Sonuncu “Ayrılıq”... və sonrakı peşmançılıq REKVİEM
15-09-2021, 19:42
Faciə Zurufçunun Xalq artisti olmamasında deyil, bunun indi yadımıza düşməsindədir
65 il yaşadı. Düzdür, nə qalaq-qalaq albomlarını gördük, nə ildə bir dəfə solokonsertlərinə getdik. Ancaq səsi ucalanda hamımızın səsimizi kəsib, nəfəsimizi dərmədən dinlədiyimiz çox az sənətkarlardan idi Yaqub Zurufçu. O qədər ucadan oxuyardı, Tanrı da evində rahatca oturub yorulmadan dinləyərdi Zurufçunu.
Səsini özündən çox sevmişdik. Ona qarşı ən böyük qəddarlığımız isə "Ayrılıq" mahnısında oldu. Çünki, bu musiqini ya sevgilimizdən ayrılanda, ya da hələ təzəcə aşiq olanda dinləyərdik. Bizimçün Yaqubun nə əsarətdə qalan Cənubi Azərbaycanı, nə Təbrizi, nə Vətənini ikiyə bölən Arazı maraqlı idi. Bir gecəlik sevgililərimizlə etdiyimiz davalarımızdan ailədaxili münaqişələrimizə kimi hər yerdə fon musiqisi seçdik Zurufçunun harayını.
Əlbəttə, bəlkə də, bu mahnını ən yaxşı oxuyan deyildi O. Ancaq çoxlarımız “Ayrılığ”ı məhz onun möhüründə tanıdıq, onun avazında dinlədik. Heç sözlərinin, bəstəsinin kimlərə aid olduğu da maraqlı olmadı bizimçün.
Vətən sevgisini, musuqi savadını qoyaq bir kənara, bəs xalqına bu qədər yaxın olan, körpəsindən böyüyünə qədər mahnısını əzbər bildiyi sənətkar indiyədək niyə “Xalq artisti” fəxri adını almadı? Qayda belə idi axı, xalqın şairi Xalq şairi olmalı idi, rəssamı Xalq rəssamı, musiqiçisi, aktoyoru da Xalq artisti.
Nə etməli idi bəs? Saçını bir az uzadıb, qulağına sırğa asmalı, ya üz-gözünü şişirdib, bir az da qaşına əl gəzdirməli idi? Yoxsa hər gün şou verilişlərində üzə dayanıb, "De gəlsin"də mikrafon götürüb deyişməli idi? Bəlkə, gecə klublarından müğənniliyə kimi "sənət yolu keçən" qısadon ləçərlərlə duet oxumalıydı? Necə ki biz bilmədik, heç özü də anlamadı bu hikməti.
Yəqin ki, "Xalq artisti" fəxri adını almaq üçün təkcə sənətin zirvəsini fəth etməməlisən. Həm də yaxşı artist olmalısan, rəqqaslıq etməlisən.
İndi barmağınızı dişləyirsiz ki, bəs deməzsənmi, Yaqub Zurufçu Əməkdar artist imiş hələ də. "Ay həzarat, belə haqsızlıq olmaz" deyib fəryad edirsiz. Faciə Zurufçunun "xalq artisti olmaması deyil, əsl faciə bunun indi yadımıza düşməsidir. Bəli, Yaqub Zurufcu Xalq artisti idi, özü də lap çoxdan, sadəcə medallar paylananda O unudulmuşdu.
Bu gün axırıncı dəfə "Ayrılığ"ına qulaq asır Yaqub Zurufçu. Əminəm ki, eşidir bunu. 10-larla "Xalq artisti" adını almış artistlər isə müəllimi dəfn edirlər. Kaş səsini apardığı kimi, "Ayrılıq" mahnısını da özüylə götürəydi. Bax ona anlayardıq ki, Yaqub Zurufçu keçməsəydi bu karvandan, məhəbbətimizi də yarımçıq yaşayardıq...
Müəllif: Xəzər Əlizadə