Gəncə #terroruna birinci ithaf: Şəhid ağ papuc...
4-10-2021, 08:07
Səni kim geyinirdi, kiminsən?
Balaca, toppuş, zərif, yumşaq, ovuc içi boyda, ağappaq ayaqları vardı bir zamanlar yəqin, ağ papuc?
Kim idi sahibin?
Başı çıxırdımı dünya siyasətindən?
Regional münasibətlərdən nə bilirdi?
Nə qığıldayırdı, yadında qalıbmı?
ATƏT, BMT, Avroittifaq, AŞ, Avropa, Qərb maraqlarından nəsə deyirdimi sənə sahibin?
#Iran-Azərbaycan münasibətinin tarixini bilirdimi?
#Rusiya-#Azərbaycan qovğalarından nə qədər məlumatlı idi?
#Erməni tanıyırdımı sahibin, ağ papuc, erməni?
Erməni deyəndə, terrorçu, zalım, düşmən, sənin sahibini qətl edəcək, isti yorğan döşəyində al qana bulayacaq zatı deyirəm yəni...
DIĞĞAA qığıldayırdımı heç?
Nəmsən, sahibsizsən! Bəlkə ağlayırsan, kim bilir?!
Inan sənə toxunmaq, bir şəhidə toxunmaq kimi gəlir adama. Düz bir il qabaq terrora məruz qalmısan. Səni üç yüz altmış beş gündür yağış yuyur, külək döyür, qar çırpır, gün qurudur, ağ papuc! Amma təmizlənmirsən.
Qan qoxursan! Qan ləkəsi var səndə! Haqsızlığa, ədalətsizliyə uğrayan millət hayqırtısı, ah-naləsi, faciəsi, terror izi var səndə!
Sən, günahsızlıq qoxursan ağ papuc!
Siyasətçi əmilərin, dayıların, düşmən beyinlərin, daha çox pul, pul, mövqe, hakimiyyət hikkəsinin, Azərbaycanı yox etmək hirsinin nəticəsisən sən.
Sahibsiz, yiyəsiz qoydular səni!
Sən məsumsan!
Günahsızsan!
Sən şəhidsən, sən bapbalacasan, sən uşaqsan, ağ papuc!
Əsgər deyilsən, sərkərdə deyilsən, komutan deyilsən sən suya buva deyən, yeməyə appa söyləyən, dost, düşmən bilməyən məsumsan, məsum!
...Və dünya sənin başına gətirilən terrora, hələ də xoş olmayan hadisə deyir...dözümlü ol, sən tarixsən, ağ papuc. Bir də sən QƏLƏBƏSƏN ağ papuç, QARABAĞ boyda QƏLƏBƏ!
Üzü varlığından ağ papuc...
Jalə Mütəllimova
Bakı-Gəncə-Bakı