“Səfillər” əsərində ailə dəyərləri
30-08-2021, 08:59
XIX əsrin məşhur fransız yazıçısı Viktor Hüqonun irihəcmli “Səfillər” romanında
Fransa və onun simasında o dövrkü Avropa həyatı müxtəlif tərəflərdən canlandırılır.
Əsərdə Fransanın ictimai-siyasi və hərb tarixinə dair bir çox maraqlı hadisələrin
təsvir olunmasıyla yanaşı sosial, siyasi, dini, əxlaqi, fəlsəfi və b. məsələlərin geniş
təhlilinə də yer verilir. Bu məsələlər içərisində ağırlıq mərkəzi əsasən cəmiyyətdəki
sosial ədalətsizlik, dövlət qanunları ilə ədalət arasındakı ziddiyyət, mütləqiyyət, dini
cəhalət kimi problemlərə salınır, bu problemlərin həlli yolu kimi maarifçilik,
demokratik inqilablar, həmçinin mərhəmət, xeyirxahlıq, vicdan kimi mənəvi
keyfiyyətlər təbliğ olunır. Əsərin məzmununda əsas yer tutmasa da, orada təsvir
olunan bəzi hadisələrdən o dövrun fransız ailə dəyərləri haqqında da müəyyən
təsəvvür yaratmaq olar. Yazımızda əsərin məhz ailə dəyərləri ilə bağlı hadisələrinin
təhlilinə çalışacağıq.
Əsərdə gənc və subay Jan Valjan ərsiz bacısı və onun yetim uşaqlarına baxır, onlarla
tikəsini belə bölür. Məhz onlar üçün çörək oğurluğu etdiyinə görə də tutulur və uzun illər
həbsxana həyatı keçirir. Buradan bacı-qardaş münasibətləri, o cümlədən bacı qarşısında
qardaş borcunun o dövrün ənənələrində də nə qədər önəmli yer tutduğunu görürük.
Əhli-kef, məsuliyyətsiz sevgilisi tərəfindən atılmış Fantina nikahdan kənar doğulmuş
körpə qızına təkbaşına baxmalı olur. O, uşağı olduğunu gizlədərək fabrikdə işə girir. Lakin
onun nikahdan kənar doğulmuş uşağınin olduğu üzə çıxdıqda əxlaqsız qadın kimi qəbul
edilərək işdən qovulur. Fabrikin sahibi cənab Madlen (Jan Valjan) sonradan bu hadisədən
xəbərsiz olduğunu bildirərək təssüflənir və onun işdən çıxarılmasını ədalətsiz hesab edir.
Burada müəllif ərsiz uşaqlı qadınların əxlaqsız hesab edilərək işləməkdən məhrum
edilməsini heç də yaxşı ənənə kimi qiymətləndirmir. Əxlaqsız qadınların da işləmək haqqı
olduğu göstərilir. Lakin digər tərəfdən bu hadisədən o dövrkü fransız cəmiyyətində
qadınların ailəli və əxlaqlı olmasına nə dərəcədə əhəmiyyət verildiyi özünü göstərir.
Daha sonra Fantina işsiz və səfalət içində qalaraq fahişəlik etməyə məcbur olur. Yəni
əslində Fantina sevgilisi tərəfindən aldadılıb atılmasına baxmayaraq, əxlaqlı həyat
sürməyə çalışır, lakin məhz qızı xatirinə fahişəliyi belə qəbul edir. Lakin çox keçmir ki,
düşdüyü ağır xəstəlikdən gənc yaşda həyatını itirir.
Əsərdə xüsusiylə diqqəti cəlb edən digər ailə Tenardyelər ailəsidir. Ailənin başçısı
cənab Tenardye oğru, fırıldaqçı, pul xatirinə hər cür vicdansızlığa, qəddarlığa əl atan, hər
dona girməyə, hər oyunu oynamağa hazır olan, müharibə meydanında ölmüş əsgərləri
soyan bir şəxsdir. O, pul xatirinə hətta öz yetkin qızlarını da varlıların evlərinə ürəkağrıdan
məktubla dilənməyə getməyə məcbur edir. Öz azyaşlı oğlu Qavroşu küçəyə atır və necə,
harada yaşadiğı ilə maraqlanmır. Ondan da balaca iki uşağını fırıldaqçı şəxslərə satır və
onların sonrakı taleyi ilə ümumiyyətlə maraqlanmır.
Bütün bunlar isə artıq ənənəvi ailə dəyərlərinə ziddir. Burada bir maraqlı məqama
diqqət yetirmək yerinə düşər ki, müəllif əsərin bir neçə yerində cənab Tenardyenin təmiz
fransız olmadığına, Fransaya gəlmə ispan olduğuna işarə edir:
“...bu xainlərdən birisi olan və fransızca dolaşıq bir pikard şivəsində danışan bir ispan
“sürünəni” onun fransız olduğunu zənn edən markiz de Fervakı aldatmışdı.” (I cild, səh.
400); “Qarışıq cinsli bu alçaq adam çox ehtimal ki, Flandriyada Lill tərəflərdə yaşayan bir
flamand, Parisdə – fransız, Brüsseldə belçikalı kimi özünü qələmə verər və sərhədin o
tayında da, bu tayında da özünü yerli kimi hiss edərdi.” (I cild, səh. 424-425).
Bu da, bəlkə də, öz vətənini və millətini sevən yazıçının məhz belə bir şərəfsiz obrazı
öz millətinin simasında canlandırmağı özünə rəva bilməməsindən irəli gəlib. Burada həm
də müəllif yəqin ki, Tenardyelər ailəsinin məhz fransız ailə dəyərlərini təmsil edə
bilməyəcəyini demək istəyib.
2
Yuxarıdakı misallardan müəyyən etmək olar ki, həmin dövrdə fransız cəmiyyətində
köklü, ənənəvi ailə dəyərləri indiki Avropa ilə müqayisədə daha güclü olmuşdur. Əsərdə
Mariusun Kozettaya olan sevgisinin təsviri isə bu fikri daha da inamla deməyimizə əsas
verir.
Mariusun, aşiq olduğu Kozettanı hələ parkda kənardan seyr etdiyi vaxt Kozettanın
sadəcə geyiminin təsadüfən qalxması və ayağının bir hissəsinin görünməsi Mariusa çox
pis təsir edir. Bu epizodik hadisə belə Mariusun Kozettanın əxlaqı haqqında bir anlığa mənfi
fikrə düşməsinə səbəb olur:
“Birdən ...sərt bir külək əsdi; külək ...qızı burub hərlədi, onun ...paltarını corabbağına
qədər qaldırdı. ...Marius ...bundan son dərəcə qəzəbləndi. ...düşünərək öz-özünə dedi:
“Axı burada başqa bir adam da ola bilər. Bəlkə elə doğrudan da burada başqa bir adam
varmış! Bir işə baxırsan da! O ki belə bir iş tutmuşdur – daha bundan pis nə ola bilər!” Lakin
yazıq qız heç bir pis iş-zad tutmamışdı. Təqsirin hamısı küləkdə idi. Lakin ...o bərk
acıqlanmışdı, qızı öz kölgəsinə də qısqanırdı.” (II cild, səh. 156-157).
Hazırkı dövrdə bir Avropa kişisindən eyni hadisəyə bu cür reaksiyanı gözləmək heç
də ağlabatan deyil. Buradan görünür ki, qadınların açıq-saçıq geyiminə o vaxtlar Avropada
da yaxşı baxılmayıb. Yəni əxlaqlı qadınlar üçün bu cür geyim uyğun görülməyib.
Marius Kozetta ilə məhz həmişəlik ailə həyatı qurmaq istəyir. Onu Kozettaya yalnız
cinsi hislər bağlamır. Belə ki, ilk görüş istisna olmaqla onlar öz gizli görüşlərində yalnız
söhbət edir və biri-birilərinə tamaşa edirlər, cinsi xarakter fiziki təmasları olmur:
“...Marius hər axşam bura gəlirdi. Kozetta bu zaman vicdansız, pozğun bir adam
sevmiş olsaydı – məhv olardı; çünki, özünü sevdiyi adama tamamilə təslim edən səxavətli
ürəklər var. Kozetta belə adamlardan idi. ...Ey nəcib insanlar (kişilərin dilindən qadınlara
müraciətlə - Ş.Ə.), ...Siz çox vaxt qəlbinizi verirsiniz, lakin biz sizin bədəninizi götürürük.
...bu kiçicik bağda hər axşam iki adam görünərdi; onlar – bütün ismət və bəkarət dəfinəsini
özlərində cəmləşdirən, ...təmiz, pak, nəcib, zülmətdə bir-biri üçün işıq saçan iki gəncdi.
Onlar biri-birinə təmas edirdi, biri-birinə baxırdı, biri-birinin əlindən tuturdu, biri-birinə
sıxılırdı, lakin onların aşmadığı bir hüdud vardı. Onlar bu hüdudu ona görə aşmırdı ki, bunu
nalayıq bir hərəkət hesab edirdi. ...Onların ilk öpüşü həm də sonuncu öpüş oldu. Bu
öpüşdən sonra Marius ancaq dodaqlarını Kozettanın əlinə, ləçəyinə, ya hörüyünə
toxundurardı. Kozetta onun üçün qadın deyildi, ətirdi, Marius onunla nəfəas alırdı. Kozetta
heç bir şeydən boyun qaçırmırdı. Marius da heç bir şey tələb etmirdi.” (II cild, səh. 456-
457).
Marius varlı burjua təbəqəsindən olan ana babasının himayəsində böyüyür. Üzünü
görmədiyi, Napoleon ordusunda cəsur hərbçi olmuş atası isə onlardan ayrı tənha həyat
sürür. Mövcud mütləqiyyətin tərəfdarı və hakimiyyətdən getmiş Napoleonun və
respublikaçıların qatı əleyhidarı olan Babası Mariusu atasının yanına qoymur. Gedərsə
onu vərəsədən məhrum edəcəyi ilə hədələyir. Marius atasının şərəfli keçmişini
öyrəndikdən sonra siyasi-ideoloji baxışlarında babası ilə ziddiyyət yaranır və ciddi
mübahisələri düşür. Nəticədə öz fikrindən dönməyən Marius babasının evini tərk edir və
demokratik inqilabçı gənclərə qoşularaq tənha və səfil həyat keçirməyə razı olur. Lakin bir
müddət sonra Kozettaya aşıq olmuş Marius onunla evlənmək xatirinə maddi dəstək üçün
düşmən kimi olduğu babasına ağız açmalı olur. Babası kinayəli sözlərlə yenə ona möhtac
olduğunu Mariusun üzünə vuraraq ona belə bir məsləhət verir:
“- ...Al, mənim balam, sən də bir gün bu borcu öz nəvənə qaytararsan. Burada iki yüz
qol var. Get əylən, kefini çək! Dünyada bundan yaxşı şey yoxdur. İşi bax belə görürlər,
evlənmirlər, bu işə mane olmur. Sən mən dediyimi başa düşürsən?
Marius ...başını yellədi.
Qoca qəhqəhə ilə güldü, ...çiyinlərini sıxaraq dedi:
- Ay səfeh! Onu özünə məşuqə elə!
Mariusun rəngi ağardı, ...bu Kozetta üçün ən dəhşətli bir təhqir idi. “Onu özünə
məşuqə elə” sözləri bu bakir gəncin qəlbini bir ox kimi deşmişdi.
O yerindən qalxdı, ...babasına təzim etdi, sonra başını qaldırıb dedi:
3
- Beş il bundan əvvəl siz mənim atamı təhqir etdiniz, bu gün də mənim arvadımı təhqir
etdiniz. Mən daha sizdən heç bir şey istəmirəm, cənab. Sağlıqla qalın.”(II cild, səh. 492-
493)
Viktor Hüqo bir böyük maarifçi kimi əsərdə maarifçilik, o cümlədən azadlıq,
demokratiya ideyalarını qəti şəkildə təbliğ edir. Müəllifin qadın azadlığı məsələsinə
münasibətinə gəldikdə, onun üçün qadın azadlığı anlayışı heç də bəzilərinin iddia etdiyi
kimi qadınların köhnə ailə ənənələrindən azad olması, o cümlədən onların cinsi
azadlıqlarının təmin olunması kimi qəbul etmir. Belə ki, ənənəvi ailə dəyərlərinin guya
qadın azadlıqlarını, o cümlədən də onların cinsi azadlıqlarını mədudlaşdırması haqqında
fikirlərə əsərin heç bir yerində rast gəlmirik. Əksinə, məhz ailə dəyərlərinin
gözlənilməməsinin qadınların hüquq və azadlıqlarının pozulmasına, onların cinsi və başqa
formalarda istismar olunmasına səbəb olduğu göstərilir. Məsələn, Fantinanın normal ailəsi
olsaydı körpə qızı yad əllərdə zülm çəkməz, özü cinsi istismara məruz qalmaz və gənc
yaşında xəstəlik tapıb ölməzdi. Tenardyelər ailəsi normal ailə olsaydı onların azyaşlı oğlan
uşaqları ac-yalavac küçələrdə qalmaz, yetkin qızları varlıların qapılarında dilənçilik
etməzdi. Əsərin baş qəhrəmanı Jan Valjan canından artıq sevdiyi Kozettanı məhz normal,
kübar bir ailəyə gəlin köçürdükdən sonra rahat ölə biləcəyini hesab edir. Məhz bunun üçün
Kozettanın gələcək əri Mariusu çox böyük çətinliklə ölümdən qurtarır. Əsərin müsbət
qəhrəmanı olan Marius isə ənənəvi ailə dəyərlərinə məsumcasına sadiq olan bir şəxsdir.
Bu gün Qərbdə ənənəvi ailə dəyərləri xeyli aşınıb. Kişi və qadın biri-biri qarşısında
heç bir maddi-mənəvi məsuliyyət və öhdəlik götürmək istəmir. Buna görə də tərəflər rəsmi
nikahdan kənar, yalnız müəyyən müddət əsasən cinsi yaxınlıqla müşayiət olunan birgə
yaşayışa üstünlük verirlər. Buna da mədəni dildə “vətəndaş nikahı” adını veriblər. Rəsmi
nikahlar qurulduqda belə əsasən qısamüddətli olur. Ailə qurmaq anlayışı az qala əks
cinsdən olanların yalnız cinsi həyat yaşaması (o da ancaq bir müddət) anlayışı ilə eyniləşib.
Yəni ailə qurmaq biri-birinə həyat yoldaşı olmaq, ömürlərinin sonunadək birgə
addımlamaq, biri-birinə kömək olmaq və biri-birini tamamlamaq anlayışından çıxmaqdadır.
Beləliklə, “Səfillər” romanındakı hadisələr onu deməyə əsas verir ki, XIX əsrin
əvvəllərində Fransız cəmiyyəti kifayət qədər ailə təməllərinə əsaslanan bir cəmiyyət
olmuşdur. Yəni bu gün “şərq ailə ənənələri” adlandırılan ənənələrə oxşar ənənələr
əslində əvvəllər Avropa xalqlarında da mövcud olmuş və yalnız son 100-200 ildə
həmin ənənələrdə aşınmalar baş vermişdir. Qərbin ailə dəyərləri ilə bağlı bugünkü
durumu heç də qədim Avropa ənənələrindən qaynaqlanmır.
Ədəbiyyat:
Viktor Hüqo, Səfillər. 3 cilddə. Bakı, “Öndər nəşriyyatı”, 2005.
Şirvani Ədilli