QURD DUASI
14-08-2021, 08:23
Qəribə heç nə yox. Jirinovski özünəməxsus formada tərbiyəsizlik edib, Vahabzadə də özünəməxsuz formada tərbiyəsiz cavab verib. Küçə savaşının bütün qaydalarına əməl olunub. Ardınca qurşaqdanaşağı zərbələr gələcək: 50 illik deport, məhkəmə və bir neçə dəfə təkrarlanacaq Solovyov şousu. Bir həftədən sonra unudulub gedəcək. Türkiyənin Rusiya təyyarəsini vurduğundan daha dəhşətli bir şey baş verməyib ki!?
Hər dəfə şimaldan gələn Jirinovski və onun kimilərin təhqir və təhdidlərinə Azərbaycandan sərt, uyğun, məntiqli cavablar verilir. Siyasətçilərimiz də, jurnalistlərimiz də, blogerlərimiz də insaf naminə desək tutarlı yazılar yazıb, bəyanatlar səsləndiriblər. Son məlum çıxışla bağlı rəsmi Bakının notası da yerində bir addım idi. O halda bəs nədən bir keçmiş səfirin videoçıxışı bu qədər ziddiyyətli və qıcıqlandırıcı durum yaratdı. Bu da həmin cavablardan sadəcə biri deyildimi? Çeçen lider Ramazan Kadırov da Jirinovskiyə it kimi hürür demişdi. Ancaq o elmlər doktoru, professor olmadığına görə diplomatik dillə bu təhqiri heç bir halda rus xalqına yönəltməmişdi. Vahabzadə məhz Azərbaycan elmi auditoriyasının təmsilçisi kimi söyüş hədəfini bütöv bir xalqa qarşı yönəltməklə ilk öncə bizdə elmi adların necə verildiyi barədə təsəvvürləri bir daha dəqiqləşdirmiş oldu. Bizdə dini cəhalət dünyanın ən geridə qalmış xalqlarındakı durumdan elə də fərqlənmir. İndi isə məmləkətdə siyasi cəhalətin nə dərəcədə yayğınlaşdığı kimi bir həyəcanverici durum üzə çıxmış oldu. Hətta Rusiyadan gələn təhdidlər üzərindən “milli qəhrəmanımız Vahabzadəni qorumalıyıq” çağırışlarını dinlədikcə, oxuduqca bir anlığa bir ananın öz narkoman və ya cinayətkar oğlunu gözbəbəyi kimi qoruması mənzərəsini göz önünə gətirdim. Ananın övlad qarşısında sevgisi və məsuliyyəti anlaşılandır. Bəs cəmiyyət qarşısında? Bəs başqasının övladına bu narkotik alışqanlığını yoluxdurmanın yaxud da başqasının həyatına qəsd etmənin məsuliyyəti həmin anaya aid deyil? İstiqlal şairi Mehmet Akifin ədəbiyyatla bağlı maraqlı bir təsbiti var. Deyir ki, “ədəbiyyat” ərəbcə “ədəb” sözündən götürülmüşdür, hər bir mövzuda düşündüyünü yazmaq olar, ancaq ədəb qaydalarını unutmadan.
Ey ziyalı ədası ilə bu cür ədəbsiz çıxışı dəstəkləyən soydaşlarım, Allah xatirinə söyləyin, bir elmlər doktorunun, uzun illər səfir işləmiş birinin verəcəyi cavab budurmu? Jirinovskiyə bu cavabı istənilən söyüş söyən savadsız bloger rahatlıqla verə bilərdi, bir filoloq “alimin” verdiyi bu cavab doğrudanmı zövqünüzə tam uyğun gəlmiş? Dəlilik, təxribat, vətənpərvərlik təyinatlarının hansına uyğun gəldiyi üzərində durmuram, Rusiyadan bu məsələyə münasibətin necə olmasını da heç diqqətə almıram, ancaq bu üslubda cavab verən şəxs heç olmazsa öz elmi kimliyini qürurla xatırlatmamalıdır. Dinçi, siyasətçi, millətçi, məişətçi cahillərlə çox qarşılaşmışam, bir çox hallarda yanlış da olsa düşündüklərində israr edən bu insanların inadkar davranışlarına anlayışla yanaşmışam. Ancaq Rusiya ictimai rəyində Azərbaycana, xüsusi olaraq da Rusiyada yaşayan azərbaycanlılara zərbə vuracaq bu cür səviyyəsiz bir çıxışdan sonra onun müəllifininin ətrafında müdafiə qalası qurmağa çalışanlara haqq qazandırmaq necə mümkün ola bilər?
Bu günlərdə eşitdiyim real bir hadisənu burada xatırlamalı oldum. Kəndlərimizin birində, həm də 21-ci əsrdə inəyi evə gəlib çıxmayan bir soydaşımız inəyi axtarışa başlamazdan öncə dərhal kəndin mollasının yanına gedir və beş manat verərək deyir: inəyi tapana qədər tez qurdun ağzını bağla. Bir saat sonra gedib çöldən inəyi tapıb evə gətirir. Bu söhbət mollanın da yadından çıxır. Bir aydan sonra həmin şəxs məclislərin birində dua yazan kənd mollası ilə rastlaşanda, xatırladır ki, qurdun ağzını bağlamaq barədə xahişindən sonra inəyi dərhal tapıb. Molla əsəbləşir ki, oğlum, mənə niyə xəbər etməmisən, qurd da olsa, o da heyvandır, bir aydır ağzı bağlı gəzir. Dərhal demək lazım ki, qurdun ağzının qıfılını açım.
Nə deyim, bu cür qurd ağzı bağlamağın bizim inəyə xeyri olacaqsa, elliklə yığışıb belə duaları yazdıraq. Olmayacaq!
Qarabağ kimi böyük problemin həllində Rusiya, İran və Qərb dövlətləri ilə haradasa təkbaşına qarşı-qarşıya gələn bir Azərbaycanı düşünün. Müqavimətimiz də olacaq, savaşımız da, diplomatiyamız da. Cəmiyyətimizdə anti-Rusiya mövqeyini də, anti-Qərb və ya anti-İran mövqeyini də bölgədə yaşadığımız sıxıntıların təbii təzahürü kimi normal sayıram. Jirinovskinin də söyülməsinə haqlı bir cavab reaksiyası kimi yanaşmaq olar. Hətta Jirinovskinin tərbiyəsizlik etdiyi vaxtda ruslarla bağlı belə bir ifadə işlədilmiş olsaydı, yenə də üzərindən sükutla keçmək olardı. Ancaq üstündən on-on beş il keçəndən sonra bu ritorika ilə ölkəmizə qarşı Rusiya mühitində gərəksiz hücumlara rəvac vermək anlaşılan davranış deyil. Bəlkə siyasi naşılığa, bəlkə də qəsdən təxribata rəvac verən bir populistin və sonra da saxta vətənpərvərlik ədası ilə bu zərərli tendensiyanı dəstəkləyənlərin yalnız izləri deyil, həm də düşüncə olaraq özləri bu məmləkətdə çoxluqda olacaqlarsa, az-çox qazandıqlarımızı da yaxın gələcəkdə yelə verəcəyik. Bizim kimi risqlərlə dolu bir ilğımda mövcudluq savaşı verən və Türkiyədən başqa bir yerdən ciddi dəstəyi olmayan bir xalqın, bir dövlətin bir yarıtmaz əsgərinin belə əlindən təsadüfən silah açılması böyük bir fəlakətə yol aça bilər. Məcaraçılıq, saxta vətənşüvənlik vaxtı deyil, savaşda, danışıqlarda, informasiya məkanında, elmi diskussiyalarda düşmənə sərrast cavabları da dərhal verməkdən çəkinməyək, ancaq hər bir cavabda düşməni susdurmazdan öncə Azərbaycana və azərbaycanlılara dəyəcək əks zərbələri də az da olsa düşünək. Yeri gəlmişkən, bu məsələyə münasibət bildirərkən xalq şairi Bəxtiyar Vahabzadə adına qarşı hər hansı hörmətsizlik də yolverilməzdir. Onun milli şüurumuz oyanışında xidmətlərini dəyərsizləşdirmək üzücü və yanlışdır. Ümumiyyətlə dünyasını dəyişmiş insanların hansısa fikrinə qarşı söz söylədikdə, şəxsiyyət toxunulmazlığı prinsipinə əməl etmək özü də ərdəmdəndir.
Fazil Mustafa