Şərəf şərəfsizliyə dustaq edilib

7-10-2021, 07:28           
Şərəf şərəfsizliyə dustaq edilib
Ordumuza, oğullarımıza qarşı şərəf soyqırımına qiymət verilməlidir

2016-cı ilin aprel döyüşlərindən sonra açıq bildirməklə Vətənə xəyanət adına Vətənin qorunmasında sinəsini sipər edən , canını – qanını qoyan Vətən oğullarına gizlin fiziki – mənəvi işgəncə verilməsi , dövlət adına terrora uğradılması bu gün tam çılpaqlığı ilə üzə çıxıb. Düzü, şərəfli el oğullarına , dövlət qoruyucularına dövlət adına terrorun, şərəfsizliyin belə irimiqyaslı olduğunu ağlımızdan belə keçirmirdik . Heç demə , minlərlə oğullarımız qanunsuz, məhkəməsiz şərəf soyqırımına uğradılıb. Bəli bu terrorun adı ŞƏRƏF SOYQIRIMIdır! Elimizin - obamızın, yurdumuzun, ordumuzun şərəfi, namusu, ləyaqəti, mənliyi soyqırıma uğradılıb. Özü də qanuni fəaliyyət göstərən dövlət qurumları şərəfsizlikdə baş roldadı(r)lar. Hələ də şərəfsizlik meydan sulayır, yalan yeriyir! Şekspirin 66 saylı soneti yerinə düşür :

ŞƏRƏF DUSTAQ OLUB ŞƏRƏFSİZLİYƏ,
SAFLIQ DƏRD İÇİNDƏ GÖYNƏYİR, ƏSİR.
KÜTLÜK ƏQLƏ GÜLÜR, YALAN DÜZLÜYƏ,
GÜCÜN QOLLARINA VURULUB ZƏNCİR.

Nə imiş el oğullarının suçu? Əsgər, zabit şərəfinə sadiq qalaraq Ali Baş Komandana yalan bilgi verməmək! Düşmən əlindəki şəhidləri geri qaytarmaq adına özünü tanıdıb hədəfə tuş gəlmək! Baxın, gizlin iş görən kəşfiyyat komandiri açıq şəkildə ölü dəyişməyə gedir ! Bu oğullar hamısı Vətən aşiqləri, Qarabağ sevdalıları, DÖVLƏT vurğunlarıdır! Şərəfli oğullarımızın arxadan şərəfsizcəsinə vurulmasına hüquq qiyməti verilməlidir. Bu oğullar 44 günlük savaşda da öndə “Öncə Vətəndir” deyib qanını, canını Ana Vətənə verən el oğullarıdır. Birinci savaşda biz atalara “alnına nə yazılıbsa, o da olacaq, qabağa get” deyənlər, 30 ildən sonrakı ikinci savaşda oğullarımıza “qorxma, qabağa get” deyiblər . Qorxan oğulun bu qədər işgəncədən sonra döyüşün önündə nə ölümü var? ! Qorxmur ki, ölümə gedir, Vətən yolunda şəhidlik, qazilik yolunu seçib. Bu şərəf soyqırımını göydə Tanrı götürməz, götürməyib də! Yerdə Ali Baş Komandan da götürməz yəqin . Oğullar həmin oğullardır, - Elmar, Elnur, Elçin. .. el oğulları! Başları dik, üzləri dönməz, qulaqları səsdə, gözləri yolda . Bir az ürəkləri sınıb, qəlbləri qırılıb. Onların sınıq ürəklərinə, qırıq qəlblərinə, yaralı könüllərinə məlhəm – DÖVLƏT (başçısının) iradəsidir! Bizi bağışlayın, el oğulları!

Məğrur Bədəlsoy












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.