Dədə Qorqudun işə yaramayan qopuzu
28-01-2020, 20:48
Leyla Sarabi
Küçəmizin tən ortasında Dədə Qorqud pambıq şəkər satır. Saqqalı qardan, saçları bumbuz, gözləri dolu. Kimsə körpə ikən "qaşın ağarsın" deyə qarğış edib Qorquda. Kimsə uşaq vaxtı "ömrün qara gəlsin" cadusunu yapışdırıb yaxasına. Bədənində hər şey ağarıb soyuq qışa dönüb, ən isti xatirələri buz bağlayıb. Yayın göynək alovuna da isinmir bizim Qorqud. Amma önünə səpələdiyi rəngli peşməklərdən görürəm, ürəyi yumyumşaqdır. Fərz et, ürəyindən başqa satmağa dəyərli heç nə tapmayıb. Heç şübhəsiz, hər kəsin ömründə bir dəfə möcüzəyə bulaşmaq haqqı var.
Bir gün əfsanəyə qarışası olsa idim, Drezdendə mürgüləyən Dədə Qorqudu oyadardım. Qopuzunu sındır, tulla. Heç bir işə yaramadı. Bir körpəyə tamah salan xəstələri, qadınını didən bioloji kişiləri bu torpağın ələyindən keçirə bilmədik. Sənin eninə-boyuna ölçdüyün vicdan arxalığının üstünə oturduq. Mantiyanın ən dibində gizlən.
**
Qaynar Strasburq günəşi dərimin məsamələrini göynədirdi. Əlimə keçən ən nazik, bəlkə də ən qısa, bəlkə də diqqətləri lap üzərinə yığan və bəlkə də ən cazibədar donumu geyinib, marketə zəruri ərzaqlar dalınca yollandım. Bakıda belə donla küçə ilə rahat gəzməyə alışmadığım üçün tez-tez ətəyimi aşağı dartır, hətta bir az utanırdım da... Marketə yaxınlaşanda gördüm 3 sərxoş gənc italyanca danışır. İtalyanlar Avropanın ən temperamentli, çılğın milləti olduğundan azca çəkindim. Bu saat dönüb arxamca ya fit çalacaq, ya da nömrəsini qışqıracaq. Bəlkə də başları siqaretə bərk qarışmışdı, üzlərini döndərib, gözümə də baxmadılar. Nə qərib, nə qəribə?! Özü də içkili idilər...
Alış-veriş edib, çıxışa yaxınlaşdım. Sərxoş üçlük yerindən yarım addım da tərpənməmişdi. Yenə su kimi axan ana dillərində meyxoş söhbət edirdilər. Zalımın uşaqları yenə başlarını qaldırıb, "zənən xeylağı keçir, baxım, ağlıma gələn ilk iyrənc sözü qızın yaxasına yapışdırım" demədilər. "Müqəddəs" üçlüyün "anam-bacım olsun" prinsipi məni bir xeyli təəccübləndirdi. Axı torpağına qurban olduğum vətənimdə hər süd tükü yeni tökülən millətin namus yükünü balaca çiyinlərinə alıb, ağırlıqdan dizi üstə çökür. Axı mənim məmləkətimin bığıburma kişisi qızını can qurtarmaq istədiyi malı kimi ərə sırıyır ki, namusu təmizlənsin. Axı gözəl ölkəmin oğlanını küçədən keçən qadının, qızın beynindən çox ətəyinin qarışı maraqlandırır.
Məsələnin kökü isə mətbəxdən qaynaqlanır. Təsəvvür edin, evdə gözəl süfrə açmısınız, bütün nemətləri də düzmüsünüz masaya. Filmdəki kimi, barmaq qoymağa yer qalmayıb. Doyunca yeyib, küçəyə çıxırsınız. Ən ləziz xörəyin iyi belə burnunuzu deşsə də, artıq toxsunuz. Təklif olunsa da, yeməkdən imtina edəcəksiniz. Biz də beləcə azad qadın anlayışına əbədi susamış, əzəli acıq. Biz qadının dəyər yükünü hicabla, niqabla, lap elə qısa şortla yox, davranışla, mənəvi zənginliklə ölçüldüyünü dərk etmirik. Biz qadının söhbətinə yox, vücuduna vurulub, geyiminə görə qarşılayıb, bəzəyinə xatir yola salırıq. Çünki əksəriyyətimizin qısa ətəyi, ayağımızı çılpaq qoyan şortu "mən sizin mentalitetinizdən daha üstünəm, mənim elm dünyam, sənət aləmim sizin çürük beyinlərinizə meydan oxuyar" mesajına od püskürən nəfsiniz, cinsi təmas, cinsi ünsiyyət, cinsi əlaqə çatışmazlığınızın odunu artırır. Biz hətta qırışmış qarının barmaqlarında gəzən yaltaq namizəd dodaqlarında şəhvətdən pay axtarıb, nənəmizi pula satırıq.
***
Bizim Dədə Qorqud balaca lövhənin üstünə yapışdırdığı peşməkləri satıb bitirənə qədər Günəş yorulub yatmağa gedir. Ay da alatoranda yerə düşüb yanağına qonur. Gələcək deputatların yuxusunda da özünə yer tapmayan evsiz qarı, Azərbaycan ağırlıqda imarətdən qovulub, aybənizə sığınır. Öncə xəcalətlə bir-birindən baxışları gizlənir. Sonra ağsaqqal lövhəsindən pambıq şəkər qoparır. İtkin qarı əlini uzadır. Dədə Qorqud ürəyinin bir parçasını buz ovucda gizlədib gözdən itir. Mən bilirəm, evə gedib qopuzunu qıracaq, muzeylərdən arxivini yığacaq, vərəqlərdən od qalayıb küçələrə qovulan nənələrin əllərini isidəcək. İsidəcək ki, gün çıxanda əl öpməyə gələnlərin dodaqları üşüməsin. Arvadını əzim-əzim əzənlərin yumruqları inciməsin. Qolu boyda körpələri zorlayanlar utancından göynəməsin. Yeni boylar, yeni ölçülər biçəcək qəhrəmanlıq dastanına...
publika.az