ŞUMER ( SUMER ) TÜRKLƏRİ
16-02-2020, 18:05
“Tufan”dan sonra İkinci Böyük Turan mədəniyyətinin Yaxın Şərqdə ən önəmli davamçısı Şumer Türkləri olmuşdur. Şumer Türklərinin yaratdığı böyük mədəniyyət “Tufan”dan sonrakı bütün bəşər mədəniyyətinin ideya qaynağı olmuşdur.
Şumerlər haqqında tarix elmində iki əsas ehtimal var. Bunlardan biri ondan ibarətdir ki, Şumerlər ən əski çağlardan Mesopotamiyada yaşayan yerli (avtoxton) xalqdır. İkinci ehtimala görə Şumerlər Mesopotamiyaya başqa yerdən gəlmişlər. Dünya şumerşünaslarının əksəriyyəti bu ikinci ehtimalı əsas götürürlər ki, biz də bunu həqiqətə daha uyğun hesab edirik. Belə ki, bu şumerşünasların gəldiyi son nəticə bundan ibarətdir ki, “Tufan”dan sonrakı ən qədim mədəni insan məskəni Çayhun (Amu-Dərya və ya Öküz) və Sayhun (Sır-Dərya və ya İnci) çaylarının hövzəsi, Aral gölünün ətrafı və Turan ovalığı olmuşdur. “Tufan”dan sonra dünyada mədəniyyət ilk dəfə Türküstandan Xəzər dənizinin sahillərinə qədərki ərazilərdə mərkəzləşmiş və buradan başqa ərazilərə yayılmışdır. Bunu nəzərə alan tədqiqatçılar göstərirlər ki: “Bir vaxtlar “Tarix Şumerdən başlayır” deyildiyi halda indi “Tarix Orta Asiyadan-Turandan başlayır” deməyi tarix elmi bizdən tələb edir. Bu ilk mədəniyyət mərkəzinin (Türküstan nəzərdə tutulur-A.M.) yaranma və varolma tarixi eradan qabaq X-VI minilliklərə aid edilir. Dünyanın ikinci qədim mədəniyyətinin toplandığı mərkəz Xəzərin qərb sahillərindən başlayaraq qərbə doğru Kür-Araz ovalıqları, Qızılüzən boyu və Urmiya gölü ətrafını əhatə edir. Bu mədəniyyətin yaranma və varolma tarixi eradan qabaq VII-II minilliklərə dayanır. Tarix baxımından Şumer üçüncüdür. Dəclə və Fəratın hövzəsi və yuxarı axını, Partaq (Zaqros) dağlarının qərb ətəklərindən Ərəbistan səhrasının şimal-şərqinədək olan ərazini əhatə edir və eradan öncə IV-II minilliklərə bağlanır” (Seçmələr bizimdir-A.M. Bax: Əbülfəz Elçibəy, Bütöv Azərbaycan yolunda, ikinci nəşr, Bakı 2004, səh. 23-24).
Məşhur ingilis alimləri Q.Çaydl və S.Lloyd daha da irəli gedərək göstərirlər ki: “Turanlılar təxminən on, on iki min il bundan əvvəl səfalı, bəhrəli Dəclə və Fərat çayları hövzəsində məskən salıb ətraflarında yaşayan saysız-hesabsız vəhşi qəbilələrin heyrətli nəzərləri altında dünya sivilizasiyasının səhərini açdılar. Dünyada ulu bir mədəniyyətin məşəli alışdı. Bu işıq ehtiyacı daxildən gəlirdi və çox çəkmədi ki, qoca Asiyanın münbit torpaqlı hər guşəsində işıq adaları şölələndi” (Seçmələr bizimdir-A.M. Bax: Q.Çaydl, Drevneyşiy Vostok v svete novıx raskopok, Moskva 1956, səh. 252-256; Seton Lloyd, Reki blizniçi, Moskva 1972, səh. 16).
Tədqiqatçılar ilk şəhər dövlətlərinin və ən başlıcası, ilk yazı mədəniyyətinin Şumerlərə aid olduğunu nəzərə alaraq Şumerləri dünya mədəniyyətinin yaradıcıları hesab edirlər. İlk yazı mədəniyyətinin Şumer Türklərinə aid olduğunu irəli sürən tədqiqatçılara görə, Şumerlərdən bu əlifbanı əxz edən Finikiyalılar ticarət əlaqələrində olduqları sami xalqlara, Yunan və Latınlara aparmış, Latın, Yunan, İbrani və Ərəb əlifbaları da Şumer əlifbası əsasında yaradılmış, sonradan Latın əlifbası əsasında Alban (Azərbaycan ), Qrobar (Hay), Kartli (Gürcü) və Kril (Rus), Ərəb əlifbası əsasında isə qədim Soğdi və Uyğur əlifbaları yaradılmışdı (Seçmələr bizimdir-A.M. Bax: Ahmet Cavat, Alfabenin menşei, En eski Türk yazısıdır, İstanbul 1933).
Öz qaynağını qədim Günəş İmperiyasının “Müqəddəs sirlər”indən alıb dünyaya yayan, Ceyms Çörcvordun “Böyük Uyğur İmperiyası” adlandırdığı Böyük Turan İmperatorluğunun təfəkkürünün məhsulu olan, bəşəriyyətin ulu ata və anası sayılan An (Göy) və Ki (Yer) düşüncəsi əsasında yaranan “Bilgəmiş” (“Qılqamıs”) dastanındakı motivlər sonrakı dini kitablara da keçmiş, Bibliyada “Adəm və Həvva” şəklində öz əksini tapmış, Şumerlərdən sonrakı bütün Şərqin və Qərbin bir sıra xalqları bu dastanın güclü təsiri altında olmuşlar. Belə ki, An və Kinin nigahından Enli və Enki doğulmuş, Adəm və Həvvadan da Habil və Qabil dünyaya gəlmişdir. Deməli, ilk qaynağını “Müqəddəs sirlər”dən alan “Bilgəmiş” dastanındakı “Nuh tufanı”, “Novruz Bayramı”, “Qurban Bayramı”, od, torpaq, su və havadan ibarət həyat anlayışı və s. kimi məsələlər də Şumer təfəkkürünün məhsuludur. Ümumiyyətlə, Şumerlərin mədəniyyəti qədin Turanlıların dini-etik görüşlərinin, fəlsəfi baxışlarının, bədii fikir dünyasının davamıdır. Deməli, qədim Turanlılarla Şumerlərin, Şumerlərlə sonrakı Türklərin eyni inam fəlsəfəsi daşıması onların eyni kökü paylaşmalarına bariz sübutdur. Belə ki, bizim eranın VI əsrinə aid Eltəriş Xaqanın şərəfinə həsr edilmiş kitabədə Göy Türk Xaqanı Qapağan Xaqanın dilindən belə bir fikir həkk olunmuşdur ki: “Mən, Qapağan Xaqan, Eltəriş Xaqanın elində tərbiyə aldım. Bu eli (El qədim Türklərdə “Dövlət” anlamında işlədilmişdir. Bax: Prof. Dr. Laszlo Rasonyi, Tarihte Türklük, Ankara 1971, səh. 61) mənim 65 ulu babalarım yaratmışlar” (Bax: Malov, S.E., Pamyatniki drevnetyurkskiy pismennosti Monqolii i Kirqizii, Moskva 1959, səh. 7-10).
Bir çox tədqiqatçılar haqlı olaraq təsdiq edirlər ki, Babilistana gələn xalq (Şumerlər nəzərdə tutulur-A.M.) özü ilə çox yüksək mədəniyyət də gətirmişdilər. Şumer Türkləri dünya mədəniyyətinə möhtəşəm tikililər, Eridu, Ur, Uruk, Laqaş, Şurrupak, Adab, Nippur, Kiş və s. kimi əzəmətli şəhərlər, ilk səsli yazı sistemi, ilk nəzmlə yazılmış qəhrəmanlıq epopeyası, ilk kitabxana, ilk kitab kataloqu, yeddi notlu septatonik musiqi sənəti, suvarma kanalları, əkinçilik mədəniyyəti, ilk iki palatalı parlament, ilk tarixçi, ilk ədəbi abidələr, ilk matəm nəğmələri, heyvanlar haqqında ilk təmsillər toplusu və s. bəxş etmişlər (Seçmələr bizimdir-A.M. Bax: Kramer S.N.Tarih Şumerle başlar, Ankara 1990). Şumer Türklərində məktəblər, dərsliklər, müəllimlər, mirzələr, katiblər olmuş, bu mirzə və katiblər onlarla gil lövhələrdən ibarət kitablar, kitabələr, elmi və rəsm əsərləri vücuda gətirmişlər. Bütün bunlarla yanaşı Şumerlər dünya mədəniyyəti tarixində ilk hüquqi qanunların, mülkü sənədlərin, dini və kosmoqonik təfəkkürün də yaradıcısı hesab olunurlar. Qədim Şumerlərdə hökmdarlar və qanunvericilər Kainatla dövləti ayrılmaz hesab etmiş, ona görə də öz hakimiyyətlərinin və qanunlarının İlahi xarakter daşıdığını irəli sürmüş, bütün insanları və hətta canlı və cansız varlıqları, Təbiətin əşya və hadisələrini də dövlətin bir üzvü hesab etmişlər. Onlar mövcud Göy cisimlərini və Təbiət hadisələrini müqəddəsləşdirərək Allah səviyyəsinə qaldırmış (Göy Allahı Anu, Tufan Allahı Enlil, Şər Allahı Marduk və s.), kosmik dövlətlərində ümumi yığıncağı “Allahların müşavirəsi” hesab etmiş, ona görə də özlərini Allahların yerdə iradəsini həyata keçirdiklərini irəli sürmüş və bununla da öz hakimiyyətlərinin İlahi xarakter daşıdığını əsaslandırmağa çalışmışlar (Seçmələr bizimdir-A.M. Bax: Yusif Rüstəmov, Siyasi-hüquqi təlimlər tarixi, Bakı 2000, səh. 25-26).
Şumerlər “6-lıq və 10-luq sistemi ilə əks olunan riyazi hesablamaların, astronomiya və astrologiya elminin təməlini qoymuş, 6 Göy, 10 Yer rəqəmi olmaqla bu rəqəmlərin hasil nəticəsi kimi 60 saniyəni bir dəqiqəyə, 60 dəqiqəni bir saata, sutkanı 24 saata bölmüş, çevrəni 360 dərəcəyə, buradan da qapanmış çevrənin ilin 360 günə bərabərliyini ilahiləşdirmiş, çevrənin tam qapanması üçün 5 günü nə köhnə, nə də təzə ilə aid etməklə bayram günləri saymışlar” (Seçmələr bizimdir-A.M. Bax: Arif Əliyev, Şumer dastanları, Bakı-AzAtaM-2008, səh.3).
Şumerlər ən müqəddəs bayram olan Yeni il-Novruz bayramını yazın gəlişi şərəfinə qeyd etmiş, yeni ilin birinci ayı olaraq Mart ayını qəbul etmişlər. Şumerlərin təfəkkürünün məhsulu olan bu müqəddəs bayramı bizim eraya qədər bütün dünya xalqları qeyd etmişlər. Tədqiqatçılar göstərirlər ki, bu bayram Romalılar tərəfindən 2000 (iki min) il bundan əvvəl qəbul edilmiş “dövrümüzün təqvimində də öz izlərini qorumaqdadır. Belə ki, günümüzün təqvimində...sentyabr-septem (yeddinci), oktyabr-okto (səkkizinci), noyabr-novem (doqquzuncu), dekabr-dekem (onuncu) aylar olaraq Şumer yaddaşını qorumaqdadır” (Bax: Arif Əliyev, göstərilən əsər, səh. 4).
Tədqiqatçıların fikrincə, Şumerlər 12 bürc haqqında ətraflı bilgiyə sahib olmuş, bürcləri heyvanların müqəddəsləşdirilmiş ruhları şərəfinə adlandırmışlar. Şumerlərin təfəkkürünün məhsulu olan Göy cisimləri haqda ilk elmi nəzəriyyələri, Günəş sisteminə daxil olan 9 planetə qarşı bu gün belə elmə məlum olmayan əlavə 2 Göy planeti haqqında ətraflı məlumata malik olmaları (Amerika alimi Sitçin) Şumerlərin yerxarici sivilizasiya haqqında bilgiyə sahib olmalarını göstərir.
“Hələ 5 min il bundan öncə Şumer həkimləri gözdə mürəkkəb cərrahi əməliyyatlar apararaq mirvari suyunu götürmək iqtidarında olmuşlar. Şumer xalqının bəşəriyyətə bəxş etdiyi bu zəngin miras yalnız dünyəvi elmlər, incəsənət nümunələri ilə məhdudlaşmamış, onlar həm də fəlsəfi fikirlərin, əsasən də mənəvi saflığın təməli olan inam mədəniyyətinin əsaslarını yaratmışlar” (Seçmələr bizimdir-A.M. Bax: Arif Əliyev, göstərilən əsər, səh. 5).
Şumerlərə görə , Yer kürəsinin ilk insanı Yer qızı Qarabaşla Göy Mələyi Elinin törəməsidir. Bu fikir sonradan Bibliyaya da siyarət etmiş, region ölkələrinin mif və əfsanələrində də əks olunmuşdur. Şumer təfəkkürünə görə El insanlığın ilk atasıdır. Bibliya və ondan sonrakı dini kitablarda insanların “Kökü torpaq olmaqla bir ata və anadan yaradılması” fikri də onlardan min illərlə öncə Şumer Türkləri tərəfindən irəli sürülmüşdür.
Şumerlər Yer planetinin yaradıcısının da tək Tanrı olmasını Bibliyadan min illərlə öncə söyləmişlər. Şumerlərə görə , Tanrı yer üzündəki şahlığı Tanrı əsilli, Tanrı sifətli, Tanrı kökəmli yer övladına etibar etmişdir. Şumerlərin təfəkkürünün məhsulu olan bu fikir sonradan Bibliya və digər dini kitablara, həmçinin region ölkələrinin mif və əfsanələrinə də siyarət etmişdir. Məşhur Şumerşünaslardan S. N. Kramer və M.S. Belinkiy elmi şəkildə sübut etmişlər ki, Bibliyadakı Nuh daşqını, Adəmin torpaqdan, Həvvanın isə onun qabırğasından yaradılması, Habillə Qabilin ədavəti və bir sıra çoxsaylı məsələlər heç də Yəhudilərə Allah müjdəsi və Yəhudi təfəkkürünün məhsulu olmayıb Şumerlərdən əxz edilmişdir. Ona görə də Bibliyanın səmaviliklə heç bir əlaqəsi yoxdur. Bibliyada göstərilən mif, rəvayət, nağıl və təmsillər də Allah müjdəsi olmayıb qədim Yəhudilərin Şumerlərdən eynilə mənimsəyib köçürdüyü və əlaqədə olduğu müxtəlif xalqların təfəkkürünün, yaradıcılığının məhsuludur. Görkəmli alim D.Q.Reder göstərir ki: “Bibliyanın nəinki səmaviliklə, hətta Yəhudilərin iddia etdikləri qədimliklə də heç bir əlaqəsi yoxdur. Bibliya eradan əvvəl 589-586-cı illərdə Babil əsirliyi zamanında yəhudi kahinləri tərəfindən Şumer mifləri əsasında tərtib edilmiş bir kitabdır” (Bax: Literatura drevneqo Vostoka, Moskva 1971).
Yəhudilərin “Peyğəmbər” adlandırdıqları şəxslər “Şumer miflərinin sujetlərini Bibliyaya daxil edərkən elə kobud səhvlərə yol vermişlər ki, məna və sujet dolğunluğu tamamilə itmiş, anlaşılmaz hala salınmışdır. Yalnız minilliklər keçdikdən sonra insanlığın rəhmətini qazanmış insanların fədakarlığı nəticəsində Şumer mədəniyyətinin özəllikləri açılmışdır. Eyni zamana Bibliyanın müqəddəsliyi haqda formalaşmış, onun səmaviliyini əsrlər boyu qeyd-şərtsiz qəbul edən fikirlər tamamilə darmadağın olmuşdur” (Seçmələr bizimdir-A.M. Bax: Arif Əlyev, göstərilən əsər, səh. 32).
Şumerlər elmin hələ uzun müddət sonralar açdığı və hələ bu gün də aça bilmədiyi bilgilərə sahib olmuşdular ki, bütün bunları da onlara Tanrı adlandırdıqları varlıq öyrətmiş, Tanrının onlara bəxş etdiyi bu bilgiləri gil kitabələrə köçürmüş, gələcək nəsillərə ərmağan etmişlər. Şumerlərin davamçıları olan Akkadlar, Assurlar, Babillər, Xetlər, Arameylər sonralar Babilistan, Anadolu və Suriyada öz dövlətlərini yaratmış və Şumerlərin varisləri olaraq onlardan böyük və dəyərli mədəniyyət əxz etmişlər. Şumer ədəbiyyatı Babil və onun vasitəsilə Yunan, Yəhudi və hətta Qərbi Avropa xalqlarının ədəbiyyatı və mədəniyyətinə bilavasitə təsir göstərmişdir. Qədim Sami xalqlar Şumer ədəbiyyatını yüksək qiymətləndirmiş, o abidələri öz dillərinə tərcümə etmişlər. Sami xalqları Şumer dilini canlı istifadədən çıxarsalar da Şumer dili uzun müddət din, ədəbiyyat, mədəniyyət və elm dili kimi öz mövcudluğunu qoruyub saxlamışdı. Ümumiyyətlə, Akkadlar Şumerləri təqlid etmiş, onların maddi və mənəvi mədəniyyətlərini mənimsəmiş, onların yaratdığı elm və mədəniyyətin müxtəlif sahələrinə aid əsərləri öz dillərinə çevirib bəhrələnmiş, zəngin kitabxanalar yaratmışlar. V.V. Struve göstərir ki: “Misirlilərin, Babillərin, Assurilərin, Finikiyalıların, qədim Yəhudilərin və hətta Yunanların dünyagörüşü və incəsənətinin qaynağını məhz Şumerlərdə axtarmaq lazımdır”.
İngilis alimi L.Vulli yazır: “Nil vadisinin ilk fironu Manesin hökmdarlığı dövründə Misir nəhayət tərəqqi yoluna qədəm qoyduğu vaxt onun yoluna Fərat sahillərində pöhrələnmiş daha qədim və daha yüksək mədəniyyətin şöləsi işıq saldı. Qərb mədəniyyəti də Şumerdəki ana ocaqdan şölələndi. Misir, Babil, Assuriya, Finikiya, qədim Yəhudi və nəhayət Yunan mədəniyyətinin də mənbəyini Şumerdə axtarmaq lazımdır” (Bax: L. Vulli, Ur Xaldeev, Moskva 1961, səh. 8).
Alman alimi Q. Vinqler göstərir ki: “Bizə qədər gəlib çatmış ən qədim qaynaqlar Semit dilində deyil, Şumer dilində yaranıb. Bu dil əsas əlamətlərinə görə Türk dilinə uyğun iltisaqi quruluşlu dildir və Semit dillərinin quruluşundan tamamilə fərqlənir” (Bax: Quqo Vinqler, Vavilonskaya kultura, Moskva 1913, səh. 6-7).
Rus alimi D. Q. Reder yazır: “Ulu Şumer ilahi qanunlar ölkəsi idi. Bütün insanlar bir dildə danışır, bir-biri ilə əmin-amanlıq içində yaşayır, kimsə kimsədən qorxmur, hamılıqla ev, qala tikir, şəhərlər yaradırdılar” (D.Q.Reder, Mifı i leqendı drevneqo dvureçiya, Moskva 1965).
Bugün “ həndəsə “ deyərkən ilk ağlımıza “ Pifaqor teoremi “gəlir .Halbuki Pifaqora şamil edilən bu teorem hələ Pifaqordan 1000 ( min ) il öncə Şumerlərə məlum idi . Pifaqor bu teoremi Babilistanda olarkən Şumer mətinlərindən mənimsəmişdi .
Şumer “ İnam mədəniyyəti “nin əsasını təşkil edən “ Yaradan , Yaranmışlar və Ruhlar aləmi “ sonrakı dinlər olan Azərdüştlükdə “ Uğurlu fikir , Uğurlu söz , Uğurlu əməl “ , Xristanlıqda “ Ata Allah , Oğul və Müqəddəs Ruh “ ,Bibliyada “ “Yəhva , Eloah , Safoaf “ , Hindlilərdə “ İşvara , Narayana , Makaşkati “ və bu müqəddəs təməlin yer təzahürləri olan “ Brahma , Vişna və Şiva “kimi əks olunmuşdur . Şumerlərə məxsus bu müqəddəs “ Üçlük “ buğun belə Türklərdə qorunub saxlanılmışdır .
Şumerlərin təfəkkürünün məhsulu olan Göy cisimləri haqqında ilk elmi nəzəriyyələr sonralar bütün dünya xalqlarının sərvətinə çevrilmişdi .Şumerlər Göy cisimlərindən yeddisini – Günəşin ( Şamaş ) , Ayın ( Sinin ) , Merkurinin (Nabunun ) ,Veneranın ( İştarın ) , Marsın ( Nerqalın ) , Yupiterin ( Mardukun ) , Saturnun ( Ninabın ) , trayektoriyaları haqqında ətraflı məlumat vermiş , bu Planetləri ilahiləşdirməklə onların Yerdə baş verən bütün dəyişikliklərə , hətta insanların talelərinə belə təsir etdiyini göstərmişlər ki , bu tendensiya buğun belə davam etməkdədir .
Bütün Şumerşünasların gəldiyi son nəticə bundan ibarətdir ki , Şumer dili Türk dili kimi iltisaqi ( aqqlyunativ ) quruluşa malikdir . Hətta bəzi Şumerşünaslar qəti olaraq bildirirlər ki , Şumerlər ən qədim Türkçəyə bənzər bir dildə danışırdılar .Şumer dilinin Turan dilinə bənzərliyi artıq sübut edilmişdir .
Şumer mətinlərində fars və semit dillərinə xas olan heç bir cizgi yoxdur. Əksinə , bu dilin Turan və Ural – Altay dilləri ilə birbaşa qohumluğu var .
Bəşəriyyətin şərəf nümunələri sayılan Şumer Türklərinə aid bu sənət incilərini tədqiq edərək sonrakı nəsillərə ərmağan edən bu görkəmli Şumerşünaslar – Klavdi Cem Riç , Qrotefend , Roulson , Batt , Plas , Leyyard , Petra de Valle , Texson , Karsten Nibur , Myünter , Nikolskiy , Turayev , Struve , Şileyko , Raftin , Lipin , Martveyev , Sazanov , Meysner , Konteno , Kramer , Afanasyeva , Sitçin , Tomsen, Braqinskiy ,Atakişi Qasımov , Arif Əliyev və digərləri elmi şəkildə sübut etmişlər ki , bəşər sivilizasiyasının , yazı və inam mədəniyyətinin yaradıcısı semit xalqları , Hind – Avropalılar deyil , məhz Şumerlərdir .
Şumerlərlə ən yaxın əlaqədə olan Azərbaycan Türklərinin yaratdığı ilk dövlətlərdən sayılan Aratta , Lullu və xüsusilə , Kuti dövlətidir .
Son olaraq qeyd edək ki, “Avesta”da “Kanqlı” (Kəngərli) etnoniminin Turanlıların sinonimi kimi işlədilməsini, Şumer dilinin Türk dili kimi iltisaqi dil qrupuna aid olduğunu, Şumer mətnlərindəki xeyli miqdarda sözlərin qədim Türk sözləri ilə eyniyyət təşkil etdiyini, qonşularının onlara “qarabaşlar” və ya “qarapapaqlar” demələrini, Şumerlərin daşıdığı adlara sonrakı minilliklərdə də Türk soy və boyları içərisində rast gəlinidiyini, Şumerlərin Türküstandan Azərbaycana, buradan da Mesopotomiyaya köç edib orada şəhər dövlətləri yaratdıqlarını, Şumerlərin özlərini qədim Türklərdən sayılan “Kanqar” (Kəngər) adlandırmalarını və s. nəzərə alaraq belə bir məntiqi nəticəyə gələ bilərik ki, Şumerlər Türkdür və dünyaya ilk səsli əlifbanı və yuxarıda qeyd edilən bütün maddi və mənəvi mədəniyyət nümunələrini Kanqar-Şumer Türkləri yaratmış və sonrakı bütün xalqlar da onlardan yararlanmışlar.
AYDIN MƏDƏT OĞLU QASIMLI
FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU, DOSENT
Teref.az