50 milyon insanı öldürən virusu 50 il axtaran adamın hekayəsi
11-04-2020, 19:19
Şahvələd Çobanoğlu
Yaxud ispan qripindən ölən Lüsinin almazları
Təbiətin inci sərvətlərinə haqq etmədiyi üsullarla yiyələnən harınlar və min bir əziyyətlə qazanılan ixtiraların hesabına yaranan ən yaxşı məhsulları asan yollarla əldə edən nadanlar indi barəsində danışacağım Johan Hultini adam yerinə qoymazlar.
Neft pulu ilə qurduğu abadlıqları böyük uğur sayan diktatorlar, yaxud xalqların alın təri ilə qızıl saraylarda şellənən avtoritarlar onu "uf” demədən həbsə atardılar.
Bəs biz belə adamları unutmuşuqmu?
Orta məktəbdə oxuyanda fizika müəllimimiz – misilsiz insan Nəriman Həsənov bir dəfə bizə dedi: "İndi əksəriyyətinizin həll elədiyi çalışmanı dahi Paskal həll edə bilməmişdi, onu həll etməyə alimlər uzun illər sərf etdi. Sadə saydığınız asan biliklər öz vaxtında çox çətin problemlər olub. İndi siz o əziyyətlərin meyvələrini asanlıqla, hazır şəkildə əldə edə bilirsiniz. Bilikləri də, faydaları da. Heç olmasa bu meyvələrdən doyunca yeyin ki, siz də ayağa durub bir iş görə biləsiniz...”
Nəriman müəllim Elmlər Akademiyasındakı işindən imtina edib kəndə gəlmişdi, sifətcə çox kobud, qəlbi ilə ən gözəl insan idi. Uşaqlara da "siz” deyər və onlarla çox gülərüz söhbət edər, idman edər, onlarla danışıb gülərdi. Qəlbimizdə elə bir heykələ çevrildi ki, indi də onu yadımıza salanda gözlərimiz yaşla dolur.
Nəriman müəllimin yuxarıda xatırlatdığım sözləri o zaman mənə təəccüblü gəlmişdi. Amma elə həmin il öyrəndim ki, sahildən dənizdəki iki gəmi arasında məsafəni ölçməyə 100 il sərf olunub. Hələ tələbə idim, kimyaya aid kitabı redaktə edərkən elmi (sürətli) sentrifuqanın hazırlanmasına İsveçdəki bir mərkəzdə 10 il sərf edildiyini oxuyanda artıq heyrətlənmirdim.
Elmi ixtiralara, insan haqlarının bərqərar olmasına həyatını bütünlüklə həsr edən, özünü qurban verən insanlar olub. "8 saatlıq” iş haqqının əldə olunması üçün nə əziyyətlər çəkilib, nə qurbanlar verilib, bunu bilməmiş deyilik.
İndi bu çətin günlərdə biz doğru yolun elm, demokratiya, sənət olduğunu bilməli, bu yola inamımızı daha da möhkəmləndirməliyik. Dünyada heç bir dəyişiklik şeirin və musiqinin gücünü silə bilməz, "Səfillər”in qiymətini dəyişə bilməz. Əksinə biz məhz onlarla bütün əngəlləri aşacağıq. İndi yaşadığımız pandemiya dövründən sonra da doğru yol bunlar olacaq.
Johan Hultinin tarixçəsi də bunu deyir...
Kimdir o?
1918-ci ildə yayılan ispan qripi haqda nələrisə bilirsiniz. Həmin pandemiyada ölənlərin sayını az yazanda 20 milyon qeyd edirlər. 50-100 milyon arasında insanın öldüyü heç kimin inkar etmədiyi bir iddiadır.
Pandemiya yayılanda ispan qripi haqda çox az şey bilirdilər. Həmişə onu öyrənməyə çalışdılar. Onu tam öyrənmək isə Azərbaycana rəhbərlərik edənlərdən birinin "iks-iks” adlandırdığı XX əsrdə mümkün olmadı. Yalnız 2002-ci ilin oktyabrında ispan qripini tam öyrənə bildilər. Bu həm də başqa virusların öyrənilməsi üçün çox faydalı oldu.
Nəyin sayəsində? Kimin sayəsində?
1924-cü il doğumlu Johan Hultin (İsveç mənşəli ABŞ alimi) 1950-ci ildən (gənc yaşlarından) məzarlıqları gəzir, ispan qripindən ölənlərin cəsədlərində virusu axtarırdı. Uzun illər cəhdləri boşa çıxdı.
Adam arada avtomobil təhlükəsizliyi üzrə çalışdı və böyük uğurlara imza atdı. Dağ idmanı ilə də məşğul olurdu. Bəlkə də uğursuzluğunu unutmaq istəyirdi. Çox ahıl yaşlarında bir gün "Science” jurnalında oxudu ki, virusların tədqiqi ilə bağlı yeni metod kəşf edilib. "Necə yaxşı olardı” deyib, 73 yaşında yenidən məzarlıqlara döndü, axtarışlara davam etdi. Nəhayət, virusun qədərincə saxlanıldığı 30 yaşlı qadının cəsədini tapa bildi. Ona Lüsi adını verdi, Bitlz-in mahnısından Lüsinin adını – almazlarla göydə gəzən qızın. Və alimlər Lüsinin "almazları” ilə virusu tam öyrənə bildilər.
...Johan Hultinlərdən dünya heç vaxt əskik olmayıb. Bu böyük insan, dəyərli elm adamı hələ yaşayır. Belə insanların yaşadığı dünya qələbəyə hökmən yetəcək.
Ümidsiz olmayaq.