Qızını məcbur aborta göndərdi, özündən 17 yaş kiçik aktyorla eşq yaşadı, övladı ilə eyni xəstəxanada can verdi...
2-11-2021, 21:40
Bu gün Azərbaycan teatr sənətinin əvəzolunmaz aktrisası, Xalq artisti Hökümə Qurbanovanın anım günüdür. Kulis.az bu münasibətlə aktrisa haqqında maraqlı faktları təqdim edir.
1. Hökümə Qurbanovanın anası Malikat xanım bəstəkar Müslüm Maqomayevin bacısı idi.
2. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər Hökümənin atasından xanımı Məlikət üçün tikdirdiyi iki mərtəbəli mülkünü hökumətə təhvil verməyi tələb edirlər. Mülkü onun əlindən alır və onlara yaşamaq üçün elə həmin evdə iki otaqlı mənzil verirlər. Bu hadisədən sonra Hökümənin atasının ürəyi partlayır.
3. Ailənin çətin günlərində Hökümə oğlan paltarı geyinib evlərinin yaxınlığındakı baqqalın mağazasına çuvallarla yük daşıyır. Hər günün sonunda ona zəhmət haqqı kimi bir ovuc un verirmişlər. Bir gün isə yağışlı havada evə gələndə yıxılır, bir günlük qazancı olan un palçığa tökülür. Ağlaya-ağlaya baqqalın yanına gəlir, ondan əlavə un istəsə də baqqal vermir. Uzun illər sonra şöhrətli Hökümə Qurbanova həmin kişini parkların birində dilənən görür. Gedib mağazadan bir çörək alır, kişinin qarşısına qoyub gedir.
4. 23 yaşı olanda Hökümə xanımın fotosu Cəfər Cabbarlının diqqətini cəlb edir və onu axtarıb taparaq “Almaz” filmində Yaxşı roluna çəkir.
5. İlk həyat yoldaşı Ələsgər Ələkbərovla qonşu olublar. Aktyor anasını onlara elçi göndərib. Lakin Hökümə xanımın anası elçilərə yox cavabı verir. Hökümə Qurbanova isə o biri otaqda ağlayıb deyirmiş: “Əgər məni Ələsgərə verməsəniz, kerosini üstümə töküb özümü yandıracağam...” Sonda razılıq alınır. 1933-cü ildə ailə qururlar. Nailə adlı bir qızları doğulur. Bir neçə ildən sonra isə cütlük qısqanclıq səbəbi ilə ayrılır.
6. Bir müddət sonra aktrisa teatr rəssamı Nüsrət Fətullayevlə ailə həyatı qurur və bu evlilikdən onların Vəfa adlı qızları dünyaya gəlir. Sonralar Vəfa Fətullayeva da Akademik Milli Dram Teatrının səhnəsində maraqlı və yaddaqalan aktrisalardan birinə çevrilir. Amma ikinci evliliyinin ömrü də uzun sürmür. İkinci dəfə boşanan aktrisa özündən 17 yaş kiçik aktyor Gündüz Abbasovla böyük bir məhəbbət yaşayır.
7. Xalq artisti, ali sovetin deputatı olan Hökümə Qurbanova uzun illər iki otaqlı təmirsiz mənzildə yaşayıb.
8. Aktrisa qızı Vəfa Fətullayevanı sənətinin davamçısı kimi görüb. Bu istəyini nəyin bahasına olursa-olsun, həyata keçirmək niyyətində olub. Vəfanın əri Zaur isə həyat yoldaşının aktrisalıq etməsinə heç cür razı ola bilmir. Çox keçmir ki, bu fikir ayrılığı öz "bəhrəsini" verir. Hökümə Qurbanova, hökmünü yerinə yetirərək, qızını yoldaşından ayırmaq istəyinə çatır, hətta Vəfanın hamiləliyinə son verdirir.
9. Hökümə Qurbanova qızılpərəst qadın olub. Hansı ölkəyə gedirdisə, evdəki bütün qızıllarını sandıqçasına yığıb özüylə aparırdı. Moskvaya növbəti səfərlərinin birində də belə edir. Amma bu səfər sarsıdıcı bir hadisə ilə yadda qalır. O və Vəfa univermaqda gəzərkən qızıl dolu kisəni orada unudurlar. Bu hadisə Vəfanın və onun ağır xəstəliyə tutulmasına səbəb olur.
10. Qızı Vəfa Fətullayeva da, özü də xərçəng xəstəliyindən əziyyət çəkib. Onlar hər ikisi eyni xəstəxanada qonşu otaqlarda müalicə alıblar. Vəfa 42 yaşında xərçəng xəstəliyindən vəfat edir. Qızından bir il sonra eyni xəstəlik eyni xəstəxanada Hökümə Qurbanova vəfat edir.
Kulis.az