onun dərin quyu və uçurum mənaları da vardır. Burada cəhənnəmin 7 qapısınin olması və gözətçisinin isə Malik adlanması nəzərə çatdırılır (Kuran, 15:44, 43:77). Yəhudi və xristian mənbələrində cəhənnəm rəmzi – gehinnom, geenna, gehenna və s. kimi yazılaraq, kənanilərin Molek (Malik) Allahına insanların qurban verilməsi üçün Hinnom vadisində tikilmiş yüksək yeri bildirir. Mənbələrdə, ölənlərin ruhlarının düşdüyü bu yer - yaxşıları pislərdən, canlıları ölülərdən ayıran yer kimi göstərilir ki, norveçlilər bu qaranlıq, yeraltı dünyanı Hel (Gel), yunanlar isə uzaq bir ada mənasında Hades (Qades/Kades) adlandırırlar. Cəhənnəm haqqındakı bütün mənbələrdən çıxan nəticə isə odur ki, bu rəmz Kənan (Geenna) vadisində,”yeddi günə” İlahi oddan yaradılmış yüksək bir yerdir. Kənan (KNN və ya NNK) rəmzi qədim dünyanın ən sirli rəmzidir və bu rəmz altında Babildə tikilmiş “Yer və Göyün təməl Evi” olan Etemenanki (TM-HHK), Damkin (DM-KN) abidələri nəzərdə tutulur ki, bunlar da elə başı göylərə çatan Babil qülləsinin digər adlarıdır. Belə çıxır ki, “Allahın qapısı” mənasında olan Babil qülləsi elə Yerin-Göyün təməl evidir və cəhənnəm də İlahi oddan yaradılmış bu evdir. Qurana görə, İlahi odla bağlı olan bu ev, Azər oğlu İbrahim peyğəmbər üçün tikilmiş və ora cənnətə çevrilmişdir. Bu evin tikilişi isə Quranda Musa peyğəmbərə aid edilir. Tövrat, Musa peyğəmbərin göydən gətirdiyi İlahi oddan yaratdığı cənnəti - Allahın sakin (Skinya) olduğu “Vəhy çadırı” adlandırır. Başqa sözlə, cəhənnəm və cənnət – İlahi oddan yaradılmış bir evin müxtəlif adlarıdır. Əgər nəzərə alsaq ki, bu İlahi odun adı həm də Azər odudur, razılaşarıq ki, cəhənnəmin dili dedikdə, İlahi odun dili, yəni Azəri türklərinin dili başa düşülməlidir.
İlahi oddan yaradılmış Evin digər adı Etemenanki məbədidir və bu addakı Etem/Dam rəmzləri qədim Misirin Atum Allahının rəmzidir. Bu rəmz altında göydə yaradılmış kosmik insan və onun bədənindəki ruhlar dünyası nəzərdə tutulur. İslamda Atum rəmzi Adəm kimi məlumdur ki, Mühiddin ibn Ərəbi, əl Qəzali, Astarabadi və s. kimi sufilərə və digər mənbələrə görə də, Adəm – bütün dünyanı Öz “bədəni” ilə əhatə etmiş Allahdır. Etemenanki (TM-HHK) və Damkin (DM-KN) rəmzləri də batinilikdə “Adəm-Kün!” mənasında Allahın Adəmə - “Var Ol!” əmridir. Batinilərdə Allahın “Kün!” əmri ilə “Kənan” və qədim Misirdə eyni mənalı “Xenn” rəmzi - “qaldırılmış torpaq” mənasını verir və bu da “Mar” (MR) mənasında olan Misir piramidasını bildirir. Misirşünaslar “MR”, yəni mar rəmzini - “qalxma yeri”, “fironun göyə qalxması üçün metafizik odlu şar”, “Ba-nın qalxması”, “yaranış yeri və sonsuzluqda dirilmənin baş verdiyi İlkin dağ” və s. kimi mənalandırırlar. Bütün bunlar qədim Misirin Ra-Amon (Rəhman) Allahının yaranışı və ərşə hakim olması ilə bağlı rəmzlərdir. “MR” rəmzi ilə bağlı olan və qədim Misirin digər adı sayılan Ta-Meri rəmzi isə - “Mer torpağı”, “sevimli torpaq”, “dirilmə torpağı”, “şumlanmış və qaldırılmış torpaq”, “İlahi kanallar torpağı” və s. kimi mənalar verir (Алан Ф Эльфорд, Путь Феникса. Тайны забытой цивилизации, «Земля Мер», http://www.universalinternetlibrary.ru/book/26498/ogl.shtml#t130). Lakin “MR” rəmzi eyni zamanda Mar, yəni Midiya mənasındadır və bu Mada/Midiya rəmzi də Adəm/Atum rəmzinin digər yazılış formasıdır. Bütün bunlar isə o deməkdir ki, odlu cəhənnəm adlanan yer - Azərbaycanın qədim Midiya ərazisində yaradılmış ruhlar dünyasıdır və cəhənnəm də, sufilərə görə bu kosmik İnsanın - Atum Allahının, yəni Adəmin bədənindədir.
Cəhənnəmin qoruyucusunun mənbələrdə “MLK” rəmzi ilə qeyd olunması onu bildirir ki, bura həm Malikin Mülkü və həm də mələklərin ölümsüzlük qazandığı Mələküt aləmi, yəni cənnətdir. Sufizmdə Mülk və Mələküt aləmi dedikdə, Əl Qəzalinin Mülk, Mələküt və Cəbərut aləmləri yada düşür. Burada Mülk - Allahının yerdəki yurdu, Mələküt - bu yurdun göylərində yaradılmış mələklər aləmi olan cənnət, Cəbərut isə Mülkün altında tikilmiş mağara anlamındadır ki, yunanlar məhz buranı Qades (Kades) adlandırırlar. Bütövlükdə bu üç dünya isə Atum Allahı və ya Adəmin “bədənidir”.
Yazdıqlarımızdan belə cıxır ki, cəhənnəm rəmzi altında qədim Midiyanın altında qorunan və Cəbərut aləmi mənasında olan Etemenanki məbədi nəzərdə tutulur və bu mülkün göylərində də eyni vaxtda kosmik insan-Allah olan Atum/Adəm var olmuşdur. Adəmin qərar tutduğu torpağın, yəni Mülkün sahibi isə Malikdir. Mənbələrdə Malik və Mülk (MLK) rəmzləri Məmalik (MMLK) kimi də yazılır və bunlar da batini mənada eynidir. Məmalik rəmzi İranda Qacar şahlarına aid edilərək, “Məmaliki Məhruseyi Qacar” kimi məlumdur və “Qacar şahlarının qorunan Mülkü” mənasını verir. Bilirik ki, İran adına qədər bu ölkənin adı “Məmaliki Məhruseyi Qacar” adlanırdı. Başqa sözlə, Malikin qoruduğu cəhənnəm elə Qacarların qorunduğu İran Mülkündədir (bax, məqaləm: “İran – Allahın Qacarlara verdiyi qorunan mülküdür”, http://gilarbek.blogspot.com/2019/03/iran-allahn-qacarlara-verdiyi-qorunan.html).
Azəri türklərinin Qacar şahları, məşhur Cəlair nəslidir ki, bunlar da qədim dünyanın ən şöhrətli Gelarküni bəgləridir. Alban və erməni mənbələrində məhz Gelarküni-Sünik şahları – Ərənşahlar, yəni İran şahlarının nəsli adlanır. İran mənbələrində Gelarkünin Gel oğulları – Gilan şahları adlanır və mən “Şahnamə - Azəri Türk bəglərinin tərcümeyi-halıdır” adlı məqaləmdə bu haqda geniş məlumatlar vermişəm (http://gilarbek.blogspot.com/2012/08/sahnam-azri-turk-bglrinin-trcumeyi-haldr.html). Gelarküni/Cəlairilərin titulları, numizmatika nümunələrində “Xəllədə Mülkəhu”, “Xəllədullah Mülkəhu” kimi yazılırdı. Xəllədə rəmzi – Gel oğullarının Xilat/Gelad eli, Mülkəhu rəmzi isə - Allahın Mülkü deməkdir. Başqa sözlə, “Xəllədə Mülkəhu”, “Xəllədullah Mülkəhu” rəmzləri – Allahın mülkünün məhz Cəlairilərin mülkü olması deməkdir. Əhdi-Ətiqdə də Allah Geladı “Mənim” adlandırır ki, bu da Gel elinin Allahın mülkü mənasında olması deməkdir (Библия, Песня,4:1).
İranın Gelar/Cəlair Türk bəgləri mənbələrdə atəşbəglər adlanır ki, bu da onların Azər odu, atəşi ilə vəhdətdə olmaları ilə bağlıdır. Qədimdə onlara həm də farnbaq (fironbəg) rəmzi şamil edilirdi və bu da İlahi farn odunu daşıyan bəg deməkdir. İran mifologiyasında farn odu – var-dövlət, hakimiyyət və qüdrət gətirən İlahi mahiyyətdir və bu da elə İlahi Azər odudur. Farn (fər) İlahi odunu daşıyan atəşbəglər həm də “əhli-Haq” hesab olunurlar. Qədim Misirdə Haq (Heka) rəmzi – iki dünyanın, yəni yerdəki fiziki və göydəki ruhlar dünyasının sahibi olan Asar/Osiris/Azər Allahına aid edilir.
Əhli-Haqların eyni zamanda bəktaşiliklə eyniliyi onu deməyə əsas verir ki, Azər/farn odunu daşıyan farnbaqlar elə İlahi atəşlə vəhdətdə olan atəşbəglər, yəni bəgatəş–bəktaşilərdir. Başqa sözlə, bəktaşilər – Gelar, Gilan, Cəlair bəgləridir. Əhdi-Ətiqdə bu Gel oğulları – Gelad izmaililəri adlanırlar ki, İslam mənbələrində bu izmaililər – Gelati-Şiə (Qulat) ismaililəri kimi məlumdur. Gelat isə - Azərbaycan Atabəglər ailəsinin malikanəsi olan Xilatdır. Quranda Xilat - Xüld kimi keçir və cənnətə aid edilərək “Xüld cənnəti” adlandırılır. Belə çıxır ki, Cəlair-Qacar bəktaşilərinin oddan yaratdığı ev - ismaili şiələrinin Gelat elindədir (bax, məqaləm: Həqiqi İslam Albaniya bəktaşilərindən başlanır, http://gilarbek.blogspot.com/2019/04/hqiqi-islam-albaniya-bktasilrindn.html).
Mənbələrdə Gelatın Şiə rəmzi ilə bərabər qeyd olunması o deməkdir ki, əsl şiəlik məhz Gelatdan başlanır. Gelat ismaililərinin İsmailiyyə fəlsəfəsinə görə, göydə yaradılmış ruhlar dünyası 12 hissədən (rəmzdən) ibarətdir. Bu fəlsəfənin, Assuriyadakı Asarın 12 böyük Allahının fəlsəfəsi ilə eyniliyi onu deməyə əsas verir ki, Gelat şiəliyi islamdan min illər əvvəl Assuriyada mövcud olmuşdur. Qədim Misir mənbələrində Şiə rəmzi Şu Allahı kimi keçir və Ruh mənasını verirdi. “Dünya”nın yaradılışının Misir kosmoqoniyasına görə, Atum (Adəm) Allahı öz-özündən Şu və Tefnutu, yəni Öz ruhu və rituallar vasitəsi ilə Qeb (Qeyb aləmi) və Nut (Din rəmzi) göylərini yaradır. Şu qalxaraq Nut göyünü Qeyb aləmindən ayırır. Məhz bundan sonra Asar (Assur/Osiris) və digər Allahlar yaradılır. Başqa sözlə, göydəki Qeyb aləmini Ra-Amon Allahın Şu ruhu saxlayır. Allahının Şu ruhunu yəhudilər Yeşua (Ya-Şiə), xrstianlar İsa, müsəlmanlar isə Şiə adlandırdılar. Deməli, Gelat şiəliyi - Allah Şu ruhunun göyə qaldırdığı Qeyb dünyasından, yəni göydə cənnətin yaradılmasından başlanır ki, bu hadisə də 5500 il əvvəl baş vermişdir. Başqa sözlə, Gelat şiələrinin İsna Aşəriyə, yəni Azərin 12 imam dini elə qədim Asar/Azərilərin 12 böyük Allahının dinidir və bu din – Gelatın (Xilat) yerləşdiyi Azərbaycandan və Azəri Türk bəglərindən başlanır.
Bütün bunlardan çıxan nəticə odur ki, qədim mənbələrdə cənnət və cəhənnəm dedikdə, Azəri Türk bəglərinin Gelat/Xilatda, İlahi Azər odundan yaratdıqları Allah Evi nəzərdə tutulur. Qədim Misirdə bu müqəddəs Kadus Eli – Gel şəhərində (Geliopol) yaradılmış Atum Allahı kimi keçir. Bu Allah Evinin gözətçiləri olan Malik nəsli isə, Azəri bəktaşiləri (atəşbəgləri) olan Gilar/Cəlairilərin Qacar nəslidir.
Məlumdur ki, axirətdə, Rəhman Allahın Gel elində yaratdığı “Dünyanın” sonu olacaq və əvəzində yeni Atum Allahı (Adəm) və onun yeni ruhlar dünyası yaranacaq. Quranda, axirətdəki bu əvəzləmə - “torpaqların başqa torpaqla dəyişdirliməsi” kimi qeyd olunur (Quran,14:48). İsmaili fəlsəfəsinə görə, bu yeni Qeyb aləminin vərəsəsi isə Gelati-Şiə ismaililərinin son imamı olacaq. Mən, “Cənnət haqqında həqiqətlər və onun vərəsəliklə verilməsi” adlı məqaləmdə bu haqda geniş məlumatlar vermişəm (http://gilarbek.blogspot.com/2013/03/cnnt-haqqnda-hqiqtlr-v-onun-vrslikl.html). Tövrata görə bu İlahi Torpaq, Allah tərəfindən İbrahim, İsaq, Yaqub oğullarına vəd olunmuşdur. Alban mənbələrində bu qeyb aləmi – Aran şahlarının Albaniya ölkəsi kimi qeyd olunur ki, mənbələrdə onun adı Alu kimi də keçir. Alban-Alu ölkəsi isə bu mənbələrdə Gelarküni nəslindən olan bir nəfərə vərəsəliklə veriləcək.
Alu rəmzi qədim mənbələrdə Assuriya elinə aid edilir və bu eli yəhudilər El Allahı adlandırırlar. Assur mənbələrində bu müqəddəs El – “El-Amurru”, yəni Midiya marlarının, mirilərin El Allahı mənasında qeyd edilir. İfrat Gelat şiələri isə, Atum Allahının bədənində olan bu “El-Amurru” vilayətini – “Əli Əmir” kimi qeyd edirlər və imam Əlini - Əli-İlahi və Əli-Allahi adlandırırlar. Xristian mənbələrində, axirətdə göydə yaranacaq bu dünya – yəhudilərin Yeşua, yəni Ya-Şiə adlandırdıqları İsa peyğəmbərə aid edilir və o da Allah adlandırılır. Quranda da, axirətdə yaranacaq yeni dünyanın sahibi Allah adlandırılır (bax, məqaləm: “Qurana görə axirətdə Allah gələcək”, http://gilarbek.blogspot.com/2014/01/qurana-gor-axirtd-allah-glck.html).
Bütün bu yazılanlardan çıxan nəticə odur ki, hədisdəki – “cəhənnəmin dili Türk dilidir” fikri rəmzi mənadadır və Allahın göydə yaratdığı Qeyb aləmində, ölənlərin ruhlarının ünsiyyət vasitəsi mənasında ekstatik vasitə - vəhy deməkdir. Bu qeyb aləmini isə, Türk dilində danışan Azəri Türk bəgləri yaratmışlar və axirətədə də vərəsəliklə yenidən İranın Cəlair-Qacar pir-şahlar nəslindən bir nəfərə çatacaqdır.
Bu gün İran adlanan, sufilərin isə Ərən, Hu-Ərən adlandırdıqları müqəddəslər yurdunda hakimiyyət, həqiqi İslamın, şiəliyin əsl mahiyyətindən xəbəri olmayan bir qrup insanların əlinə keçmişdir. Özlərini ayətulla, müctəhid və s. yüksək adlarlarla adlandıran bu molla rejiminin məmurları, ölkəsinin fərqli didə danışan əhalisini təhqir etməkdən çəkinməyən, əsilsiz adi insanlardır. Bu tip məmurların uzun müddət İranın əxlaq müəllimi olması, bu ölkəni idarə edənlərin də təsadüfi insan olması deməkdir. İran kimi müqəddəs bir ölkənin başına belə insanların gəlməsi yalnız axirət zamanında ola bilərdi ki, bu da axirətin yetişməsinin göstəricisidir. Bu günkü İran şiəliyinin əsl şiəliklə heç bir əlaqəsi yoxdur. Çünki indiki şiəlik tam cahillik və bütpərəstlikdir. Əsl şiəlik isə insanlara kamillik və ölümsüzlük bəxş edən ismaililərin batin elmidir. Əsl şiəliyi də 5500 il əvvəl, biz - Gelatın ismaili şiələri yaratmışıq və indiki mollaların bu elmdən ümumiyyətlə xəbəri yoxdur. Şiəlik adı ilə hakimiyyəti zəbt etmiş insanlar bilməlidirlər ki, dünya - Allah və Onun Lövhi-Məhfuzda yazdığı rəmzlərə uyğun idarə olunur. Bu yazıda yazılanlara görə, bu gün İranda hakimiyyəti zəbt etmiş savadsız mollalar, axirət məhkəməsində çox ağır cəzalandırılacaqlar və nə onlar, nə də ətrafları, törəmləri cənnət üzü görməyəcəklər. Cənnət də, cəhənnəm də axirətdə – Maliklər nəsli olan Cəlair-Qacarlara Allah tərəfindən vəd edilmişdir. Allah isə Öz vədinə sadiq olan ən Ali İlahi Varlıqdır.
Bütün bunlar haqda daha geniş məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və internetdəki çox saylı məqalələrimdə verilmişdir.
Batini-Quran kitabının müəllifi, sufi-batin alimi
Firudin Gilar Bəg