Eyyubinin babası Azərbaycanın bu bölgəsindən köçüb

25-08-2021, 09:22           
Eyyubinin babası Azərbaycanın bu bölgəsindən köçüb
Vedi rayonu Qərbi Azərbaycan ilə Türkiyə arasında dağarası düzənlik olan Ağrı vadisində yerləşir.

Tarixi məlumatlara görə, Vedi mahalı ərazisində 75 kənd olub və onların əksəriyyəti də rayonun dağlıq hissəsində yerləşib. Etnik baxımdan isə bu yerlərin əhalisi yalnız Azərbaycan türklərindən ibarət olub.

XX əsrin əvvəllərində rayon Andronikin daşnak dəstələrinin hücumuna məruz qaldı. Lakin xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin rəhbərliyi ilə yaradılmış özünümüdafiə dəstələri xalqı qırğınlardan qorumuşdur. Mühüm strateji ərazidə yerləşən Vedi rayonu dəfələrlə ermənilərin məkrli siyasətinə məruz qalmış, tez-tez ərazi inzibati dəyişiklikləri edilmişdir.

1936-cı ildə rayon iki yerə parçalanaraq ərazisində ikinci bir qondarma Qarabağlar rayonu yaradılmışdır. Bir neçə il ərzində rayon iqtisadi cəhətdən diz çökdürülüb əhalisi köçürüldükdən sonra isə 1948-ci ildə yenidən Vedi rayonuna birləşdirilmişdir.

1964-cü ildə Vedi rayonu özü ləğv edilərək artıq erməniləşdirilmiş Qəmərli rayonu ilə birləşdirilmişdir. Lakin bu niyyət baş tutmur və Vedi rayonu yenidən müstəqil rayon kimi təşkil edilir.

Vedibasar mahalının həm əski alban, həm də islam dini-dünyəvi mədəniyyətinə aid ibadət məkanları ilə zəngin olub. Xosrov kəndinin mərkəzi hissəsində eramızın IV əsrinə aid alban məbədi uçulmuş, dağılmış vəziyyətdə qalmaqda idi. Hündürlüyü 10 metrə çatan, dördkünc olan bu tikili yarıya qədər sökülmüşdü, yeri sal daşlarla örtülüydü. Daşnaklar bu kəndin evlərini, tikililərini kürüyüb Xosrov çayının "Kilsə dərəsi"nə tökəndə həmin məbədin yazılı, naxışlı lövhələrini, daşlarını söküb İrəvan şəhərinə aparmışdılar.

Şəhərin adı ərəb dilindəki Vadi sözündən yaranıb. Toponim fərqləndirici əlamət bildirən böyük və ərəb dilində “iki dağ arasında olan uzun çuxur dərə”, “bir çayın axdığı yer, çay yatağı”, “çöl, səhra”, “sahə”, “məkan, yer” mənalarında işlənən vadi sözlərindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir.

Vedibasarda “Dədə Qorqud” dastanlarında qeyd olunan toponimlərlə səsləşən yüzlərlə yer-yurd adları vardır. V.Bartolda görə, boylarda adı çəkilən “Oğuz zamanı”, yəni əsərin qəhrəmanlarının yaşadığı dövr uzaq keçmişə, islamın ilk yüzilinə düşür. Dastanda təsvir olunmuş hadisələrin coğrafiyası Kür-Araz ovalığı, Bərdə, Gəncə, Gürcüstan ətrafı, Dərbənd, Göyçə ətrafı, Qara dəniz ağzını əhatə edir. Əlavə edək ki, hadisələrin coğrafiyası Göyçə ətrafını əhatə edirdisə, deməli, Vedibasar ətrafını da əhatə edirdi. Vedibasar bölgəsində saxlanılan, yuxarıda qeyd etdiyimiz qədim onomastik vahidlər və toponimlər bunu təsdiq edir.

Qorqudşünas Ş.Cəmşidovun axtarışlarından məlum olur ki, 546-cı ildə öz üsyankar çıxışları ilə Çin imperiyası tabeliyindən xilas olan, VII yüzilin ortalarından “On od budun” qəbiləsinin başçılığı ilə daxili çarpışmalardan qalib çıxaraq güclü xaqanlıq yaradan Qərb türkləri təzə yurdda da yeni qonşuları ilə mübarizə aparmışlar.

Vedibasar mahalının əsas sakinlərini türk tayfaları olan əfşarlar təşkil edirdi. Ermənistan ərazisində e.ə. məskunlaşmış qədim oğuz-türk mənşəli tayfalardan biri də əfşar (avşar//ovşar) tayfası olmuşdur. Bu tayfa səlcuq oğuzlarının avşar tayfasıdır. Onun adı Mahmud Kaşğarinin və Rəşidəddinin əsərlərində çəkilir. Səfəvilər dövlətinin qızılbaş tayfalarından biri də əfşarlar olmuşdur.

Əfşar yeri - 1728-ci ildə İrəvan əyalətinin Vedi nahiyəsində kənd adı kimi qaynaqlarda qeyd edilir. Çox maraqlıdır ki, həmin dövrə aid qaynaqlarda burada Vedi nahiyəsində kənd kimi Gəncəli adına da rast gəlmək olur. 1590-cı ildə Rəvan əyalətinin Vedi nahiyəsində kənd adı kimi icmal dəftərlərdə Şirakkoç kənd adına da rast gəlmək olur. Bu mahalda qədimdən məskunlaşan türk tayfalarından biri də kolanılar olublar.

Vedi mahalının Kolanı kəndlərində olmuş Qaratorpaq, Xartlıq, Qızılxaraba, Kom, Rəşoğlu (Rəşidoğlu), Almalıq, Qızılverən, Çınqıllı, Böyükbulaq, Ağbulaq, Şavşarın bulağı, Ağ yarğan, Vəli çayı, Əhməd dərəsi, Şiş dağ, Həzi körpüsü, Cümşüd bulağı, Ağ bulaq, Ağ yarğan, Südlü bulaq, Çölmək bulağı, Kərimbulaq, Arxaşan dağı, Əbdüləsər dağı, Əyricə yaylağı, Sarıqaya və s; Qərbi Azərbaycanın digər ərazilərində yaşamış kolanılarda Aralıq Kolanı, Yuxarı Kolanlı, Şor Kolanı, Hacı Əhməd Kolanısı, Alagöz (Ələyəz) dağı, Göyçə gölü, Kolanıqırılan, Rəncbər (Rəncbəre Cəfərxan), Xaraba Kolanı, Kolanı Qışlaq, Timurxan Kolanı və başqa yer adlarının əksəriyyəti göründüyü kimi türk mənşəlidir. Kolanı tayfasının oğuz və qaraqoyunlu tayfa ittifaqları ilə olan tarixi bağlılıqları da bu tayfanın türklüyünə işarə edən dəlillərdəndir.

Qərbi Azərbaycanın Ağrı bölgəsində oğuz ellərinin izini yaşadan yüzlərlə yer-yurd adlarından biri də Şidli toponimidir. Şidli kəndi Ağrı dağının yaxınlığında Vedi rayonunda, Araz çayından çəkilmiş Kaxonov kanalının sahilində yerləşir. Kənd 1988-ci ilə qədər türk sakinləri ilə bərabər öz adını da qoruyub saxlamışdır. Azərbaycanlıların (türklərin) Ermənistandan tam qovulmasına qədər kənddə yalnız azərbaycanlılar yaşayırdı.

Qərbi Azərbaycanın Dvin, Vedi bölgələrində yaşayan Şadılılar məhz Gəncə də mərkəz olmaqla, Şəddadilər dövlətini yaradan Şadılılar olmuşlar. 1130-cu ildə Səlahəddin Eyyubinin babası Şadı oğlu Eyyub tayfası ilə birlikdə qırğından xilas olmaq üçün Dvin şəhərini tərk edərək İraqa gedib. O tayfa Bağdadda Bəhruzun qulluğuna qatılıb. Onlara Turqut qalasını qorumaq həvalə olunub. Sonralar bu ad bir az təhrif olunsa da, tayfanın davamçıları Şidli, Şadılı, Şatırlı, Şəddadi adlarını saxlamışlar.

XV əsrin axırı, XVI əsrin əvvəlində, eləcə də həmin əsrin axırında Vedibasar bölgəsinə qayıdan Şadılıların haqqında mən “Şadlinskilər (Şəddadilər və Şadılılar)” kitabında ətraflı yazmışam. Vedibasara qayıdan Şadılıların bəziləri xan, bəziləri sultan və sonradan bəy tituluna layiq görülüblər.

1728-ci ilin icmal dəftərinə görə, Osmanlı İmperiyasının İrəvan əyalətinin İrəvan livasınə tabe olan Vedi nahiyəsində 30-a yaxın türklər yaşayan kəndin siyahısı göstərilmiş idi. 1833-cu il iyunun 23-də erməni vilayəti Şərur dairəsinin Vedibasar mahalı olmuşdur. Rusiya İmperatorunun 9 iyun 1849-cu il fərmanı ilə İrəvan quberniyası yaradılmışdır. 1850-ci il yanvar ayının 1-dən qüvvəyə minən həmin inzibati-ərazi bölgüsünə görə İrəvan quberniyasının İrəvan qəzası 4 nahiyədən ibarət idi: Zəngibasar, Sürməli, Şərur və Sərdarabad nahiyələri. Vedibasar isə Şərur nahiyəsinin tərkibində mahal idi. 1828-ci ildə Vedibasar mahalında 3449 nəfər azərbaycanlı, 15 erməni yaşamışdır. 1831-ci ildə Vedibasar mahalında yaşayış olan 21 kənd qeydə alınmış, 36 kənddə isə yaşayış olmamışdır. Həmin kəndlərin əhalisi 1827-ci ilin yayındakı hərbi əməliyyatlar zamanı ətraf ərazilərə dağılmışdı. 1834-1835-ci illərdə geri qayıdan müsəlman əhali bu kəndlərdən bir çoxunu - Şirazlı, Qaralar, Qarabağlar, Bağçacıq, Zimmi, Xosrov, Haxıs və bir sıra digər kəndlərini artıq məskunlaşdırmışdı. 1828-ci ildən etibarən Vedi Rusiya İmperiyasının işğalı altına keçdi. Ruslar dərhal bura ermənilərin köçürülməsi siyasətinə başladılar. 1830-cu illərdə bura İranın Maku şəhərindən təxminən 500 erməni köçürüldü. 1849-cu ildə bura İrəvan quberniyasının tərkibinə daxil edildi. 1918-ci ildə Vedi şəhəri Ermənistan Respublikasının tərkibinə daxil edildi. 1918-1920-ci illərdə Osmanlı Türkiyəsindən və Cənubi Azərbaycandan, eləcə də Suriya, İraq, Livandan bura ermənilər köçürülüb.

1995-ci ildə şəhər statusunu almışdır. Burada 1922-ci ildə 1504 nəfər azərbaycanlı, 453 erməni, 1926-cı ildə 1545 nəfər azərbaycanlı, 261 erməni, 1931-ci ildə 1254 nəfər azərbaycanlı, 214 erməni yaşamışdır. Sonralar kəndin əhalisi erməni mənbələrində qarışıq şəkildə göstərilmişdir. 1972-ci ildə burada 5624 nəfər azərbaycanlı və erməni yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qırğınlarla qovulmuşdur. İndi burada yalnız ermənilər yaşayır.

Hazırda Vedinin 17 kəndindən köçmüş insanlarımız həmçinin İğdirin Taşburun kəndindədə yaşamaqdadırlar.axar.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.