Vahabzadənin çıxışından sonra Rusiyada bizimkiləri sıxırlar?

14-08-2021, 09:32           
Vahabzadənin çıxışından sonra Rusiyada bizimkiləri sıxırlar?
Vahabzadənin çıxışından sonra Rusiyada azərbaycanlılara qarşı rəsmi və rəsmi olmayan basqıların artdığı haqda deyilənlər CƏFƏNGİYYATDIR. Yaxın çevrəm Rusiyada dəqiq bilgi ala biləcəyim çox ciddi qaynaqlar olduğundan xəbərdardır. Nə Moskvada, nə Piterdə, nə də başqa bölgələrdə Vahabzadə zəminində heç bir sıxma-boğma yoxdur. Yaşamaq hüququ ilə bağlı ayrı-ayrı şəxslərin problemi yaranırsa, bu birincisi onların öz günahıdır - hər kəs, özəlliklə xaricdə yaşayanlar sənədlərini qaydasından saxlamalıdırlar. Avqust ayı azərbaycanlıların Vətənə ən kütləvi gediş-dönüş ayı olduğu üçün sənəd işlərilə bağlı “problemi” yarananların sayı təbii, çoxala bilər. Bunu Vahabzadənin emosialı çıxışına bağlayıb Rusiyanın artıq nüvə “diplomat”ının bağlarını şaqqıltı ilə açması, üzünü Azərbaycana tuşlaması, sağ əlinin şəhadət barmağını düyməyə yaxınlaşdırması kimi qələmə vermək birincisi, qul qafaya sahib olmanın sübutudur, ikincisi, millətimizin qalib ruhunun sarsıdılmasına xidmət edən hərəkətdir.
Bu tonun yayım-paylaşım trayektoriyasına diqqət edəndə çox asanlıqla rəsmi Bakının sıralarındakı ölkədə əbədi Rusiya xofunun qalması üçün əmək sərf edənləri görmək olur. Rəsmi Bakı bu təbliğatı aparanları DƏRHAL görəvdən almalıdır. Şuşa və Bakı bəyannamələri bunu tələb edir.
O görə bayram edənlərin birdən-birə bu züytutmada iştirakı da anlaşılan deyil. Ya bu bəyannamələrin mahiyyətini anlamırlar, ya da xidmət etdikləri “Moskva xətti”ndən qopmaları mümkünsüzdür.
Nə baş verib axı? Jirinovski sərsəmləyib, qəşəng də cavabını alıb. Sonra??? Gerisi qısa zamanda hər iki ölkədə yaddan çıxacaq təfərrüatlardır.
Amma Rusiya-Azərbaycan münasibətlərində hər iki tərəf üçün yaddan çıxmayacaq “təfərrüatlar” da var. Rusiyanın cümhuriyyətimizi başımıza yıxması, milli kimliyimizi məhv etmək üçün hər fürsətdə düşünərlərimizə qəraşı repressiyalar, torpaqlarımızı kəsib düşmənlərimizə peşkəş etməsi, qətliamlar, deportasiyalar, sürgünlər, gözümüzlə gördüyümüz 20 Yanvar, Xocalı, bu gün belə işğaldan əl götürməməsi, saxta bir milli kimlik üzərindən “qara yaralar”, rusyanlılar, ruscanlılar yetişdirməsi.
Biz bu zülmə qarşı nə etmişik? Cümhuriyyət ideyasını ölməyə qoymamışıq, ilk fürsətdə bağımsızlığımızı elan etmişik, tarixi torpaqlarımızı işğal edib unutdurmağa çalışsalar da unutmamışıq, nicatımızın gələcəyə Türkiyə ilə bərabər yürümək olduğunu dərk edib bütün planlarımızı bu prinsipə uyğun qurmuşuq, 30 ildə onminlərlə gəncimizi Türkiyədə yetişdirmişik, hakimiyyət Moskva ilə qucaq-qucağa olanda belə milli iradə Türkiyəyə sarılıb, gecə-gündüz millətin qulağına “Rusiya bizi azad olmağa qoymaz” təbliğatını üfürsələr də müstəqillik ideyasından vaz keçməmişik, sonda bu doğru yol bizi 30 il ayağımız dəyməyən torpaqlara aparıb, dövlətimizin, millətimizin güclü olduğunu bütün dünyaya sübut edib.
Daha nə olsun???!!!
Rusiya üçün ən dəhşətlisi baş verir - millətimiz ayaqdadır. Qalib ruhu ilə tapdanan bütün haqlarını tələb edir - torpağının bütövlüyünü, işğaldakı yurdlara dönüşü, böyüməyi, güclənməyi, Türk Birliyi qurmağı. Bu uğurda 1 illik nəticələri əsrlərin mücadiləsinə bərabərdir. Daha 100 il öncə deyil, daha Bakıya qəfil gələcək ordular, Mikoyanlar yoxdur. Bakıda Kirovlar, Şaumyanlar da yoxdur. Rusiyanın çarəsi bircə daxildə Nərimanovlar, Sultanovalar, Bayramovlaradır…
Özünüzü yandırmayın… Yaddaşlarda milləti qul görənlərin köləsi kimi qalmaqdan çəkinin.
Rusiyanı heç bir millət türklər qədər sındırmayıb. Jirinovskinin şüvənindən anlaşılmır ki?
“Şaxsey…., Rusiya bu söyüşə görə daşımızı daş üstə qoymaz” düşünənlərə sözün əsl mənasında yazıqlar olsun! Azərbaycanın yarısı boyda olan Gürcüstanın 99 faizi 30 ildir Rusiyanın alnının ortasına, gözünün içinə deyir - sən işğalçısan! Gürcü intelegensiyası Moskvadan gələn hər təhdid mesajına anında cavab verir. Dərhal… Pozneri və çevrəsindəki bir uçaq adamı yumurta atəşinə tutub it peşmanı edib yola salmaqlarını görmədiz? Heç pozner gürcülərə “qoyun” deməmişdi, “Abxaziya daha Gürcüstan olmayacaq” söyləmişdi. Nə oldu?! Gürcü iradəsi rədd elədi Pozneri də, Rusiyanı da. Moskva heç nə edə bilmədi.
Bizim birlik və bərabərlikdən, içərimizdəki birlik və bərabərliyə qarşı açıq-gizli savaşanları, bizi zəif, düşmənləri güclü və qorxulu göstərənləri zərərsizləşdirib milli iradəyə tabe etməkdən başqa yolumuz yoxdur.
Savaşın tən ortasında parçalanmaq məğlubiyyətdir. Savaş bəlli, düşmən bəlli… Düşmənə aman istəyən bizdən deyil.
Aygün Muradxanlı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.