“Bütün Bakı matəm etmişdi” – Həsən bəyin taleyi

24-10-2021, 07:12           
“Bütün Bakı matəm etmişdi” –
1942-ci ildə azərbaycanlı ictimai-siyasi xadim Mirzəbala Məhəmmədzadə milli mətbuatımızın əsasını qoyan Həsən bəy Zərdabinin vəfatının 35-ci ildönümü münasibətilə yazı qələmə alıb. Tarixi “Türk yurdu” jurnalında dərc olunan bu məqalə iki hissədən ibarətdir və Həsən bəyin dövrü, mühiti çərçivəsində onun həm mətbu, həm də ictimai fəaliyyəti tədqiq edilib.

Məqaləni dilimizə uyğunlaşdıraraq təqdim edirik:

*

Mirzəbala Məhəmmədzadə

Azərbaycanlı ilk türk qəzetəçisi Həsən bəy Zərdablı

(Ölümünün 35-ci ildönümü münasibətilə)

1841-ci ildə Bakı vilayətinin Göyçay qəzasına bağlı “Zərdab” kəndində dünyaya gəldiyi üçün eyni zamanda “Zərdablı” (Zərdabi) şöhrətiylə dəxi tanınmaqda olan Məlikzadə Həsən bəy Azərbaycan türklərinin Mirzə Fətəli ilə başlayan milli oyanış hərəkatının başçısı olub, 1907-ci ilin sentyabrında Bakıda vəfat etmişdir. Rus hakimiyyəti altındakı türklük ölçüsündə türkcə ilk qəzeti (1875-ci ildə) o çıxarmış olduğu üçün türk mətbuatının piri sayılmaqdadır.

Həsən bəy türkcə oxuyub yazmaqdan ibarət olan ilk təhsilini ailə ocağında aldı. Ondan sonra Bakıda edadi məktəbini bitirib yüksək təhsilə davam etmək məqsədi ilə Rusiyaya getmişdir. 1869-cu ildə Təbii Elmlər diplomasını hamilən, bilxassə fənni ziraat mütəxəssisi olaraq Bakıya dönən Həsən bəy həyatının sonuna qədər Bakı edadilərində təbiiyət müəllimliyi etdi; eyni zamanda milli kültür hərəkatına önayaq oldu.

Həsən bəyin gerçəkləşməsi üçün dayanmadan və yorulmadan çalışdığı davalar: Avropa üsulunda türkcə tədrisat edəcək milli məktəblər açmaq, milli tiyatro təsis etmək, milli xeyir cəmiyyətləri qurmaq və milli mətbuat meydana gətirməkdən ibarətdir.

Millətə yolbaşılıq edəcək hakim təbəqəsini qeyb etmiş olan və milli dövlət təşkilatından məhrum dutsaq millətlərin həyatında bu cür ictimai müəssisə və təşkilatların oynamış olduqları tarixi rol kimsənin məchulu deyildir. Bu təşəbbüslər Azərbaycan türklərində milli bir şüurun və məşəri bir iradənin doğmaq üzrə olduğuna əlamətdi. Rus hakimiyyətinə təqəddüm edən çağlarda müxtəlif xanların sarayları tərəfindən təmsil edilən məşəri iradə Rusiyanın 1803-cü ildə başlayıb 1830-cu illərinə doğru iqmal etdiyi istila hərəkatı nəticəsində müməssilsiz qalmışdı.

Normal inkişaf keçirən millətlərdə feodal saraylarından və cəngavər qalalarından şəhər burjuasının salonlarına, oradan da şəhər münəvvərlərinə və xalq kütləsinə keçən məşəri milli iradə müməssilliyi Azərbaycanda uzun bir müddət üçün boş qalmışdı. Azərbaycanın xan, bəy və ağaları qılıncdan keçirilmiş, Avropa məmulatı qarşısında məhəlli sənaye və ticarət burjuası iflas edərək pərişan olmuş; bunun nəticəsində Rusiya hakim zümrə olmaq üzrə yalnız din üləması ilə qarşı-qarşıya qalmışdı. Rusiya din üləmasını özünə ram edərək biət etdirmək üçün illərcə çalışdı; fəqət müvəffəq olmayınca on doqquzuncu əsrin ortalarına doğru süni bir aristokratiya sinfi ixdas etdi. Heç bir haqq və imtiyaza malik olmayan bu yeni sinif ictimai bir rol oynamaqdan məhrum idi. 1872-ci ilə doğru Avropa sərmayəsinin Azərbaycana sərbəst buraxılması, Bakı-Batum və Bakı-Avropa dəmiryolunun inşası Avropa texnikasının hüluliylə Bakı petrol sənayesinin sürətlə inkişafını təmin etdi. Bakı bir sənaye və ticarət mərkəzi, eyni zamanda Türküstan ilə İranı Avropaya bağlayan bir tranzit mövqeyi və Xəzər dənizinin bir limanı halına gəldi. Xaricilərlə rəqabətə girişən bir burjuaziya, əsri ticarət və sənaye burjuaziyası doğuldu. Bunlar bu rəqabətlərində müvəffəq olmaq üçün milli duyğunu indiki və Avropa üsulunda milli münəvvər zümrə yetişməsini təşviqə başladılar. Sayları getdikcə artan milli düşünür münəvvər bir zümrə doğuldu. Bunlar milli-məşəri iradəni təmsil və milli hərəkatı sövq və idarə edəcəklərdi. İştə bu rəhbər zümrənin mübəşşir və birinci şəxsiyyəti Mirzə Fətəlidən sonra Məlikzadə Həsən bəy olurdu.

Həsən bəyin ələ aldığı ictimai məsələlər arasında əsas olanı milli məktəb idi. Digərləri öz başlarına milli-mədəni dəyəri haiz olmaq ilə bərabər, Həsən bəyin nəzərində əsas qayəni təşkil edən və milli ziyalı kadrosunu yetişdirəcək olan milli məktəbi gerçəkləşdirəcək yardımçı müəssisələrdi. Bu məqsədlə o, ilk iş olaraq, Mirzə Fətəlinin milli komediyalarını təmsil etmək üzrə tiyatro heyəti təşkil və təmsilə başladı.

Tiyatronun bir sənət ocağı, hətta bütün plastik və fonetik gözəl sənət növlərini özündə toplayıb inkişaf etdirən və sənətlə bir sintez mahiyyətini ehtiva edən ictimai bir müəssisə olduğu məlumdur. Bu baxımdan Həsən bəyin bu təşəbbüsü başlı başına bir hadisə təşkil etməkdə idi. Mirzə Fətəlinin ictimai həyatımızın geriliklərini tənqid edən və orta çağ müəssisələrini və müməssillərini baltalayan komediyaları Həsən bəyin işinə çox yarayırdı. O, bu surətlə birbaşa canlı tablolar və qüvvətli ifadələrlə xalqın gözü və qulaqları vasitəsi ilə zehninə xitab edərək onu cəhalət yuxusundan oyandıracaqdı. Bu surətlə tiyatro, milli sənət növlərini inkişaf etdirən bir müəssisə olmaqla bərabər, eyni zamanda oyandırıcı bir propaqanda vasitəsi olurdu.

Həsən bəy eyni zamanda milləti bir təşkilat ətrafında birləşdirmək və bütün təşəbbüsləri bir mərkəzdən idarə etmək üçün milli cəmiyyətlər təşkilinə girişmiş və ilk iş olaraq müsaədəsini aldığı milli bir xeyir cəmiyyətinə üzv toplamaq məqsədi ilə məhəllə-məhəllə deyil, şəhər-şəhər dolaşmışdır. Fəqət Həsən bəyin bu qiymətli təşəbbüslərini o dövrdə kimsə təqdir etməmişdir. Həsən bəy 1906-cı ildə “Həyat” qəzetində yazmış olduğu xatirələrində: “Bizim cəmiyyəti-xeyriyyə baş tutmadığından, tiyatro oynayan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib zəmanəyə müvafiq məktəblər açmaq mümkün olmayacaq” deyə şikayət edir. “Qonşularımız elm təhsil edib” “əlimizdə olan mülk və malımıza sahib olurlar”. Belə olunca nə etməli? deyə soran Həsən bəy “hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm eşitmir” dedikdən sonra “qəzet çıxrmaqdan başqa bir əlac” tapmadığını əlavə edir. “Ta ki kağızın üstünə yazılmış doğru sözlər qapı, pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın” deyə sarsılmaz bir imanla fəaliyyətinə davam edən Həsən bəy hürufat ilə Bakı vilayəti mətbəəsi yanında ilk Azərbaycan milli mətbəəsinin təməlini atdı. Bu mətbəədə ilk mürəttibliyi yapan da Həsən bəy özüdür və müsaədəsini min bir müşkülatla aldığı “Əkinçi” qəzetini bu mətbəədə çıxarmağa başlamışdır. “Əkinçi”nin ilk nüsxəsi 1875-ci ilin 4 avqustunda (əski üsul ilə 22 iyulda) çıxmışdır. Bu etibarla Azərbaycan və bilumum rus hakimiyyəti altındakı türklərin milli mətbuatının 67-ci ildönümünü idrak etmiş oluruq.

“Əkinçi” qəzeti birinci il 11, ikinci il 24, üçüncü il 20 olmaq üzrə ümumi 55 nüsxə intişar etmiş və Türk-Rus hərbi münasəbəti ilə Rusiya höküməti tərəfindən 1877-ci ildə qapadılmışdır. Qəzetin daimi mühərrirləri arasında ilk qəzetəçi və mühərririmiz Həsən bəydən başqa, maruf şairimiz Hacı Seyid Əzim Şirvani, Kərim bəy Mehmandarlı, Adıgözəlli və Mirzə Fətəlinin dram məktəbini davam etdirən kadroya mənsub dramaturq Nəcəf bəy Vəzirlinin imzalarını oxuyuruq.

Həsən bəyin öz təbiri ilə “türk millətini həlak olmaqdan” qurtarmaq üçün ortaya atdığı tezisləri və fikirləri üzərində ayrıca dayanacağıq. Burada təsis etdiyi mətbəəçilik və qəzetçiliyin rus hökümətinin şiddət və cəbirlərinə rəğmən tamamilə sönmədiyini, saçılan milli mədəniyyət toxumlarının yavaş-yavaş və seyrək bir halda olsa da, fidanlar halında yüksələrək çiçəkləndiyini bilxassə bildirmək istərdik.

“Əkinçi” qəzeti 1877-də qapandıqdan iki il sonra Tiflisdə Səid və Cəlal Ünsizadə qardaşları tərəfindən daş basmasında “Ziya” qəzeti çıxarılmışdır. 1880-ci ilin dekabr ayına qədər 76 nüsxə intişar edən bu qəzet bu tarixdən başlayaraq “Ziyayi-Qafqaziyyə” adını almış və tökmə hürufat ilə olmaq üzrə 1884-cü ilin iyununa qədər 104 nüsxə nəşr olunmuşdur. Bilxassə türk əlifbasının islahı məsələsi ilə iştiqal edən bu qəzetdən başqa yenə Tiflisdə 1883-dən 1891-ci ilə qədər “Kəşkül” adında bir qəzet çıxmışdır. Krımda “Tərcüman” qəzetinin zühuruna təsadüf edən “Kəşkül” qapandıqdan sonra Azərbaycan 1903-cü ilə qədər mətbuatsız qalmışdır. 1903-1904-cü illərdə Məhəmməd ağa Şahtaxtlı ilk öncə Tiflisdə, sonra Bakıda “Şərqi-Rus” adında bir qəzet çıxarmışdır. “Əkinçi” və “Ziya” nəslindən başqa Şimal türklərindən Əbdürrəşid İbrahim, Fateh Kərimi, Rzaəddin Fəxrəddin, Niyaz Məhəmməd Süleymani kimi məruf mühərrirlərin də iştirak etdiyi bu qəzet bilxassə əsri maarif, türk əlifbasının islahı və qadın hürriyyəti məsələləri üzərində dayanmışdır.

Fəqət Həsən bəy Zərdabi saçdığı toxumlarının əsl feyzini Rusiyada baş verən 1905-ci il ixtilalından sonra görə bildi. Yaponiya qarşısındakı məğlubiyyət üzərinə baş verən ixtilal hərəkatını önləmək üçün Rusiya çarlığının elan etdiyi məşrutiyyət və bu məşrutiyyətin təmin etdiyi nisbi hürriyyətdən bilistifadə dutsaq türklər də hərəkətə gəlmiş, türklərə məskun mərkəzlərdə milli məktəblər, milli tiyatrolar, milli kültür cəmiyyətləri, hətta milli siyasi qayələr təqib edən siyasi təşəkküllər meydana gəlmişdi. Bu, Həsən bəy üçün böyük zəfər dövrü idi. 1907-ci ilin sentyabrında öldüyü zaman Bakıda “Həyat”, “İrşad”, “Təzə həyat” kimi gündəlik qəzetlər, “Füyüzat”, “Dəbistan” və “Rəhbər” kimi həftəlik ədəbi və “Bəhlul” kimi mizahi məcmuələr, Tiflisdə isə məruf “Molla Nəsrəddin” məcmuəsi çıxırdı. Bunlardan “Həyat” qəzetində Həsən bəy bizzat iştirak etdi və xatirələrini orada yazdı. Bu mətbuat ətrafında hər biri birər ədəbi və ictimai şəxsiyyət olan Əlimərdan Topçubaşov, Əli Hüseynzadə, Əhməd Ağaoğlu, Mirzə Cəlil Məhəmmədquluzadə, Sultanməcid Qənizadə, Nəcəf Vəzirli, Haşım Vəzirli, Əbdürrəhim Haqverdili, Əliisgəndər Cəfərzadə, Ömər Faiq Nemanzadə, Ələkbər Sabir Tahirzadə, Məhəmməd Hadi Əbdüssəlimzadə, Abbas Səhhət, Məhəmmədəmin Rəsulzadə və Üzeyir Hacıbəyli bəylər toplanmışdı.

Artıq milli hərəkat və hərəkatı sövq və idarə edəcək və Həsən bəyin “ziyalı” adını verdiyi münəvvər kadro yetişmişdi.

Zamanında seyirçi tapmayan tiyatro 1905-1907-ci illərdə milli dram və komediya halında professional sənətkarları ilə bərabər icrayi-fəaliyyət edirdi. Bu tiyatrolar üçün bu gün belə bənzəri olmayan müəzzəm binalar tikilmişdi. Həsən bəyin vəfat ili olan 1907-də böyük bəstəkar Üzeyir bəy Hacıbəyli ölməz Füzulinin “Leyla və Məcnun”unu opera halında bəstələməklə operanın əsasını qoymuş və milli musiqini səhnəyə çıxarmışdı.

Həsən bəyin tabutu müəllimlərin, milli məktəb tələbəsinin, mühərrir və mütəfəkkirlərin əlləri üzərində daşınmışdı. Qəzetlər qara çərçivələrlə çıxmışdı. Bütün Bakı türklüyü o gün milli matəm etmiş, çarşı-bazar qapadılmışdı. Hacı Qasım bəy camisində namazı qılındıqdan sonra tabutu başında müxtəlif milli cəmiyyətlər, müəssisələr, heyətlər, qəzet və məcmuələr və milli məktəblər adına nitqlər söylənmişdi. Xətiblər arasında üç gündəlik qəzet adına söz söyləyən üç mühərrir də vardı.

Millət böyük bir mürşidini qeyb etmişdi. O, Azərbaycan türklərinin əsri maarifini təsis edən ilk pedaqoqu, ilk tiyatro təşkil edəni, ilk mətbəəçisi, ilk mürəttibi, ilk qəzetçisi, ilk milli cəmiyyəti-xeyriyyə quranı, Bakı bələdiyəsində millətin haqlarını müdafiə edən ilk camaat xadimi və nəhayət ilk mühərriri idi. Millət böylə bir mürşidini qeyb etmişdi və haqlı olaraq ağlayırdı.

Fəqət Həsən bəy məsud və müstərih olaraq gedirdi. Əməkləri boşa getməmişdi. 30-35 illik bir çarpışmadan sonra diləkləri gerçəkləşiyordu.

“Türk Yurdu”, 15 Eylül 1942, sayı 2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.