REJİSSOR RZA RZAYEV YAZIR:"İŞİN İÇİNƏ PUL GİRƏNDƏ..."
30-04-2020, 19:57
Rza RZAYEV
Rejissor, aktyor
Yeni nəsə deməyəcəyəm, hamısı bildiklərimizdi. Müasir dövrün də ən dözülməz, çəkilməz problemi budur – insanlar bildiklərini, baş verənləri, gördüklərini və həqiqətləri ya söyləmirlər, ya da vaxtında söyləmək istəmirlər. Deyilməmiş sözlər deyilən sözlərdən daha çox qorxu yaradır. Həqiqətlər gizli qalanda daha təhlükəli olur, nəinki aşkarlananda.
Bu dəfə o şeydən yazacağam ki, qardaşı qardaşa, atanı oğula, dostu dosta qarşı qoyub və kimsə bu təcavüzə son qoya bilməyib.
Bildiyimiz kimi, uzaq keçmişdə insanlar pulu tanımazdı, yəni, pul kəşf edilməmişdi, hamı öz olanından başqasına verib, əvəzində onda olandan alırdı – mübadilə yolu ilə. Hamı da bir-birindən razı qalırdı. Sonra pul girdi ortaya, ortalıq qarışdı, münasibətlər dəyişməyə başladı. Pul fərqlər yaratdı – pulu olan varlı, olmayan kasıb sayıldı. İnsanlar pulun vasitəsilə təbəqələrə bölündülər.
Pul qazanmağın yolları da dəyişdi, adamına görə fərqli oldu.
Pul insanlardan (başqalarından) asılılığı azaldır, pullanan adam insanlara olan keçmiş yanaşmasını dəyişir, onlarsız yaşamağın mümkün olduğunu düşünür. Fikirləşir ki, pul ilə minlərlə insanı əvəzləmək olar, “Pulum varsa – hər şeyim var”.
Çatışmayan yerləri pul örtür, insanlar səndə çatışmayan nəsə axtarmazlar, səni ideal bilərlər, pulun qarşılığında hər şeyə “gedərlər”. Belə olanda pulu olan düşünür ki, düz yolda olub, indi pul üçün hər şey etməyə hazır olanlardan ağıllı tərpənib vaxtında pulun dalınca düşüb, pulun qədrini bilib, yoxsa indi qədirbilməz çoxluq kimi başına döyürdü, o vaxt ağlının niyə belə şeyləri kəsmədiyini düşünürdü.
Sovet dönəmində belə idi ki, pul hər qapını aça bilmirdi, qapının ilişən yerləri də olurdu. Bir cəmiyyətdə ki pul hər şeyi həll edirsə, “pulun varsa, problemin yoxdur” ideyası əsas sayılırsa, o cəmiyyətdə insanın dəyəri çox ucuz olur – ən ucuz satılan insan olur, zaman geriyə çəkilir. Yerində sayırsan, pul ilə ala bilinməyən insanlıq ortadan qalxır. Cəmiyyətdə yaşanmayan hisslər qalaqlanır. Pul arzuların, istəklərin çoxalmasına vasitə olmalıdır, əksinə, arzuları tükəndirməməli, doymuş insan yetişdirməməli, arzulardan yeni arzular doğuran insana səbəb olmalıdır.
İnsanlar həyatınızda dəyişiklik etmədikcə, adam pulun gətirdiyi keçici dəyişkliyə qapanır, fiziki tələbləri ödəyən pul, mənəvi məsələdə ödəmədə çətinlik çəkir. Sonra isə psixoloji asılılıq yaranır. Yaxşı yaşamaq həvəsi yaxşılıq etmək məqsədini üstələyir. Sonda cəmiyyət yaxşı insan olmaq yox, yaxşı yaşamaq istəyən insanlar yığınına çevrilir. Pul qazanmaq nə vaxt ki vasitə yox, məqsəd olur, onda bu pullar sonda başqasına qismət olur!
Pul cəmiyyətimizdə ən üstün dəyərə çeviriləndən sonra millətimiz haqda lətifələr, deyimlər yarandı. Məqsəd ancaq pul qazanmaq olanda – azərbaycanlı olursan! Səni belə tanıyırlar, belə təqdim edirlər.
Bütün vasitələr pul qazanmaq üçün məqbul sayılanda, cəmiyyətdə mənəvi tənəzzül başlayır. Millət lağ obyektinə çevrilir. Necə ki, qardaş ölkədə haqqımızda laf uydururlar: “Türkden karını, çeçenden canını, azeriden paranı koru”.
Pullu adamla pullu dövlət bir-birinə bənzəyir, pul özgüvən yaradır. Başqalarına ehtiyac duymur və güvənmirlər. Pulunu pulnan satan ölkələr var, özlərinə etibar etmək olmasa da, pulları etibarlıdı. Bütün ölkələrin pullarının onların pulunun qarışılığında dəyərli olub-olmadığı müəyyən edilir…
Əvvəl pulsuzluqdan əziyyət çəksək də, indi pulumuz çoxdur, pulsuzluğun doğurduğu problemlərin həllində əldə etdiyimiz pullar rol oynasa da, amma cəmiyyətimizdəki problemlərin mahiyyət və məzmunu az dəyişib. Problemlərin mahiyyət və məzmunu həm də cəmiyyətdəki inkişaf mərhələsinin göstəricisidir. Bir çox sahələrdə inkişaf göstəricisi olsa da, bu, davamlı olmaya bilər. Bu gün büdcəsinə güvənən dövlətlərin çoxu qan içində boğulur. Çünki büdcədə olanı fərdlər (çoxluq) özününki saymır, amma həmin pullar çoxluqda olsaydı, cəmiyyət mövcud olan hakimiyyətə qarşı yox, işğalçıya qarşı döyüşərdi – əlində olanı qorumaq üçün.
Bizim hərbi büdcəmiz Ermənistanın dövlət büdcəsindən çoxdu, amma hələ də 20 faiz torpağımız işğal altındadır, deməli, bəzən büdcə çox şey demək deyil, pulun da həll etmədiyi problemlər var. Çünki bəzi cəmiyyətlərin satışa çıxarmadığı dəyərlər var ki, onları pul ilə almaq mümkün deyil – əsrlərdir düşüncələrini qoruyurlar, məqsədləri uğrunda mübarizə aparırlar, babalarının vəsiyyətlərini həyata keçirirlər, pulu bu məqsədlərə çatmaq üçün qazanırlar və xərcləyirlər, dəyər qazanırlar! Əsas olan – arzu, istək və məqsəddir.
Ərəb ölkələrində “inqilabların” səbəbi xərclənməyən pullar oldu. Amerika, Avropa müəyyən əllərdə toplanan pulların davasını edirdi. Çünki Avropadakı son iqtisadi çöküşün səbəblərindən biri də satılmayan, geri qaytarılan mallar idi. Yoxsa mövcud iqtidarlarla şəxsi mənada heç bir problemləri yox idi. Nə deyirdilər, “Baş üstə!” eşidirdilər. İqtidarlar isə onları yaxşı tanımırdı – düşünürdülər ki, qurduqları şəxsi əlaqələr onları qoruyacaq.
Amerika, Avropa ölkədə olan pulların çoxluğun əlində olmasını istəyir. Məqsəd çoxluğa mal satmaqdı, pul bir neçə adamın əlində cəmləşəndə onlar mallarını sata bilmirlər. Çünki bir adam ən son model bir maşın alar – eyni maşından ikincisini almayacaq, amma pul çoxluqda olanda, satış da çox olur.
Neftdən gələn gəlirdən faiz almaqla bərabər, neft çıxan ölkəyə düşən paydan da pay umurlar, yerli ölkəyə mallarını satmaq istəyirlər: “Sənə çatan pul ilə də mənim istehsal etdiyim malları al”. Və çox mal satmaq taktikası öz ölkələrində sabitliyin təminatı sayılır, çünki çoxluq bu işdən pul qazanır.
Müəyyən ölkələr pulumuzu onların puluna çevirib sonra onların istehsalı olan malları almağımızı müxtəlif yollarla təkid edirlər. Fikir versək, görərik ki, istifadə etdiyimiz tikinti materiallarından tutmuş, məişət mallarına qədər çoxu xarici markadı.
Son dövrlər cəmiyyətimizdə ən çox müzakirə olunan məsələlərdən biri də siyasilərin pul qarşılığında yön dəyişməsidi. Əvvəl başqa mövqedə olub indi fərqli mövqe tutanların mövqeləri müzakirə mövzusudu. İnkişaf etmiş ölkələrdə mövqe dəyişən, başqa komandaya keçən siyasilər az olur, bu da ancaq mövcud hakimiyyətin dövründə vəzifə tutmaq məqsədi ilə edilir, yəni, pul qarşılığında olmur. Bizdə isə bunların hamısını pulun qarşılığında ediblər. Heç kimə buna görə vəzifə verilməyib, bəzi millət vəkili olmaq “şərəfi” qazananları çıxmaq şərti ilə.
Son dövrlər müxalifətçilərin qiyməti çox aşağı dəyərləndirilir, buna səbəb manatın dollar qarşısında zəifləməsi deyil, dollar istehsal edənlərin müxalifətçiləri ucuz satmasıdır. Müxalifətdə özünü güclü göstərənlərə vaxtında pulun ucunu göstərincə, pulun gücünə tab gətirmədilər, müxalifətdə qalaraq məqsədlərinə çata bilməyəcəklərini anlayanlar bunu ancaq iqtidara “Baş üstə!” deməklə, iqtidar harada qoydu, orada dayanmaları ilə, səs çıxarmadan hər şeyə boyun olmaqla çatdılar.
Müxalifət partiyaları zəiflədikcə, müxalifət jurnalistikası və jurnalistləri önə çıxdılar. Sonra qələminin səsini möhkəm çıxaranları işdən sonra “xalq təbabəti” üsulu ilə başa saldılar, bu üsul nəticə verməyincə, yenə ortaya ənənəvi üsul girdi – açılmayan qapıları açan pul, satılmayanları satın alan pul. Nəsil-nəcabətlərində olmayan, ömürləri boyu görmədikləri – evlər, maşınlar, ofislər qarşılığında qiblələrini çevirdilər. Əyilmək əyilməkdirsə, kimin qabağında əyilməyin bir fərq etmədiyini anladılar. Kabinetlərdə əyilənlər, hər deyilənə “baş üstə” deyənlər, ciblərini doldurduqca, çöldə də ətrafları bunlara “baş üstə” dedikcə, “Birinə-iksinə biz baş üstə deyirik, bu baş üstəyə görə yüzləri bizə baş üstə deyir, bunun nəyi pisdi?” deyib də, daha da çox qabağa əyildilər.
Oturduqları budağı kəsənlərdən fərqli olaraq, oturduğu budağı dəyişənlər “ağıllı” (hiyləgər) çıxdılar, anladılar ki, əsas budağı dəyişməkdi, hansı budaqda bar var, ən yaxşı o sayılır.
Keçmişdə sözü ağzında əyənlər, indi doğru sözlərə ağız əyirlər, əski sözlərinə pul qarşılığında yamaq vururlar, əskilirlər, çoxluq artıq onlara əski kimi baxır.
Beləliklə, söz bazarı yarandı, sözdən pul qazananlar ordusu günü-gündən çoxaldı, söz satanlar cəmiyyətdə sözü dəyərdən saldılar, adamlar söz tapmadılar deməyə, satılmış söz söyüş ilə əvəzləndi, pul sözün içinə girəndən söyüşün biri oldu bir qəpik.
Cəmiyyətin inkişafı naminə mütləq “başqa” tərəfin də inkişafı və varlığı üçün imkanlar yaratmaq lazımdır. Yoxsa, hamı sən tərəfdə olmaq istəyəcək, o qədər də yer yoxdu, hamıya yer vermək də mümkün deyil, amma hamıya yer eləmək mümkündür! Əks tərəfi tam boşaltmaq sonda əks effekt verə bilər!
“Şirinlik” kəlməsinin bizim cəmiyyətdə çox anlamı var. “Şirinlik” çox şeydən olur. Məsələn, birinin xeyir işi olanda “şirinlik” paylayır, biri işini aşırmaq üçün “şirinlik” verir. Amma məni ən çox təəccübləndirən zooparkdakı heyvanlardı, onlar da şirinlik almadan heç bir oyun çıxarmırlar, ən çox da yerinə utandığım fildi – 20 adamın güclə qaldıra biləcəyi ayağını bir nəfərin ona atdığı (şirinlik verdiyi) konfetə görə yuxarı qaldırmağıdı.
Yaxın bir dostumun atası rəhmətə getmişdi. Tanınmış adam, həm də yaxşı kişilərdən biri idi (Allah rəhmət etsin!). Dəfndə vəhhabilər ilə şiələr arasında mübarizə gedir, meyidi dartırlar o tərəfə, bu tərəfə, onlar deyir – “Bizim qayda ilə dəfn olunacaq”, bunlar deyir – “Bizim”. Dözmədim, yaxınlaşdım, dedim: “Mərhum şiə idi, indi oğlunun biri vəhhabidisə, ikincisi də şiədi. İmkan verin, öz təriqəti, yəni, ənənəvi qaydamız ilə dəfn olunsun”.
Böyük mübahisə, təhdid… Sonda gördülər ki, bunlar girən “kol” deyil, ənənəvi qayda ilə dəfn bitdi. Sonra hüzr məclisində yaxınlaşdılar, xoş münasibət qurmağa cəhdlər etdilər, üz vermədim.
Bir ildən sonra dostumun toyudu, getmişəm toya, 50-yə yaxın “saqqallı” çöldə dayanıb, dostumun qardaşı ilə birlikdə, görüşmək-öpüşmək… Daha toydu da, mən də səmimi danışıram, görüşürəm. Soruşdum: “İçəri niyə keçmirsiniz?!” Dedilər, bəs, “İçəridə içki verirlər, biz orada otura bilmərik, günahdı”.
Bunların da çoxu alverçidi, Sədərəkdə alver edirlər. Dedim: “Mağazanıza gələn müştəridən soruşursunuz ki, içirsən, ya içmirsən? Yaxud, içki içən, içki satan müştəriyə mal satmırsınız?! İçki olan məclisdə oturmaq günah olur, içən adama mal satmaq günah olmur? Dindarsınızsa, müsəlmansınızsa, içkiyə belə nifrət edirsinizsə, içki içənlərə mal satmayın da! İçki içmirsiniz, lap yaxşı, mən də içimirəm, yıxıb yerə ağzınıza tökməyəcəklər ki?!”.
Duruxdular, sonra hamısı bir nəfər kimi “dağıldı”!
7-8 il öncə bir yaxın adamımız “dəlixanada” müalicə alırdı, ziyarətinə getmişdik, şkafda hər şeyləri – siqaretləri, əlavə yeməkləri, əşyaları bir yerdə idi. Apardığımız əşyaları hara qoyacağımızı soruşduq, “Qoyun şkafa” dedi, sonra əli ilə göstərdi. Gördü təəccüblə baxırıq, dedi: “Burda kimsə kimsənin nəyinisə oğurlamır, deməmiş kimsə kiminsə nəyinisə götürmür!”
Dünyaca məşhur Amerikan rejissoru Hitchcock filmlərində politik görüşlər ifadə etməkdən hər zaman qaçmağa çalışmışdı, amma “Topaz” açıqca anti-kommunist filmdir və Fidel Kastronun tərəfdarlarına qarşı son dərəcə alçaldıcı bir çox səhnəsi vardır. Hətta Kuba polisinin Kastroya qarşı olan insanlara işgəncə verərkən çəkilən səhnələri də vardır. “L’Express” “Liberal olduğunuzu söyləyə bilərsinizmi?” – deyə Hitchcockdan soruşduğunda, “Düşünürəm ki, buna hər mənada “Bəli” deyə bilərəm”– cavabını vermişdi və sonra fikrini belə tamamlamışdı: “Keçmişdə biri məndən demokrat, yoxsa cümhuriyyətçi olduğumu soruşmuşdu, mən də “demokratam” demişdim, ancaq işin içinə pul girincə, cümhuriyyətçi də oluram”.
Gəlin, hərdənbir əlimizi qoyaq bir gözümüzün üstünə. Neçə əsrlərdir heç nəyə bu qədər ehtiyacımız olmayıb! Hamıya bir gözlə baxmasaq, ya gözlərimizi itirəcəyik, ya da başqalarının gözü ilə baxmalı olacağıq. Yoxsa belə düşüncə ilə bizi böyük fəlakətlər gözləyir. “Harada yaxşı yaşayıramsa, harada kefim kökdüsə, harada xoşbəxt oluramsa, harada çörək pulu qazanıramsa – elə vətən oradı” düşüncəsinə sürətlə keçid edirik.
Qarşısı alınmaz heç nə yoxdur. Sadəcə “Qarşı-qarşıya qaldığımız qarışıq məsələlərin həlli qarşıdadı” deyib, gecikirik, gec qalırıq!
Strateq.az