Bunu sizə Yanuş Korçakın adından yazıram

26-10-2021, 09:55           
Bunu sizə Yanuş Korçakın adından yazıram
Bu məktubu Sizə Treblinkadan, doktor Yanuş Korçakın yanından yazıram; ağlasığmaz sərt və məhdud şərtlər altında!..

Biz indi ölüm adasındayıq! Yüzlərlə körpə uşağın əlindən yapışıb qaz kamerasının – milyonlarla günahsız insanın həyatına son qoyan ölüm kabusunun önündə dayanmışıq! Mahnı oxuya-oxuya!..

Bu adada həyatı xatırladan heç nə yoxdur. Bu adada hər şey yalnız ölüm haqqında düşünmək üçündür...

Silahlı əsgərlərin, quduz itlərin əhatəsində üzük qaşı kimi dövrəyə alınmışıq – qəzəbli baxışların mühasirəsindəyik!..

Burada ağıllı adamlar ağılsız heyvanlardan daha amansızdır!

Burada yaşanan hər an bizi gedə biləcəyimiz tək ünvana – qaz kamerasına doğru sıxışdırır...

Göy üzünə baxmaq yasaqdır! Gözümüzə yalnız torpaq dəyir. Amma burada ölüm üstümüzə o qədər bərkdən qışqırır ki, ayağımızın altındakı torpağa baxanda da başımızın üstündəki səmanı, səmada qıy vuran quşları görürük!..

Və xorla həyat dolu bir azadlıq nəğməsi oxuyuruq! Azadlığın və həyatın bitdiyi yerdə!..

Hələ ki, özümüzü ələ almağa, qurbanına çevrildiyimiz bu vəhşiliyin iyrənc simasını sevimli və sehirli nağıllarımızın gözünə qatmağa, rəngbərəng bəzəməyə gücümüz çatır: Ölümdən Həyat düzəldirik! Amma bu zülmət qaranlıqda əl-ətəyimizdən yapışan və öz ömrünü bizə etibar edən körpələrə əsl həqiqəti başa salacaq qədər güclü deyilik!

Biz onları aldadırıq!

Biz onları, onlar da öz sevimli oyuncaqlarını!..

Burada dünyanın ən asan işi İnsanlığı, Sevgini və Həyatı unutmaqdır!

Burada dünyanın ən ağır işi İnsanlığı, Sevgini və Həyatı xatırlamaqdır!

Heç kimin və heç nəyin duymadığı sonsuz bir əzab içində qaranlığın üz-gözünü cırmaqlaya-cırmaqlaya qalmışıq: qanına bələnmiş, sümüyü çıxmış barmaqlarımızla... Zülmətin bağrından sısqa işıq şırımları açırıq: uşaqlar Günəşin varlığını unutmasın deyə!..

Biz öz yalanlarımızı onların həqiqətinə çevirmişik! Bizim yalanlarımız onların həqiqətidir! Və o həqiqət bu məsum körpələrin ürəyinə indi ancaq qanına bələnmiş, sümüyü çıxmış barmaqlarımızla açdığımız şırımlarla süzülür! Yoxsa Sevgi dolu, Ömür dolu bu günahsız körpələrlə üz-üzə gəlmək Ölüm üçün bir bu qədər ağır olmazdı!..

Onlar öz həqiqətlərilə ölümün içinə həyatın içində gedirlər!..

Bilirəm, inanmaq çətindir, çox çətin! Amma bu bizim indiyədək hər gün ölümün bətnində oynadığımız növbəti tamaşalardan biridir! Adidən adi! Amma səhnə dekarasiyamızı dünyanın ən ağıllı adamları quraşdırıb: “Ölüm mələyi” Jozef Mendel, “Sehirbaz” Hjalmar Skot, “Ədalət carçısı” Hans Frank və s. və i. Onların hər biri öz yüksək intellektual əmsalına görə Yer üzündəki adamların yalnız 0,5 faizi ilə bir sırada dayanır. Bunun nə demək olduğunu başa düşmək üçün qarşımızda yalnız bir yol var – ölümün içindən nəfəs dərmək, ölümün içində yaşamaq! Və bu ani nəfəsdərmədə, bu ani yaşamda insan təfəkkürünün sonsuz fantaziyasını – “yaradıcılıq şedevri”ni görmək! Qara rəngin tükənməyən möcüzəsini! Dünyanın ən təhlükəli silahını – xaraktersiz ağılı! Xaraktersiz və əxlaqsız! Və bu xaraktersiz və bu əxlaqsız idrakın içində sərsəri kimi vurnuxan, ancaq heç kimdə zərrə qədər də təəccüb doğurmayan humanizm elementlərini! Qəfildən qaranlığı çapan və ani bir ulduz axınını xatırladan!..

Çünki bu da “Ölüm ada”sının sakinlərindən ötrü düşünülməyib! Çünki bu da onların öz sıralarında dayanan və hələ ki insanlıq hissini itirməyən adamların dəli olmaması üçündür! Durduğu yerdəcə bayılanların qorxunc yuxusunu dağıtmaq üçün!..

Ölümün yaddaşı həmişə itidir – heç vaxt korşalmır; Ölümün yaddaşı həmişə təzədir – heç vaxt köhnəlmir! Bu adaya düşmək – ölümün yad(daş)ına düşməkdi. Geriyə yol(un) yoxdur! Ancaq ölümün içinə getməlisən!

Və əgər özünlə bir şey götürməsən və əgər özünlə bir şey aparmasan, orada heç nə tapa bilməyəcəksən!..

Çünki bu Ölüm bizim səhnəmizə dünyanın ən ağıllı adamlarının əli ilə indiyədək heç kimin heç vaxt heç yerdə görmədiyi təptəzə bir obrazda gətirilib! Bu Ölüm bizim səhnəmizdə dünyanın ən ağıllı adamlarından bir az da qorxmuş kimi görünür! Bu Ölüm bizim səhnəmizdə dünyanın ən ağıllı adamlarından bir addım geridə gəlir!

Amma yenə də “Ada”da hər şey “ölüm mələyi”nin, “sehirbaz”ın, “ədalət carçısı”nın düşündüyü kimi alınmır! Xaraktersiz və əxlaqsız ağıl cilovunu gəmirib – heç kimi tanımır! O kordur! Gözündən heç nə yayınmır! İnsanlığın, Sevginin, Həyatın hənirtisinə yerikləyir. İnsanlığı, Sevgini, Həyatı xatırladan hər şeyin qanına susayıb: “Ada”da uşaqlara tuşlanan silahını qəfildən öz ağzına dayayıb tətiyi çəkənlər var! Qaranlığı dağıdanlar!..

Amma səhər hələ açılmayıb! Səhər açılmayıb, amma hamı buradadır, hamı!.. “Ölüm mələyi” də, “Sehirbaz” da, “Ədalət carçısı” da...

Səhər açılmayıb, amma “Ölüm mələyi”nin də, “Sehirbaz”ın da, “Ədalət carçısı”nın da az əvvəl öz doğma balasının saçlarına çəkdiyi sığal hələ dağılmayıb!.. “Ölüm mələyi”nin də, “Sehirbaz”ın da, “Ədalət carçısı”nın da öz körpə balasının yanağındakı öpüşlərinin hərarəti hələ soyumayıb amma!..

Ancaq bu bizim indiyədək dəfələrlə ölümün içində oynadığımız tamaşaların ən sonuncusudur. Uşaqlardan kimsə qəfildən səhnə önünə atılıb hamının eşidə biləcəyi gur səslə bağırdı: “Azadlıq və Həyat haqqında ballada!”

Üçü də birdən güldü! Bu gülüşlər bizim səhnəmizdəki obrazların ilk baxışdan gözə dəyməyən daha bir sirrini açdı: İndi onlar bir kənara çəkilib əsl həqiqəti öz sərsəm gülüşləri ilə ətrafdakılara tamaşaçı qismində başa salırdılar: dar düşüncənizlə bizi aşağılamayın, dostlar, bu yalnız qətl deyil! Bu həm də oğurluqdur! İnsan oğurluğu! Bəli, bu qətldir – insan oğurluğudur! Amma cinayət deyil! Çünki bizim ssenarimizdəki bu körpələrin ölümü zərrə qədər də məsuliyyət yaratmır!

Onların sərsəm gülüşü ətrafdakıların cilov gəmirən vəhşi ehtirasını bir az da tətiklədi! Eyni anda Uşaqlardan kimsə qəfildən səhnə önünə atılıb hamının eşidə biləcəyi gur səslə yenidən bağırdı: “Azadlıq və Həyat haqqında ballada!”

Və dərhal zərblə yumşaq yerinə çırpılan əsgər çəkməsinin tozunu silə-silə öz yerinə qayıtdı; heç nə olmamış kimi! Hətta zəncirini gəmirə-gəmirə üstünə şığıyan quduz itlərin qəzəbini də etinasız qarşıladı. Çünki onun gözləri uzun müddətdir yaşadığı bu xarabalığın içində yalnız öz təsəvvüründə canlandırdığı şeyləri görürdü; çünki onun gözləri öz təsəvvüründə yalnız görmək istədiklərini canlandırırdı; çünki onun gözləri uzun müddətdir yaşadığı bu xarabalığın içində daha heç nəyi görmürdü, heç nəyi!..

Bir azdan hər şey bitəcək! Oxuduğumuz mahnının son sədaları, əlindən tutduğumuz uşaqların son nəfəsilə birgə göy üzünə sovrulacaq və bəyaz buludların, azad quşların cərgəsinə qoşulub bu “Ölüm adası”ndan Sizə göndərdiyim ilk mesajımın qasidinə çevriləcək: “Dünya yaşamaq üçün təhlükəli yerdir!..”

P.S. Bu məktubu Sizə Treblinkadan, Yanuş Korçakın adından yazıram.

P.P.S. Bu məktub 1942-ci ildə Treblinkada alman faşistləri tərəfindən qətlə yetirilən doktor Yanuş Korçakın və yüzlərlə körpə uşağın xatirəsinə həsr olunub; yüzlərlə körpə uşağın və onların sevimli oyuncaqlarının...

Dərin hörmətlə, sizin döyüş dostunuz...
axar.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.