Ordu milliləşməyə, yeniləşməyə doğru...
10-11-2021, 16:12
Azərbaycan Respublikası Müdafiə Nazirliyi, müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib.
Çoxdan olmalı idi. Əslində xeyli geciksə də gərəkli addımdır. Bu nazirliyin sistemi, ordu sıraları yeniliyə möhtacdır. Özü də milli ruhu olan yeniliyə. Özü də canı, ruhu, qəlbi Azərbaycana aid olanları seçmək üçün bacarıqlı komissiya, milli əzmi, şərəf ilə seçilən azərbaycanlı, zabitlər iştirak etməlidir bu seçimlərdə. Azərbaycan ordusunda monopoliyalara və ya kimlərinsə fərdi maraqlarına yer olmamalıdır daha. Azərbaycan ordusu yenilənməli, təmizlənməli, sözün gerçək mənasında milli ordu olmalıdır. Və bu ordu Azərbaycan, hayqıranda, nəinki məmləkətdə, bütün Cənubi Qafqazda, bütün dünyada səsi duyulmalı, qəbul olunmalı, ona yol verilməlidir.
Amma və lakin. Bu iş həm də küllü miqdarda dövlət vəsaiti deməkdir. Yəni işə rüşvətin və korrupsiyanın yol açmaması üçün ciddi və ya gücləndirilmiş nəzarət tələb olunur. Çünki dövlətə gərəkən ordunu qurmağın başqa yolu yoxdur. Bu nəticəni əldə etməyin bir yolu da insanların yaxşı təminatından keçir Əsgərin, zabitin yaxşı təminatı, dövlətdən qarantiyası, sığortası olmalı ki, rəsmilər dövlət adından nə zamansa hər hansınasa "Vətən sağ olsun!" nidasını üz ağlığı ilə söyləsin. Sirr deyil, boyundan qısa, əməlindən kiçik evlərdə, ehtiyaclarda yaşayır, doğulur o dövlət qoruyan balaları.
Qırx dörd günlük vətən savaşı, ona qədərki döyüşlər də göstərdi ki, ordu sıralarında əksəriyyət hansı kateqoriyada ailələrdən çıxır.
Odur ki, təhsilsiz, savadsız deməyin vətənə xidmət üçün orduya gələcəklərlə bağlı bir də qanunvericiliyi yeniləyin cənablar. Cüzi, simvolik maaşlarla insanlar ailələrini arxada qoyub, rahat xidmət keçə bilməz çünki.
Hətta mümkün idi ki, elə bu qeyd esilən təklifdə müddətdən artıq hərbi xidmətçinin, MAXE-nin maaşı da açıqlansın. Anlaşılandır, hərbi qurumdur, sirləri, qapalılıq zərurəti var. Amma yuvarlaqlaşdırılmış bir rəqəm söyləmək də mümkün idi. Bu hər şey deyil, amam böyük stimuldur. Odur ki, gözlıyirik və bu yola baş vuracaq bütün gənclərə indidən uğur diləyirik. Yolunuz açıq olsun VƏTƏN oğulları!
Jalə Mütəllimova
10.11.2021.