Avtopilotdakı" milli ideologiya...
11-11-2021, 00:12
"Quruluş Osman", Türkiyə dövlətinin qurulmasının, yəni ən qədim tarixinin bədii dildə təqdimatı.
"Yarğı" , Türkiyədə məhkəmə-hüquq sistemindəki vəziyyətdən və ədalətin şah olmasından danışan film.
"Təşkilat", Almaniya, Israil, Fələstin, Suriya, Iraqda, Türkiyə və türklərə bağlı onlarla məxfi əməliyyatın, türk istiqbalatının onurğası, MIT-in iş sistemi, Türkiyə istehsalı olan silahların piarı.
"Filinta Mustafa", türk polisinin tarixi haqda film.
"Möcüze doktor", Türkiyədə tibbin inkişaf göstəricisini danışır.
Yeraltı dünya dövlətə harada və necə yardım edə bilir, "Eşkiya dünyaya hökmdar olmaz".
Fransanın, Türkiyədə vurduğu zərərlər. Ölkənin mədəniyyət və xalçaçılıq sənətindən olan gəlirlərini, sənətkarlarını necə istismar etdiyinə dair, Antakya tarixini ehtiva edən film, "Aziz".
Hələ Rusiya və ABŞ-da, Israildə qadağan olunan "Kurtlar vadisi", "Kurtlar vadisi pusu", "Kurtlar vadisi Iraq" və sair kimi bu günü on il qabaq filmləşdirən, psixoloji altyapı hazırlayan ciddi işləri demirəm...
Ayrıca Türkiyənin mənəm deyən nüfuzlu şirkətləri daxil, ən xırda iş adamları da bu filmlərə büdcə ayırır.
...Yəni onlarla belə nümunələr var. Işə o qədər ciddi yanaşılır ki, Türkiyə Prezidenti, həmçinin ölkənin güc və təhlükəsizlik qurumlarının rəhbərləri bu filmlərdən bir çoxunun setini ziyarət edir. Hətta senarilərdə peşəkar qüsur olmaması üçün oyunçulara təlim keçir, mütəxəssis təqdim edirlər. Yəni deyilir ki, sizin işiniz dövlətin də nəzarətindədir. Bu həm də ölkənin sənət adamlarına stimuldur, diqqətdir. Bir də məsuliyyət uyarısıdır. Onlara ölkədə vətəndaş və vətəndaş cəmiyyəti formalaşdırması işində dövlətə mədəni xidmət göstərdikləri anlatılır. Onlar da bilir ki, gördükləri iş təkcə biznes, sənət yox, həm də dövlətin ideoloji işinin tərkibi hissəsidir. Odur ki, oyunçular təkcə sənət nümayiş etdirmir o filmlərdə. Həm də türk vətəndaşı obrazı yaradır. Başqa sözlə düşmənlə, düşmən qarşısında necə dayanmaq, necə davranmaq nümunəsi göstərir sıravi adamlara. Beləcə vətəndaş yorulmadan, bu gün və gələcək üçün yetişdirilir. Ideologiya məhz budur, siyasətə qatmadan, əqidəli, dövlətçi, ağıllı vətəndaş yetişdirmək.
Bəs Azərbaycanda nə baş verir?
Ordan başlayaq ki, ölkədə nə qədər yüngül, bəsit, şit verilişlər, tok-şoular, seriallar varsa, nəhəng sponsorlar onlarla işləyir. Çünki publika ona formaşaldırılıb. Təcrübəli və ciddi tamaşaçı bazası demək olar ki, yoxa yaxınlaşır. Bu həm də qorxulu göstəricidir. Daha dəqiqi intelektin, zövqün hara yuvarlandığı barədə SOSdur.
Kino, film industriyasına gəlincə, bu məsələ sıfırın altındadır. Kinonun ideoloji təbliğat vasitəsi olması barədə bəlkə də kimə desən, güləcək Azərbaycanda. Amma hər kəsə bir idioloji dildə başa salmaq lazımdır, dövləti, milləti, xalqı, bu günü, keçmişi və gələcəyi. Bu kino, musiqi, teatr dilidir.
Bu gün milki musiqi, xüsusən muğam sənəti və sənətkarları, Heydər Əliyev Fondunun himayəsindədir. O üzdən faciəli durumda deyil sözünü əminliklə söyləmək mümkündür. Bunun bir göstəricisi də məsələn VƏTƏN haüda oxunan mahnılar, əsərlər, duetlərdir. Diqqət edilsə, ən aşağı səviyyədə oxunan mahnı belə dinləniləndir. Məsələn üç-beş meyxana sənəti nümunəsi qırx dödr günlük vətən savaşında demək olar hərbi marşları üstələdi. Niyə? Çünki onu təkcə xırda bir aənəti olan adam səsləndirmədi. O mahnılarda həm də vətəndaş idi müəlliflər, ifaçılar. Ona görə alındı, qəbul edildi, yayıldı. Demək ki, alt yapı, yəni sənətkar bazası var, qalıt onlardan dövlətin yararlanması.
Kinoya gəlincə, bu sahə, kino industriyası, ümumiyyətlə, məhv olmuş durumdadır. Sənət adamlarının böyük əksəriyyəti toyda tamada, şou proqlarmlarda klon, bəzi hallarda taksi sürücüsüdür. Simvolik maaşlarla, şit seriallarda para qarşılığı oyunçuluğa məcburdurlar. Yaşlanıb dünyadan köçənlərin dəfnləri desən,
Azərbaycanın Nikulini, xalq artisti Arif Quliyevin cənazəsi saatlarla evinin qarşısında qaldı. Ölkənin Alen Delonu, xalq artisti Rəfael Dadaşov, bir cür urvatsız uğurlandı. Azərbaycan bəstəkarlıq məktəbinin ən işıqlı simalarından, Tahir Əkbəri qurbağa gölünün qırağında dəfn elədilər. Sonra xanımı, cənazəni çıxarıb, atasının Yasalam məzarlığındakı qəbrini açdırdı. Bu gün də mahnıları dildən düşməyən Tahir Əkbəri atasının sümmükləri ilə birgə dəfn elədilər.
Bu yanaşma ilə nə ideoloji xətt olar, nə mədəniyyət, nə mədəniyyət adamı, nə də mədəni vətəndaş. Azərbaycan indi bir çox alanlarda bu mərhələni yaşayır, mədəniyyətsizliyi, ideologiyasızlığı, yırtıcılığı.
Azərbaycanın sabiq mədəniyyət naziri, zamanında illərdir məhz bu ideoloji xəttin önündə getməli olduğu halda, önündə durdu. Yetmədi, kəndlərdə, rayon mərkəzlərində nə qədər mədəniyyət saraylarının, dərnəklərin, muzey və kitabxanaların fəaliyyətinə xitam verdi. Beləcə, kəndlə şəhər təkcə ayrılmadı, həm də böyük bir ideoloji boşluq yaşadı, boşluqda qaldı. Indi bu qüsurların, travmaların altını çəkir Azərbaycan xalqı. Ancaq kimsə ciddi cəzalandırılmır. Ikinci dərəcəli adamlar, həbs edilir, uzun müddət məhbəsdə qalır, ya azadlığa buraxılır, ya da niyəsə xəstələnib ölür. Amma və əsla cavabdeh olan birinci şəxs, məsələn, sabiq mədəniyyət naziri saxlanmır, cəza almır. Düşünəndə, əməllicə dövlətə, dövlətçiliyə xəyanətdir, rüşvət və korrupsiyaya bulanmaqdır bu mənzərənin adı. Və düzü indi bir az da tragikomik ifadə eləsək, ideoloji məsələlərdə "avtopilotdadır" Azərbaycan. Təki doğru xəttə enişini təmin edə bilmək mümükün ola. Başqa nə deyəsən ki?!.
P.S. Bu arada Azərbaycanda son çəkilən, "Soyuq günəş" adlı maraqlı filmə baxdım bir neçə ay öncə. Iki gəncin, ləzgi balasının sevgisindən bəhs edən bir filmdir. Haqqında yaxşı bir yazı da yazdım. Bircə məqamı bu yazıya saxladım. Əsirlikdən Azərbaycana qayıda bilməyən gənc ləzgi balası Türkiyəyə getməyi seçir və orada özünü, azərbaycanlı yox, qafqazlı kimi təqdim edir. Bu çox ciddi ideoloji detaldır.
Jalə Mütəllimova