Xalq Cümhuriyyətinin Parlamentində Qarabağ müzakirələri: - Andronik necə qaçdı?
7-06-2020, 12:15
Son vaxtlar işğal olunmuş Şuşada baş verən məlum hadisələri müvafiq bir təlatüm və gərginliklə yaşamaqda olan Azərbaycan İctimaiyyəti gözlədiyi tədbirlər və izahat əvəzinə heyrətamiz bir gerçəkliklə üzləşib. Şuşadan göndərilən “mesajların” cavabını vermək, yaxud, heç olmasa qarşısını almağın mümkünlüyü barədə sual edən Azərbaycan Milli Məclisinin deputatı dərhal öz həmkarlarının qınağına tuş gəlib, bu “qınaq” MM-nin rəhbərliyi tərəfindən dəstəklənib və nəticə olaraq Cəmiyyətdə belə bir təsəvvür yaranıb ki, Milli Məclisdə “Qarabağ məsələsinin” müzakirəsi yasaq edilmişdir.
Bu təsəvvür nə dərəcədə həqiqətə uyğundur ? Nə baş verir? Xalqın, İctimaiyyətin son günlər keçirdiyi narahatlıqlara dair onların adından Parlamentdə oturan nümayəndələrin fikrini ya mövqeyini bilmək haqqı yoxdurmu ? Bu halda, millət vəkillərinin ən azı təmsil etdiyi seçicilərinin narahatlığını ifadə etmək azadlığı yoxdurmu?
Qarabağ məsələsinin bu günün, dünənin problemi olmayıb, artıq iki yüz illik tarixi olduğu, lakin Azərbaycanın ilk dövləti - Azərbaycan Cümhuriyyəti yaranan kimi onun ən yüksək - Parlament səviyyəsində müzakirəyə çıxarıldığı və həll edildiyi faktlara, sənədlərə söykənən tarixi həqiqətdir. Bu günkü millət vəkillərinin hamısının, təəssüf doğursa da, bu tarixdən xəbəri olmaya bilər. Lakin Azərbaycan Cümhuriyyətinin varisi olmaqla, onun bütün strukturlarının, o cümlədən Parlamentinin varisi hesab edilən Milli Məclisdə həmişə tarixçi deputatlar təmsil olunmuşlar. Yəqin ki, onların bu statusda ilkin missiyası da müzakirə olunan məsələlərə həm də tarixi bucaqdan yanaşmaq, dövlətçilik tariximizdən nümunə və ya dərs almaq, bu nümunələrlə öz deputat həmkarlarını tanış və səfərbər etməkdir. MM-in indiki tərkibində, o cümlədən rəhbərliyində, Cümhuriyyət Parlamentinin tarixini yaxşı bilən, hətta tədqiq edən, alimliyinə və şəxsiyyətinə böyük hörmət bəslədiyim dəyərli həmkarlarım, üç tarixçi professor var. Odur ki, tarixçi-deputatlarımızın özlərinin xüsisi missiyasını yerinə yetirəcəklərinə, Qarabağ məsələsinin Cümhuriyyət Parlamentində müzakirələrini və təcrübəsini bütün təfərrüatları ilə gündəmə gətirib, onun bu günkü həlli yollarını arayacaqlarına ümidlər və bu işdə uğurlar arzusu ilə, həmin mövzunu bacardığım qədər İctimaiyyətin diqqətinə çatdırmaq istəyirəm. Şübhə etmirəm ki, tarixçi millət vəkillərimiz bu işi məndən daha yaxşı görəcəklər və biz tezliklə bunun şahidi olacağıq.
I hissə
1918-ci il noyabrın sonu - dekabrın əvvəllərində çox ekstremal şəraitdə yaradılan Azərbaycan Parlamenti Milli Şuranın 1918-ci il 19 noyabr tarixli “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun” əsasında birbaşa seçkilər deyil, kooptasiya üsulu ilə formalaşmışdı. Bununla belə, Zaqafqaziya Seyminin üzvləri mexaniki daxil edilməklə yanaşı, ölkənin bütün siyasi partiyaları, ictimai təşkilatları, bölgələri, azsaylı xalqları nümayəndələr göndərməklə Parlamentdə təmsil olunmuşdular. Bölgələrdən olan “mə’buslar” – deputatlar yerlərdəki Milli komitələr tərəfindən seçilmiş və tələb olunan sənədlər əsasında Parlament iclaslarında bir-bir müzakirəyə çıxarılmış və təsdiq olunmuşdular.
Azərbaycan Parlamentinin 1918-ci il 7 dekabr tarixli təntənəli Açılış iclasından sonrakı 10 və 15 dekabr tarixli 2-ci və 3-cü iclasları demək olar ki, bu təşkilati məsələlərə - vəkillərin təsdiq edilməsinə həsr olunmuşdu. Onların arasında təbii ki, Gəncə vilayəti daxilində Qarabağı təmsil edən nümayəndələr də var idi: Cəbrayıl qəzasından Bəhram bəy Vəzirov, Ağdam Milli Şurasının təqdimatı ilə Şuşa qəzasından Qara bəy Əliverdibəyov, Cavanşir qəzasından dr. Cəmil bəy Ləmbəranski. Hər üç nümayəndə – İslam ideologiyası platformasında duran “İttihad” fraksiyasına daxil idi. Az sonra Behbud Xan Cavanşir də (Bitərəflər fraksiyası) Qarabağ bölgəsini təmsil edən deputatlar cərgəsinə qatılacaq.
Burada diqqət yetirilməlidir ki, artıq dekabrın 20-də Azərbaycan Parlamenti özünün 4-cü, Fövqəladə iclasını çağırır və müzakirəyə çıxardığı iki mühüm məsələdən biri Qarabağ və Zəngəzurda yaranmış vəziyyət olur. Digər məsələ - qonşu Ermənistan və Gürcüstan arasında elan edilməmiş müharibənin başlanması - onun azərbaycanlılar yaşayan Borçalı mahalı ərazilərində getməsi vurğulanmaqla gündəmə gətirilir. Lakin iclasın stenoqramına əsasən, ikinci müzakirənin cəmi 5, Qarabağa dair müzakirələrin isə 15 səhifə (çap nəşrində) təşkil etdiyi nəzərə alınaqsa, Qarabağ məsələsinin bu iclasın gündəliyinin əsas məsələsi olduğu özlüyündə aydındır. Həsən bəy Ağayevin sədrliyi və Əhməd bəy Cövdət Pepinovun katibliyi ilə baş tutan bu iclasda müzakirələrin olduqca ətraflı, həm də qızğın və gərgin şəraitdə keçdiyi onun stenoqramlarından görünür.
Əhməd Cövdət Pepinov - Sosialistlər fraksiyasının üzvü
Məlum olur ki, birinci məsələ Şuşadan olan deputat Qara bəy Əliverdibəyovun və parlamentin “Sosialistlər” fraksiyasının sorğusu əsasında müzakirəyə çıxarılmışdır və söhbət general Andranikin başçılığı altında erməni silahlılarının artıq Cümhuriyyətinin hüdudlarını keçib Zəngəzur, Şuşa və Cəbrayıl qəzalarında Azərbaycan kəndlərini dağıtması, əhalini qismən qətlə yetirib, qalanlarını öz yurdlarından qovmasından gedir. Sosialistlər fraksiyasının nümayəndəsi Əhməd Cövdət “Bu məsələ hökumətə məlumdurmu və hansı tədbirlər görülmüşdür?” sorğunu səsləndirdikdən və təcili olaraq müzakirəsini tələb etdikdən sonra sədr əvvəlcə həmin məsələnin təcili müzakirə olunması tələbini səsə qoyur. Həmin fraksiyadan Məhəmməd Məhərrəmovun Qarabağda vəziyyətin həqiqətən təcili müzakirəyə ehtiyacı olduğu haqda məlumat xarakterli kiçik çıxışı ilə yekdilliklə qəbul edilən qərardan sonra Məhərrəmov ikinci təklifi – əvvəlcə hökumətin bu xüsusda hansı tədbirlər gördüyü haqda izahat verməsi məqbul sayılır.
Hökumət başçısı Fətəli Xan Xoyski başda olmaqla nazirlər (2-ci tərkib) Parlament zalında öz yerlərini tuturlar.
Fətəli Xan Xoyski - Azərbaycan Hökumətinin başçısı (1,2,3-cü hökumət kabinələrində)
Parlamentdə hökumət kürsüsü
Fətəli Xan Xoyskinin dərhal kürsüyə çıxması onun əvvəldən, məhz hesabat vermək üçün Parlamentin iclasına çağırıldığını göstərir. Çox geniş və əhatəli məruzədən məlum olur ki, bu məsələ heç də yeni deyildir, Osmanlı təbəəsi Andranik hələ iyul ayında öz çete dəstələri ilə İrəvan quberniyasından Gəncə quberniyasının hüdudlarını keçmiş, Zəngəzurda vəhşiliklər törədərək bu məntəqəni müsəlman əhalisindən boşaltmağa cəhd etmiş, sonra Şuşaya qəzasında Əskəran yolunu bağlamış və Şuşa əhalisini saysız fəlakətlərə düçar etmişdir. O zaman hələ Gəncədə işləyən Azərbaycan hökuməti Ermənistan hökumətinə etdiyi sorğularına – Andranikin kimi təşəbbüsü ilə bu işləri gördüyü, onun qoşunlarının kimə tabe olduğu və s. – haqda suallarına “Andranikin erməni hökuməti ilə heç bir əlaqəsi olmadığı, onun bir “asi” olaraq öz təşəbbüsü ilə hərəkət etdiyi və bu hökumətin özünün də onun rədd edilməsini və üsyanın yatırılmasını istədiyi” kimi cavablar almışdır. Həmin dövr Azərbaycanın azsaylı hərbi qüvvələri Bakının azad edilməsi uğrunda döyüşlərə cəlb edildiyindən Gəncədəki hökumət, yerli dinc erməni əhalisinin də arzusunu nəzərə alaraq, Andraniklə danışıqlara 2 dəfə erməni və müsəlman heyətlərini yollamaqdan başqa bir tədbir görə bilməmiş və təbii ki, bunun da bir nəticəsi olmamışdır.
Lakin Bakı azad edildikdən və paytaxta köçdükdən dərhal sonra “Andranik məsələsinə xitam verməyi özünə borc bilən” hökumət bölgəyə qoşun yeritmiş, erməni silahlıları əvvəlcə Əskərandan çıxarılmış, Şuşa-Yevlax yolunu açmış, daha sonra Şuşa qəzasından tamam və Zəngəzur mahalının çox yerlərindən qovulmuşlar. Bu zaman dinc əhali tərəfindən hər hansı itkiyə yol verilməmişdir.
“Andranik qaçdı” - burada Fətəli Xan sanki pauza götürür və “demək istəmədiyi” bəzi səbəblərə görə “artıq yürüşü davam etdirə bilməz idik”- vurğulayır və “bu, oktyabr ayında idi” - deyə əməliyyat vaxtını dəqiqləşdirir. Lakin bu sakitlik uzun çəkmir. Türk ordusu Azərbaycanı tərk etdikdən sonra, Gorusda bir müddət “fəaliyyətsiz” oturan Andranık noyabrın sonlarında yenidən Zəngəzurda geniş əməliyyatlara başlayır.
İclasın stenoqramından mə’busların hökumət başçısını çox diqqətlə dinlədikləri aydın olur. Zəngəzur mahalından baş verən fəlakətlər, yandırılan kəndlər, əhaliyə dəymiş zərərlər və xəsarətlər haqda teleqramlar aldığını, yaranmış vəziyyət barədə qəzetlər vasitəsilə xalqı xəbərdar etdiyini bildirən Fətəli Xan “Şübhəsiz ki, hökumət bu işlərə laqeyd qala bilməzdi” – deyir.
Burada bir daha Parlament iclasının keçirildiyi tarixə diqqət yetirək: 20 dekabr 1918-ci il. Hökumət cəmi 3 aydır ki, paytaxt Bakıda işə başlayıb və artıq bir aydır ki, general Tomsonun İngilis Komandanlığı Azərbaycanda və ümumən Qafqazda hökm-fərmadır. Onunla iş birliyi artıq qurulmuşdur, bunun nəticəsi olaraq Parlament açılmışdır, lakin Xan-Xoyski hökuməti Azərbaycanda yeganə qanuni hakimiyyət orqanı kimi hələ bir həftədən sonra tanınacaq. Həm də İngilis komandanlığı Bakıya ayaq basan kimi yaranmaqda olan Azərbaycan Ordusunu paytaxtdan çıxarmışdır. Belə bir şəraitdə, imkanları xeyli məhdud olan hökumət başçısı “Biz öz tərəfimizdən lazım və mümkün qədər çalışıb tədbirlər gördük” - deyə bölgələrdə olan azsaylı əsgəri qüvvələrin Andranikin müqabilinə göndərilməsi barədə teleqraflar verdiyi, yerlərdən aldığı teleqramları, üstünə öz adından bir məktub da əlavə etməklə gen. Tomsona təqdim etdiyini bildirir. Bu məktubunda, yəqin ki, Fətəli xan gen. Tomsonun şəxsən onun özünə bildirdiyi və qəzetlərdə yayınladığı sözləri - “müttəfiqlərin məqsədinin Qafqazda sülh və əmin-amanlıq bərqərar etmək” - olduğunu xatırladır. Yalnız xatırladır! Çünki Fətəli xan xüsusi vurğulayır ki, məktubu Tomsona ancaq “xəbərdarlıq” kimi yazıb, “daha yazmamışdım ki, təvəqqe edirəm, bizə kömək edin”!
Lakin ingilis generalı görünür ki, Parlamentin açılışı ərəfəsində məntiqi, iradəsi və ləyaqəti ilə onu öz qərarlarını dəyişməyə sövq etmiş Fətəli Xan-Xoyskinin “məlumat” xarakterli məktubunun və Zəngəzur əhlindən gələn teleqramların mənasını yaxşı anlayır. Və dərhal tədbirlər görməyi də “özü lazım bilir”. Fətəli Xanın geniş izahından məlum olur ki, gen. Tomson bir çox ünvanlara müvafiq məzmunlu teleqramlar vurmaqla bərabər vəziyyəti yerində öyrənmək və öz tələblərini təqdim etmək üçün ingilis, erməni və müsəlmanlardan ibarət xüsusi nümayəndə heyətini Şuşa və Zəngəzura göndərmiş, bu heyət müharibə gedən yerlərə çatmış, Zabuğ deyilən məntəqədə ingilis nümayəndəsi Andraniklə görüşərək İngilis komandanlığının məktubunu şəxsən ona təqdim etmişdir. Bu məktubda bölgədə asayiş bərpa edilməzsə, məsuliyyətin Andranikin üzərinə düşəcəyi açıq bəyan edilmişdir. Tomson, həmçinin bölgənin erməni əhalisinə də eyni məzmunlu teleqramlar göndərmiş, onları öz yerlərində sakit oturmağa, hücum və təcavüzdən çəkinməyə çağırmış, əks halda məsuliyyət tamamən onların üzərinə düşəcəyi ilə xəbərdar etmişdir. Bu məzmunlu məktublarla adı çəkilən nümayəndə heyətləri Tərtərə, ermənilər yaşayan digər bölgələrə də ezam edilmişdir.
Həmin məktubları Parlamentdə oxuyan, Fətəli Xan-Xoyski bildirir ki, bundan sonra bölgələrdə həqiqətən görünməmiş sakitlik yaranmış, insanlar rahatlanmış və müsəlmanlar hətta öz səngərlərindən çıxıb getmişlər. Lakin indi Andranik yenidən baş qaldırıb, ermənilər hücuma keçmişlər.
Fətəli-Xan bu dəfə də hökumətin ixtiyarlarında olan az saylı qoşun hissələrini bölgəyə göndərməklə bərabər Tomsona daha ciddi tədbirlər görməyi təklif edib. Tomson da bu dəfə Qarabağa artıq hərbi qüvvə ilə möhkəmləndirilmiş - iki zirehli avtomobil, 15 ingilis əsgəri və zabiti, eləcə də Azərbaycan hökumətinin nümayəndəsi Cəfər Rüstəmbəyovdan ibarət yeni heyət göndərmişdir. Bu heyət hələ səfərdən qayıtmamışdır.
Lakin Fətəli Xan Xoyski, sözünü burada bitirmir və “Кавказское слово» qəzetində Tomsonun Andranika göndərdiyi məktubun təhrif edilərək çap olunması nəticəsində yayılmış və azərbaycanlı əhali arasında narahatlıq doğurmuş şayiələrə münasibət bildirməyi zəruri sayır. Qəzet yazısına görə bu məktubda guya Tomson Qarabağın ixtiyarını və idarəsini Andranikə tapşırmışdır. Belə bir işin olacağı təqdirdə onu “Azərbaycanın hüquqlarına təcavüz” kimi qiymətləndirən hökumət başçısı bu məsələni şəxsən və hərtərəfli araşdırdığını, şayiələrin həqiqətə uyğun olmadığını və yanlış məktuba həmin qəzet vasitəsilə etiraz ediləcəyini elan edir.
Görülən işlər barədə bu ətraflı hesabatından sonra Fətəli Xan Parlament üzvləri ilə artıq öz şəxsi fikirlərini bölüşməyə başlayır. Məlum olur ki, o, özü nümayəndə heyətləri göndərilməsi ilə mövcud problemin həll ediləcəyinə inanmır. “Qafqaz əhalisi bu tövr heyətləri çox görmüşdür” - deyə dediklərinə sübut kimi 2-ci heyətin Şuşadan çıxan kimi vəziyyətin yenə də gərginləşdiyinə dair aldığı teleqramların bir neçəsini Parlament üzvlərinə oxuyur. Onların arasında Andranik dəstəsi tərəfindən yaralanmış yerli erməni kəndlisinin şəhadətləri üzərində ayrıca dayanır, erməni əhalisinin Andranik tərəfindən güclə bu dəstələrə cəlb edildiyi, vuruşmaq istəməyənlərin ağır cəzalandırıldığı, hətta etiraz edən qocaların həbs edildiyi və d. kimi faktları nəzərə çatdırır. Beləliklə, bu cür heyətlər göndərməklə işlərin düzəlməyəcəyi, ermənilərin öz hərəkatlarında davam edəcəyi, bu hərəkatların arxasında Zəngəzur və Şuşa qəzalarının Azərbaycandan ayırıb Ermənistana birləşdirmək kimi niyyətlər durduğu kimi açıqlamalardan sonra hökumət başçısı “odur ki, ingilislərlə birlikdə lazım olan tədbirlər görülsə də, bunlardan savayı indi öhdəmizdə öz vəzifəmiz vardır” qənaətini bildirilir. Bu vəzifə kimi isə ilk növbədə “əsgəri qüvvələrimizin silah gücünə hərəkət etməsi əmri” göstərilir. Bu zaman, öz siyasətində, xüsusilə qonşu dövlətlərlə sərhəd münaqişələrinin həllində daim sülh yoluna üstünlük verildiyini vurğulan Fətəli Xan açıq bəyan edir ki, “Azərbaycan hökuməti nə keçmişdə, nə də indi ixtilaflı məsələləri silah gücü ilə həll etmək arzusunda olmamışdır. Hərgah belə bir məsələnin həlli üçün silaha sarılmaq lazım gəlmiş isə də biz özümüz deyil, bizi məcbur etmişlər”.
Bu fikirlər Azərbaycan hökumətinin Azərbaycan Parlamenti qarşısında Qarabağ məsələsinə dair hesabatının əsas xətti sayıla bilər.
İclasın stenoqramından göründüyü kimi Fətəli Xan Xoyskinin bu çıxışı yalnız “mərkəzdən və sağdan” alqışlarla qarşılanır, yəni parlament üzvləri tərəfindən heç də birmənalı qəbul edilmir. Bu münasibət müzakirələr zamanı edilən çıxışlarda aydın büruzə verilir.
Fətəli Xandan dərhal sonra çıxış edən Əhməd Cövdət bir daha bu məsələnin üzvü olduğu Sosialistlər tərəfindən gündəmə gətirildiyini vurğulayaraq bölgədə yaranmış vəziyyəti geniş təsvir edir. Əvvəl Osmanlıda, sonra İrəvan, Naxçıvan, Ordubad mahallarında, sonra da İranda xarabalıqlar törətmiş Andranikin indi də Qarabağa gəldiyi, “Türkiyəsi ermənisi” olduğundan yerli ermənilərin “tökülən qanlarına, dağılan xanımanlarına” ürəyi yanmadığı, Qarabağ mahalının Ermənistana ilhaq edilməsinin Daşnakların neçə illərdən bəri projesi olduğu, indi də bunun artıq “Erməni hökumətinin məsələsi”nə çevrildiyi kimi müddəalardan sonra sosialist deputat belə bəyanat verir: “bizim firqəmiz və ümum sosialistlər cəmaətin və bütün kəndlilərin mənfəətini” nəzərə alır və belə məsələlərin də “silah gücü ilə deyil, sülh ilə həll edilməsinə” tərəfdardır. Bu mövqeyini “Erməni və müsəlman üçün istər Ermənistanda, ya Azərbaycanda yaşamasının heç bir təfavütü yoxdur” – deyə “erməni ünsürünü Azərbaycandan ayırıb Ermənistana tabe etməyin” də “sülh yolu ilə” mümkünlüyünü məqbul sayan Ə.Cövdət “lakin o cürə ki, Andranik başlamış, belə olmaz” fikrindən sonra da Qarabağ ermənilərinin də müharibə əleyhinə olduqları amilindən çıxış edərək, bir daha məsələnin sülh ilə həlli təklifini irəli sürür. Sosialist deputat digər məsələdə də hökumət başçısı ilə razılaşmayaraq bölgəyə göndərilən nümayəndə heyətlərinin heç də faydasız olmadığını hesab edir, onların vasitəsilə Andranikə təsir göstərib, onun bölgədən çıxarılmasına, digər tərəfdən bu heyətlər vasitəsilə həmin sülh təşəbbüsünün ermənilər tərəfindən edilməsinə nail olmağa çağırır. Lakin çıxışının sonunda Əhməd Cövdət, hər halda, Qarabağda hazırda “qanlar axıdıldığı, evlər dağıdıldığı” faktını nəzərə almalı olur və “müsəlman cəmaatını” müdafiə etmək üçün “qüvvə” amilini qəbul edir. Lakin “ingilis” deyil, “Azərbaycan qüvvəsinin hazır olmasını” istəyir. Sözünü “Biz nə qədər hərb tərəfdarı olmasaq da fəqət, bu vaxtda qüvveyi-cəbriyyənin bütün-bütünə Qarabağda icra olunmasını rədd etməyir, istəriz” –deyən sosialist deputat da son nəticədə məsələnin hərb yolu həllini ən mümkün vasitə sayır.
Kürsüyə çıxan Müsavat fraksiyası üzvü Mustafa Mahmudov eşitdiyi bütün nitqlərdən fərqli nəticələr anlaşıldığını vurğulayır. Belə ki, “əgər Andranik ilə guya erməni xalqı arasında heç bir əlaqə yoxdursa” və Andranik də “bir Türkiyə təbəəsidir ki, işi bir çətə düzəldib müharibə etməkdir” anlamı varsa: “Bəs belə olanda kimdir o?” – sualı ortaya çıxır. Yerlərdən səslənən “daşnaq” kəlməsi müqabilində Mustafa Mahmudov “Belə olanda onun tutulub öldürülməsi lazımdır. Bu bir quldur, bir asidir” – deyə cavab verir və belə bir adamla Müttəfiqlər nümayəndəsinin görüşüb danışmasını heç bir halda məqbul saymır.
Mustafa Mahmudov - Müsavat fraksiyasının üzvü
Hökumət başçısının Tomsonun məktubu ilə bağlı qəzetdə yayılmış xəbərin yalan olduğuna dair bəyanatı, Parlament sədri Həsən bəyin də “ingilislərin Andranikə sakit olması əmrini verdikləri” kimi replikası qarşısında Mahmudov bu barədə mübahisə açmayaraq Andranikin “özünün sakit olmayacağı” qənaətini bildirir. Bundan sonra təmsil etdiyi Müsavat fraksiyası tərəfindən müzakirə olunan məsələ ilə bağlı qəbul olunmuş və Parlamentə təklif olunan Qərarnaməni oxuyur. Qətnamədə Hökumət başçısının verdiyi izahatı dinləyərək bu vaxta qədər görülən tədbirlərin qənaətbəxş sayıldığı və Azərbaycan hökumətinin daha güclü və daha qəti siyasi və hərbi tədbirlərinin Azərbaycan Parlamentinin tərəfindən daim himayə olunacağı bəyan edilir.
Daha sonra Slavyan-rus fraksiyasından söz alan Vinoqradov çıxışların mənasını tam anlamasa da onları ürək ağrısı ilə dinlədiyini, Qarabağda qan tökülməsinə son qoyulmasını, sülhün bərqərar olmasını istədiyini bildirir. Rus deputat da bu məsələnin həllində sülhməramlı komissiyalara üstünlük verir və lazım gələrsə öz xidmətlərini Parlamentə təklif edir.
Həsən bəy Ağayev çıxışların bitdiyini bildirərək Müsavat fraksiyasının təklifini səsə qoymaq istərkən, Sosialistlər fraksiyasının daha bir üzvü, Əkbər ağa Şeyxülislamov söz istəyərək kürsüyə qalxır. “Bizim sosialistlər mənə ağır bir vəzifə vermişdir. Bu vəzifə bir millətin təqsirləndirilib, o birini müdafiə etmək deyil, borcum deməkdir ki, həqiqəti ayaqlayırlar”- sözləri ilə çıxışa başlayan Şeyxülislamov Qafqaz millətləri arasında şovinizmin baş qaldırdığı, bunun günahsız qanlar tökülməsinə səbəb olduğu və əgər qabağı alınmazsa “Qafqaz qitəsinin də Balkan yarımadası kimi qan dəryaçasına dönə biləcəyi” kimi təhlükələrin kökündə erməni Daşnakların proqramı durduğu göstərir. Azərbaycan torpaqlarının bu proqrama əsasən Ermənistana verilməsinə razı olmadığını bildirsə də, məsələlərin “qan tökülmədən, sülh yolu ilə” həllinə çalışmağın labüdlüyünü qeyd edir. Bu məqsədlə sosialist deputat Hökuməti ermənilərlə əlaqə qurmaq, bir-birinə səfirlər göndərmək, “burada olan millətlərin fikirləri ilə həmrəy olmaq” kimi təkliflərlə yanaşı vəziyyətdən çıxış yolu kimi Qafqaz millətlərinin öz münasibətlərini tənzimləyərək bir konfederasiya halında birləşməsi məsələsini gündəmə gətirir.
Əkbər ağa Şeyxülislamov - Sosialistlər fraksiyasının üzvü
Bu çıxışdan sonra digər fraksiyaların nümayəndələri də müzakirələrə qoşulur. “Müsavat”dan sonra Parlamentdə ən böyük fraksiya olan “İttihad”ın sədri və eyni adlı partiyanın lideri Qara bəy Qarabəyov öz çıxışında Azərbaycan hökumətinin Qarabağ xüsusunda imkanları daxilində çalışdığını təsdiq etsə də, Hökumət başçısını bunların bir daha təkrarlanmayacağına təminat vermədiyini, “verə də bilməz idi”- deyə vurğulayır və vəziyyətin gərginliyini indiyə qədər Azərbaycanın əlində “lazımi qüvvə” olmadığında görür. İngilislərin göndərdiyi nümayəndələrin nəyəsə nail olacaqlarına o qədər də inanmayan “İttihad” lideri “Bizim öz qüvvəmiz olmalıdır” –deyə Parlamentin hökumətdən Andranikin qabağını saxlaya biləcək qədər hərbi qüvvəyə malik olmasını tələb şəklində irəli sürür.
Qara bəy Qarabəyov - İttihad fraksiyasının və eyni adlı partiyanın lideri
Daha bir, fraksiyasının - “Əhrar” (Müstəqillər) - nümayəndəsi Abdulla bəy Əfəndiyev də söz alaraq yaxın keçmişə üz tutur, ermənilərin Qafqazda ixtilaflı məsələləri həll etmək üçün keçirilən bütün tədbirləri pozduğundan nümunələr gətirir, sonra Hökumətdən əvvəlcə sülh, bu mümkün olmazsa digər çarələr axtarmağı tələb edir. Əhrarçı deputat əvvəlki natiqlərin “qüvvəmiz yoxdur” fikri ilə razılaşmır. “Millət böyük bir qüvvədir. Millət görsə ki, Vətən və İstiqlalın müdafiəsinə durmaq lazımdır, dərhal çeteçilərin müqabilinə Cümhuriyyətimizi müdafiə və mühafizə etməyə hazırdır. Hökumətimiz millətin belə hazırlığına istinad edərək məsələni sülh ilə həll etmək mümkün olmasa, qüvvə müqabilinə qüvvə çıxara bilər”.
Abdulla bəy Əfəndiyev - Əhrar (Müstəqillər) fraksiyasının (sonralar - Sol müstəqillər) üzvü
Parlament üzvlərinin çıxışlarında hökumətin gördüyü işlərin kafi hesab edilmədiyi qarşısında Fətəli Xan Xoyski yenidən kürsüyə qalxır. Sosialistlərin tənqidi qarşısında əlavə olaraq daha nə işlər görüldüyünü sadalayır, “bəlkə də nəticələrin hələ gözə çarpmadığını” da mümkün saymaqla yanaşı, bir daha bəzi səbəblərdən müfəssəl məlumat verməyi lazım bilmədiyini vurğulayır. Fətəli Xan Qarabəyovun hökumətin “əskəri işlərə” diqqət verilmədiyinə dair tənqidi ilə də razılaşmır, bu sahədəki işlər barədə hələ Parlament qarşısında danışa bilmədiyini təkrarən nəzərə çatdıraraq, yalnız onunla kifayətlənir ki, hərbi təşkilati işlər məşhur general Mehmandarova tapşırılmışdır və lazımi tədbirlər üçün pul məhdudiyyəti qoyulmamışdır.
Bundan sonra baş verənlər Qarabağda Andranikin quldur dəstələrinin törətdiyi vəhşiliklərin qarşısının almaq məqsədilə hökumətin gördüyü işlərin qiymətləndirilməsində Parlament fraksiyalarının mövqelərinin toqquşduğunu aydın göstərir. Müsavat fraksiyası bir daha öz təklifini səsləndirərək görülən işləri kafi hesab etdiyi və Parlamentin hökuməti gələcək fəaliyyətində dəstəklədiyini bəyan etdiyi halda, sosialistlər dinlədikləri hökumət tədbirlərini kafi bilməyib, “həqiqi və qəti tədbirlər” görülməsini tələb edirlər.
Q.Qarabəyov “İttihad” fraksiyasının sosialistlərin təklifini dəstəklədiyini elan edir.
İclasın sədri Həsən bəy Ağayev verilən təklifləri səs verməyə çıxararaq ilk olaraq “Müsavat”ın adını çəkəndə sosialist Aslan bəy Səfikürdski buna etiraz edərək “məntiqə görə” Sosialist blokun təklifinin əvvələ salınmasını istəyir.
Həsən bəy Ağayev- Cümhuriyyət Parlamentinin sədr müavini
Sədr bu tələb qarşısında “Müsavat”ın təklifinin daha əvvəl irəli sürüldüyünü qeyd edəndə, vəziyyətin gərginləşdiyini görən Şəfi bəy Rüstəmbəyli (Müsavat fraksiyası) “ümumi bir qərara çıxarmaq” ümidi ilə 5 dəqiqəlik tənəffüs elan olunmasını xahiş edir.
Tənəffüs elan olunur, fraksiyalar arasında danışıqlar başlanır və ümumi fikir hasil edilir. Belə ki, tənəffüsdən sonra bütün iclas boyu susan, lakin görünür ki, həlledici məqamda işə qarışaraq yaranmış gərginliyi tənzim edən Müsavat fraksiyasının lideri Məhəmməd Əmin Rəsulzadə özü çıxış edərək bütün fraksiyaların razılığı əsasında qəbul edilmiş qərar layihəsini oxuyur. Qərarın məzmunundan aydın olur ki, ümumi məxrəc mətndə “qiymətləndirmə” hissəsinin çıxarılması nəticəsində əldə edilmişdir: – Verilmiş sorğuya cavab olaraq Qarabağ vilayətində Andranikin etdiyi vəhşiliklər və Hökumətin bunlara qarşı gördüyü tədbirlər haqqında Hökumət başçısının verdiyi izahatı dinləyərək Azərbaycan Parlamenti Vətənin ərazi bütövlüyü, Cümhuriyyətin şərəf və ləyaqətinin müdafiəsi, ölkə əhalisinin təhlükəsizliyinin təmini və azadlığına aid məsələlərdə Hökumətin daha qətiyyətli və daha güclü siyasi və hərbi tədbirlər görməsini qeyd edərək, belə tədbirlərin icrasında Parlament tərəfindən daima etibar və himayə olunacağını bəyan edir.
Məhəmməd Əmin Rəsulzadə, Cümhuriyyət Parlamentində aparıcı - Müsavat fraksiyasının və eyni adlı partiyanın lideri
Cəmi 2 həftə əvvəl təşkil olunmuş Azərbaycan Parlamentinin bu fövqəladə 4-cü iclası istər çağırılması və gedişi, istərsə də konkret olaraq Qarabağ məsələsinin müzakirəsi parlamentarizm baxımından yüksək professionallıq nümunəsi olmaqla, tarixi baxımdan da çox ibrətamiz sayıla bilər. Qarabağ bölgəsindən olan bir deputatın və müxalifət mövqeli solçu fraksiyanın sorğusu ilə təcili bilinən məsələ ətrafında Parlament fövqəladə iclasa toplanır. Hökumət başçısı nazirləri ilə birlikdə Parlamentin iclasına gəlir və sorğu ətrafında geniş izahat-cavablar verir. Müzakirələrdə iştirak edən aparıcı fraksiyaların nümayəndələri müzakirə olunan məsələ - Qarabağda baş verən olaylar haqqında tam məlumatlı olmaqla yanaşı, bütün hadisələrə daha geniş – regionda və hətta dünyada baş verən siyasi proseslər kontekstində baxırlar və Azərbaycanın ağır və mürəkkəb durumunu obyektiv qiymətləndirirlər. Bununla belə, Parlament üzvləri onsuz da məhdud imkanlar dairəsində fəaliyyət göstərən Azərbaycan hökumətinə kifayət qədər tələbkar yanaşır və onu tənqid etməkdən çəkinmirlər. Bu qısa yazıda həmin iclasın gedişində deyilənləri tam əhatə etmək mümkün deyildir, lakin onun gərgin abu-havası, Fətəli Xanın öz çıxışları zamanı keçirdiyi həyəcan, Qarabağ əhlindən tutmuş ölkə Parlamentinə qədər Hökumət başçısı kimi duyduğu məsuliyyət hissi və insani narahatlığı həmin iclasın həm Azərbaycan, həm də rus dillərindəki stenoqramlarında çox aydın əks olunub.
Nəhayət, Qarabağ məsələsinin həlli yolları – sülh ya hərb?
Ardı var...
Ednews.net