Mir Cəfər Bağırov dəlicəsinə sevdiyi qadını niyə və necə öldürdü? – QANDONDURAN TARİXÇƏ
11-06-2021, 06:16
Azmarka.az özünün böyük oxucu marağına səbəb olan "Əfsanəvi azərbaycanlılar" layihəsində bu dəfə ilk peşəkar pianoçu qadınımız Xədicə xanım Qayıbovanın faciəvi aqibətinə işıq tutur.
***
Xədicə xanım Qaybova Azərbaycanın ilk peşəkar qadın pianoçusudur. O, ötən əsrin 20-ci illərinin əvvəllərindən etibarən açıq konsertlər verib, mahir ifaçılığı ilə qəlbləri ovsunlayıb, bundan başqa, müəllimlik edib, musiqi təşkilatçılığı ilə məşğul olub. Lakin nə yazıq ki, 1937 repressiyasından sağ qurtula bilməyib.
Məsələ burasındadır, 1938-ci il martın 16-da Azərbaycan Xalq Daxili İşlər Komissarlığı Dövlət Təhlükəsizlik İdarəsinin 3-cü şöbə rəisinin müavini, leytenant Tevosyan belə bir arayış hazırlayır: "Türk və ingilis qərargahlarının Bakıda olduqları zaman, 1893-cü ildə anadan olan, Azərbaycan Dövlət Konservatoriyasının keçmiş müəlliməsi Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə idi, həmin qərargahların zabitlərini evinə qonaq çağırırdı".
Arayışda yazılanlara inansaq, Azərbaycanda Sovetn hakimiyyəti qurulduqdan sonra Xədicə xanım öz evində "Müsavat firqəsinin liderlərindən olan" Mustafa Vəkilovu gizlədibmiş. Hökumət nümayəndələri bundan xəbər tutub Mustafa bəyi həbs etməyə gələndə isə Xədicə xanım ona qaçmaq üçün imkanı yaradıbmış.
Yenə həmin arayışdan: "1924-cü ildə Qayıbovanın evində türk ordusunun zabiti azərbaycanlı Sultan Hüseynzadə gizlənirdi. Qayıbovanın evindən o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edir.
Əksinqilabi millətçi təşkilatının rəhbərlərindən biri Ə.Fərəczadənin 1937-ci il iyulun 17-də verdiyi ifadədən görünür ki, Türkiyə kəşfiyyatının agenti Dadaş Bünyadzadə həmin kəşfiyyatla əlaqəsini Qayıbova Xədicə xanımın vasitəsilə saxlayırdı.
Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov Azərbaycan SSR XDİK tərəfindən əksinqilabi millətçi təşkilatının üzvü kimi həbs edilmişdir.
1933-cü ildə X.Qayıbova casusluqda təqsirləndirilərək Azərbaycan Dövlət Siyasi İdarəsi tərəfindən həbsə alınmışdı, amma ittiham sübut olunmadığı üçün azad edilmişdi.
Yuxarıdakılara əsasən X.Qayıbova həbs olunub Azərbaycan SSR CM-nin 68-ci maddəsinə görə istintaqa cəlb edilməlidir".
Beləliklə, 45 yaşlı, iki övlad (Əbdülkərim və Alanqu) anası Xədicə xanım 1938-ci il martın 17-də Dövlət Təhlükəsizlik İdarəsi tərəfinbdən həbs olunur. O zaman 11 yaşında olan qızı Alanqu xanım həmin günü belə xatırlayırdı: "Gecə gəlmişdilər. Səs-küyə ayıldım. Anam həmin gəlişə nə qədər hazır olsa da, sarsılmışdı. Rəngi ağappaq idi..."
Bir neçə gün sonra isə Xədicə xanımın istintaqı başlanır. Martın 20-də keçirilən birinci dindirmədə müstəntiq Xədicə xanımın əksinqilabi fəaliyyətlə məşğul olduğunu, türkçülük ideyalarının yayılması yönümündə xüsusi iş apardığını söyləyir. O, bu ittihamı qəti şəkildə rədd edir.
Müstəntiqin xaricdə yaşayan qohumları, tanışları barədə sualına isə Xədicə xanım belə cavab verir: "Qardaşım Məmməd Müftizadə. O, Türkiyəyə 1917-ci ildə gedib, hazırda heç bir əlaqəm yoxdur. 1922-1923-cü illərdə Bakıda İran konsulu olan Məmmədxan, indi o haradadır, bilmirəm. Müsavatın zabiti Sultan Hüseynzadə 1925-ci ildə gizli şəkildə İrana qaçıb. İndi nə ilə məşğuldur, bilmirəm". 1938-ci il martın 23-də keçirilən ikinci dindirmədə ondan türk və ingilis qoşun zabitlərindən kimləri tanıdığı barədə ifadə verməyə israr edirlər. O, türk qoşunlarının rəhbərlərindən biri Xəlil paşanı, onun adyutantı Cavad bəyi və təyyarəçi zabit Əşrəf Təmuçini tanıdığını söyləyir. Xədicə xanım müstəntiqin türk zabitləri ilə tanışlığın hansı mahiyyət daşıdığı barədə sualına qısa və aydın şəkildə cavab verir: "Xəlil paşa dəfələrlə bizim evə gəlib. Məni onunla qardaşım Məmməd Müftizadə tanış edib. Cavad bəyi Xəlil paşa vasitəsilə tanımışam. Təyyarəçi zabit Əşrəf Təmuçinlə tanışlığımız indi xalq düşməni kimi ifşa edilən Çingiz İldırım vasitəsilə olmuşdu... General Əliağa Şıxlinski, general İbrahim Usubov mənim keçmiş ərimin qohumlarıdır".
(Xədicə xanım ilk dəfə 1911-ci Qafqaz müftisi məşhur Mirzə Hüseyn Əfəndi Qayıbzadənin oğlu Nadir Qayıbovla ailə qurub. Lakin bu evlilik uzun sürməyib).
Həbs edilərkən nə qədər həyəcan keçirsə də istintaqda Xədicə xanım özünü itirməyib, hər şeyi olduğu kimi danışıb. Məsələn, Mustafa Vəkilovu evində gizlətdiyini də, qaçmasına yardımçı olduğunu da olduğu kimi söyləyir, lakin bunda siyasi motiv olmadığını dəfələrlə vurğulayır. Heç vaxt əksinqilabçı kimi fəaliyyət göstərmədiyini, casusluqda əli olmadığını, heç bir xarici kəşfiyyatla əlaqə saxlamadığını dönə-dönə dilə gətirir, müstəntiqlərin ona şər, böhtan atdıqlarını onların üzlərinə vurur.
Deyilənə görə, Sovet Azərbaycanının o vaxtkı rəhbəri Mircəfər Bağırov Xədicə xanımı şəxsən tanıyırmış, onun yalnız sənətinə yox, özünə də heyranmış. Hətta Bağırovun Azərbaycanın ilk pinaoçu qadınını dəlicəsinə sevdiyi də deyilir. İkinci həyat yoldaşı Rəşid bəyin həbsində bu amilin əsas rol rol oynadığı söylənilir. Rəşid bəy həbs edildikdən sonra güllələnir.
Xədicə xanımın işi üzrə istintaqın qurtarması haqqında protokol isə 1938-ci il mayın 7-də tərtib edilir. Ertəsi gün müstəntiq Tevosyan ittihamnamə yazır. Xədicə xanım Azərbaycan SSR Cinayət Məcəlləsinin 68-ci maddəsi ilə müqəssir hesab olunur. O, 6 ay həbsxanada saxlanılır. Bundan sonra isə güllələnməsi barədə hökm çıxarılır.
Hökm 1938-ci il oktyabrın 27-də icra edilir.
Xədicə xanımın övladları və qohumları onun güllələndiyini 16 il sonra öyrənirlər. Həmin vaxtadək ilk qadın pianoçumuzun hələ də həbsdə saxlanıldığını düşünürlər. Lakin təəssüf ki, yanılırdılar...
...Mir Cəfər Bağırova Xədicə xanıma çox bənzədiyi üçün evli qadın Qəmər Əlizadəni sevməyə başlayıb. Bu səbəbdən qadının başı çox bəlalar çəkib.
Qəmər xanım 1953-cü ildə Bağırovun məhkəməsində şahid kimi ifadə verib. Məhkəmənin hakimi Bağırovdan həmin vaxt akademik Ələşrəf Əlizadənin həyat yoldaşı Qəmər xanıma niyə əziyyətlər verdiyini soruşanda Bağırov belə cavab vermişdi:
– Mən onu sevirdim...
Elçin ŞAHMURAD,