Rəsulzadənin tanımadığımız tərəfi

6-03-2020, 12:05           
Rəsulzadənin tanımadığımız tərəfi
20-ci əsrin əvvəllərində dünyanın ən böyük, ən mütərəqqi fikir adamlarından olan Məhəmməd Əmin Rəsulzadəni daha çox ictimai xadim, siyasətçi, Azərbaycan Xalq Cümhuriyyətinin banisi kimi tanıyırıq.


Halbuki, Rəsulzadə həm də şair-dramaturq və publisistdir. Ədəbi yaradıcılığa gəncliyindən başlayıb, "Müxəmməs" adlı ilk əsəri "Şərqi Rus" qəzetində çap olunub. Ə.Rəsulzadənin Əli bəy Hüseynzadənin redaktor olduğu “Fyuzat”, həmçinin Əhməd bəy Ağayevin redaktorluğu ilə çıxan "İrşad" və "Tərəqqi" qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunub. Müəyyən müddət o, "İrşad" qəzetinin müvəqqəti redaktoru da olub. 1907-ci ildə çapdan çıxmış gələcəyin böyük bəstəkarı Üzeyir Hacıbəyovun "Türk-rus və rus-türk lüğəti" kitabının naşiri M.Ə.Rəsulzadə olub. Yenə də həmin ildə o, A.Blyumun "Fəhlə sinfinə hansı azadlıq lazımdır (Xalq nümayəndəliyi haqqında)" kitabını Azərbaycan dilinə tərcümə edib və "Təkamül" qəzeti redaksiyası adından Orucov qardaşlarının mətbəəsində çap etdirib.

1908-ci il dekabrın 5-də Məhəmməd Əminin "Qaranlıqda işıqlar" pyesi tamaşaya qoyuldu. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi. O, özünün bu əsəri ilə "Azərbaycana muxtariyyət" şüarı fikrini yaymağa başlamışdı. Onun bu pyesi Azərbaycanda milli-istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. Bu əsərdən başqa M.Ə.Rəsulzadənin həmin ildə yazdığı "Nagəhan bəla" adlı pyesi də vardır.

M.Ə.Rəsulzadə Türkiyədə yaşarkən "Yeni lisançılar və türkçülər" məqaləsini, Təbriz həyatından bəhs edən "Bir xan" adlı kiçik hekayəsini, "Dil – ictimai bir əməldir" yazısını "Şəlalə" jurnalında çap etdirir. Sonuncu məqalədə o, Azərbaycan türkcəsini göz bəbəyi kimi qorumağı xalqının qarşısında ən mühüm problem kimi qaldırır.

Bundan başqa, o proletar ədibi Maksim Qorkinin "Ana" əsərindən bir parçanı Azərbaycan dilinə çevirib çap etdirir. Bu tərcümənin o illərdə Azərbaycan ədəbiyyatına müəyyən təsirini də inkar etmək olmaz.

1914-cü il sentyabrın 16-da şair, yazıçı və jurnalist Əliabbas Müznibin redaktorluğu ilə ayda iki dəfə nəşr edilən ədəbi-ictimai, iqtisadi, tarixi və siyasi jurnal olan "Dirilik"in birinci nömrəsi çapdan çıxdı. M.Ə.Rəsulzadənin "Dirilik nədir?" adlı baş məqaləsi jurnalın ideya istiqamətini müəyyənləşdirirdi və xalqımızı milli oyanışa çağırırdı. O, bu jurnalın səhifələrində çap etdirdiyi "Milli dirilik" başlığı altındakı baş məqalələrdə "Azərbaycan qayəsini" yayırdı.

Onun "MAR", "MAR-zadə", "M.R-zadə", "Haman", "Sosialist" və s. kimi gizli imzalarla xeyli məqalələri müxtəlif dövrü mətbuatın səhifələrində çap olunmuşdur.

Rəsulzadənin “Əsrimizin Səyavuşu” məqaləsi o dövr Azərbaycanının siyasi-ideoloji istiqamətini müəyyən etməklə yanaşı həm də bir ədəbiyyat faktı sayılmalıdır. Çağdaş dünyamızın ən böyük intellektualları ictimai-siyasi prosesləri bədii ədəbiyyatla metafora edərək, fikirlərini daha səviyyəli və daha estetik şəkildə çatdırmağa çalışırlar. Rəsulzadə bu mütərəqqi üsuldan yüz il əvvəl istifadə etmişdi.

Rəsulzadənin Nizami Gəncəvi haqqında yazdığı “Böyük Azərbaycan şairi Nizami” kitabı dahi şair haqqında yazılmış ən gözəl monoqrafiyalardan birdir. Bütün elmi dəlillər və nəzəri bilgilərlə yanaşı Rəsulzadənin bu əsərində həm də böyük bir Nizami sevgisi, Azərbaycan sevgisi vardır.

Kulis.az Rəsulzadənin anım günündə M.F.Dostoyevskidən tərcümə etdiyi “Qartal” hekayəsini təqdim edir.

Qartal

Qartal cinsindən "qara quş" dəxi bir müddət bizim məhbəsin dairə­sində yaşadı. Kim isə onu yaralı və əzilmiş bir halda dairəyə (həyətə) gətirmişdi. Za­vallı uça bilmirdi, sağ qanadı yerdən sürünür, bir ayağı da arxasından gəlirdi. Ətrafdakı izdihamı necə dönərək qorxunc bir baxışla seyr etdiyini və öz həyatını baha bir qiymətə sat­maq üçün dimdiyinin necə bir tövr təhdid olaraq açılıb-yu­mulduğunu indi də xatırlayı­ram.

İzdiham onu seyr və tamaşa­dan fərağət edincə qara quş bir ayağı üzərində tullanır, bir qa­nadı ilə çırpınır, axsaya-axsaya qoşur və dairənin bir bucağına sıxışıb qalırdı. Bu sürətlə qara quş üç ay tamam dairədə qaldı və heç zaman öz bucağını tərk etmədi. Əvvəlləri tez-tez gəlir, ona tamaşa edir və "Şarik" kö­pəyi dəxi üstünə qısqırdırdılar. "Şarik" də cəsarətlə atılır, fəqət pək yaxın getməyə qorxur­du. Bu isə məhbusların keyfinə gəlirdi.

- Vəhşi təslim olmur! – deyir­dilər.

Sonra "Şarik" də qartala ar­tıqlaması ilə əziyyət verməyə başlamışdı. Köpəyin qorxusu da artıq götürülmüş, qısqırdıldığı zaman zavallı quşun yara­lı qanadından yapışırdı. Qartal dimdiyi, caynağı və var qüvvəti­lə çırpınır, mütəəzzimanə (əziy­yətli) bir halda müdafiə olunur, yaralı bir padşah kimi ona tamaşa edənləri acılı bir baxışla süzürdü. Axırı hər kəs yorulur və qara quşu unudurdular.

Məəmafih (bundan sonra) hər gün quşun yanında bir parça təzə ətlə bir qab su görmək olardı. Kim isə qartalı sevir və ona göz yetirirdi. Əvvəlləri o, yemək də istəmirdi. Hətta bir neçə gün yemədi də. Nəhayət, yeməyə başladı. Fəqət, hər halda əldə və yaxun(yaxın) insan hüzurunda verilən yeməkləri qəbul etməzdi. Çox kərə oldu ki, mən onu uzaqdan seyr və tədqiq etdim. Özünü yalqız hesab elədiyi zamanlar, bəzən bucağıdan dışarı çıxır və iyirmi qədəm bir məsafə təbilə təkrar yerinə dönür. Yenə mövqeyindən çıxır, təzədən ovdət edirdi (geriyə dönürdü).

Məni görür-görməz qartal yerinə qoşur, başını arxaya ataraq dimdiyini açır və tüklərini ürpə- dərək hərbə hazırlanırdı. Mən onu hər cür təltif və nəvazişlə özümə ram edə bilmirdim, dim-dikləyir, çırpınır, əlimdəki əti almır və daima qorxunc gözlərini gözlərimə dikib baxır, bir an qəflət etmirdi. Əvət, o kimsəyə etimad göstərmir, kimsə ilə sülh etmir, barışmaz bir düşmən qalaraq ölümünü gözləyirdi.

Artıq iki ay oldu ki, kimsə qara quşu xatırlamır, onu düşünmürdü. Fəqət son günlərdə hər kəsdə ona qarşı bir mərhəmət hissi oyandı, qartalı dairədən xilas etməyə qərar verdilər. Məhbuslardan bəzisi: "Ölsə də barı dairədə – məhbəsdə ölməsin dedilər.

Başqaları: "Demək, azad və xəşin (sərt) bir quşdur, məhbəs dairəsilə tələttüfi (rəftar) – qəlb edə bilmir", – deyə bəyan etdilər.

Bizim kimi deyil, demək, – deyə bir başqası əlavə elədi.

Bəs görmürsən ki, o quşdur, biz adamıq.

Qartal bilmirsiniz, arkadaşlar, ormanların padşahıdır... – deyə boşboğaz Skuratov baş-ladı... Fəqət bu kərə ona qulaq asan olmadı.

Bir kərə nahardan sonra idi ki, təbil vuruldu.

İşə girmək zamanı gəlmişdi. İşə yenə qartalı aldılar. Dimdiyini sıxdılar - çünki o, müdhiş bir sürətdə hücum edirdi. Hasara irdilər, quşu yola salan 20 kişi fövqəladə bir maraqla quşun haraya gedəcəyini görmək istəyirdi. Qəribə şey: hər kəs məmnun və müstərih (rahatlanmış) kimi nəzərə gəlirdi.

Elə bil ki, bir dərəcəyədək özləri azad olurdular.

Quşu aparmaqda olan məhbus:

Əcaib şey, nə yaman məxluq, nə yaxşılıq edirsən də dimdikləyir! – deyə kəmali-şəfqətlə qorxunc quşa baxmaqda idi.

Mitqa, haydı, burax getsin!

Sən o şəfqətli baxışdansa, ona hürriyyət ver, hürriyyət, o, mərhəmət düşgünü deyil.

Qartalı hasarın üzərinə çıxardılar və oradan çölə buraxdılar. Bu payız günlərindən soyuq və tutqun bir gündə idi. Saralmış payız səhrasında külək acıqlı fışqırıqlar veriyordu. Qartal sağ olan qanadı ilə çırpınmağa və olanca qüvvətilə qaçmağa başladı. Elə bil ki, bizdən uzaqlaşmağa fövqəladə əcələ edirdi. Məhbuslar maraqla baxır və haraya getdiyini təqib edirdilər.

Birisi mütəfəkkiranə:
Görüyormusan, – dedi.

Heç dönüb baxmır da– deyə o biri əlavə etdi.

Heç bir dəfə də olsun, dönmədi, qaçır.

Sənə dönüb təşəkkürmü edəcək – zənn etdin, – deyə üçüncüsü sordu...

Məlum! Hürriyyət! Azad olmuş!

Demək, Svaboda!

Artıq görünməyir, qardaşlar...

Haydı, nə duruyorsunuz!!! – deyə müstəhfizlər (mühafizəçilər) bağırdı və hamısı sükut edərək işə başladılar.

"İqbal" N 546, 3 yanvar, 1914
kulis.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.