Permanent “toqquşma” - şəriət üçün şərait davası
20-08-2021, 08:59
Ay təqvimi ilə götürsək, hər il, 355 gündən bir ölkəmizdə dindarlarla dindar olmayanların sözlü toqquşması baş verir.
Əslində bu cür “toqquşmalar” Ramazan və Qurban bayramları ərəfəsində də olur: tərəflər bir neçə gün ərzində höcətləşir, bir-birinə nifrət püskürür, sonra sakitləşirlər.
Mübahisə edən tərəflərin “dindarlar və qeyri-dindarlar” kimi qruplara ayrılması şərtidir. Onları “sekulyarlar” və “teokrat”lar adlandırmaq da düzgün olmaz.
Çünki dini təəssübkeşlik nümayiş etdirənlərin çoxu heç də ölkədə şəriət rejimi qurulmasının tərəfdarı deyil. Dini dövlətə qarşı olanların bir çoxu isə din-iman əhlidir.
Eyni zamanda İmam Hüseynin şəhadət ildönümünün hər il kütləvi şəkildə qeyd edilməsini vacib sayan, ona 40 gün (əslində isə məhərrəm və səfər ayları boyunca tam 60 gün) yas tutulmasını zəruri hesab edənlərin mütləq çoxunu dindar hesab etmək olmaz.
Onların xeylisi bu 40 (60) günün xaricində nə namaz qılırlar, nə başqa bir dini ayinə qatılırlar, hətta əksinə, müqəddəs kitabın haram buyurduğu əməllərə (spirtli içki və başqa huş aparan maddələr qəbul etmək, zinaya yol vermək, haqsız alverlə məşğul olmaq, yalan danışmaq və s.) qol qoyurlar. Amma “Məhərrəmlik” adlanan günlərdə fərqli ola bilirlər.
Ölkədə bu xüsusda gedən mübahisələr ona görə təbiidir ki, burada iki dünyagörüşün mübarizəsi gedir. Dindar olmayanlar istəyirlər ki, yaxın və uzaq gələcəkdə Azərbaycanda, bir sıra qonşu ölkələrdə olduğu kimi, şəriət rejimi bərqərar edilməsin.
Din və məzhəb ideologiyalı partiya quranlar, bu mövzuda dayanmadan təbliğat aparan, tərəfdar toplamağa çalışanların əsl niyyəti isə məhz şərait yetişən kimi ölkədə dünyəvi quruluşu dəyişdirmək, şəriət rejimi qurmaqdır. Dansalar da belədir, danmasalar da. Onlar öz niyyətlərini pərdələyə bilmirlər, elə ikinci cümlədə məqsədlərinin nə olduğunu büruzə verirlər.
“Siyasi dindar”larla yanaşı, ölkədə səmimi, inanclı möminlər də var. Onlar ibadət edərkən, dini ayinlərə qatılarkən heç bir siyasi məqsəd güdmürlər, öz mənəvi rahatlıqları üçün tapındıqları dinə etiqad edirlər. Belələri heç vaxt “dinə basqılar”dan danışmazlar, çünki onların ibadət etmələrinə heç bir qadağa yoxdur, hansısa səbəbdən toplu ibadət mümkün deyilsə, gedib öz övlərində ibadətlərini edirlər.
“Bizə təzyiqlər var, ibadətimizi sərbəst edə bilmirik” deyən qruplar əsasən mərkəzi komanda heyəti xarici ölkələrdə olanlardır. Onlar qadağan olunmuş, dini düşmənçiliyi, bir məzhəbin digərindən üstünlüyünü təbliğ və təlqin edən ədəbiyyatlar yaymaqla məşğul olanlar, məscidləri partiya qərargahına çevirənlər, ayrı-ayrı vaxtlarda hərbi komissarlıq kimi fəaliyyət göstərərək, uzaq ölkələrdə gedən müharibələrə döyüşçü göndərənlərdir. Bu şəxslərin fəaliyyəti ölkə qanunlarına zidd olduğu üçün hüquqi təqibetməyə məruz qalırlar və bundan narazı olurlar.
İmam Hüseynin və tərəfdarlarının şəhadəti məsələsinə gəlincə, bu, sırf dini səciyyə daşımır, daha çox Xeyirlə Şərin, zalımla məzlumun mübarizəsini ehtiva edir. Bununla belə, şəhid olanlar islam peyğəmbərinin nəvələrdir deyə dini səciyyə qazanması da təbiidir.
Kərbəla faciəsi elə bir bəşəri olaydır ki, bu hadisənin məzhəb çərçivəsinə salınmasının özü də düzgün deyil. Prinsipcə, sünni məzhəbinə etiqad edənlər də peyğəmbərin sevimli nəvələrinin qətlə yetirilməsinin ildönümünü qeyd edə bilərlər. Üstəlik, onların qatillərinin lənətlik personalar olduğu bütün islam aləminə əyandır. Qatil Yezidin babası Əbu Süfyanın Məhəmməd peyğəmbərə qarşı barışmaz mübarizə apardığı, yalnız labüd məğlubiyyət qarşısında qaldıqdan sonra ona biət etdiyi kimi tarixi faktlar var.
Bir məsələ də var ki, dövran dəyişdikcə bir sıra ayinlər də dəyişikliyə məruz qalır və onları qatı mühafizəkarlıqla qorumağa çalışmaq insanlarda əks-fikirlər yaradır. Məsələn, son 100 ildə əzadarlığın, Aşura günü özünə fiziki xəsarət yetirmək ənənəsinin düzgün olmadığı barədə çox yazılıb, çox danışılıb. Son illərdə ölkəmizdə sinə döymək və özünə zəncirlə xəsarət yetirmək yerin qanvermək aksiyasının təşkil olunması daha qəbulediləndir. Bu, həm cəmiyyət üçün faydalıdır, həm də insanın özünə ziyan deyil.
Əsas məsələ isə tolerant olmaqdır. Heç kəsin dini inancına toxunmaq, ağız büzmək olmaz, dini inancla başqalarının üzərində basqı qurmaq da yolverilməzdir.
Dini ideologiya əsasında birləşərək siyasi fəaliyyət göstərmək isə qanunla yasaqdır. Bunun nə kimi acı nəticələr verdiyini bəzi Şərq ölkələrinin təcrübəsində görürük.
Xalid KAZIMLI
musavat.com