Pis kitablar və qorxulu oxucular – Dilemma buradan başlayır

6-03-2020, 00:01           
Pis kitablar və qorxulu oxucular – Dilemma buradan başlayır
Hansısa yazıçının fikridir: "Mən sadəcə bir kitab oxuyan insandan qorxuram”. Oxuduqları ruhuna toxunmayan, əlindəki kitabı bitirdikdən sonra narahat olmayan insanlar qorxuludur

Bütün sıxıntılarım kitab oxumağa başlayan kimi keçib gedir, bəzən fiziki ağrılar da... Lap Montenin dediyi kimi: “Bir saatlıq mütaliə bütün sıxıntılardan qurutmağa kömək edir…”

Oxumağa alışdınsa, oxumağı sevməyə başladınsa, bu zövqlü proses səni bütün sıxıntılardan uzaqlaşdırır. İllərdir tez-tez bu suala cavab verməyə məcbur olmuşam: "Nə tapmısan oxumaqda?” Bu sualı o qədər çox eşitmişəm ki, son vaxtlar özümə bu sualı verməyə başlamışam. Həqiqətən, nə tapmışam bu oxumaqda?

Uzun-uzadı, aylarla, günlərlə düşündükdən sonra bu sualın cavabını tapmışam. Oxumaq məni düşünməyə, narahat olmağa məcbur edir. Və oxuduqca beynimdə çoxlu suallar yaranır. Əslində, məni sıxıntılardan azad edən mütaliə prosesi, həm də narahatlıq, çoxlu suallar yaradır. Və mən bu narahatlıqdan xilas olmaq, suallarıma cavab tapmaq üçün yenidən kitablara üz tuturam. Bu qarışıq proses davam etdikcə, insan oğlunun missiyası aydınlaşır, həyat başqa şəkildə görünür.

***

Hansısa yazıçının fikridir: "Mən sadəcə bir kitab oxuyan insandan qorxuram”. Məncə, haqlıdır.

Mən də qorxuram.

Mən yüzlərlə kitab oxuyub heç nə anlamayan, ya da yanlış anlayan insanlardan da qorxuram. Oxuduqları ruhuna toxunmayan, əlindəki kitabı bitirdikdən sonra narahat olmayan insanlardan daha çox qorxuram.

Alman ədəbiyyatının dühası Höte oxuyanları 3 yerə ayırırdı:

– Mühakimə etmədən oxuyanlar,

– Oxuduğunun mənasını dərk etmədən mühakimə edənlər,

– Mühakimə edərək oxuyanlar, mühakimə etdikcə ləzzət alanlar.

Höte mühakimə edərək oxuyanların və mütaliədən zövq alanların yeni əsər yaratdığını düşünürdü.

Bir də oxuduğunun təsirinə düşüb düşüncə azadlığını itirənlər.

Oxuduğu hər hansı kitabın təsirinə düşən insanlar heç oxumasa daha yaxşı olmazmı?

Uzağa getməyək, ətrafımızda, ədəbi mühitimizdə oxuduqlarının əsirinə çevrilib mühakimə qabiliyyətini itirənlər azdırmı?

Açığı, mən oxuduqlarını dərk etməyən "qələm adamları”ndan çəkinirəm.

Sual vermədən, sorğulamadan, cahillərdən fərqsiz düşüncələrini yazıya köçürənlərdən mümkün olduğu qədər uzağa qaçıram.

Bəzilərinin oxumağı zərərlidir.

Oxuduqlarını dərk etmədən qələmə sarılanların yazmağı gülməlidir.

Oxumadan, araşdırmadan, kitabları sevmədən yazmaq isə təhlükəlidir.

***

Bu gün əksəriyyət oxuduğunu iddia edir və yazmaq kütləvi məşğuliyyətə çevrilib.

Xüsusən şeir yazdığını düşünən şüəra ordusu və çox satılan kitabları ilə öyünən yazıçı dəstəsi.

Bu güruh nə yazdığının fərqində deyil.

Ya da, bilərəkdən kitablara – əsərlərə göz yumulur.

Doğrudan da, kitabın yaxşısı-pisi varmı?

Corc Duhamel deyirdi ki, "Pis kitab ancaq pis oxucular üçün var. Həyat, ancaq pis ruhları çirkləndirir”.

Pis oxucuların üçün sosial şəbəkələr daha geniş seçim təqdim edir.

"Yazarlar” və "şairlər” üçün də müasir və geniş auditoriya sosial şəbəkələrdədir. Pis ruhlar daha rahat çirklənir.

Şübhəsiz ki, yaxşı oxucular yaxşı kitabları – əsərləri oxuyur, bununla işimiz yoxdur.

Yaxşı kitablar oxunduqdan sonra çoxlu suallar yaradır, narahat edir.

Pis kitablar isə əyləndirir, "baş qatır”, narahat etmir.

Mən pis oxuculardan da, pis kitablardan da qorxuram.

***

Oxuduğu kitabı anlayan oxucular xoşbəxtdir.

Oxuduqdan sonra azad iradəsi ilə qarşısına çıxan suallara cavab axtaran oxucu bəxtəvərdir.

Gözəl kitablar ən böyük xəzinə, ən qiymətli sərvətdir.

Pis kitabları­ yazanlar da, əsərlər də mütləq unudulub gedəcək.

Oxumaq, mütaliədən zövq almaq, azad iradəmizlə mühakimə etmək xoşbəxtliyindən özümüzü məhrum etməyək.

Həyat çox qısa, oxunacaq gözəl kitablar isə çoxdur...
sputnik.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.