Bahalaşma əcəb oldu piarını durdurun!
11-11-2021, 17:04
Bahalaşma yoxdur! Benzinin bahalaşmasının qiymət artımına dəxli yoxdur, kimi nidalarla vətəndaşın üzünə duran məmurları dövlət dayandırsın.
Onlar başa düşməli ki, vətəndaş doğurdan da dözür, həyata tutunmaq üçün yol axtarır.
Və necəsə o yolu tapır. Danışıb deyinməyə zaman sərf eləmir. Çünki bu ancaq onun qazanc itirməsinə səbəb olur. Zaman paradır, puldur. Hətta ən azqazanclı işdə də zaman bahalıdır.
Deməm nədir? Deməm odur ki, dövlətin içdəki qaraguruhuna, saxta müxalifətinə, gizli müxalifətinə, satqınına, xaininə, Qarabağ zəfərindən yana dövlətə və rəhbərə düşmən mövqe bəsləyib, xariclə guya gizli ittifaq quran "dövlətçilərə", cənubdan gələn hədələrə, şimaldan gələn təhdidlərə, Avropa və Qərbin min oyununa, bu XALQ dözür.
Həm də görür bütün sadalananları, ondan dolayı susur. Müəllif olaraq bir dəfə bunu elə bu cür də yazmışam. Yazmışam ki, baş verənləri görən vətəndaş sosial problemlərini ağlaya-ağlaya danışmağı seçir. Küçəyə tökülüb, baltalara sap olmağı seçmir. Amma bir sürü məmur, bunu anlamır. Üzə durur, deputatları da yedək ediblər özlərinə.
Kim düşünüb bu piarı, bilmirəm. Qətiyyən doğru yanaşma deyil qardaşlar. Belə olmaz. Bu xalq, bu millət zülümkardır, cəfakeşdir, əzimlidir, dözümlüdür, bağışayandır. Sadəcə onu ehtiyaclar və fərdi maraq güdənlər, vətəndaş olaraq relsindən sarpdırıb, yorub, kasıb, avam, cahil edib. Insanlar yorğundu. Amma yenə də dövlət, vətən, lider deyirlər.
Yəni əlinizdə olan vətəndaşa adil olun, onu hər şeydən bezdirib, əllərdə alətə çevirməyin. Bu bahalaşma əcəb oldu, piarını durdurun. Bundan dövlətə xeyir yoxdur. Qiymətlər bahalaşır, artır, insanlarsa yalnız dövlətinə və vətəninə görə dözür, onlara dirəniş göstərib nə sübut eləməyə çalışırsınız axı?
11.11.2021.
Jalə Mütəllimova-Seyidli