NADİR ŞAH ƏFŞAR VƏ İMPERATRİÇA ANNA İOANNOVNA
3-08-2021, 07:17
1735-ci ildə Rusiya imperiyasının elçiləri Nadir xan Əfşarla görüşmüş, ona İmperatriça Anna İoannovnanın (1693–1740) məktub və hədiyyələrini təqdim etmişdilər. Hədiyyələrdən biri – mexaniki oyuncaq Nadir xanın çox xoşuna gəlmişdi. O, imperatriçaya cavab məktubunda bildirmişdi ki, “Qəndəharın fəthindən sonra Ağbanu (rus imperatriçası) ilə görüşüb ona evlənmək təklifi edəcək və o zaman iki ölkə bir ölkəyə çevriləcəkdir”.
Qeyd etmək lazımdır ki, Nadir xan Əfşar Dağıstanın qiyamçı xanlarını cəzalandırmaq məqsədilə 1734–1735-ci illərdə iki dəfə yürüşdə olmuş, bütün döyüşlərdə qalib gəlmiş, 1735–1736-cı illərdə isə Rusiya imperiyasını Dağıstandan çıxarmışdı. 1736-cı il martın 21-də şah seçilən Nadir Əfqanıstanı, Hindistanı, Orta Asiyanı, İraqı və digər ölkələri fəth etmiş, şimal torpaqları məsələsinə bir də 1740-cı ildən sonra qayıtmışdır. Bunun da bir səbəbi o idi ki, 1740–1741-ci illərdə Rusiya imperiyasının güclü dəstəyi sayəsində Şimali Qafqazın qiyamçı feodalları yenidən fəallaşmış, şəhər və kəndlərə basqınlar etməyə başlamışdılar. Lakin bu, yeganə səbəb deyildi.
Britaniya tarixçisi və şərqşünası Lourens Lokkart (1890–1975) yazır: “1742-ci ilin noyabrında Nadir şah şimal istiqamətində hərəkətə başladı. Çox güman ki, onun məqsədi donmuş Terek çayını keçərək Qızlara getmək idi. Çeçenistandan aldığı məktub şahın bu qərarı verməsinə səbəb olmuşdu. Həmin məktubda çeçenlər bildirmişdilər ki, Nadir şah Əfşarın təbəəliyini qəbul etmək niyyətindədirlər. Əgər o, Çeçenistana gəlsə, çeçenlər Rusiya ilə müharibədə Nadir şaha əllərindən gələn köməyi edəcəklər. Aydındır ki, Nadir şah Kabardanı, Kubanı və Krımı ələ keçirmək istəyirdi. Belə görünürdü ki, Rusiya ilə İran arasında müharibə mütləq baş verəcəkdir”.
Yuxarıdakı sətirləri oxuduqdan sonra Nadir şahın Dağıstana qış aylarında hücum etməsinin səbəblərini anlamaq olur. Onun əsl hədəfi Şimali Qafqazın dağlıq əraziləri deyil, Rusiyanın cənub şəhərləri idi. Nadir şahın qızılbaşlardan, özbəklərdən və əfqanlardan ibarət olan qoşununun qarşısını geniş və bol sulu çaylar kəsmişdi. Böyük ordu üçün su maneələrini qışda – onların üstünü qalın buz təbəqəsi örtdükdən sonra dəf etmək daha asandır. Yürüşə qış aylarında başlamaq həm də rus qoşunlarına qarşı hərbi əməliyyatların əsas və həlledici hissəsinin isti fəsillərə keçirilməsi demək idi. Sözsüz ki, Nadir şah Dağıstanda ləngimək fikrində deyildi. Çox güman ki, o, sürətlə hərəkət edib Qızlara çatmaq, qışı Çeçenistanla sərhəddə keçirib yazın əvvəlində səfərini davam etdirmək istəyirdi.
Yaxud Qızlarda dayanmadan Həştərxan istiqamətində irəliləyib bu şəhəri hücumla ələ keçirmək niyyətində idi. İstənilən halda şübhəsiz ki, Səfəvi şahı II Abbas kimi Nadir şah Əfşar da Həştərxanın azad olunmasını ölkənin xarici siyasətinin prioritet məsələlərindən biri sayırdı. Amma Dağıstan feodallarının itaətini təmin etmədən Rusiya ilə müharibəyə başlamaq böyük bir səhv olardı. Görünür, hərbi kompaniyanın əvvəlində şah inanırdı ki, dağlılar nəinki təslim olacaqlar, hətta ona yardım da göstərəcəklər. Lakin o, yanılırdı. Yalnız qumuxlar Nadir şahın müraciətini eşidib onun tərəfinə keçdilər.
Dağıstan xanları isə başqa yol tutdular. Rusiya tarixçilərinin məlumatına görə, onlardan bəziləri rus generalı Tarakanova guya belə bir məktub da yazmışdılar: “Əlahəzrət imperatriçadan xahiş edirik ki, bizi özünün qüdrətli qanadları altına alsın və onun qulu olmağımıza icazə versin. İmperatriçanın qızıl libasının ətəklərini tutmağa hazırıq. Təntənəli surətdə ona sədaqət andı içirik”. Sözsüz ki, bu cümlələr yalnız bir neçə feodalın fikrini ifadə edirdi. Bəlkə də həmin məktub sonradan quraşdırılmış saxta bir sənəddir. Lakin digər tərəfdən, bunlar yalnız bizim ehtimallarımızdır. Bəlli olan budur ki, Şimali Qafqazdakı rus qalalarının komandirləri Nadir şahla mübarizə aparan qiyamçılara silah-sursat ötürürdülər.
Nadir şah planlaşdırma zamanı ola bilsin ki, iki ciddi səhvə yol vermişdi:
Yüksək dağlıq şəraitə alışmış dağlı üsyançılarla döyüşə çölçüləri gətirmişdi. Onun hərbçilərindən yalnız əfqanlar dağlarda yorulmur və döyüş qabiliyyətini itirmirdilər. Abbasqulu ağa Bakıxanov yazır ki, əfqanlar dağlılarla döyüşlərin əksəriyyətindən qalib çıxdılar. Lakin orduda əfqanlardan və digər dağ xalqlarından olan savaşçıların sayı lazım olduğundan az idi. Bu isə bir daha ona dəlalət edir ki, Nadir şahın əsl hədəfi Dağıstan deyil, Rusiya imperiyası olmuşdur;
Ordunun ərzaq və paltar təminatı qənaətbəxş səviyyədə təşkil edilməmişdi. Nəzərə alınmamışdı ki, arxa cəbhə rolunu oynayacaq Şirvan vilayəti Rusiya–Səfəvi müharibəsi və dağlı qiyamçılarla əvvəlki döyüşlər nəticəsində tamamilə viranəliyə çevrilmişdir. Yoluxucu xəstəliklər üzündən verilmiş itkilər də az deyildi. Əfqan döyüşçülərinin bir hissəsini vəba tələf etmişdi.
Bütün çətinliklərə baxmayaraq Nadir şah 1743-cü il fevral ayının 10-dək Dağıstanın böyük bir hissəsini özünə tabe etdi. Artıq Rusiya istiqamətində yürüşü davam etdirmək olardı. Lakin fevralın 15-də şah məlumat aldı ki, nəhəng bir Osmanlı ordusu onun dövlətinin sərhədlərinə yaxınlaşır. Bu hücumu dəf etmək üçün Nadir şah Əfşarın geri dönməkdən başqa bir əlacı qalmamışdı.
1747-ci il iyun ayının 17-də böyük fatehin sui-qəsd nəticəsində öldürülməsi Rusiya imperiyasının işinə yaradı.
Müəllif: Milli Kimlik Araşdırma Qrupunun üzvü Araz Şəhrili
.Fedai.az