Dedik gənclər gəlsin, demədik ki... Və ya bir qrup gəncin idarəçilikdə vurduğu zərər...

5-08-2021, 10:22           
Dedik gənclər gəlsin, demədik ki...
Səhiyyə sistemində yeni təyinat alan iki gənc baş həkimin həbsindən sonra, Eldəniz deputatın həbsi siyasətə və vəzifələrə yeni gətirilən bəzi gənclər, cavanlar, barədə fikir söyləməyə əsas verir artıq.
Biri deputat, ikisi həkim olmaqla, saxlanılanların hər üçü gəncdir. Siyasətdə də, karyerada da.
Hər üçü proseslərə birdən keçid edib. Mərhələ ilə yox. Tərcümeyi-halları bunu deməyə əsas verir ki, idarəçilik və siyasi təcrübə azdır.
Hər üçünün sürətli və "uğurlu" karyerasında, hətta təhsilində ailələrinin ciddi rolu və müdaxiləsi olub. Standart Azərbaycan ailəsi modelidir bu həm də. Dostluq, qohumluq əlaqələrinin rolu da istisna deyil. Və ən pisi də məhz budur.
Çünki məhz bu göstəricilər hər üçünün sonunu eyni etdi. MƏHBƏSə apardı !..
***
Vətəndaşsa...
...Dedi, yenilik, müasirlik, dünyəvilik, GƏNCLIK gəlsin. Bunu arzulayan və dəstəkləyən öncüllərdən biri də bəndəniz idi.
...Dedik qoca-qoca oleqarxlardan, dövlət büdcəsi oğrularından, rüşvətə, korrupsiyaya bulaşmışlardan, əməlləri nəticəsində dövlətə ciddi problemlər yaradanlardan qurtulaq, gənclərimiz gəlsin...
...Demədik ki, gənc əmi, dayı, bibi, xala uşaqları, qudalar, yeznələr, kürəkənlər, qardaşlar, bacılar, bacanaqlar, bacı, qardaş balaları və sairlər gəlsin...
...Demədik ki, Rusiyanın, Iranın, Amerikanın, Avropanın, Türkiyənin bəzi dairələrin adamları, Sorosun, LGBT-nin balaları gəlsin...
...Demədik ki, milli ruh, düşüncə nədir bilməyənlər gəlsin...
...Demədik ki, ingilis, rus dilini "çırtlamaq" dövlət siyasətinin ana xəttini təşkil eləsin (Məsələn, gedişat göstərdi ki, Qarabağda döyüşənlərin, can fəda edənlərin, doxsan faizi ingiliscə bilmirdi)...
...Demədik ki, yenisi gəlsin, gərəkli, gərəksiz demədən hamını işdən "kürüsün"...
...Demədik ki, ianələrlər xaricdə oxuyanlar, diplom alıb, sənədini gözümüzə soxsunlar...
...Demədik ki, qocalardan da betər, gənclər, cavanlar gəlsin...
...Dedik ki, gözümüz, ruhumuz, beynimiz, həyatımız təzələnsin. Məmləkət işıqlansın. Ifləmiş, kaftarlaşmış sifətlərdən canımız qurtarsın.
...Demədik ki, bir gənc deputat polis döysün, o biri tumanla məhkəmə icraçısının qənşərinə çıxsın. Yaxşı olan həmkarlarının da istər dövlət qulluğunda, istər parlamentdə adını biabır eləsin...
Biz nə dediksə əsasən əksi oldu. Və hətta ölkədə son icra olunan bəzi layihələrə baxıram. Kütlə üçün nəzərdə tutulan layihələrin bir çoxu "praval"a uğrayır. Nə sirdir bilmirəm, bir ASAN xidmət hələ ki istisnadır. Və məsələn, "BakuBus" sistemində artıq durum biabırçıdır...
Bunun bir səbəbi insanlardır. Sıravi insan düşüncəsi də gərəkdir ki, yeniliyə, müasirliyə açıq ola və şüurlu surətdə yaşının icazə verdiyi və vermədiyi məsələləri ayıra bilə. Amma bu da yeganə qayğımız deyil axı. Qayğı eyni problemin yeni nəsil məmurlarda da olmasıdır ki, yuxarıda bir qismini sadaladıq.
Ölkədə hər kəsin uğurlu olacağını gözlədiyi gənclərin bir qisminin dövlət idarəçiliyinə, qanunverici orqana gətirilməsi indilik aşağıdakı təəssüf doğuran nəticələrlə müşaiət olunmaqdadır...
-Düşdükləri mühit əksəriyyətinə tanış deyil...
-Milli ruh, yoxa bərabərdir...
-Çalışdıqları sektoru ilmə-ilmə tanımalı olduqları halda, qorxur, aşırı ehtiyatlı davranır, dəqiqləşdirilməmiş məlumatlara əsasən qərarlar almağa meyillidirlər...
-Xeylisi siyasətdə "çiydir". Son otuz ilin müstəqillik dönəmini şərh elə desək, əminəm, bir xeylisi şaşqın baxacaq. Onları peşəkar yox, xalq mediası "udur", bu bir məmur üçün böyük mənfilikdir. Elmli ola bilərlər, amma bacarıqlı, helmli, deyil bir xeylisi...
Odur ki, ikisi səhiyyə, biri parlament üzvü olmaqla üçü həbsi boyladı bu gənclərin, yeni simaların. Çox heyif və təəssüf...
Düzü indi Azərbaycan adamı bilmir nə düşünsün. Nə gedənlərdən bir fayda vardı, nə gələnlərin xeylisi bir nümunə göstərir.
...Və dəqiq olan bir məsələ var, ölkədə eksperimentlər aparmağa zaman yoxdur. Amma nədənsə bunun fərqində deyil bəziləri. Və ya fərqindədir, susurlar. Və ya elə bu vəziyyəti yaratmağa çalışırdı kimlərsə, yaratdı.
Əslində indi durumu dövlət başçısına düzgün raport edən, gerçək vətən adamlarına, gənclərə böyük ehtiyac var. Hər şeyi malalamaq, rəhbərə sevgi, sədaqət deyil, qardaşlar. Yalan məlumat vermək, etibardan sui istifafədir, rəhbərə maneələr yaratmaqdır. Üç həbs nümunəsi isə göstərdi ki, bu riskə getmək olmaz. Çünki düz, bir gün mütləq əyrini kəsir! Əyri həbsə girməli olur. Amma bundan istənilən halda, həm ölkə, həm dövlət, həm xalq, həm də siyasi rəhbər ciddi ziyan görür...
Jalə Mütəllimova
05.08.2021
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.