"Flora Kərimova Sənin özünə ÖZÜNÜ qaytarır" - Aydın Canıyev

31-07-2021, 20:42           
"Flora Kərimova Sənin özünə ÖZÜNÜ qaytarır" - Aydın Canıyev
Səslər tablosunda Da Vinçi kodu

Nar

Do...

Əslində, Flora Kərimovaya üz tutmağa sövq edən onun ifalarında olan böyük mədəniyyətdir – hər zaman ehtiyac duyduğumuz mədəniyyət. Böyük mədəniyyətlə ifa olunan bu mahnıları eşitməyi, dinləməyi, tamaşa etməyi isə sevməyi, nifrət etməyi və itirməyi bacaranlar duyurlar. Bütün incəliklərin və kobudluqların cəmləşdiyi bu kompozisiyalarda zəriflik ən ali müşayiətedici amildir.
Flora Kərimovanın səsi sözü də, musiqini də mintənəyə mindirir – öz etirafetdirici son akkord olmasıyla. Tamamlayıcı funksiyasını məhz Flora xanımın ifası yerinə yetirəndə TABLO alınır!!!
Onun səsinin ecazkarlığı, ifa manerası musiqinin müşayiətini öz gücünə görə zəruri və lazımlı edir!
Dörd oktavalıq səsiylə həm altda, həm sopranoda, həm də kolorituralı sopranoda oxuyan Flora Kərimovanın ifası eyzən də Heminqueyin "Dəniz və qoca” təəssüratını yaradır, Rembrandtın, Da Vinçinin tabloları göz önündə canlanır.
Sovet dönəminin Azərbaycanında bir "Elçin-Gülnar” (Yaşar Nuriyev-Firəngiz Mütəllimova) melodraması yayımlandı. Pis olmasa da, heç yaxşı da deyildi. Yaddaşlarda dəyərə, gözlərdə tabloya Flora Kərimova çevirdi:

"Baxma, o qatarın dalınca baxma...”

Re...

Bilinməyənin, üstü pərdəli nəsnələrin, məlum olan naməlumun – "səslərin Nostradamus katrenləri”nin açımını "Heminquey, Rembrandt” Flora Kərimova durduğun yerlərdən çox uzaqları göstərməklə verir, Da Vinçi kodlarının şifrələrinə dinləyicini, onun yaddaşını oxutmaqla aydınlıq gətirir! Vanqasayaq, özünün oxuduğu mətnin tablosunu çəkir və... "al, götür həyatını!” deyə Sənin özünə ÖZÜNÜ qaytarır!!!
"Əzizim” mahnısına dəfələrlə qulaq asmaq stressdən çıxmaq üçün də yetərlidir... bəzən:

"...bu darlığa dözmək olmur, əzizim!
... göz yaşında üzmək olmur, əzizim”.

Mi...

Flora xanımı duya bilməyin nədənini dedik. Amma beləsini sevməyi bacarmağın da şərtlərini bilmək lazım!
Onu sevmək üçün həm şair, həm bəstəkar, həm də müşayiətçi olasan gərək – bir ürəkdə, bir ruhda! Onda bitkin bir tablo alınar!
Flora xanımın özü sözlə musiqinin səslə çəkilmiş BİRLİK ifadəsidir!

... "İstəyirdim mən səni sevəm ölənə qədər,
Sevəm tale üzümə baxıb gülənə qədər.
.................................................................
İstəyirdim mən səni sevəm ölənə qədər!»

Fa...

Flora Kərimova bütün hallarda seçilmişlərdən olsa da, bir məqamda da onlardan fərqlənmir – musiqi dünyasının adamları musiqini yaxşı bilirlər, onu yaxşı dilə gətirirlər, fəqət... danışmağı bacarmırlar!
Nə Luçano Pavarotti, nə Müslüm Maqomayev, nə Ququş (istədiyiniz isimləri sıralayın), nə də... Flora Kərimova DANIŞMAQ üçün yaranmayıb!
Flora xanımın susmağı Onu daim oxudacaq bir poeziyadır:

"...Bu sevginin aqibəti ölümsə,
Mən ölərəm ikimizin yerinə”...

Sol...

Seçilmişlərin SEÇİM İMKANI OLMUR! Onlar özləri seçilir və bütün əzablar da bundan sonra başlayır! - İlahinin seçimi belə olur...
Flora xanım qadağalardan xilas olan, elə qadağaların da xilas etdiyi ənginlik adamıdır!

Lya...

Hər bir böyüklük özünə ömür payı yazır!
Flora Kərimova öz ömür payını lap əvvəllərdən bəyan etmişdi.
... "Mehman” filmində bir Zümrüd obrazı var – Flora xanımın lap cavanlıqda olan ifasıdır.
Rejissor və operatorun ekstraklas təqdimatıdır: hədiyyə qızıl saatın əzabları yuxusunda da Zümrüdü çərlədir.
Bax, Flora Kərimovanın ömür payı odur: saniyə qovur, dəqiqə qovur, saat qovur... heç biri dayanmır! Millər dayanmadıqca Flora Kərimova da dayanmadı və MİLLƏRİN ARASINDA UCALIĞA ÇATDI!
Böyüklük, ucalıqda böyüklük zülm içində yaşayıb, yaşayır, yaşayacaq da! Zülmün böyüklüyə aparan yolun cığırına açar olduğunu dərk edənlər isə heç vaxt giley eləmir – Flora Kərimova kimi: BÖYÜK XALQın BÖYÜK SƏSinin BÖYÜK İFAÇISI!

Si...

Onun ifasının heç biri adamı dayandırmır. İlkin səbəb mahnıların onun səsinin zənginliyinə yazılmasıdırsa, əsas amil də buracan sadaladıqlarımızdır. "Bu nə fikirdir, bu nejə musiqidir, belə ifa olar?” "tormoz”u yoxdur.

Bu dünyanın qısqanc, qısqanc notları!

Onun yoxluğu adamı dilləndirir: "şimdi saat sənsizliyin tən ortası”.
Onun varlığı adamı varından yox edir!
Onun özü oxumur heç vaxt, həmişə adamın özünü oxutdurur!
Onun durduğu ucalıq qısqanclıq yaradır!

Onun üz-üzə qaldığı uçurumlarda ayaqda qala bilməyi adamın dizlərindən ürəyinəcən taqətini çəkir!
... Amma O var! Fəqət Onun layiq olduğu bir məkan da var! – desən ki, "insanlardan yuxarı, Allahdan aşağı”, düz olmaz, desən də ki, insanların ürəyi, yenə də alınmır, iddia eləsən də gözümüzdə, yaddaşımızda, unutqanlığımız və bəsirətimizin "türlü-türlü” seçimləri əleyhimizə olar!
Axı O yer var! Görəsən, haradır o yer?
... Deyirlər "üzü öpülənin əli öpülməz”. Flora xanım əli öpüləsi xanımdır – SƏSİNƏ görə.
Elə Onun yeri də səsimizdədir!
ŞƏKİLLƏRİNİ ÇƏKDİYİ SƏSİMİZDƏ...

SON: Tez-tez deyirik insanlara – "sağlığında qiymət verin insanlara”.
Flora xanım sağdır!
Hesab ediriksə, biz onun qiymətini verə bilmişik, yanlışdır!
"Xalq artisti” fəxri adı QİYMƏTİN ifadəsidirmi?
Tamaşaçı alqışları QİYMƏTİN ifadəsidirmi?
El-oba məclislərinə dəvətlər QİYMƏTİN ifadəsidirmi?
Onun haqqında ağıla və ağıza gələni deyənlərin, yazanların fikirlərinə efir, qəzet tanımaq QİYMƏTİN ifadəsidirmi?
Düşünürəm ki, yox!
İnsanın qiymətinin verilməsi onun İNSAN KİMİ qəbul və cəmiyyətin yaddaşına belə də həkk edilməyindədir!
Mən öz payıma saatımda zamanı göstərən milləri durdurdum: əbədiliyi ifadə edən bu tabloda bir ad yazmaqla: SƏS TABLOLARINI ÇƏKƏN İLK İNSAN - FLORA KƏRİMOVA. AZƏRBAYCAN!

Redaksiyadan qeyd: Bu məqalə 2009-cu ildə Lent.az saytında "Səslər tablosunda Da Vinçi kodu" adıyla dərc olunub.

Aydın Canıyev
miq.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.